Məhkəmə qərarları › İş №1(007)-43/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-43/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-43/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Naxçıvan MR-nın Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,610 qram psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2024-cü il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildir ki, patı kimi tanıdığı psixotrop maddə istifadəçisidir. Adətən o, həmin psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı müxtəlif şəxslərdən şəxsi istifadəsi üçün alıb qəbul edir. O, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov (keçmiş Razin) qəsəbəsinin ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir büküm patı kimi tanıdığı psixotrop maddəni alıb üzərində saxlamışdır. Elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində o, ünvan 6 ünvanında olarkən bir nəfər mülki geyimli və bir nəfər polis geyim formasında olmaqla, 2 nəfər ona yaxınlaşıb özlərini Nizami RPİ-nin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim edərək, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün birlikdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, da etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gəlmişdir. RPİ-nin 24-cü Polis şöbəsinin inzibati binasında onun şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamağında şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi bildirilmişdir. O da üzərində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb, masanın üzərinə qoyub bildirmişdir ki, bükümdə olan maddə patı kimi tanıdığı metamfetamindir, 27 fevral 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 10 manata almışdır. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırıİmaqla möhürlənmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24 Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 27 fevral 2024-cü il tarixdə xidmətdə olarkən Vüsal adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi ondan və Nizami RPİ-nin 24-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət olmuşdur. Onlar tərəfindən Vüsal adlı həmin şəxsin olduğu yer müəyyən edilmiş, və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində ünvan 7 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal adlı həmin şəxs saxlanılmışdır. Bu zaman Onlar özlərini Vüsala təqdim etmiş və o 24-cü Polis şöbəsinə təmin edilmişdir. İnzibati binada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmiş, xidməti otaqlardan birində hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyini bildirib, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Sorğu-sual edilərkən şübhəli Təqsirləndirilən şəxs bu maddənin psixotrop maddə kimi tanıdığı patı olduğunu, xx.xx.2024-cü il tarixdə Razin (indiki Bakıxanov) qəsəbəsində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28 fevral 2024-cü il tarixli 3- 16-16/2-6/1183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X2 25 aprel 2024-cü il tarixli, 2694 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatroların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X5 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışına əsasən X3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi müəyyən edilmişdir. Salyan rayon məhkəməsinin 7(057)-188/2023-cü il tarixli qərarı ilə X5 cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti xx.xx.2024-cü il tarixdə, yəni əvvəlki cinayət əməli üzrə məhkumluğu ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə saat şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası ƏN PX 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktuba əsasən təqsirləndirilən şəxs X3 xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin əkəkdaşları tərəfindən tutulması və saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-cəmi 65 manat X1 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,560 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X4 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar