Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-43/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1993-cü il tarixdə Göyçay rayonunun Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Çərəkə kəndində qeydiyyatda olan, 04 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 18 oktyabr 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 02 noyabr 2023-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 183 ünvanının yaxınlığında körpünün altında dayanmış “Khazar” markalı **-PC-*** qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapı şüşəsinin yarım açıq olmasından və içərisində avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yatmış olmasından istifadə edərək, avtomobilin sürət qutusunun üstündən Zərərçəkmiş şəxs məxsus bir ədəd 800 manat dəyərində, içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 10 manatlıq danışıq limiti olan “İnfinix Note 11 Pro” markalı, 64MP və 30X Telescope Zoomlu mobil telefonu və içərisində 200 manat nağd pul olan 3 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1023 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının ilk günlərində işləmək üçün yaşadığı Göyçay rayonunun Çərəkə kəndindən Bakı şəhərinə gəlmiş, müvəqqəti olaraq qohumlarının evində yaşamışdır. Özünə iş axtarsa da tapa bilmədiyindən maddi cəhətdən çətinlik çəkmişdir. Odur ki, oğurluq etmək qərarına gəlmişdir. Buna görə 08 aprel 2023-cü il tarixdə gecə saat 05 radələrində oğurluq edib pul əldə etmək üçün Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yanına getmişdir. Ətrafı gəzərkən oradakı körpünün altında ağ rəngli “Khazar” markalı minik avtomobilinin mühərriki işləyən vəziyyətdə dayandığını görüb avtomobilə yaxınlaşmışdır. İçəri baxdıqda sükan arxasında bir nəfər kişinin, sonradan tanıdığı Zərərçəkmiş şəxs yatdığını, sürət qutusunun üzərində bir ədəd mobil telefonun və bir ədəd pul kisəsinin olduğunu görmüşdür. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra qabaq sağ sərnişin qapısının yarım açıq pəncərəsindən əlini uzadaraq həmin pul kisəsini və mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Kənarlaşdıqdan sonra mobil telefonu yoxladıqda “İnfinix Note 11” markalı olmaqla işlək vəziyyətdə olduğunu görmüş, pul kisəsinə baxdıqda içərisində 2 ədəd 100 manatlıq əskinazların olduğunu aşkar etmişdir. 200 manat pulu götürdükdən sonra pul kisəsini yadında qalmayan yerdə tullamışdır. Mobil telefonun içərisində olan mobil nömrəsini çıxardıqdan və yenidən format edib yaddaşını sildikdən sonra onu həmin gün səhər saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon alqı-satqı mağazalarının birinə 130 manata satmışdır. Telefonu satdığı şəxsə telefonun özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Telefonu alan şəxs ondan şəxsiyyətini təsdiq edən sənəd istədikdə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Telefonu alan şəxs onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıqdan sonra ondan satdığı mobil telefonun özünə məxsus olması barədə qeyd yazmasını istəmişdir. Buna görə öz xətti ilə şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa hissəsində “mən özümə məxsus İnfinix markalı telefonu satdım” yazısını yazmışdır. Telefonun satışından əldə etdiyi pulu və pul kisəsindən götürdüyü 200 manat pulu özünün ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, Gəncə şəhərində yaşaması ilə bağlı iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar onun qeyd olunan dövrdə verdiyi ifadə elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacanağı Ruslan Sultanovun evinə getmək üçün 07 aprel 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus “Khazar” markalı **-PC-*** qeydiyyat nömrəli avtomobillə yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə yola düşmüş və 08 aprel 2023-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhərinə çatmışdır. Nizami rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında olarkən yorulduğunu və yuxuladığını hiss etdiyindən avtomobili saxlayıb yuxulamaq qərarına gəlmişdir. Ona görə “Koroğlu” metrostansiyası yaxınlığında olan körpünün sol tərəfində avtomobili saxlamışdır. Hava soyuq olduğu üçün avtomobilin mühərikini söndürməyərək istilik sistemini qoşmuşdur. Avtomobilin salonunda boğulmamaq üçün avtomobilin qabaq pəncərələrinin hər ikisini bir qədər açıq qoymuşdur. Səhər saat 07 radələrində yuxudan oyandıqda avtomobildə sürətlər qutusunun yanına qoyduğu özünə məxsus 2022-ci ilin yay aylarında Gəncə şəhərindən mobil telefon satışı mağazasından 800 manata aldığı, içərisində ***-***-**-** saylı mobil nömrə və 10 manatlıq danışıq limiti olan “İnfinix Note 11” markalı **********65590 və **********65608 İMEİ kodlu mobil telefonunun və içərisində 200 manat nağd pul olan 3 manat dəyərində pul kisəsinin oğurlandığını aşkar etmişdir. Bundan sonra avtomobili ilə qohumu Ruslangilə gedib onunla görüşdükdən sonra onunla birlikdə Nizami RPİ-nin 25-ci polis şöbəsinə gedib oğurluq barəsində ərizə ilə müraciət etmişdir. Avtomobilindən oğurluq edilərkən yatdığından oğurluğu edən şəxsi (şəxsləri) görməmişdir. İşdə olan 19 iyun 2023-cü il tarixli 9/3854 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə ona məxsus həmin “İnfınix Note 11 Pro” markalı, 64MP və 30X Telescope Zoomlu mobil telefonun orta bazar qiymətinin təxminən 250 manat müəyyən edilməsi ilə razı deyildir. Belə ki, həmin mobil telefonu təzə olaraq 2022-ci ilin yay aylarında 800 manata almış, oğurlandığı vaxtda içərisində 10 manata aldığı ***-***-**-** saylı mobil nömrə və təxminən 10 manatlıq danışıq limiti olmuşdur. Ona görə hesab edir ki, ona məxsus həmin telefonun oğurlanması nəticəsində ona ümumilikdə 820 manat ziyan dəymişdir. Oğurlanmış pul kisəsini hadisədən bir neçə ay əvvəl 3 manata almışdır və oğurlananda içərisində iki ədəd 100 manatlıq əskinas olmuşdur. Ona görə oğurluq nəticəsində ona dəymiş maddi zərərin ümumi məbləğinin 1023 manat olaraq qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Plove” adlı restoranda işləyir. Özünə məxsus “Redmi Note 10” markalı mobil telefonu xarab olduğundan özünə az işlənmiş saz vəziyyətdə olan mobil telefon almaq istəmişdir. Buna görə də 2023-cü ildə günorta saatlarında “Tap.az” saytında işlənmiş və qiyməti münasib telefonlara baxmışdır. Elanlardan “İnfinix” markalı mobil telefonun 190 manata satıldığını görmüş, əlaqə saxlamaq üçün elanda göstərilən ***-***- **-** saylı mobil nömrəyə zəng edərək həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Telefonda onunla danışan şəxs mobil telefonun mağazada satışda olduğunu və gəlib ala biləcəyini bildirmişdir. O da işdə olduğundan həmin mobil telefonu ona çatdırmasını xahiş etmişdir. Həmin gün saat 22 radələrində işdə olan zaman mağazanın işçisi ona zəng edərək almaq istədiyi mobil telefonu ünvana gətirdiyini bildirmişdir. O da həmin şəxslə görüşərək qeyd olunan “İnfinix” markalı mobil telefonu 190 manat pul ödəməklə ondan almışdır. Telefonu satan şəxs ona işlədiyi mağazaya aid olan zəmanət talonu vermiş, çatdırma haqqı olaraq əlavə 10 manat almışdır. Aldığı həmin mobil telefonu özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri taxaraq istifadə etmişdir. Bir müddət sonra polis əməkdaşları onunla əlaqə saxlayaraq aldığı həmin “İnfınix” markalı mobil telefonun oğurluq olduğunu bildirib onu polis idarəsinə çağırmışlar. O, mobil telefonu alarkən telefonun oğurluq olmasından xəbəri olmamışdır. Aldığı həmin “İnfınix” markalı mobil telefonu polisdə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış, bununla əlaqədar onun qeyd olunan dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayından rəsmi adı “RS-telecom” olan, lakin reklamında “Ağ Vertu” adlı olan mağazada satış təmsilçisi işləməklə mobil telefonların alışı və satışı ilə məşğuldur. “RS-telecom” adlı mağazanın bir neçə rayonda fialialları vardır. 08 aprel 2023-cü il tarixdə səhər saatlarında işlədiyi “RStelecom” adlı mağazanın Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən filialında olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs mağazaya gələrək özünə məxsus olan az işlənmiş “İnfinix” markalı mobil telefonunu 170 manata satmaq istədiyini bildirmişdir. O da təqdim edilən mobil telefona baxdıqdan sonra 140 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Həmin mobil telefon kodsuz olmuşdur. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olması barədə şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa hissəsinə əl yazı yazdırıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs həmin mobil telefonu aldıqdan sonra satmaq üçün “Tap.az” saytına elan yerləşdirməklə, onunla əlaqə telefon nömrəsini yazmışdır. Bir müddət sonra elana qoyduğu mobil nömrəyə adını sonradan bildiyi Həsən adlı şəxs zəng edərək mobil telefonu almaq istədiyini, lakin mağazaya gələ bilmədiyini bildirib mobil telefonun onun olduğu ünvana çatdırılmasını xahiş etmişdir. Həmin gün təxminən saat 22 radələrində Həsən adlı şəxslə Yasamal rayonunda görüşərək Təqsirləndirilən şəxs aldığı “İnfinix” markalı mobil telefonu ona 190 manata satmaqla, telefonu ona satması ilə bağlı mağazanın zəmanət talonunu verməklə, ünvana çatdırılmasına görə əlavə 10 manat almışdır. Təqsirləndirilən şəxs “İnfinix” markalı mobil telefonu ona satarkən həmin mobil telefonun oğurluq olduğunu ona bildirməmişdir. Telefonun oğurluq olmasını polis əməkdaşlarından öyrənmişdir. Təqsirləndirilən şəxs əl yazıları olan şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 08 aprel 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi bir ədəd “İnfinix” markalı mobil telefon və zəmanət talonunun surəti ondan götürülmüşdür. (i.v. 45-46) - 18 may 2023-cü il tarixli protokoldan görünür ki, X3 istintaqa təqdim etdiyi bir ədəd “İnfinix Note 11” markalı mobil telefon Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmişdir. Zərərçəkmiş şəxs həmin mobil telefonu tanıyaraq, 08 aprel 2023-cü il tarixdə ona məxsus “Khazar” markalı avtomobildən oğurlanan ona məxsus mobil telefon olduğunu bildirmişdir. (i.v. 47) - 23 may 2023-cü il tarixli protokoldan və vəsiqənin surətindən görünür ki, X1 təqdim etdiyi arxa hissəsində xx.xx.2023. model: İnfinix Not11 Pro, imel **********69590, imza (imza), əlaqə telefon ***-***-**-**, mən özümə məxsus olan İnfinix modelli telefonu satdım yazıları olan Təqsirləndirilən şəxs adına olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti götürülmüşdür. (i.v. 56-57) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 iyun 2023-cü il tarixli 9/3854 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “İnfinix Note 11 Pro” markalı, 64MP və 30X Telescope Zoomlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 250 manat müəyyən olunur. (i.v. 61-64) - 04 sentyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərib oğurluq əməlini hansı qaydada və üsulla törətdiyinə dair ifadəsində göstərilən qaydada məlumat vermişdir. (i.v. 107-109) - 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olması müəyyən edilmədiyindən barəsində həmin maddələrlə cinayət təqibinin icraatına xitam verilmiş, X4 və Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərər ümumilikdə 1023 manat hesablanmış və tam ödənildiyi nəzərə alınmış, istintaq zamanı aşkar edilərək götürülmüş bir ədəd “İnfinix Note 11 Pro” markalı, 64MP və 30X Telescope Zoomlu mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. (i.v. 135-141) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 78) - 06 sentyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v. 125-126, 129-130) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 02 noyabr 2023-cü il tarixli məktubundan və ona əlavə edilən eyni tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X2 02 noyabr 2023-cü il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Həmin tələbnamədə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin icraatında olmuş ********* nömrəli iş materialının 01 fevral 2022-ci il tarixdə məhkəməyə göndərildiyi qeyd olunsa da, verilmiş sorğulara cavab məktubları ilə müəyyən edilmişdir ki, həmin şəxslə bağlı məhkəmənin icraatına iş daxil olmamışdır, ********* nömrəli cinayət işi üzrə baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyi üçün həmin cinayət işi üzrə barəsində olan cinayət təqibinə xitam verilmiş və ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 02 noyabr 2023-cü il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefon aparatının məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd “İnfinix Note 11 Pro” markalı, 64MP və 30X Telescope Zoomlu mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-43/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-43/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver