Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-435/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 33, mənzil 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə, 07 iyul 2022-ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanda yerləşən avtomobil dayanacağına gələrək, aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə qrup üzvü Teymur İsmayılov dayanacağın həyətində gözləmiş, o isə dayanacağın gözətçi otağına daxil olaraq, orada divarda asılmış Zərərçəkmiş şəxs məxsus “Audi Q5” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürdükdən sonra avtomobil dayanacağında saxlanılmış həmin avtomobilin qapılarını qeyd olunan açar ilə açıb mühərriki işə salmış, Teymur İsmayılov avtomobilə əyləşdikdən sonra nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirərək qaçırmışlar. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 06 iyul 2022-ci il tarixdə təxminən saat 23 radələrindən tanışı Teymur İsmayılov ilə birgə spirtli içki qəbul etdikdən sonra, ünvan 2 ünvanında yerləşən avtomobil dayanacağına getmiş, avtomobillərə baxmış və Teymura avtomobil idarə etmək istədiyini bildirmişdir. Təxminən saat 00:40 radələrində onlar dayanacağa daxil olub, gözətçidən içməyə suyunun olub-olmadığını soruşmuşdur. Gözətçi xidmət etdiyi otağa daxil olduqdan sonra, gözətçi onun üçün soyuducudan su çıxartdığı vaxt o, otağın divarında taxta üzərində asılmış avtomobil açarlarını görmüş və dərhal açarlardan birini götürmüşdür. Bundan sonra gözətçinin verdiyi suyu içib, çölə çıxmışdır. Daha sonra açarın düyməsini basaraq onun hansı avtomobilə aid olduğunu yoxlamış və onun qara rəngli Audi Q5 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu görmüşdür. Avtomobilin qapısı açıldığı üçün o, sükan arxasına, Teymur isə ön sərnişin oturacağına əyləşmişdir. Bundan sonra avtomobili idarə edərək dayanacağın çıxış hissəsində olan şlaqbauma doğru hərəkət etmişdir. Teymur avtomobildən enərək şlaqbaumu açmaq istədikdə gözətçi şlaqbaumu açmağa icazə verməmişdir. Bu zaman Balaxan avtomobildən enərək gözətçiyə avtomobilin onun qardaşına aid olduğunu bildirmişdir. Bu vaxt Teymur şlaqbaumu açmış və avtomobilə əyləşmişdir. Daha sonra o, avtomobilin sükanı arxasına əyləşmiş və avtomobili hərəkət etdirərək dayanacaqdan çıxmışdır. Oradan uzaqlaşdıqdan sonra Bakı şəhəri ərazisində müxtəlif yerlərə getmişlər, yuxusuz olduqları üçün avtomobili Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində saxlamış və saxladıqları yerdə avtomobilin içərisində yatmışlar. 08 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində onlar avtomobildə olarkən polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. O, öz ifadəsində bildirmişdir ki, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq ələ keçirməkdə məqsədləri həmin avtomobili sadəcə idarə etmək, daha sonra isə yenidən dayanacağa qaytarmaq olmuşdur. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayır. **-ZV-*** dövlət nömrə nişanlı “Audi Q5” markalı avtomobil atası X2 müliyyətində olsa da etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi **-ZV-*** dövlət nömrə nişanlı avtomobili Nizami rayonu, C.ünvan 5 ünvanında yerləşən dayanacaqda saxlamış və avtomobilin açarlarını həmin dayanacaqda nəzarətçi işləyən Ruslan adlı şəxsə vermişdir. Daha sonra yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona zəng edərək avtomobilinin qardaşının götürüb götürmədiyini soruşmuşlar. O, da onlara ümumiyyətlə qardaşının olmadığını bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, bir nəfər özünü onun qardaşı kimi təqdim edərək ona məxsus avtomobili saxladığı dayanacaqdan götürərək getmişdir. Həmin vaxt ona aydın olmuşdur ki, onun avtomobili qaçırılmışdır. Avtomobilinin qaçırılması nəticəsində ona heç bir maddi ziyanın dəymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid İdris oğlu bildirmişdir ki, təxminən bir ilə yaxın müddətdir ki, Nizami rayonu, C.ünvan 2 ünvanında yerləşən avtomobil dayanacağında gözətçi işləyir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman bir nəfər tanımadığı şəxs “Audi Q5” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobili dayanacağa qoyaraq açarını ona təhvil vermişdir. O, da həmin açarı digər avtomobillərin də açarlarının olduğu otağındakı asılqandan asmışdır. xx.xx.2022-ci il tarixdə iki nəfər dayanacağa gəmiş və ondan içmək üçün su istəmişlər. O, da onlara su vermək üçün oturduğu kabinəyə daxil olmuşdur. Bu zaman onlardan biri də onunla birlikdə kabinəyə daxil olmuşdur. Suyu verdikdən təxminən 20 dəqiqə sonra, onların **-ZV-*** dövlət nömrə nişanlı “Audi Q5” markalı avtomobilin qapılarını açaraq avtomobilə əyləşdiklərini görmüşdür. Onlara yaxınlaşmış, sükan arxasında oturan şəxs avtomobilin onun qardaşına aid olduğunu demişdir. Avtomobili sürüb getmək istədiklərində, onlar içkili olduqları üçün o, şlaqbaumu açmamışdır. Belə olan halda onlardan biri avtomobildən enərək avtomobilin sükan arxasında oturan şəxsin qardaşına aid olduğunu bildirmiş, daha sonra isə şlaqbaumu açmışdır. Sonradan hər iki şəxs avtomobilə əyləşmiş və sürərək oradan uzaqlaşmışlar. Qisa müddət sonra avtomobilin açarının yerində olmadığını aşkar etmiş və dərhal bu barədə polisə məlumat vermişdir. İş materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2491 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansi psixi xəstəlikdən əziyyət çəkmir, cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 185.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-75/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının CM-nin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, cəzasından 01 ay 12 gün çəkmişdir, cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 24 gün təşkil edir. Hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı iş üzrə əhəmiyyət kəsb edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda qeyd olunanlara əsasən, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-75/2022 saylı hökmü üzrə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, 08 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, maddi sübut olan «Audi Q5» markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil, sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-75/2022 saylı hökmü ilə təyin edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 ay 23 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan «Audi Q5» markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-435/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-435/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver