Məhkəmə qərarları › İş №1(007)-430/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-430/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-430/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq 01 iyul 2022-ci il tarixdə səhər saatlarında ünvan 2 ünvanında tanışı Şahid1 şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,429 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,271 qram olan psixotrop maddə metamfetamini 10 manat ödəyərək satın almaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 04 iyul 2022-ci il tarixdə, saat 15 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik maddə istifadəçisi olmasını etiraf edir, lakin hazırkı cinayət işi üzrə bildirir ki, 04 iyul 2022-ci il tarixdə, saat 15 radələrində polis əməkdaşları onu saxladıqdan sonra polis bölməsinə gətirmişlər. O, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparmış və üzərində heç bir narkotik vasitə tapa bilməmişlər. Bununla belə polis əməkdaşları ona guya üzərində narkotik vasitə olmasını etiraf etməyi təklif etmişlər, etiraf etmədiyi təqdirdə isə onu daha ağır ittihamla məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitə saxladığını boynuna götürmüş və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokola və başqa bir neçə sənədə, onların məzmunu ilə tanış olmadan imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, polis işçilərinin qanunsuz hərəkətləri və ona göstərilən psixi təzyiqlər barədə təqdimata baxan hakimə heç nə deməmişdir. Çünki o, hesab etmişdir ki, həmin məhkəmə ona heç bir kömək edə bilməyəcək, bu işdə əsas söz sahibi ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işinə baxan hakim olacaq və o, yol verilmiş qanunsuzluqlar barədə məhz həmin hakimə danışacaqdır. Eyni səbəbdən o, ibtidai istintaqı aparan müstəntiqə, həmçinin vəkilinə də iş üzrə heç bir irad və şikayətini bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığını nəzərə alıb, onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 bildirmişdir ki, o, 2000-ci ildən DİO-da, 2007-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs və Şahid1 hadisə baş verənə kimi tanımamış, onlarla ədavəti olmamışdır. 04 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Nizami rayonu, R.Rüstəmov küçəsi 60 saylı binanın qarşısına mütəmadi olaraq gəlib-gedən, 25-30 yaşlı, orta boylu, “Xəyyam” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60, mənzil 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. O, Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 60 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 15:30 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonu, şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə, içərisində ağ rəngli, spesifik iyə malik və qəhvəyi rəngli, spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan bükülülərdəki maddələrin kakos və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu, həmin maddələri qiyabi tanıdığı Rüstəm adlı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunmuş 01 ədəd “Lenovo” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış və götürmə zamanı Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid5 tərəfindən video çəkiliş aparılmışdır. Şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadə və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs, 04 iyul 2022-ci il tarixdə saat 15:00-da ünvan 3 binanın qarşısında saxlanılmış və həmin tarixdə saat 15:20-də Nizami RPİ-nin 24cü PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 iyul 2022-ci il tarixli qərara əsasən Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonu, şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə içərisində ağ rəngli spesifik iyə malik və qəhvəyi rəngli spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan maddələrin kakos və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu, həmin maddələri qiyabi tanıdığı Rüstəm adlı şəxsdən 10 manat müqabilində aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar olunmuş 01 ədəd “Lenovo” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 iyul 2022-ci il tarixli, 6/3668 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.379 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. Metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.221 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı video yazıdan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonu, şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə içərisində ağ rəngli spesifik iyə malik və qəhvəyi rəngli spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan maddələrin kakos və şüşə kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri qiyabi tanıdığı Rüstəm adlı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunmuş 01 ədəd “Lenovo” markalı mobil telefon iş üçün sübut əhəmiyyətli olduğundan götürülür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. İş materiallarında olan baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar olunmuş 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonda cinayət işinin istintaqı zamanı Nizami RPİ-nin İŞ-nin 311 saylı inzibati otağında həmin telefona baxış keçirilmiş, baxış zamanı telefonda Təqsirləndirilən şəxs “Whatsapp” proqramından istifadə olunmaqla apardığı əlaqələr zamanı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 22:50-də “Qaqaş 8 manat pul var” mətnini yazması, Şahid1 isə “Qaqaş bildim də qaqaş. Mən də onun üçün çalışıram. Bir şey fikirləşim” səs yazısını göndərdiyi, Təqsirləndirilən şəxs səsli mesajda “8 manatdır da brat. İmkan var bir az ver bizə. Vəziyyətdən çıxaq. Ölürük brat” dediyi, Rüstəmin isə Xəyyamdan harada olduğunu soruşduğu, “Düşmüşdüm aşağı, pulu alım, götürüb gətirsinlən temanı” dediyi, xx.xx.2022ci il tarixdə saat 13:38-də Xəyyamın “10 manat deyirəm. Evdəyəm poetomu” yazması, Rüstəmin isə səsli mesajda “Nağd səndədir elə?” soruşduğu, Xəyyamın “Düşürsən aşağı. Mən həyətdəyəm” səsli mesajı göndərdiyi, Rüstəmin isə “Ə yox ey patı yoxdur, patı yoxdur patı” səsli mesajını göndərdiyi müəyyən edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 26 iyul 2022-ci il tarixli, 6/3878 saylı rəyindən görünür ki, üzərində “...Şahid1 üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,974 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan narkotik vasitə heroinlər kimyəvi kompanent tərkiblərinə görə eynidirlər. Heroinlərin 0.05 qram hissələri tədqiqata sərf edilmiş, 0.924 qram və 0.329 qram hissələri tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 iyul 2022-ci il tarixli, 3828 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 0,429 qram olan heroin və təmiz çəkisi 0,271 qram olan metamfetaminin, habelə Şahid1 üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1,024 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,10 qram sərf edildikdən sonra 0,329 qram və 0,924 qram heronin qalıqları və tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,221 qram metamfetaminin qalığının saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar olunmuş 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonun iş üzrə maddi sübut kimi tanınması və Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi və.s qərara alınmışdır. Məhkəmə hesab edir ki, 04 iyul 2022-ci il tarixdə üzərində narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı polis işçiləri tərəfindən ona psixi zor tətbiq edilməsi nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, polis işçiləri tərəfindən psixi zor tətbiq edilməsi barədə həmin ərəfədə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə baxan hakimə və ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. Çünki iş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman istifadə edilmiş videokamera görüntülərinin köçürüldüyü 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefonu, şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülü vəziyyətdə içərisində ağ rəngli spesifik iyə malik və qəhvəyi rəngli spesifik iyə malik olan maddələri təqdim edərək qeyd olunan maddələrin kakos və şüşə kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri qiyabi tanıdığı Rüstəm adlı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülür. Habelə iş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “DVD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq hər ay qazancından dövlət nəfinə 15 % pul tutulmaqla, 01 il 05 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 28 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət qanunvericiliyinin tələbindən də göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il, 01 sentyabr 2022-ci il və 30 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin qərarlarına əsasən həbsdə saxlama müddəti müvafiq olaraq 01 sentyabr 2022-ci ildə 04 oktyabr 2022-ci il tarixədək, 30 sentyabr 2022-ci il tarixdə 24 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarından isə görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır. Ona görə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, xalis çəkiləri 0.329 qram və 0.924 qram olan narkotik vasitə heroin və xalis çəkisi 0.221 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefon isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 6/3666 nömrəli rəylə bağlı materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat, eyni zamanda digər təqsirləndirilən şəxslə bağlı xx.xx.2022-ci il tarixli 6/3878 nömrəli rəylə bağlı həmin ekspertizanın keçirilməsinə xərclənmiş 81 manatın yarısı- 40.50 manat, ümumilikdə isə 121.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 121 (yüz iyirmi bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkiləri 0.329 qram və 0.924 qram olan narkotik vasitə heroin və xalis çəkisi 0.221 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Lenovo” markalı ağ rəngli mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar