Məhkəmə qərarları › İş №1(007)-427/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-427/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-427/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1980-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda təmiz çəkisi 0,702 qram psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2025-ci il tarixdə saat 14:50 radələrində Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üzərinə keçirilən yoxlama zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,702 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, təqribən 5 ilə yaxın müddətdir ki, narkotik maddə istifadəçisidir. Üzərindən aşkar edilmiş narkotik maddəni 22 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə alıb daha sonra istifadə etmək üçün üzərində saxlamış, bir qədər sonra ünvan 4 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən anidən 3 nəfər polis əməkdaşı onu saxlayaraq onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib videoçəkiliş vasitəsilə ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, könüllü surətdə təqdim etməsini təklif etmiş, o da əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Saxlanılarkən və Polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 14:50 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğunu, bu səbəbdən də üzərinə baxış keçirməli olduqları bildirilmiş, o, etiraz etmədən razılaşmış, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya, maddə və ya predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd içərisində “patı” kimi tanıdığı narkotik maddə olan bükümü təqdim etmiş və daha sonra üzərinə baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin büküm boş zərfə qoyularaq qablaşdırılmışdırılmış, daha sonra Təqsirləndirilən şəxs 24-cü PŞ-nə gətirilmiş və protokol tərtib edərək təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyə, ifadəsi elan edilmiş şahid cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/339 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdəki təmiz çəkisi - 0,702 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 352 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə daha yüngül cəzanın təyin edilməsi ilə təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmanın qeyri-mümkün olacağını hesab edir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 14:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 24 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 264 manat (24x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 28 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,652 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 (iki yüz altmış dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar