Məhkəmə qərarları › İş №1(007)-438/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-438/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-438/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X1, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə, saat 01:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsi istiqamətində saatda 60 km sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli və bu tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələbləri pozub ünvan 3 ünvanın qarşısında piyada keçidi ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasının təpə və gicgah paylarına, kəllə daxili yumşaq qişalara, gicgah əzələlərinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sağ ağciyərin yuxarı payının qansızması və travmatik cırılması, daxili massiv qanaxma, sağ təpə-gicgah sərhədinin əzilmiş yarası, ənsə nahiyəsinin hematomaları, başın, hər iki aşağı ətrafların ön, iç və bayır səthlərinin çox saylı sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beyin toxumasına və qişalara qansızma Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmaqla Qara Qarayev prospekti ilə orta zolaqla “Dakar” dairəsi istiqamətində saatda 60 km. sürətlə hərəkət etmişdir. Qara Qarayev prospekti 79 saylı ünvanda yerləşən “Picnic” restoranının qarşısına yaxınlaşdıqda, təxminən 3-4 metr məsafədən yolu sol tərəfdə yolun mərkəzində yerləşən beton səkinin üzərindən sağ tərəfə piyada keçidi ilə adi yerişlə keçən piyadanı görmüş, əyləcə basaraq avtomobilin sükanını sağa çəkmək istəyərkən həmin piyadanı soldan 7 metr məsafədə avtomobilin qabaq sol tin tərəfi ilə vurmuş və piyada alın şüşəsinə dəyərək o, hərəkətdə olduğu zolaqla qarşıya doğru yola sürtünüb həmin yerdə hərəkətsiz qalmışdır. O, avtomobili sağa doğru hərəkət etdirdiyindən idarə etdiyi avtomobili bir qədər qarşıda yolun sağ tərəfində saxlamışdır. O, sonra avtomobildən düşərək həmin piyadanın yerdə tərpənməz vəziyyətdə uzanmasını görüb həmin şəxsin yolda digər avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmüş, ona lazımı ilkin tibbi yardımı göstərmiş və TTYS-na zəng etmiş, TTY avtomobili hadisə yerinə yaxınlaşdıqda həkimlər həmin şəxsin öldüyünü bildirmişlər. O, isə hadisə yerində qalıb polis əməkdaşları tərəfindən aparılan araşdırmada iştirak etmişdir. Əməlindən çox peşmandır. Taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Məhkəmədən cəza təyin edilərkən ailə vəziyyətini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X2 izahatında bildirmişdir ki, 24 aprel 2023-cü il tarixdə saat təxminən 08 radələrində o, yaşadığı ünvanda olduğu zaman ərinin iş yoldaşları onun mobil telefonuna zəng vuraraq əri Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolu sol səkidən sağa tərəf piyada keçidi ilə keçən ərini vurub xəsarət yetirmiş və əri aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Əri Zərərçəkmiş şəxs dəfn və hüzr mərasimlərində Təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi köməklik göstərilməmişdir, həmçinin həmin mərasimlərdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dövlət ittihamçısının təklif etdiyi cəzanın verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 102 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs - baş beyin toxumasının təpə və gicgah paylarına, kəllə daxili yumşaq qişalara, gicgah əzələlərinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma; sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları; sağ ağciyərin yuxarı payının qansızması və travmatik cırılması; daxili massiv qanaxma; sağ təpə-gicgah sərhədinin əzilmiş yarası; ənsə nahiyəsinin hematomaları; başın, hər iki aşağı ətrafların ön, iç və bayır səthlərinin çox saylı sıyrıq və qançırlarıhəyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar. Qeyd olunan xəsarətlər baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına və qişalara qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 6-8 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1358 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Toyota Prius” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/11987 saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:13-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2023-cü il tarixli, ƏN-Vİ seriyalı, 517697 nömrəli etibarnamənin surətindən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 tərəfindən həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, TŞ4- 070 kameralarının xx.xx.2023-cü il tarixdə saat 01:09-dan saat 01:12-dək olan müddət ərzində qeydiyyata alınmış görüntüləri olan bir ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 16/2-58888/2023 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AC 746243 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladı vardır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirməsi və zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 27 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 162 (bir yüz altmış iki) manat (27x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 162 (bir yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar