Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-436/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Cəmşid qızının iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşaya Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının 27-dən 28-nə keçən gecə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə həmin kafeni tərk etdikdən sonra həmin gecə saat 01:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında onun kafedə Zərərçəkmiş şəxs oxumağa icazə verməməsi və Zərərçəkmiş şəxs sərxoş olduğunu bildirib nalayiq ifadələr ilə sonuncunu təhqir etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun baş nahiyəsinə yumruqla vurduqdan sonra qəsdən əli ilə Zərərçəkmiş şəxs sifət, baş, sinə nahiyələrinə vuraraq və sağ qolun yuxarı said hissəsindən qəsdən dişləyərək sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ saidin arxa səthinin hematoması ilə müşayiət olunan əzilmiş yarası, sol qulaqarxası, sol bazunun bayır, sol dirsək sümüyünün və döş qəfəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin” adlı kafedə ara-sıra gələrək mahnılar oxuyur. Təxminən 1 ildən artıqdır ki, Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində kafedə olan müştərilər çıxıb getdikdən sonra ac olduğu üçün yemək yeyən zaman əvvəldən tanıdığı Kənan içəri daxil olmuş və onun yanında oturmuşdur. Onunla bir qədər söhbət etdikdən sonra çıxıb evə getdiyini Kənana bildirdikdə o mahnı oxumaq istədiyini söyləmişdir. Kənan sərxoş vəziyyətdə olduğu üçün birlikdə çıxıb evə getməklərini təklif etmiş, Kənan razılaşdıqdan sonra kafedən çıxmışlar. Piyada bir qədər irəlilədikdən sonra Kənan nə səbəbdən onu mahnı oxumağa qoymadığını soruşduqda mikrofonun xarab olduğunu, oxuya bilməyəcəyini ona demiş, bu sözündən sonra o yalan danışdığını bildirib mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Kənan onun ünvanına nalayiq ifadələr işlədərək saçından tutaraq onu yerə yıxıb yumruqla baş nahiyəsinə zərbələr endirmişdir. O, da Kənanın sifətinə, qulağına, sinəsinə əli ilə zərbələr endirərək xəsarətlər yetirmiş və onun sağ qolundan dişləmişdir. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmədə Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində ünvan 3 ünvanında yerləşən 8-ci km bazarında kafedə yeyib içdikdən sonra tanışı Aygünün işlədiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin” adlı kafeyə getmiş, kafeyə daxil olduqdan sonra Aygünün masada oturduğunu və yemək yediyini görmüşdür. O, sərxoş vəziyyətdə olduğu üçün masaya gedib Aygünlə oturmuş, bir qədər Aygünlə söhbət etdikdən sonra Aygünə mahnı oxumaq istədiyini demiş, bu zaman Aygün gec olduğunu, evə getməklərini söyləmişdir. Onunla razılaşdıqdan sonra birlikdə kafedən çıxdıqdan sonra piyada bir qədər irəlilədikdən sonra Aygünə nə səbəbdən mahnı oxumağa qoymadığını soruşduqda o, mikrofonun xarab olduğunu, oxuya bilməyəcəyini demiş, onun bu sözündən sonra Aygünə yalan danışdığını demişdir. O, yalan danışmadığını deyən zaman aralarında mübahisə yaranmış, Aygünlə mübahisə edən zaman onun ünvanına nalayiq ifadə işlədərək saçından tutaraq yerə yıxıb yumruqla bir neçə dəfə baş nahiyəsinə zərbələr endirmişdir. Aygünü vurduqdan sonra Aygün onun sifətinə, qulağına, sinəsinə əli ilə zərbələr endirərək xəsarətlər yetirmiş və sağ qolundan dişləmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 454 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs - sağ saidin arxa səthinin hematoması ilə müşayiət olunan əzilmiş yarası, sol qulaqarxası, sol bazunun bayır, sol dirsək sümüyünün və döş qəfəsinin sıyrıqları - bərk küt əşyanın(əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən vurulması zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər özü tərəfindən özünə yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını bildirmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 (bir yüz doxsan səkkiz) manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X1 198 (bir yüz doxsan səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-436/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-436/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver