Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-429/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, üçüncü dərəcəli əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 73, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, 04 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyul 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə 10 manata 1,024 qram və 0,429 qram olmaqla ümumi təmiz çəkisi 1,453 qram təşkil edən iki bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,271 qram təşkil edən bir bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 01 iyul 2022-ci il tarixdə səhər saatlarında ünvan 1 ünvanında həmin narkotik vasitə heroinin bir bükümdə 0,429 qramını və 0,271 qram psixotrop maddə metamfetamini tanışı Şahid1 qanunsuz olaraq 10 manat pul müqabilində satmış, 04 iyul 2022-ci il tarixdə saat 15 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilib, xidməti otaqların birində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ona satdığı bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 73 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilib xidməti otaqların birində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 2-3 ildir ki, narkotik vasitə qəbul edir. Şahid1 uşaqlıq vaxtından tanıyır. 01 iyul 2022-ci il tarixdə Xəyyamla birlikdə narkotik vasitə istifadə etmişlər. Həmin maddəni özü tək həmin gün Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda adını bilmədiyi şəxsdən almışdır. Xəyyamla birlikdə həmin narkotik vasitədən istifadə etmişlər. 04 iyul 2022-ci il tarixdə yenə də həmin parkda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində “kakos” kimi tanıdığı narkotik vasitə almışdır. Həmin gün saat 18 radələrində yaşadığı ünvan 6 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib narkotik vasitələrin daşınmasında və satışında şübhəli bilindiyini izah edib onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona hüquq və vəzifələri izah edilmiş, bından sonra öz razılığı əsasında üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxladığı şəffaf sellofana bükülü halda, “kakos” kimi tanıdığı narkotik vasitə olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni Xəyyama satmamışdır, yalnız birlikdə istifadə etmişlər. Narkotik vasitədən istifadə etməklə bağlı əməlindən səmimi peşmandır. Özü xəstədir, üçüncü qrup əlildir, himayəsində iki azyaşlı uşağı vardır, ailə vəziyyəti də ağırdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə ünvan 7 ünvanının qarşısına mütəmadi olaraq gəlib-gedən, 25-30 yaşlı, orta boylu, “Xəyyam” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra ünvan 8 ünvanında qeydiyyatda olan Şahid1 olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən 24-cü polis şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmış, 24-cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3la birlikdə 04 iyul 2022-ci il tarixdə Şahid1 qeydiyyatda olduğu ünvan 9 ünvanının yaxınlığına yollanmışlar. Oraya çataraq əməliyyat mövqeyi seçmişlər, saat 15:30 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Şahid1 oxşar bir şəxsin piyada gəldiyini müəyyən etmişlər. Həmin şəxs özünü Şahid1 kimi təqdim etmişdir. Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 24-cü polis şöbəsinə aparılmışdır. Həmin polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Şahid1 üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonu, şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə, içərisində ağ rəngli, spesifik iyə malik və qəhvəyi rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan bükülülərdəki maddələrin “kakos” və “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğunu, həmin maddələri qiyabi tanıdığı “Rüstəm” adlı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şahid1 üzərinə baxış keçirilən zaman aşkar olunmuş 01 ədəd “Lenovo” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq o, 24cü polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 və sahə inspektoru Şahid4la birlikdə Rüstəm adlı şəxsin yerinin müəyyən edilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 73 ünvanının yaxınlığına yollanmışlar. Oraya çataraq əməliyyat mövqeyi seçmişlər, saat 18:30 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə “Rüstəm” adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 24-cü polis şöbəsinə aparılmışdır. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung C1” markalı mobil telefonu, şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində qəhvəyi rəngli spesifik iyə malik olan toz şəkilində maddəni təqdim edərək həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 04 iyul 2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat müqabilində aldığını, istifadə üçün üzərində gəzdirdiyini, əlavə olaraq Şahid1 uşaqlıq vaxtından tanıdığını, 3 gün əvvəl Şahid1lə birlikdə narkotik vasitə istifadə etdiyini və həmin maddəni özünün tək 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün 01 ədəd “Samsung C1” markalı mobil telefon götürülmüş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Hər iki baxış və götürmə zamanı 24-cü polis şöbəsinin təhqiqatçısı Şahid5 tərəfindən videoçəkiliş aparılmışdır. Əməliyyat tədbirinin keçirilməsi zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları Şahid3 və Şahid4, Şahid2 ifadəsinə oxşar məzmunda ifadələr vermişlər. Eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, yuxarıda adları qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Rüstəmlə birlikdə narkotik vasitədən istifadə etmişlər, lakin Rüstəm ona narkotik vasitə satmamışdır. Özü polislər tərəfindən saxlanılarkən də üzərində narkotik vasitə olmamışdır. Hansı ki, Şahid1 ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 2 ildir ki, “şüşə” və “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə edir. Rüstəmi təxminən 2 ildir ki, ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Narkotik vasitə istifadə etdiyi vaxtdan Rüstəmin də narkotik vasitə istifadə etdiyini öyrənmişdir. 2 ildir ki, narkotik vasitə istifadə etdiyi üçün narkotik vasitəni Rüstəmdən almışdır. Sonuncu dəfə 01 iyul 2022-ci il tarixdə səhər saatlarında o, Rüstəmlə yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi, 60 ünvanında görüşüb ondan 10 manat pul müqabilində “şüşə” və “patı” kimi tanıdığı narkotik vasitə olan metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə heroin almışdır. 04 iyul 2022-ci il tarixdə yaşadığı binanın yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyini izah edib onu 24-cü polis şöbəsinə dəvət etmişlər. PŞ-də olan zaman ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra öz razılığı əsasında onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Proses zamanı o, şalvarının cibində olan, üç gün əvvəl Rüstəmdən aldığı narkotik vasitə olan “şüşə” və “kakos”u təqdim etmişdir. Qeyd olunan, ona məxsus narkotik vasitələr ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfdə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfə o və prosesdə iştirak edən şəxslər imza çəkmişlər, həmin proses zamanı videoçəkiliş aparılmışdır. O, Rüstəmin 1982-ci ildə Bakı şəhərində anadan olduğunu, Nizami rayonu ərazisində yaşamasını və ***-***-**-** saylı mobil nömrəni işlətdiyini bilmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, narkotik maddələrin aludəçisi olduğundan mütəmadi olaraq narkotik maddələr qəbul etmişdir və üzərindən aşkar olunmuş həmin narkotik vasitələr ona məxsusdur. Narkotik vasitələrin istifadəsi, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. O, narkotik vasitəni öz istifadəsi üçün almış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Başqa cinayət törətməmişdir. Polislər tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 5) - 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) - 04 iyul 2022-ci il və 10 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadə və daşınmasında şübhəli bilinən Şahid1 04 iyul 2022-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 60 saylı binanın qarşısında saxlanılmış və həmin tarixdə saat 15:20-də 24-cü PŞ-nə gətirilmişdir. Şahid1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malk ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 24cü PŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şahid1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd Lenovo markalı ağ rəngli mobil telefonu, şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə içərisində ağ rəngli spesifik iyə malik və qəhvəyi rəngli spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan maddələrin kakos və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu, həmir maddələri qiyabi tanıdığı Rüstəm adlı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd diskə 10 sentyabr 2022-ci il traixdə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 18-19, 167) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli 6/3668 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 23-25) - 04 iyul 2022-ci il və 10 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, 04 iyul 2022-ci il tarixdə saat 18:00-da Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlanılmasında, istifadəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 73 saylı binanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞnə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 04 iyul 2022-ci il tarixli qərara əsasən 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung C1” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda içərisində qəhvəyi rəngli spesifik iyə malik olan toz şəkilində maddəni təqdim edərək həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 04 iyul 2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat müqabilində aldığını, istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq Şahid1 uşaqlıq vaxtından tanıdığını, 3 gün əvvəl Şahid1lə birlikdə narkotik vasitə istifadə etdiyini və həmin maddəni özünün tək 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd “Samsung C1” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd diskə 10 sentyabr 2022-ci il traixdə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 51-52, 168) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli 6/3666 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,024 qram, tədqiqata 0,050 qram sərf olunmuş, 0,974 qram qalıq qalımışdır. (i.v. 59-62) - 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar olunmuş 01 ədəd Lenovo markalı ağ rəngli mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonda Şahid1 “Whats App” proqramından istifadə olunmaqla apardığı əlaqələr zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə 17 iyun 2022-ci il tarixdə saat 22:50-də “Qaqaş 8 manat pul var” mətnini yazması, Təqsirləndirilən şəxs isə “Qaqaş bildim də qaqaş. Mən də onun üçün çalışıram. Bir şey fikirləşim” səs yazısını göndərdiyi, Şahid1 səsli mesajda “8 manatdır da brat. İmkan var bir az ver bizə. Vəziyyətdən çıxaq. Ölürük brat” dediyi, Rüstəmin isə Xəyyamdan harada olduğunu soruşduğu, “Düşmüşdüm aşağı, pulu alım, götürüb gətirsinlən temanı” dediyi, 20 iyun 2022-ci il tarixdə saat 13:38-də Xəyyamın “10 manat deyirəm. Evdəyəm poetomu” yazması, Rüstəmin isə səsli mesajda “Nağd səndədir elə?” soruşduğu, Xəyyamın “Düşürsən aşağı. Mən həyətdəyəm” səsli mesajı göndərdiyi, Rüstəmin isə “Ə yox ey patı yoxdur, patı yoxdur patı” səsli mesajını göndərdiyi müəyyən edilmişdir. (i.v. 170) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli 6/3878 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,974 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...Şahid1 üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan narkotik vasitə heroinlər kimyəvi kompanent tərkiblərinə görə eynidirlər. Qeyd: 1 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,974 qram olmuş, tədqiqata 0,050 qram sərf olunmuş, 0,924 qram qalıq qalmışdır; 2 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,379 qram olmuş, tədqiqata 0,050 qram sərf olunmuş, 0,329 qram qalıq qalmışdır. (i.v. 174-177) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 13 iyul 2022-ci il tarixli 3781 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sirdromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar omuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 183-184) - 23 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin aparılması rədd edilmiş, 04 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1,024 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra həmin narkotik vasitənin 0,924 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 193-205) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, onun qanunsuz olaraq narkotik vasitəni satdığı Şahid1 ibtidai istintaq zamanı yuxarıda göstərilən qaydada, işin faktiki hallarına və verilmiş ittihama uyğun ifadə verməklə yanaşı, Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə zamanı da həmin qaydada ifadə vermişdir, eləcə də, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilərkən onunla Təqsirləndirilən şəxs arasında aparılmış yazışmaların məzmunundan da görünür ki, həmin şəxslərin aralarında narkotik vasitələrin alqı-satqısı ilə müşayiət olunan münasibətlər mövcud olmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilləri onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 108-111) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyul 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 aprel 2014-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 27 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 21 iyul 2014cü il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v. 127-128, 141-144) - 3 saylı Bakı DOST Mərkəzinin 27 iyul 2022-ci il tarixli **********3 nömrəli məktubundan və ona əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2008-ci il tarixdən etibarən 3-cü dərəcə müddətsiz əlilliyi olan şəxs hesab olunur. (i.v. 131-132) -Bakı şəhəri 12 saylı MKİS-nin rəisi tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 207) -Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X1 21 mart 2010-cu il tarixdə, X2 30 mart 2011-ci il tarixdə doğulmuşlar. (i.v. 209-212) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs üçüncü qrup əlil, xəstə olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,924 qram olan narkotik vasitə heroin məhv edilməli, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci (xx.xx.2022-ci il tarixli 6/3666 nömrəli rəy üzrə 81 manat, xx.xx.2022-ci il tarixli 6/3878 nömrəli rəy üzrə, eyni zamanda digər təqsirləndirilən şəxslə bağlı rəy verildiyindən, 81 manatın yarısı-40,50 manat) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 34 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,924 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 121,50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 34 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 204 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-429/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-429/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver