Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-433/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1991-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində tanışı X1 40 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,235 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2023-cü il tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli zolaqlı şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,654 qram və 0,581 qram, ümumi təmiz çəkisi 1,235 qram olan olan ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun anası 2019-cu il tarixdə vəfat edib. İki qardaş bir bacıdırlar. Bacısı ailəsindən ayrılıb. Hazırda atası, bacısı və qardaşı birlikdə yaşayırlar. O, təxminən 1 il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini müxtəlif şəxslərdən alır və qəbul edir. xx.xx.2023-cü il tarixdə axşam satlarında Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində X2 ilə görüşmüş və ondan 2 büküm metamfetamini ümumilikdə 40 manata şəxsi istifadəsi üçün almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:45 da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanın qarşısından keçən zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin daşınmasında istifadəsində şübhəli olduğunu bildirilərək onu Nizami RPİ-nə dəvət etmişlər. Şübhə yaranmasın deyə o, polislərin təklifini qəbul edərək onlarla birlikdə Nizami RPİ-nə getmişdir. Nizami RPİ-də şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan boz rəngli zolaqlı şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellefon bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 02 ədəd bükümdə şüşə yəni metamfetamini “Şahnur” adlı şəxsdən bir bükümünü 20 manata olmaqla ümumilikdə 40 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd büküm açılıb baxıldıqda içərisində psixotrop maddəyə oxşar maddə qablaşdırılaraq protokol tərtib edilərək tərəfindən imzalanmışdır. O, Şahnurdan yalnız öz istifadəsi üçün narkotik vasitə almışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə «Bəhlul» adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanın yaxınlığında xarici əlamətləri «Bəhlul» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra ona narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli zolaqlı şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümü təqdim edərək psixotrop maddə olduğunu və 07 fevral 2023-cü il tarixdə “Dərnəgül” adlanan ərazidə yerləşən kafedə “Şahnur” adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümdə psixotrop maddə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb Nizami RPİ-nin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərəflərindən tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 08 fevral 2023-cü il tarixli protokoldan və «Diskə baxış keçirilməsi haqqında» 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif olunur, bu təklifən sonra sonuncu əynində olan boz rəngli zolaqlı şalvarın sağ yan cibindən 2 (iki) ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq şüşə kimi tanıdığı psixotrop maddə olmasını bildirdi. Eyni zamanda xx.xx.2023-cü il tarixdə “Dərnəgül” bazarında yerləşən kafedə “Şahnur” adlı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/779 saylı 09 fevral 2023cü il tarixli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in “Zərflər üçün № 162” dairəvi möhür əksi. “Təqsirləndirilən şəxsn dan aşkar edilmiş ....” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,654 qram və 0,581 qram ümumi təmiz çəkisi 1,235 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Həmin maddənin 0.1 qram hissəsi tədqiqata sərf edilmiş, 1.135 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 741 saylı 10 fevral 2023-cü il tarixli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan görünür ki, şəxsin üzərinə keçirilən axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Bundan başqa, 08 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,235 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 1.135 qram psixotrop maddə metamfetamin saxlanc kamerasına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli tutma protokolundan, 10 fevral 2023-cü il tarixli cəlb qərarından, 10 fevral 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Nizami RPİ-nin X3 azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 1.135 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 41 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 246 manat (41x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.135 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 246 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-433/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-433/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver