Məhkəmə qərarları › İş №1(007)-436/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-436/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-436/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə saxlanılaraq istintaqa məlum olmayan mənbədən və vaxtda “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan edilmiş əşya sayılan, bir ədəd bükümdə, təmiz çəkisi 1,673 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və 16 dekabr 2022-ci il tarixdə saat 15:50 radələrində müəssisə əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən əynində olan gödəkçənin sol yan cibindən “Sobraniye” siqaret qutusunun içərisində salfetkaya bükülmüş vəziyyətdə gizlətdiyi həmin qadağan edilmiş əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ilə cəzası 11 il 09 aya, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzası 11 il 06 ay müddətinə endirilmişdir. Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində 26 sentyabr 2018-ci ildən cəza çəkir. 16 dekabr 2022-ci il tarixdə dostları ilə qısamüddətli görüşdə olmuş, görüşdən saat 16:50 radələrində çıxmışdır. Bu zaman müəssisə əməkdaşları ona yaxınlaşaraq xüsusi otaqda üzərinə baxış keçirmiş, baxış zamanı əynindəki üst gödəkçəsinin sağ yan cibindən “Sobraniye” siqaret qutusunun içərisindən iki ədəd telefon qidalandırıcısı naqilləri və salfetə bükülmüş bitki mənşəli yaşıl rəngə bənzər narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əşyalar ona məxsusdur. Həmin narkotik vasitəni və naqilləri qısamüddətli görüş üçün nəzərdə tutulmuş həyətdə üst-üstə yığılmış daşın arxasında görərək maraq edib götürmüş, içərisinə baxanda narkotik vasitə olduğunu anlamış və özü istifadə etmək üçün üstündə saxlamış, bu barədə heç kimə məlumat və ya söz deməmişdir. Həmin narkotik vasitənin və mobil telefonlar üçün olan elektrik naqillərin məhkumlar üçün qadağan olunmuş əşyalar olduğunu bilmiş, lakin buna baxmayaraq bu əşyaları özündə saxlamışdır. Ona həmin əşyaları heç kim, yəni nə görüşə gələn dostları, nə də ki, digər məhkum yoldaşları verməmişdir. O, narkotik vasitənin istifadəçisi deyil, narkotik vasitəni əməkdaşlara təhvil vermək istəmiş, lakin çatdırmamış və müəssisə əməkdaşları onu yaxalamışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin inspektoru X1 ifadəsində göstərmişdir ki, 16 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16:50 radələrində Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29, 120.2.3, 29,120.2.7, 221.3cü maddələri ilə təqsirli bilinərək, 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qısamüddətli görüşdən çıxarkən özünü şübhəli apardığına görə xüsusi ayırılmış otaqda hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilmişdir. Bundan əvvəl məhkum Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşyanın olmadığını bildirdikdən sonra üzərinə axtarış-baxış tədbiri keçirilmişdir. Tədbir zamanı məhkum Təqsirləndirilən şəxs üst gödəkçəsinin sol yan cibindən “Sobraniye” siqaret qutusunun içərisində 02 ədəd elektrik qidalandırıcısı naqilləri və salfetkaya bükülmüş içərisində bitki mənşəli, qurudulmuş yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş 2 ədəd elektrik qidalandırıcının naqilləri və narkotik vasitəyə oxşar bitki mənşəli maddə müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, fakt barədə protokol tərtib edilmişdir. Həmin narkotik vasitəyə oxşar maddə ekspertiza mərkəzinə göndərilmiş və ekspertiza arayışına əsasən məhkum Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kağız bükülüdəki maddənin xalis çəkisi 1,673 qram narkotik vasitə marixuana olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid E.Ə.Musayevin ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 dekabr 2011ci il tarixli, 7 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların” siyasının 11 saylı əlavəsindən görünür ki, cəzaçəkmə müəssisələrində məhkumlar tərəfindən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının saxlanması, daşınması, gəzdirilməsi və istifadəsi qadağan edilmişdir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində əməliyyat məlumatı əsasında həmin gün saat 16:55 radələrində məhkum Təqsirləndirilən şəxs qısamüddətli görüşdən çıxarkən özünü şübhəli apardığına görə xüsusi ayırılmış otaqda üzərinə axtarış-baxış tədbiri keçirilmişdir. Tədbir zamanı məhkum Təqsirləndirilən şəxs üst gödəkçəsinin sol yan cibində “Sobraniye” siqaret qutusunun içərisində 02 ədəd elektrik qidalandırıcısı naqilləri və salfetkaya bükülmüş içərisində bitki mənşəli qurudulmuş yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 7/1414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2022-ci il tarixdə saat 16:50 radələrində məhkum Təqsirləndirilən şəxs üst gödəkçəsinin sol yan cibindən “Sobraniye” siqaret qutusunun içərisində salfetkaya bükülmüş işərisində bitki mənşəli, qurudulmuş yaşıl rəngli, narkotik vasitə “Marixuanaya” bənzər maddə...” yazı və imzalar olan zərfdə bir ədəd üzərində “Sobranie Blue” yazılan siqaret qutusunda ağ rəngli salfet kəsiyinə sarınmış kağız bükümdə təmiz çəkisi 1.673 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.623 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22 fevral 2023-cü il tarixli, 7/246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş MEM-nə məxsus bir ədəd qəhvəyi rəngli kağız paketdəki 1 (bir) ədəd zərfdə üzərində “Sobranie Blue” yazısı olan siqaret qutusundakı bir ədəd salfet kağızına bükülü təmiz çəkisi 1.623 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin maddənin 0.02 qram hissəsi tədqiqata sərf edilmiş, 1.603 qram hissəsi qalıq qalmışdır. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə aşkar edilmiş zərfdə olan bir ədəd salfet kağızına bükülü təmiz çəkisi 1.603 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi və cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbirinin seçilməməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəza çəkdiyi yer üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2023-cü il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmünün, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017ci il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 23 noyabr 2016-cı il tarixdən hesablanmağa başlanmışdır. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli yenidən qəsdən törətməsi həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan cinayətin residivi növündə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Təqsirləndirilən şəxs adına 1 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq təyin olunmuş 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 noyabr 2016-cı ildən hesablanmaqla, 23 may 2028-ci il tarixdə bitir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın hazırki tarixə 04 il 08 ay 29 gün çəkilməmiş hissəsi qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 il 08 ay 29 gün müddətində hissəsi bu hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.603 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş 160 manat pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində hissəsi bu hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin MSK-da saxlanılan 1.603 qram narkotik maddə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə bioloji-ekspertizalarının keçirilməsinə xərclənmiş 160 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 96 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar