Məhkəmə qərarları › İş №1(007)-433/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-433/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-433/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Tərcüməçi: Layla İsmayılova Zərərçəkmiş şəxs : Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Türkiyə Respublikasının Akyaka vilayətində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər" stansiyası istiqamətində hərəkət edən qatarın, “Neftçilər” stansiyasında dayanmasından istifadə edərək qatarda olan sərnişin Zərərçəkmiş şəxs1 əlində olan, dəyəri 2000 manat olan bir ədəd «İphone 11» markalı mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 15 manat olan ekran qoruyucusunu, dəyəri 5 manat olan telefon kabrosunu, dəyəri 20 manat olan ***-***-**-** saylı GSM nömrəni açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 2040 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 may 2022-ci il tarixdə saat 15 radələrində metronun “Neftçilər" stansiyasına gəlmək üçün metronun “Əhmədli" stansiyasından qatara minmiş, qatar “Həzi Aslanov" stansiyası istiqamətində hərəkət etmişdir. Metronun “Həzi Aslanov” stansiyasında Zərərçəkmiş şəxs1 qatarın sonuncu vaqonunun 2-ci qapısından içəri daxil olmuş, sağ oturacaqda əyləşmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 əlində mobil telefon görmüşdür. Qatar metronun “Neftçilər” stansiyasında saxladıqdan sonra yola düşməyə hazırlaşan vaxt Nailənin əlində olan mobil telefonu götürüb qaçaraq qatardan düşmüş, həmin vaxt qatarın qapıları bağlanmışdır. Sonradan metronun “Əhmədli" stansiyasına gəmiş. “İphone” markalı, "11” modelli mobil telefonu, telefonun üzərində olan kabro, ekran qoruycusu və mobil nömrəsi ilə birlikdə 100 manata satmaq qərarına gəlmişdir. Bu məqsədlə ünvan 2 ünvanında yerləşən telefon təmiri, alışı və satışı mağazasına daxil olmuş, telefon mağazasının içərisində olan əvvəllər tanımadığı Coşqun adlı şəxsə yaxınlaşıb “İphone" markalı, “11” modelli mobil telefonu 100 manata satdığını bildirmişdir. Coşqun adlı şəxs ondan şəxsiyyət vəsiqəsini istədikdə üzərində olmadığını bildirmiş, Coşqun da öz növbəsində telefonu 80 manata ala biləcəyini qeyd etmişdir. O, Coşqunun təklifi ilə razılaşmış, telefonu 80 manat müqabilində ona satmışdır. Bir neçə saat sonra metro çıxışının yaxınlığında olarkən bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özünü təqdim edərək Bakı Metropolitenin Polis Şöbəsinin əməkdaşı olduğunu bildirmiş, onu Polis Şöbəsinə dəvət etmişdir. Polis əməkdaşı ilə birgə Bakı Metropolitendə Polis şöbəsinə gəlmiş, orada törətmiş olduğu soyğunçuluq cinayətini etiraf etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:20 radələrində yaşadığı ünvandan çıxıb metronun “Gənclik" stansiyasına getmək üçün “Həzi Aslanov" metrosuna gəlib, buradan “İçəri şəhər" metrostansiyasına gedən qatarın sonuncu vaqonunun 2-ci qapısından içəri daxil olub sağ oturacaqda qapının yanında əyləşmişdir. Həmin vaxt ondan sol tərəfdə qatarın qapısının qarşısında təxminən 30-35 yaşlarında bir kişi ayaq üstə dayanmış, qatar metronun “Neftçilər” stansiyasında saxladıqdan sonra, yola düşməyə hazırlaşan vaxt, qeyd etdiyi şəxs gözlənilmədən əlində olan mobil telefonu götürərərək qaçıb qatardan düşmüşdür. Sonra metronun “Neftçilər” stansiyasına qayıtmış və orada olan polis əməkdaşlarına bu barədə məlumat vermiş, daha sonra isə polis əməkdaşları tərəfindən Bakı Metropolitenində Polis Şöbəsinə dəvət olunmuşdur. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona ümumilikdə 2040 maddi ziyan dəydiyini bildirmişdir. Hal hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təxminən 3 il olar ki, telefon alqı-satqısı və təmiri ilə məşğul olur, i Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi 33 ünvanında yerləşən qeyri yaşayış sahəsini icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində mağazada olmuş, həmin vaxt Volkan onun işlədiyi mağazaya gəlmiş, “İphone 11” markalı telefon satdığını bildirmişdir. O da öz növbəsində həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmiş, lakin şəxsin üzərində heç bir sənəd olmadığına görə telefonu almaqdan imtina etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs Metin tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Metinin AR-sı CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi Xətai RPİ-nin icraatındadır. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Metin və X2 xx.xx.2015-ci il tarixdə nikah bağlamışlar və onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 Volkan adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022ci il tarixdə isə “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün müddətinə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Metin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Metinin həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 ay 28 gün (dörd ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Metin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Metinə məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 186 ( yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar