Məhkəmə qərarları › İş №1(007)-430/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-430/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-430/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1994-cü ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, xx xxxx 1991-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 dekabr 2022-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1992-ci ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2023-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti 82a ünvanında yerləşən X2 məxsus «Ekomart» adlı marketin qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslər gələcəyi barədə dərhal məlumat verməsi məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs3 marketin qarşısında dayanmış, Təqsirləndirilən şəxs1 isə özü ilə gətirdiyi istintaqa məlum olmayan alətlə marketin qapısının kilidini sındıraraq açıb digər qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə marketə qanunsuz daxil olub, oradan vitrinlərdə olan 1 qutusunun dəyəri 4,10 manat, ümumi dəyəri 205 manat olan 50 qutu «Sobranie», 1 qutusunun dəyəri 3,50 manat, ümumi dəyəri 105 manat olan 30 qutu «Vinston», 1 qutusunun dəyəri 3,20 manat, ümumi dəyəri 64 manat olan 20 qutu «LD», 1 qutusunun dəyəri 2,70 manat, Ümumi dəyəri 81 manat olan 30 qutu «Rotmons», 1 qutusunun dəyəri 2,70 manat, ümumi dəyəri 54 manat olan 20 qutu «Pall Mail», 1 qutusunun dəyəri 2,60 manat, ümumi dəyəri 26 manat olan 10 qutu «Vest» markalı siqaretləri, 1 ədədinin dəyəri 1 manat, ümumi dəyəri 10 manat olan 10 ədəd alışqan, 1 ədədinin dəyəri 3,6 manat, ümumi dəyəri 39.60 manat olan 11 ədəd Redbul, 1 ədədinin dəyəri 5,10 manat ümumi dəyəri 25.50 manat olan 5 ədəd Redbul içkiləri, 1 ədədinin dəyəri 18 manat ümumi dəyəri 36 manat olan 2 ədəd «Tennaşka», 1 ədədinin dəyəri 13 manat ümumi dəyəri 13 manat olan 1 ədəd «Bulbaş» araqları, 1 ədədinin dəyəri 2 manat, ümumi dəyəri 10 manat olan 5 ədəd «Vitamin» şirəsini, kassada olan 40 manat qəpik pulları gizli olaraq talayıb, əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş şəxs X2 ümumilikdə 861 manat 10 qəpik məbləğində zərər vuraraq oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan əməli törətməmişdir. Sadəcə istintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində etirafedici ifadələr vermişdir. Sonda Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan əməli törətməmişdir. Sadəcə istintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində etirafedici ifadələr vermişdir. Sonda Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan əməli törətməmişdir. Sadəcə istintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində etirafedici ifadələr vermişdir. Sonda Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini və Şahid3 dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın müddətdir ki, Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 82a ünvanında yerləşən “Eko” marketi icarə əsasında işlədir. Oğlu Şahid1 həmin marketdə satıcı işləyir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Şahin ona zəng vuraraq naməlum şəxslərin marketin qapısının dəmir jalüzünün qıfılını sındırmaqla daxil olaraq oradan spirtli içkilərin, tütün məmulatlarının, meyvə şirələrinin, yandıranların, kassadan pulların oğurladığını bildirdi. Özü həmin gün saat 10 radələrində hadisə yerinə gedərək oradan naməlum şəxslərin 01 ədəd qutunun qiyməti 4.10 manat olmaqla 50 ədəd “Sobranie” markalı, 01 ədəd qutunun qiyməti 3.50 manat olmaqla 30 ədəd “Vinston” markalı, 01 ədəd qutunun qiyməti 3.20 manat olmaqla 20 ədəd “LD “ markalı, 01 ədəd qutunun qiyməti 3.80 manat olmaqla 40 ədəd “Kent” markalı, 01 ədəd qutunun qiyməti 2.70 manat olmaqla 30 ədəd “Rotmons” markalı, 01 ədəd qutunun qiyməti 2.70 manat olmaqla 20 ədəd “Palİ Mal” markalı, 01 ədəd qutunun qiyməti 2.60 manat olmaqla 10 ədəd “Vest” markalı ümumilikdə dəyəri 687 manat olan siqaret qutularının, 10 ədəd hər birinin qiyməti 1 manat olan ümumilikdə 10 manat dəyərində yandıranların, 11 ədəd kiçik ölçülü, hər birinin qiyməti 3 manat 60 qəpik olan “Redbull” enerji içikisinin, 5 ədəd böyük ölçülü, hər birinin qiyməti 5 manat 10 qəpik olan “Redbull” enerji içikisinin, 2 ədəd, 1 litrlik, hər birinin qiyməti 18 manat olan “Tennanşka” markalı arağın, 1 ədəd 0,5 litrlik, 13 manat qiymətinə olan “Bullbaş” markalı arağın, 5 ədəd xl 1 litrlik, hər birinin qiyməti 2 manat olan, “Vitamin” meyvə şirələrinin, marketin kassasından 40 manat dəyərində müxtəlif nominallı qəpik pulların oğurlandığını, M-Pay şirkətinə məxsus olan 1 ədəd terminalın kassasının sındırılaraq pulların oğurlanmasına cəhd edildiyini, lakin oğurlaya bilmədiklərini aşkar etmişlər. Hadisə nəticəsində ona ümumilikdə 861 manat 10 qəpik dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 01 aprel 2023-cü il tarixdə günorta saat 13 radələrində dostu, həm də onunla birgə kirayədə qalan Şahid2 ilə birlikdə onun iş yerinə Xətai rayonu, Gəncə prospektində yerləşən “Motonakit” servisinə getmişlər. Axşam saat 21 radələrində həmin yerdən uzaqlaşaraq işinə başlamışdır. Yəni “Bolt” şirkətində kuryer işləyir. 01 aprel 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixə keçən gecə saat təqribən 04 radələrində dostu Sadiq ona məxsus olan +99***-***-**-** nömrədən “Vhatsap” sosial şəbəkə vasitəsi ilə ona zəng edərək xahiş etdi ki, idarə etdiyi mopedin benzini qurtardığı üçün ona benzin aparsın. Əlavə olaraq olduğu yerin konumunu ona atdı. Bu səbəbdən 0.3 L həcmi olan butulkanı dostu Sadiq olduğu ünvana aparmışdır. Sadiq həmin vaxt Nizami rayonu, Çobanzadə küçəsində olmuşdur. 3 moped arxa-arxaya Nizami rayonu, Qara Qarayev prospekti 80 ünvanın yaxınlığına gəlmişlər. Oradan Sadiq evə getmişdir. O isə təkrar Nizami rayonu ərazisində mopedi idarə etdiyi zaman görmüşdür ki, özü idarə etdiyi mopedin arxa təkəri buraxmışdır. Sadiqə zəng edərək geri qayıtmasını xahiş etmişdir, çünki sonuncu moped ustasıdır. Sadiq gələrək ona kömək etmişdir. Daha sonra “Neftçilər” metrostansiyası tərəfə təkrar qayıdıb ara küçələrdə bir nəfər əl edib onu saxlatmış və xahiş etmişdir ki, onu Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinə aparsın. Razılaşıb onu “Motohub” servisinə aparmışdır. Həmin şəxslərdən bir nəfəri tanıyır, bilir ki, adı Abdulladır. Digər 2 nəfər şəxsi tanımır. Bundan başqa, Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində ifadəsini sərbəst vermişdir, ona təzyiq edən olmayıb. Məhkəmədə ifadə verməməklə bağlı ona zəng edib təzyiq edən olmayıb, təkcə Abdullanın atası ona zəng edib soruşub ki, məhkəmədə ifadə verəcək ya yox. Bir nəfər idarə etdiyi mopedin arxasında əyləşmişdi, onu Əhmədlidə düşürtmüşdür. Mopedin arxasında oturan şəxsi tanımır, qaranlıq olduğuna görə üzünü seçə bilməmişdir. Ümumiyyətlə Abdullanı bir kuryer kimi tanıyır, onunla başqa münasibəti olmayıb. Həmin vaxtı Abdullanı orada görməmişdir. Vaxt gecə təxminən 3-4 aralığı olardı. Sadiqə benzin vermiş, orada heç kəsi görməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 01 aprel 2023-cü il tarixdə saat 12 radələrində işlədiyi yerdə Xətai rayonu Gəncə prospektində yerləşən Motonakit servisinə getmiş, sonra dostu Şahid3 onun yanına gəlmişdir. Axşam saat 23 radələrində oradan çıxmış və Əhmədli qəsəbəsi tərəfə getmişdir. Orada tanıdığı moped sürən kuryerlər ilə vaxtını keçirmiş, Kənd Əhmədli- Şahin Səmədov küçəsində əvvəllər “Əmi” ləqəbi ilə tanıdığı kuryer özündən başqa 2 nəfər şəxs ilə ona əl edərək saxlatmışlar. Həmin şəxs ondan xahiş etmişdir ki, onun dostunu mopedlə Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyası tərəfə aparsın. O, da razılaşmışdır. Tanımadığı şəxs onun mopedinə əyləşərək onlar istədiyi ünvana getmişlər. Sonra onlar istədiyi ünvana gəlmiş və onunla gələn şəxs mopeddən enərək tanıdığı “Əmi” ləqəbli şəxsin yanına getmiş və onlar piyada üzü Neftçilər istiqamətinə getmişlər. O, mopedini təkrar işə salmaq istiyəndə mopedin mühərriki işləmədiyini görmüş və benzinin qurtarmasını anlamışdır. Dostu Şahid3 ilə “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlagə saxlamış, ondan xahiş etmişdir ki, ona benzin gətirsin. Valeh 10 dəqiqə ərzində ona benzin gətirmişdir. Valeh getdikdən sonra isə getmək istədiyi zaman ora gətirdiyi şəxs ona təkrar yaxınlaşıb onu Neftçilərə aparmağını istəmişdir. Razılaşıb onu istədiyi ünvana aparmışdır. Həmin şəxs Nizami rayonu, Qara Qarayev 80 ünvanında düşmüşdür və özü yaşadığı ünvana getmişdir. Bir müddətdən sonra dostu Şahid3 ona zəng edərək mopedin xarab olmağını bildirmiş, yəni arxa təkərin buraxması və ona köməklik göstərməyini istəmişdir. Təkrar onun yanına getmiş və ona özü idarə etdiyi lakin ona məxsus olan mopedi ona geri vermiş və evə qayıtmışdır. Şahid "xxxx" QSC-nin nümayəndəsi X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, "xxxx" QSC-nin müqavilə əsasında Nizami rayonu, Qara Qarayev prospekti 82a ünvanda yerləşən «Eko» marketə «eManat» ödəniş terminalı qoymuşdur. 02 aprel 2023-cü ildə cəmiyyətə məlumat çatmışdır ki, həmin gecə marketdən naməlum şəxslər tərəfindən oğurluq olmuş və eləcə də qeyd etdiyi «eManat» ödəniş terminalını açmağa cəhd edilmiş, lakin aça bilməmişlər. Bununla belə terminal zədələnərək Cəmiyyətə 240 manat maddi ziyan dəymişdir. Ziyanın nədən ibarət olması barədə aktı ifadəsinə əlavə edir. Həmin ziyanın kim tərəfindən yetirilməsi barədə istintaq tamamlanarkən məlumat verilməsini xahiş edir. Belə ki, həmin şəxsə qarşı məhkəmədə mülki iddia verəcəkdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxsanın göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 02 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 82a ünvanda yerləşən “Ekomart” adlı marketdə baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. - 02 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 82a ünvanda yerləşən “Ekomart” adlı marketin qarşısında olan müşahidə kamerasından götürülmüş görüntülərə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Murad Mirzəyev tərəfindən X1 iştirakları ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, CD diskdə 8 fayl vardır. 1-ci faylda ekranın sol yuxarı küncündə xx-xx-2023 Sun 05:08:45 sözləri, orta boylu, orta bədən quruluşlu, baş hissəsi tam görünməyən, əynində qara rəngli şalvar və qara rəngli dabanı ağ rəngdə olan ayaqqabı geyinmiş kişi cinsli şəxsin hərəkəti görüntülənir. 2-ci faylda ekranın sol yuxarı küncündə xx-xx-2023 Sun 05:27:47 sözləri, orta boylu, orta bədən quruluşlu, baş hissəsi tam görünməyən, əynində qara rəngli şalvar qara rəngli gödəkçə olan, 3 nəfər kişi cinsli şəxsin hərəkəti görüntülənir. 3-cü faylda ekranın yuxarı hissəsində 2023-04-02 05:22:27 rəqəmləri yazılıb, qeyd olunan marketin qarşısı görüntülənir. 4-cü faylda xx-xx-2023 Pa 05:21:39 sözləri yazılan, orta boylu, orta bədən quruluşlu, baş hissəsi tam görünməyən, əynində qara rəngli şalvar qara rəngli gödəkçə olan, 3 nəfər kişi cinsli şəxsin hərəkəti görüntülənir. 5-ci faylda xx-xx-2023 Pa 05:02:00 sözləri yazılan, orta boylu, orta bədən quruluşlu, baş hissəsi tam görünməyən, əynində qara rəngli şalvar qara rəngli gödəkçə olan, 3 nəfər kişi cinsli şəxsin hərəkəti görüntülənir. 6-cı faylda xx-xx-2023 Pa 05:21:39 sözləri yazılan, ağacların arxasından bir ədəd nəqliyyat vasitəsinin hərəkəti görüntülənir. 7-ci faylda ekranda 3 ədəd motosikletdə əyləşən şəxslərin hərəkəti görüntülənir. 8-ci faylda əhəmiyyət kəsb edən görüntü yoxdur. Həmin CD diskə təqsirləndirilən şəxslər ilə də baxış keçirilmişdir və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin görüntüdə olan şəxslərin özləri olduğunu təsdiq etmişdirlər. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və baxış keçirilməsinə dair görüntülər olan 01 (bir) ədəd CD disk protokola əlavə edilmişdir. Qeyd olunan disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. - 10 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmış, onun göstərməsi ilə ünvan 11 ünvanda yerləşən «Eko» marketin qarşısına gələrək həmin ünvanın giriş qapısını göstərərək bildirmişdir ki, 02 aprel 2023-cü il tarixdə gecə saat 04 radələrində həmin marketin qapısının jalüzünün qıfılını özü ilə gətirdiyi dəmir alətlə sındırıb açmış, Əmirxan çöldə qalıb nəzarət etmişdir ki, gələn olsa onlara xəbər versin, Vüsalla o içəriyə daxil olmuşlar. Özü marketin içərisində olan «eManat» ödəniş terminalını dəmir parçası ilə açmağa cəhd etsə də aça bilməmişdir. Vüsal marketin kassasında olan qəpik pulları, vitrindən müxtəlif siqaretlər, araqlar və digər içkilər götürərək özləri ilə gətirdiyi sumkaya yığıb marketdən çıxmışlar. Təqsirləndirilən şəxs1 marketin içərisində «eManat» ödəniş terminalının olduğu yeri, oğurlağı əşyalar olduğu vitrini göstərmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin etirafedici ifadələrinin, ifadənin yerində yoxlanılması protokolunun, şahid ifadələrinin sübut növləri kimi tanınması və müşahidə kamerasından götürülmüş görüntünü əks etdirən 1 ədəd CD diskin isə maddi sübut kimi tanınması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, oğurluq cinayətini törətməməsi və ibtidai istintaq zamanı təzyiqlər nəticəsində etirafedici ifadələr verməsi barədə təqsirləndirilən şəxslərin ifadələri işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və həmin ifadələr özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərin müvafiq protokollara imza etmələrini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiklərini, polis işçiləri tərəfindən təzyiq edilməsi barədə həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduqlarını, lakin heç nə bildirməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəmələri səbəbindən heç nə bildirməmələri barədə dəlili qəbul edilə bilməz. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 may 2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, sonuncu dəfə A.E.X7 Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən 6 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 18 (on səkkiz) gün hissəsi hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 24 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 dekabr 2022-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtında əvvəl azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 may 2023-cü il tarixli arayışından görünür ki, Ə.Ş.X8 Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən Amnistiya qərarı ilə, yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslərin məhkumluğunun götürülməsi nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs3 isə yuxarıda qeyd olunan əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan o, məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs3 ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəzalar təyin edilməli və cəzaların çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ayrı-ayrılıqda 3 ay müddətinə həbs qətimkan tədbirləri seçilmiş, həbs etmələrinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmış, o cümlədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişlər və onların barələrində seçilmiş həbs qətimkan tədbirləri qüvvədə saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduqları və həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətlərinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin işdə iştirak etdiyi müddət 79 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 474 manat (79x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəkilinin işdə iştirak etdiyi müddət 79 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 474 manat (79x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 vəkilinin işdə iştirak etdiyi müddət 79 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 474 manat (79x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 may 2014-cü il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 18 (on səkkiz) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs3 ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 79 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 474 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 79 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 474 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 79 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 474 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar