Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-434/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx xxxxxxxx 1989-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan **-MT-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı, “Elantra” modelli avtomobillə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqamətində saatda 40 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, özü hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun ortasında dayanmış vəziyyətdə olan piyadanın olmasını nəzərə alaraq hərəkət hissəsinin mərkəzində 1.3 üfüqi nişanlanma xəttinin üzərində dayanmış piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirlər görməli və 1.3 üfüqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda bu tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozub Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 59-da yerləşən “Meridian Palazzo” restoranının yaxınlığında 1.3 üfüqi nişanlanma xəttinin üzərində dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin ön sol hissəsi ilə vurması və piyada Zərərçəkmiş şəxs zərbənin təsirindən yolun əks tərəfində qarşıdan gələn hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmayan Şahid idarə etdiyi **-MT-*** dövlət qeydiyyat nişanlı, “Renault” markalı, “Laguna” modelli avtomobilin ön sol hissəsinə dəyməklə yol örtüyünə sıxılması, sürüklənməsi nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol budun qapalı sınığı, sağ budun qapalı sınığı, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ağciyər və qaraciyərin zədələnmələri, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların yayılmış sınıqları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alnın ön səthinin və sağ alın-təpə nahiyəsinin əzilmiş-soyulmuş yaraları və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilməyən sağ qaşın, sağ çiyin qurşağının, sağ bazunun, sağ saidin, sağ əlin ovuc səthinin sıyrıqlarından ibarət aldığı xəsarətlərdən qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyərin zədələnməsi nəticəsində yaranan daxili qanitirmə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-MT-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil ona məxsusdur. 23 avqust 2024-cü il tarixdə saat 21:20 radələrində Mikayıl Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman avtomobildə olan sərnişini “Xəmsə” restoranının yaxınlığında düşürüb eyni istiqamətdə hərəkətinə davam etmiş, qarşıda olan dairədən dönüb əks istiqamətə, yəni Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqamətində hərəkətə davam etmiş, bu zaman dairədən birbaşa yolun əks hərəkət istiqamətlərini ayıran qoşa xəttin yanı ilə, yəni soldan birinci zolaqla saatda 40 km sürətlə hərəkətini davam edirmişdir. O, yolun əks hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzərində olan piyadanı vurmuşdur. O, həmin piyadanı vurmazdan əvvəl onu ilk olaraq qoşa xəttin üzərində görmüşdür. Onunla piyadanın arasında təqribən 4 metr məsafə olmuşdur. Həmin vaxt qarşı tərəfdən gələn avtomobillərin işıqları onun gözlərini qamaşdırdığından o, həmin piyadanı gec görmüşdür. Bəlkə də onu tez görsə idi hadisənin qarşısını ala bilərdi. Beləliklə, o, piyadanı gördükdən sonra avtomobili sağa doğru istiqamətləndirsə də hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sol tərəfi ilə piyadanı vurmuş, piyada zərbənin təsiri ilə avtomobilin sol tərəfində qapının üzərində olan gövdəsinə dəyərək yolun digər hərəkət istiqamətinə çıxmışdır. Piyada yolun əks hərəkət istiqamətinə çıxdığından təqribən bir saniyə sonra o, tappıltı eşitmişdir. Bir qədər irəlidə avtomobili saxlayıb avtomobildən düşmüş geriyə baxan zaman əks yolda, yəni qoşa xətdən sonrakı birinci zolaqda piyadanın asvaltın üzərində olduğunu görmüşdür. Tibbi yardım göstərmək üçün ona yaxınlaşan zaman onun artıq öldüyünü bilmiş, lakin buna baxmayaraq 103 xidmətinə zəng edib məlumat vermişdir. Meyitdən təqribən 10 metr irəlidə “Renault” markalı avtomobilin dayandığını görmüşdür. Onun sürücüsü ilə etdiyi söhbət zamanı ona məlum olmuşdur ki, o, piyadanı vurduqdan sonra piyada “Renault” markalı avtomobilin qarşısına düşmüş, həmin sürücü də piyadanı vurmuşdur. O, hadisə yerində gözləmişdir. Daha sonra polis əməkdaşları və müstəntiq, hadisə yerinə gəlmiş onun və digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. X4 bildirmişdir ki, atası Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. O, bu məlumatı eşidən kimi atasının ölümü ilə nəticələnən işlə bağlı istintaq orqanına yaxınlaşıb atasının hüquqi varisi qismində tanınmaq üçün ərizə verərək ifadə vermişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs bağışlanmasını xahiş etmişdir. İş üzrə Şahid ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mövsümü işləri ilə əlaqədar ölkədən kənarda olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid istintaqda verdiyi ifadəsində bildirmişdir ki, **-MT-*** dövlət qeydiyyat nişanlı “Renault” markalı “Laguna” model xetçbek tipli avtomobil qaynatası Həsənov Surəddin Babaş oğluna məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. 23 avqust 2024-cü il tarixdə saat 21 radələrində həmin avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Babək prospekti istiqamətindən R.Rüstəmov küçəsi istiqamətinə doğru, ona münasibətdə soldan birinci zolaq ilə, təqribən saatda 40 km sürətlə hərəkətdə imiş. Bu zaman avtomobildə onun ailə üzvləri, yəni yoldaşı və iki övladı olmuşdur. O, təqribən 20 metr irəlidə qoşa xəttin üzərində, yəni xətlərin ortasında bir nəfər şəxsin üzü onun hərəkətdə olduğu yol istiqamətində duraraq gözlədiyini görmüşdür. O, hərəkətsiz vəziyyətdə imiş, sanki o, digər istiqamətli yolu keçib üzü onun hərəkətdə olduğu istiqamətli yola tərəf dayanmışdır. Piyada onun hərəkət etdiyi yolun avtomobillərinin səngiməsini gözləyirmiş ki, yolu əks tərəfə keçsin. Birdən əks istiqamətli yolun ona münasibətdə soldan 1-ci zolağı ilə bir avtomobilin təqribən saatda 40 km sürətlə gəldiyini görmüşdür. Birdən o, toqquşma səsi eşitmiş və bir saniyə keçməmişdir ki, avtomobilinin sol qabaq hissəsinə nəyinsə dəydiyini hiss etmiş və səsini eşitmiş, bir qədər irəlidə avtomobili saxlamışdır. Düşüb baxan zaman bir nəfər şəxsin qan içində bir hissəsinin qoşa xətlərin arasında bir hissəsinin isə onun hərəkət yolunda olduğunu görmüşdür. O, 103 Təcili tibbi yardım xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermiş və hadisə yerində gözləmişdir. Həmin vaxt adı ona sonradan məlum olan Cahandar adlı şəxs hadisə yerinə yaxınlaşmış və ona bildirmişdir ki, piyadanı ilk olaraq özü, yəni Cahandar vurmuşdur. Daha sonra hadisə yerinə polislər və müstəntiq gəlmiş, müstəntiq hadisə yerinin müayinəsini aparıb ölçümləri etmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki o, yolun orta qoşa xəttindən təqribən bir metr məsafədə hərəkət edirmiş. Qarşıdan əks istiqamətdə hərəkət edən “Hyundai Elantra” markalı avtomobil orta xəttin üstündə dayanmış piyadanı vuran an o, həmin yerdən təxminən 5 metr geridə imiş. O, əyləcləmətormozlama əməliyyatı edə bilməmişdir. Çünki hər şey ani olmuşdur, həmin avtomobilin piyadanı vurmasından yarım saniyə sonra piyada onun avtomobilinə dəymişdir. Hadisə nəticəsində xəsarət almamışdır. Piyada digər avtomobilin vurması nəticəsində onun yoluna çıxmış və avtomobilinin sol tərəfinə dəymişdir. O, bundan sonra avtomobili bir qədər irəlidə saxlamışdır. O, həmin piyadanın üzərindən avtomobil ilə keçməmişdir. Cinayət işi üzrə şahid qismində əlavə dindirilmiş Şahid ona verilən “Siz ********* nömrəli cinayət işi üzrə şahid qismində əlavə dindirilirsiniz, siz deyə bilərsinizmi ki, 23 avqust 2024-cü il tarixdə idarə etdiyiniz “Renault Laguana” markalı avtomobil ilə hərəkətdə olarkən yolunuza çıxan piyadanı vurduqdan sonra avtomobili harada saxladınız, siz əyləcləmə əməliyyatı etdinizmi?” sualına cavab olaraq bildirmişdir ki, “Hyundai” markalı avtomobil piyadanı vurub yoluna atdıqdan təqribən yarım saniyə sonra o, piyadanı vurmuşdur, piyadanı vurmağından dolayı gələn səsi eşitmiş və bunu hiss etmişdir, piyadanı vurana qədər əyləcləmə etməmişdir, çünki buna imkanı olmamışdır, piyadanı vurduqdan sonra yavaşca əyləcləmə etmişdir, lakin avtomobili tam dayanma vəziyyətinə gətirməmişdir bir qədər irəliyə qədər sürüb dayanmışdır. O, avtomobili piyadanın vurduğu yerdən təqribən 7-8 metr irəlidə saxlamışdır. Məhkəmə iclasında məhkəmə-tibbi ekspert X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 təkrar məhkəmə tibbi ekspertizasına dair xx.xx.2025-ci il tarixli, T 270/2025 saylı rəyini müdafiə edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə güman etmək olar ki, ilkin zərbə piyada Zərərçəkmiş şəxs vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Hyundai” markalı avtomobilin ön-sol hissəsi ilə piyadanın sol aşağı ətrafına olmuş, nəticədə sol budun qapalı sınığı, sonrakı etapda piyadanın digər “Renault Laguna” markalı avtomobilin ön sol hissəsi ilə vurulması zamanı sağ budun qapalı sınığı, sonra isə yol örtüyünə sıxılması, sürüklənməsi nəticəsində ağciyər və qaraciyərin zədələnmələri, ikitərəfli yayılmış qabırğa sınıqları, əzilmiş-soyulmuş yaralar, çoxsaylı sıyrıqlar yaranmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb “Renault Laguna” markalı avtomobilin ön sol hissəsi ilə vurulması nəticəsində qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyər zədələnməsi nəticəsində yaranan daxili qanitirmə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/45884 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 00:02-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Meridian Palazzo” şadlıq sarayında quraşdırılmış kameradan götürülmüş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, kamera Mikayıl Əliyev küçəsinin hər iki hərəkət istiqamətli yolunu çəkir. Kameranın baxış bucağında sağ tərəfdə “Xəmsə” yazılı reklam lövhəsi, sol tərəfdə isə kameranın quraşdırıldığı yerə yaxın ağac görünür. Yolda avtomobillərin hərəkət intensivliyi normaldır. Baxış zamanı videogörüntünün 01:23-cü saniyəsində yolun kameranın quraşdırıldığı yerə münasibətdə əks tərəfindən piyadanın yolun hərəkət istiqamətinə çıxaraq yolu keçib qoşa xəttin üzərində dayanması və qoşa xəttin üzəri ilə “Dirçəliş” dairəsi istiqamətində bir neçə addım atıb kameranın qarşısında olan ağacın sağ tərəfində göründüyü müşahidə edilir. Görüntünün 01:35 saniyəsində “Dirçəliş” dairəsi istiqamətindən gələn avtomobilin piyadanı qoşa xəttin üzərində vurması, 01:36-da isə digər iki avtomobilin piyadanın vurulduğu yerin yanından keçməsi görünür. Görüntülərə baxış keçirən Şahid bildirmişdir ki, qarşı tərəfdən gələn “Hyundai” markalı avtomobil piyadanı qoşa xəttin üzərində vurmuş və nəticədə piyada onun qarşısına çıxmış və avtomobilinə dəymişdir. Şahid bildirmişdir ki, həmin piyada “Hyundai” markalı avtomobil tərəfindən vurulduğu an hadisə yerinin 5 metr gerisində imiş. O, saatda 40 km surətlə hərəkət edirmiş. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-52995/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AC 141513 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2999 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Hyundai Elantra” markalı **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Renault Laguna” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 meyitin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 162 saylı rəyin nəticə hissəsindən görünür ki, 1.Vət. Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: ağciyər və qaraciyərin zədələnmələri, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların yayılmış sınıqları, hər iki budun qapalı sınıqları, alnın ön səthinin və sağ alıntəpə nahiyəsinin əzilmiş-soyulmuş yaraları, sağ qaşın, sağ çiyin qurşağının, sağ bazunun, sağ saidin, sağ əlin ovuc səthinin sıyrıqları. 2. Qeyd edilən xəsarətlər həyatidirlər 23 avqust 2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. 3. Zərərçəkmiş şəxs ölümünə qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyərin zədələnməsi nəticəsində daxili qanitirmə səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan 3- 6 saat əvvəl baş verə bilərdi. 4.Piyadanın üzərindən avtomobillə keçmə halı olmamışdır. 5.“Ölümcül xəsarət hansı avtomobil vasitəsilə yetirilmişdir?” sualı iş materialları kompleks ekspertizaya təqdim edilməklə cavablandırıla bilər. 6. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 təkrar məhkəmə tibbi ekspertizasına dair xx.xx.2025-ci il tarixli, T 270/2025 saylı rəyin nəticə hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı ağciyər və qaraciyərin zədələnmələri, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların yayılmış sınıqları, hər iki budun qapalı sınıqları, alnın ön səthinin və sağ alın-təpə nahiyəsinin əzilmiş-soyulmuş yaraları, sağ qaşın, sağ çiyin qurşağının, sağ bazunun, sağ saidin, sağ əlin ovuc səthinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyati olub, küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 23 avqust 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyərin zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, hər iki budun qapalı sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, əzilmiş-soyulmuş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə güman etmək olar ki, ilkin zərbə piyada Zərərçəkmiş şəxs vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Hyundai” markalı avtomobilin ön-sol hissəsi ilə piyadanın sol aşağı ətrafına olmuş, nəticədə sol budun qapalı sınığı, sonrakı etapda piyadanın digər “Renault Laguna” markalı avtomobilin ön sol hissəsi ilə vurulması zamanı sağ budun qapalı sınığı, sonra isə yol örtüyünə sıxılması, sürüklənməsi nəticəsində ağciyər və qaraciyərin zədələnmələri, ikitərəfli yayılmış qabırğa sınıqları, əzilmiş-soyulmuş yaralar, çoxsaylı sıyrıqlar yaranmışdır. Zərərçəkmiş şəxs ölümünə səbəb qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyər zədələnməsi nəticəsində yaranan daxili qanitirmə olmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə travmatik ikincili və ya residivləşən qanaxmadan ölmüşdür. - sübutların qiymətləndirilməsi haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, “Hyundai” markalı “Elantra” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Renault” markalı “Laguna” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış, “Hyundai” markalı “Elantra” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Renault” markalı “Laguna” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya sol budun qapalı sınığı kimi sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmiş, zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qabırğaların sınıqları ilə müşayiət olunan ağciyər və qaraciyər zədələnməsindən ibarət sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər isə Şahid idarə etdiyi **-MT-*** dövlət qeydiyyat nişanlı “Renault Laguna” markalı avtomobillə yetirilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin tərkib əlamətləri vardır və onun əməli CM-in 263.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “Hyundai” markalı “Elantra” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “Renault” markalı “Laguna” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən, həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Hyundai” markalı “Elantra” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “Renault” markalı “Laguna” modelli **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85(səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-434/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-434/2025
30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver