Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-425/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi, nömrəsiz evdə yaşayan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 20 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan X6 və X1 yaşadığı ünvan 3 ünvanda 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,530 qram narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 04 iyun 2022-ci il tarixdə saat 20:10 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,530 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İbrahimov Zamiqi 16 saylı Cəzaçəkmə Müəssisəsindən tanımışdır. Zamiq ona zəng edərək yaşadığı evə çağırmış, “Nazlı” şadlıq sarayının yaxınlığında binanın yanında görüşmüşlər. Zamiq iyun ayının 5-də 200 manat kirayə pulunu verməli olduğunu, əgər həmin pulu verməsə ev sahibinin onu evdən çıxardacağını bildirmiş, 100 manat borca pul istəmişdir. O, üzərində pulu olmadığını, sabah qardaşı onun evinə gələcəyini, ondan pul götürüb verə biləcəyini bildirmişdir. Zamiq onu evə çay içməyə dəvət etmişdir. Həmin vaxt evdə Tarzan adlı şəxs də olmuşdur. Zamiq həmin şəxsin yerlisi, qonşusu olduğunu bildirmiş, o, Tarzanı orada tanımışdır. Təxminən 20-25 dəqiqə sonra qapı döyülmüş, polis əməkdaşları gəlmişlər. Zamiq polis əməkdaşlarına onun heç bir günahının olmadığını, narkotik vasitədən xəbərinin olmadığını, onu qonaq kimi çağırdığını bildirmişdir. Onları 24-cü PŞ-nə aparmışlar. O, sonra Zamiqi görməmişdir. Evdə və polis şöbəsində onu döymüşlər, qabağına bir büküm narkotik vasitə qoyaraq boynuna götürməsini, əgər özünü 234.1-ci maddə ilə təqsirli bilməsə, onu 1 kilo narkotik vasitə ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Şöbədə onu buraxmaq istəmişlər. Lakin sonra onun adını portala vurmuşlar, onun əvvəllər 234.1-ci maddə ilə məhkumluğunun olduğunu görmüşlər, bundan sonra onu 234.1-ci maddə ilə rəsmiləşdirmişlər. O, axırıncı dəfə 2020-ci il tarixdə narkotik vasitə istifadə etmiş, səhv etmişdir. Evlidir, himayəsində 2 uşağı vardır. O, Zamiqin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Onların barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirəndə Zamiqi görmüş, Zamiq də ona təzyiq göstərdiklərini, boynuna qoyduqlarını bildirmişdir. İttiham aktında onun verdiyi ifadə yazılmamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Əgər həbs olunsa 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərlə bir yerdə olacaq, o, daha qatı cinayətkar olacaq, ailəsi dağılacaqdır. Barəsində qəbul ediləcək qərarla bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 06 iyun 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğu üçün əvvəllər, yəni 2020-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və bir ildir ki, cəzasını çəkib qurtararaq azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitələr qəbul etməsə də son 1 aya yaxındır ki, yenidən narkotik vasitələrdən istifadə edir. Həbsdə olduğu müddətdə həbs yoldaşı Zamiq İbrahimovla münasibəti olmuş və narkotik vasitələr tapmaq üçün sonuncuya müraciət etmişdir. Tutulmağından təxminən 20 gün əvvəl mobil telefonu ilə Zamiqlə danışmış və sonuncudan narkotik vasitə almaq üçün kirayədə yaşadığı ünvan 6 binanın qarşısına gəlib 15 manat pul müqabilində bir istifadəlik heroin almış, həmin gün başqa yerdə həmin narkotiki istifadə etmişdir. Bundan sonra onun yenidən narkotikə ehtiyacı olarkən anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından internet vasitəsi ilə narkotik almışdır. 04 iyun 2022-ci il tarixdə saat 20 radələrində narkotik asılılığına görə ağrıları olduğundan Zamiqin evinə gəlmişdir. Orada ondan başqa sonradan adının Tarzan olduğunu bildiyi şəxs də olmuşdur. O, üzərində pulunun olmamasını və Zamiqə “onu ağrıdan çıxarmasını”, yəni ona narkotik verməsini deyərkən Zamiq onda narkotik olmamasını və sabahı gün evinin 200 manat kirayə pulunu verməli olmasını bildirmişdir. O isə ağrıları olduğuna görə Zamiqin ondan 100 manat pul istəməsinə razı olmuş, 05 iyun 2022-ci il tarixdə sonuncuya borca 100 manat pul verə biləcəyi barədə söz vermişdir. Bu zaman Tarzan onda narkotik olmasını deyib, təxminən yarım qram heroini üzərindən çıxarıb ona vermişdir. O da orada Tarzanın verdiyi narkotikin bir qismini istifadə etmiş, az miqdarda narkotiki isə əynindəki qara rəngli şalvarın arxa sağ cibinə qoymuşdur. Lakin Tarzan da əlavə olaraq ona verdiyi narkotikə görə 20 manat pul verməli olduğunu demişdir. O isə Tarzana da 20 manat borclu olduğunu bildirmişdir. O, orada narkotik istifadə edərkən Tarzanla Zamiq də narkotik istifadə etmişlər. Bundan sonra hər üçü birlikdə evdən çıxıb ünvan 6 ünvanın qarşısında olarkən orada mülki və polis geyimində olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan adlarını soruşduqdan sonra onları saxlayaraq 24cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Bu vaxt o, narkotik vasitə aludəçisi olduğunu bildirib, əynindəki qara rəngli şalvarın arxa sağ cibindən şəffaf sellofan bükülünü çıxardıb təqdim etmişdir. Bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kokos” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni 04 iyun 2022-ci il tarixdə Zamiqin yaşadığı ünvanda tanışı Tarzandan 20 manat borc müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçıların gözü qarşısında üzərindən aşkar olunmuş heroin qablaşdırılmış və üzəri imzalanmışdır. 04 iyun 2022-ci il tarixdə ilk dəfədir ki, Zamiqin yaşadığı ünvan 7 ünvanda narkotik vasitə qəbul etmişdir. Lakin oraya Zamiqin tanışı Tarzanın və kənar şəxslərin mütəmadi olaraq gəlib narkotik vasitələr qəbul etmələrindən az-çox məlumatı olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyun 2022-ci il tarixdə Nizami RPİ-nin X2 əməliyyat hissəsinə Zamiq, Tarzan və Rövşən adlı şəxslərin Nizami rayonunun ərazisində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Bununla bağlı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirinin keçirilməsi məqsədilə qərar qəbul edilmiş, qərarın qanuniliyinin yoxlanması ilə bağlı məhkəməyə məlumat verilmiş və barələrində tədbir keçirilmişdir. B.Nuriyev küçəsi 81 saylı ünvanın yaxınlığında, axşam saatlarında hər üç şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılmışlar. Əməliyyat axtarış tədbiri 24-cü PŞ-nin əməkdaşları ilə birgə təşkil edilmiş və həmin şəxsləri 24-cü PŞ-nə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli şalvarının arxa cibindən 01 ədəd bükülüdə şəffaf sellofanda özünün deməsinə görə narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs heroini borc müqabilində Tarzan adlı şəxsdən aldığını, həmin narkotik vasitənin bir hissəsini Tarzanla birlikdə Zamiqgilin evində istifadə etdiyini, qalanını üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs eyni cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanımışdır. O, həbsdən azad olunandan sonra avtobus sürücüsü işləmişdir. İş yerindən ondan məhkumluq haqqında arayış istəmişlər. O, “Asan” xidmətdən məhkumluq haqqında arayış alıb iş yerinə təqdim etmiş, bundan sonra onu işdən çıxartmışlar. Yaşadığı evin kirayə pulunu verə bilməmişdir. O, Rövşənə zəng edib yaşadığı evə çağırmış, Rövşənə kirayə pulunu verə bilmədiyini, əgər verməsə ev sahibinin onu evdən çıxardacağını bildirmiş və ondan 100 manat borc pul istəmişdir. Rövşən sabah qardaşının gələcəyini, ondan pul alıb verə biləcəyini bildirmişdir. O, Tarzandan da 50 manat pul istəmiş, həmin vaxt Tarzan da onun evində olmuşdur. Bir qədər sonra qapı döyülmüş, polis əməkdaşları gəlmişlər. Evdə onlara müxtəlif üsullarla təzyiq göstərmişlər, döymüşlər, sonra onları 24-cü PŞ-nə aparmışlar. O, prokurorluğa müraciət etmişdir. Onlar evdə narkotik vasitə istifadə etməmişlər. Onun evində və üzərində narkotik vasitə olmamışdır. Şöbədə ona təzyiq göstərmişlər. Şöbədə onların üzərlərinə ayrı-ayrılıqda baxış keçirmişlər. Rövşənin üzərində narkotik vasitə olub-olmamasından məlumatı olmamışdır. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 şahid X7 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin NMB-nin və Nizami RPİ-nin 24-cü PŞnin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd göy rəngli alışqan və bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni xx.xx.2022-ci il tarixdə qohumu Zamiqin yaşadığı ünvanda olan zaman Zamiqin tanışı Tarzan adlı şəxsdən 20 manat borc müqabilində aldığını və ilk dəfədir ki, Tarzandan narkotik vasitə alaraq həmin tarixdə Zamiqin yaşadığı ünvanda narkotik vasitəni qəbul etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3167 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №64” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1, 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-311/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X9-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3306 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından X6 və X5 üzərlərindən müvafiq olaraq 0,341 və 0,480 qram narkotik vasitə heroin, həmçinin sonuncuların birgə yaşadıqları ünvan 3 mənzilində güzgülü dolabın sağ siyirməsindən bir ədəd şəffaf bükümdə təmiz çəkisi 5,533 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və iki ədəd şpris aşkar edilməsi faktı üzrə barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə yeni cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmiş, sənədlərin surəti həmin cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,530 qram narkotik vasitə heroin, üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış, 1 ədəd “CD” disk cinayət işinə əlavə edilmiş, narkotik vasitənin tədqiqatdan sonrakı qalığı 0,420 qramı Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2011-ci il təvəllüdlü Hüseynzadə Fidan və xx.xx.2013-cü il təvəllüdlü Hüseynzadə Əli adlı iki azyaşlı uşağı vardır. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bir ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Zamiqin yaşadığı ünvanda olarkən Tarzan adlı şəxsdən 20 manat borc müqabilində aldığını, Tarzandan ilk dəfədir ki, narkotik vasitə aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahid ifadələrini, ekspertiza rəyini, maddi sübutu, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin verilmiş ittihamda təqsirli olması məsələsini müəyyən edərkən cinayət işinin materiallarında olan izahatına, istintaq zamanı vəkilin iştirakı ilə dindirilməsi barədə protokola, videogörüntüyə baxış keçirilməsi haqqında protokola istinad edir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunan mövqeyini Azərbaycan Respublikası CPM-nin 144, 145.1 və 145.2-ci maddələrinə istinad etməklə əsaslandırır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edərkən nəzərə alır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq edir və mötəbərliliyi şübhə doğurmur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Şahidlər X5 və X4 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,420 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 (bir yüz altmış iki) manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,420 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 162 (bir yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-425/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-425/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver