Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-426/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx xxxx 1975-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 21:50 radələrində “B1, B, C1, C” kateqoriyalı BB 348172 nömrəli sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Mercedes Benz C 180” markalı Az **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında yerləşən “Meridian Hall” şadlıq sarayının qarşısında 40 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq avtomobilinin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncunun dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyinin əzilməsi və subdural hematoması ilə müşayiət olunan alın sümüyünün sağ yarısı və sağ gicgah sümüyündən kəllə əsasına keçən xətti, sağ almacıq qövsünün qəlpəli- yerdəyişən, sağ almacıq sümüyünün və burun sümüyünün qəlpəli sınıqları, döş qəfəsinin küt travması nəticəsində ikitərəfli pnevmatoraks, sağ bazu sümüyünün başının az yerdəyişən sınığı və çıxığı, sağ incik sümüyünün yerdəyişən qəlpəli sınığı, başın çoxsaylı əzilmiş yaraları xəsarətləri almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 29 oktyabr 2024-cü il tarixdə saat 21:50 radələrində “Mercedes Benz C 180” markalı Az **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili 40 km/saat sürətlə Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsi ilə Babək prospekti istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətinə tərəf idarə edərkən “Meridian Hall” şadlıq sarayının qarşısında bir nəfər piyadanın soldan sağa yolu keçmək istədiyini görmüşdür. O, avtomobili saxlamaq istəmiş, lakin əyləci bassa da avtomobilinin qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Dərhal avtomobili saxlayıb piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını görüb tibbi yardım göstərilməsi üçün X5 briqadasına zəng edib çağırmışdır. Həkim briqadası gələn kimi xəsarət almış piyadanı X2 aparmışlar. Sonradan avtomobillə vurub xəsarət yetirdiyi piyadanın Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs müalicə xərclərini ödəmiş, 2000 manatı Sadiqin özünə nağd şəkildə, 200 manatı isə kart hesabına göndərməklə vermişdir. Bu pulları verdikdən sonra Sadiq barışıq barədə ərizə vermiş, lakin sonradan ondan əlavə pullar istəməyə başlamışdır. O, maddi imkanı olmadığından Sadiqin əlavə istədiyi pulları ödəyə bilməmiş, Sadiq də onun barəsində təkrar şikayət etmişdir. Əməlindən peşmandır. Maddi vəziyyəti ağırdır, himayəsində xəstə uşağı, xəstə yoldaşı vardır. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, zərərçəkmiş şəxsə əlavə olaraq 3000 manat pul vermişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanında yerləşən “Meridian Hall” şadlıq sarayının qarşısında piyada yolu soldan sağa keçmək istəyən zaman həmin yolda hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C 180” markalı avtomobilin qabaq sağ hissəsi ilə onu vurmuşdur. Hadisə yerinə X5 briqadası gəlib onu X2 aparmış və o uzun müddət müalicə almışdır. Hadisə zamanı çoxsaylı bədən xəsarətləri almışdır. Beş gün koma vəziyyətində qalmış, komadan ayıldığı gün xəstəxanaya gəlib sığorta adı ilə ona barışıq ərizəsinə qol çəkdirmişlər. Baş vermiş hadisə ilə əlaqədar 8 aydır ki, işləyə bilmir. Hal-hazırda qolu işləmir, əzələ köçürülməlidir, Türkiyədə əməliyyat olunmalıdır, bunun üçün 20-30000 manat pul lazımdır. Maddi imkanı olmadığı üçün əməliyyat ola bilmir. Maddi vəziyyəti ağırdır, himayəsində xəstə övladı var, oğlu yaxın zamanda əsgərliyə gedəcəkdir. Hadisədən sonra təqsirləndirilən şəxs ona cəmi 2200 manat pul vermişdir. Sonuncu məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs ona əlavə olaraq 3000 manat pul vermişdir. Təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısının çıxışı ilə razıdır, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 29 oktyabr 2024-cü il tarixli 2/60072 saylı protokoldan görünür ki, 29 oktyabr 2024-cü il tarixdə saat 23:52-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 20 fevral 2025-ci il tarixli 8/3186 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz C 180” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 14 dekabr 2024-cü il tarixli TS-71 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs baş beyinin əzilməsi və subdural hematoması ilə müşayiət olunan alın sümüyünün sağ yarısı və sağ gicgah sümüyündən kəllə əsasına keçən xətti, sağ almacıq qövsünün qəlpəli-yerdəyişən, sağ almacıq sümüyünün və burun sümüyünün qəlpəli sınıqları, döş qəfəsinin küt travması nəticəsində ikitərəfli pnevmatoraks, sağ bazu sümüyünün başının az yerdəyişən sınığı və çıxığı, sağ incik sümüyünün yerdəyişən qəlpəli sınığı, başın çoxsaylı əzilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29 oktyabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 3-13-16/2-191781/2024 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə (04 may 2034-cü il tarixədək etibarlı olan) BB 348172 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - maddi sübut kimi tanıma barədə 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz C 180” markalı Az **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş və qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini, onunla barışdığını bildirmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz C 180” markalı Az **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 19 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 209 manat (19x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz C 180” markalı Az **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 19 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 209 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-426/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-426/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver