Məhkəmə qərarları › İş №1(007)-43/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-43/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-43/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2005-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 02 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonunda nömrəsiz evdə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə, 23 yanvar 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəyə işlətdiyi “Mələk” aptekə müştəri qismində daxil olaraq, həmin aptekdə satıcı işləyən Şahid1 digər otağa getməyindən istifadə edərək vitrinin digər tərəfinə keçib dərmanlar yığılmış rəfin alt hissəsində yerləşən saxlanc yeri hesab olunan siyirtməni açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, həmin siyirtmənin içərisində saxlanılan 1300 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1300 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 23 yanvar 2022-ci il tarixdə saat 15 radələrində xalası Nurun yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən parkdan avtobusla Nizami rayonuna gəzməyə gəlmişdir. Avtobusla “Qara Qarayev” metrosunun yaxınlığında düşmüşlər. O, avtobusda xalası Nur və qohumu Məryəmlə birlikdə gəlmişdir. Məryəm uşaq bezi, xalası Nur isə hamiləlik testi almaq üçün aptekə tərəf yönəlmişlər. Aptek avtobusdan düşdüyü dayanacağın yaxınlığında yerləşir. Nur və Məryəm aptekə birinci daxil olmuşlar. O isə onların arxasınca aptekə daxil olmuşdur. Bu zaman xalası Nur hamiləlik testini soruşmuş, lakin aptekdə işləyən xanım test olmadığını bildirmişdir. Məryəm isə uşaq bezi baha olduğu üçün almamışdır. Daha sonra onlar aptekdən çıxmışlar. Bundan sonra o da aptekdən çıxarkən aptekdə işləyən qadının digər otağa keçdiyini görmüşdür. Bu zaman geri qayıdıb vitrinin digər tərəfinə keçib dərmanlar yığılmış şüşəli şkafın alt hissəsində yerləşən siyirtməni açıb siyirtmədə olan 1300 manat pulu götürüb dərhal aptekdən çıxmışdır. Bu proses təxminən 50-60 saniyə çəkmişdir. Siyirtmənin üstündə kilid olsa da açarla bağlanmamışdır. O, pulu oğurladıqdan sonra dərhal xalasının yanına getmişdir. Xalası ondan harada olduğunu soruşduqda müxtəlif bəhanələr gətirərək söhbəti dəyişmişdir. Xalasının onun pul oğurlamağından xəbəri olmamışdır. Bundan sonra onlar təxminən 20-25 dəqiqə Nizami rayonunda gəzdikdən sonra 62 nömrəli avtobusla Sabunçuya rayonunda yerləşən dəmir yolu vağzalının yaxınlığında qohumu Məryəmin yaşadığı evə getmişdir. Evə gəldikdə Məryəmin maddi vəziyyəti yaxşı olmadığından ona həmin puldan 400 manat vermişdir. Bu zaman Nur onların yanında olmamışdır. Onda pulu hardan əldə etdiyini soruşduqda ona pulu yerdən tapdığını bildirmişdir. Daha sonra o, xalası Nurdan onların evlərinin açarını alıb paltarımı dəyişməyə getmişdir. Bu zaman xalasının evində yataq otağında paltarını dəyişdikdən sonra orada olan şkafı açıb 400 manat pulu paltarların arasına qoymuşdur. Daha sonra evdən çıxdıqda xalası Nura mobil telefonla zəng edib yataq otağında şkafın içində paltarların arasına 400 manat pul qoyduğunu bildirmişdir. Bundan sonra xalası Nur da ondan pulu hardan əldə etdiyini soruşduqda xalasına da pulu tapdığını bildirmişdir. Daha sonra o, Kəpəz rayon Polis İdarəsindən barəsində oğurluqla bağlı istintaq getdiyi üçün oraya getmişdir. Yerdə qalan pulu isə gündəlik tələbatlarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiklərinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə onların növbəti məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmış, qərarın icrası Bakı şəhəri Suraxanı, Sabunçu və Xətai rayon polis idarələrinə həvalə edilsə də, həmin şəxslərin məhkəmə iclaslarında iştirakları təmin edilməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Nizami rayonu, Q.Qarayev prospekti 37 ünvanında yerləşən “Mələk” apteki 1 il 6 aydır ki, icarəyə götürüb işlədir. Həmin aptekdə əmək müqaviləsi əsasında 4 nəfər işçi çalışır. Qeyd etdiyi aptekdə 2 ədəd kassa yerləşir. Kassalarda birində dərmanların satışı həyata keçirilir, digərində isə uşaq qida məhsulları və uşaq əşyalarının satışı həyata keçirilir. 23 yanvar 2022-ci il tarixdə saat 16 radələrində icarəyə işlətdiyi aptekdə satıcı kimi fəaliyyət göstərən Nərminə adlı xanım ona zəng edərək uşaq məhsullarının satışından yığılan pulların yığıldığı kassadan 1300 manat pulun oğurlanması barədə məlumat vermişdir. O da dərhal DİN-in 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə “Mələk” aptekin yerləşdiyi ünvana getmişdir. Burada olarkən aptekin nəzarət kamerasını açıb videogörüntüyə baxdıqda aptekə 2 nəfər qadının yanlarında 1 uşaqla daxil olduğunu görmüşdür. Həmin vaxt aptekdə Nərminə adlı satıcı tək olmuşdur. Həmin qadınlar satıcıdan bəzi dərmanları soruşmuş, bu zaman satıcı onlara istədikləri dərmanın aptekdə olmadığını bildirmişdir. Qadınlar apteki tərk etdikdən sonra satıcı Nərminə xanım digər otağa keçən zaman həmin qadınların yanında olan uşaq, uşaq məhsullarına aid olan kassanın yerləşdiyi hissəyə keçərək, kassada olan 1300 manat pulu oğurlamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xalası nəvəsidir, Nurlanın anası həbs olunduğu üçün onunla birlikdə ünvan 5 ünvanında yaşayır. Hal-hazırda işləmir. 23 yanvar 2022- ci il tarixdə saat 16 radələrində Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında hamiləlik üçün dərman axtarmaq üçün gəlmişdir. Burada bir neçə aptekə girdikdən sonra metronun yaxınlığında olan “Mələk” aptekə daxil olmuşdur. Bu zaman yanında qohumu Məryəm adlı qadın və Nurlan olmuşdur. Aptekə daxil olub hamiləlik üçün dərmanı soruşmuş, lakin aptekdə dərman olmadığı üçün hamiləlik üçün test almış, daha sonra uşaq bezinin qiymətini soruşub qiymətdən narazı qaldığı üçün apteki tərk etmişlər. Apteki tərk edib bir qədər getdikdən sonra Nurlanın yanında olmadığını görmüş, geri dönüb baxdıqda Nurlanın arxadan gəldiyini görmüşdür. Bu zaman Nurlan ona yaşadığı evə getmək istədiyini bildirmişdir. O isə Nurlana icazə verməmiş, Neftçilər metrosu tərəfə gedib oradakı apteklərə də baxdıqdan sonra oradan avtobusla yaşadığı ünvana getmişlər. Yaşadığı ünvana getdikdən sonra oradan Məryəmin evinə getmişdir. Orada olarkən Nurlan paltarlarını dəyişib Suraxanı rayonuna getməli olduğunu, oradan isə Gəncəyə gedəcəyini bildirmişdir. Bu zaman o, mənzilin açarlarını Nurlana vermişdir. Nurlan getdikdən sonra onun mobil telefonuna zəng edərək onun evində paltar şkafına pul qoyduğunu bildirmişdir. Ondan pulu haradan əldə etdiyini soruşduqda o, pulu yerdən tapdığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 6 ünvanında yaşayır. Təxminən 9 aydır ki, Nizami rayonu, Q.Qarayev prospekti 37 ünvanında yerləşən “Mələk” aptekdə satıcı kimi faəliyyət göstərmişdir. 23 yanvar 2022-ci il tarixdə saat 16 radələrində aptekə 2 nəfər tanımadığı qadın daxil olmuşdur. Həmin qadınlardan biri hamiləliklə bağlı dərman soruşmuşdur. Daha sonra istədiyi dərman aptekdə olmadığı üçün hamiləlik testi alıb, uşaq bezinin qiyməti ilə maraqlanmışlar. Uşaq bezinin qiymətinin baha olmasından narazılıqlarını bildirdikdən sonra apteki tərk etmişlər. Həmin qadınlar apteki tərk edən zaman o, digər otağa keçib geri qayıtdıqdan təxminən 5 dəqiqə sonra aptekə müştəri daxil olaraq uşaq məhsulları satılan hissədən uşaq bezi istəmişdir. Bu zaman orada olan kassanı açdıqda kassada olan pulların yerində olmadığı aşkar etmişdir. Bu zaman dərhal aptekin rəhbərliyinə yəni, Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra nəzarət müşahidə kameralarına baxdıqda bir nəfər kişi cinsinə mənsub arıq şəxsin aptekə daxil olaraq oradan kassanı açıb oğurluq etdiyini aşkar etmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Sabunçu rayonunda ünvanını bilmədiyi fərdi yaşayış evində yoldaşı Rüstəm və azyaşlı qızı Aygünlə birlikdə yaşayır. Dilənçiliklə və dəmir qablar yığmaqla pul qazanır. Yoldaşı Rüstəm ağciyər xəstəsidir. Aynur onun xalası qızıdır. xx.xx.2022-ci il tarixdə qohumu Nurlan və xalası qızı Nurla birlikdə Sabunçu rayonundan Nizami rayonunda Q.Qarayev metrosu yaxınlığında hamiləlik üçün “Mələk” aptekə girmişdir. Aptekdən hamiləliyi sonlandırmaq üçün qohumu Nur dərman istəmişdir. Lakin burada belə dərman olmadığını apketdə işləyən əczaçı bildirdikdən sonra hamiləlik testi almışdır. Daha sonra uşaq bezinin qiymətini Nur soruşmuş, lakin baha olduğu üçün almamışdır. Bundan sonra onlar aptekdən çıxmışlar. Bu zaman Nurlan yaşadığı ünvana getmək istədiyini bildirmişdir. Daha sonra “Neftçilər” metrosu tərəfə, oradan isə taksi ilə Sabunçu rayonuna Nurun yaşadığı evə getmişlər. Daha sonra isə onun yaşadığı evə getmişlər. Orada olarkən Nurlan evin açarlarını alıb paltarlarını dəyişib Suraxanı rayonuna getməli olduğunu, oradan isə Gəncəyə gedəcəyini bildirmişdir. Daha sonra onlar yenidən Məryəmin evinə qayıtdıqda Nurlan xalasına zəng vuraraq yataq otağında şkafa pul qoyduğunu bildirmişdir. Nur şkafın qapısını açdıqda 400 manat pul olduğunu görmüşdür. Həmin puldan Nur 200 manat ona vermişdir. Nur, Nurlandan bu pulu hardan əldə etdiyini soruşduqda Nurlan onu yerdən tapdığını bildirmişdir. Bu zanan Nur ona əsəbləşmişdir. Daha sonra o, həmin pula yoldaşı Rüstəmə sistem, uşaq bezi, sirop və ərzaq almışdır. Nurlan eyni zamanda Məryəmə də həmin puldan 400 manat vermişdir. Məryəm Nurlandan həmin pulu haradan əldə etdiyini soruşduqda Nurlan pulu yerdən tapdığını bildirmişdir. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən “Mələk” aptekdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 may 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi yeri əyani qaydada yerində göstərmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha əyani qaydada təsdiq etmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 27 may 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində bir nəfər şəxsin qısa boylu, arıq bədən quruluşlu şəxsin “Mələk” aptekə daxil olduğunu, daha sonra aptekdə işləyən qadının digər otağa keçməsindən istifadə edərək vitrinin digər tərəfinə keçib siyirtməni açaraq orada olan pulları oğurlaması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həqiqətən də həmin videogörüntünün 23 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 37 ünvanında yerləşən “Mələk” aptekdən etdiyi oğurluq hadisəsini özündə əks etdirən videogörüntü olmasını, həmin videogörüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Görüntülərin əks olunduğu CD disk maddi sübut kimi tanınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, Təqsirləndirilən şəxs həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2022-ci il tarixli tələbnaməsinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(043)-48/2022 saylı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-310/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 1335/2023 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-150/2023 saylı hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs 1) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(043)-48/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 2 gün müddət nəzərə alınmaqla) qəti olaraq, 1 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-310/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə (xx.xx.2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 ay 11 gün müddət nəzərə alınmaqla) qəti olaraq 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; 3) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-1335/2023 saylı qərarına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-310/2022 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunan 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(043)-48/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 ay 11 gün, ümumilikdə 03 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılaraq, eləcə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(043)-48/2022 saylı hökmü ilə ona təyin edilmiş 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 18 gün müddəti qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 03 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır; 4) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-150/2023 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş cəza ona Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(103)-1335/2023 saylı qərarı ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki-1(043)-48/2022 və 1(010)-310/2022 saylı cinayət işləri üzrə həbsdə saxlanıldığı 03 ay 13 gün müddət, hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı tutularaq 12 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 15 gün müddət, cəmi 03 ay 28 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 26 gün hazırda təyin edilmiş qəti cəzadan çıxılmaqla, o cümlədən, 1(043)-48/2022 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın çəkilmiş 01 ay 18 gün hissəsi ona təyin olunmuş qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 02 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(008)-150/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 avqust 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay 11 (on bir) gün və 12 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 15 (on beş) gün müddət olmaqla, ümumilikdə 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 26 gün hazırda təyin edilmiş cəzadan çıxılmaqla, o cümlədən 1(043)-48/2022 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın çəkilmiş 01 ay 18 gün hissəsi ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməlidir. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 58 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 342 (6x57) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza, ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(008)-150/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki-1(043)-48/2022, 1(010)-310/2022 və 1(008)-150/2023 saylı cinayət işləri üzrə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 avqust 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay 11 (on bir) gün və 12 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 15 (on beş) gün müddət olmaqla, ümumilikdə 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 26 gün hazırda təyin edilmiş cəzadan çıxılmaqla, o cümlədən 1(043)-48/2022 saylı cinayət işi üzrə təyin edilmiş cəzanın çəkilmiş 01 ay 18 gün hissəsi ona təyin edilmiş qəti cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 57 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 342 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar