Məhkəmə qərarları › İş №1(007)-439/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-439/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-439/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1976-cı il tarixdə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, 15 mart 2023-cü il tarixdə tutulmuş, 18 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 115/9 ünvanında yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs1 əynində olan gödəkçəsinin sağ yan cibindən hər biri 25 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə işləyən, üzərində 10 manat dəyərində qoruyucu və həmin qoruyucu arxalığın içərisində 200 manat nağd pul olan 500 manat dəyərində “Samsung” markalı, “Galaxy A6” model mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs Şamam Məmmədovaya 760 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 mart 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında X1 əynində olan gödəkçəsinin sol yan cibindən 3 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, üzərində 10 manat dəyərində qoruyucu olan 360 manat dəyərində “Oppo” markalı, “CPH 2421” modelli mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs Natavan Əsədliyə 373 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, heç yerdə işləmədiyi, pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Belə ki, 2023-cü ilin fevral ayının əvvəllərində saat təxminən 00:30 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının qarşısında olduğu vaxt bir nəfər qadının metrodan çıxaraq piyada getdiyini, onun əynində olan gödəkçəsinin yan cibində mobil telefon olduğunu görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Arxa tərəfdən yaxınlaşıb əlini qadının gödəkçəsinin yan cibinə salaraq ona məxsus mobil telefonu oğurlamış və dərhal ərazidən uzaqlaşmışdır. O, oğurladığı mobil telefona baxdıqda həmin telefonun “Samsung” markalı olduğunu görmüşdür. Bir gün sonra oğurladığı həmin mobil telefonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi lombarda 50 manata girov qoymuşdur. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 1 ay sonra, yəni 2023-cü ilin mart ayının əvvəllərində Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında olduğu zaman bir qadının özünə məxsus mobil telefondan istifadə etdikdən sonra əynində olan gödəkçənin yan cibinə qoyduğunu görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Qadın mağazanın qarşısında olan geyim əşyalarına baxarkən arxa tərəfdən yaxınlaşaraq onun əynində olan gödəkçənin yan cibində olan mobil telefonu oğurlayaraq ərazidən uzaqlaşmışdır. Bundan sonra oğurladığı telefona baxdıqda həmin telefonun “Oppo” markalı olduğunu görmüşdür. Həmin telefonu sata bilmədiyinə görə yaşadığı evə gedərkən telefonu evdə yatağının altına qoyub gizlətmiş, lakin bu barədə heç kimə heç nə deməmişdir. Polislər tərəfindən tutulandan sonra isə anasına telefonun yerini demiş və anası telefonu gətirib sahibinə qaytarılması üçün polislərə təqdim etmişdir. İstintaqın əvvəlində isə yalandan demişdir ki, həmin telefonu “28 May” metrostansiyasının qarşısında tanımadığı şəxsə 50 manata satmışdır. O, 15 mart 2023-cü il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşıb oğurluqda şübhəli olduğunu bildirərək onu 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu zaman oğurluq etdiyini səmimi etiraf edərək izahat vermiş, diskə baxış keçirilməsində iştirak etmişdir. 15 mart 2023-cü il tarixdə polislər tərəfindən saxlanılandan sonra azad olunmamış, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilənədək polisdə saxlanılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslərin onunla barışdıqlarını, himayəsində iki azyaşlı uşağı olduğunu, özünün ağır formada “SPİD” xəstəliyindən əziyyət çəkdiyini göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə axşam saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində işdən çıxıb evə getmək üçün həmin ərazidən 206 saylı avtobusa minmişdir. Avtobusda olan zaman mobil telefonundan istifadə edib əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Daha sonra saat 23:30-da “Elmlər Akademiyası” metrosunun qarşısında olan dayanacaqda avtobusdan düşüb həmin metro stansiyasına daxil olmuşdur. Orada qatara minib “Xalqlar Dostluğu” metrosuna getmişdir. Metrodan çölə çıxıb Nizami rayonu ərazisində yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısında olan zaman mobil telefonunu gödəkçəsinin sağ yan cibindən götürmək istəyəndə ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri altında istifadə etdiyi dəyəri 500 manat olan olan **********05387 imei kodlu “Samsunq A6” markalı mobil telefonunun cibində olmadığını aşkar etmiş, telefonunun naməlum şəraitdə oğurlandığını başa düşmüşdür. Həmin vaxt o, özünə məxsus digər mobil telefonundan sözügedən mobil telefonuna zəng etmiş, mobil telefonuna bir neçə dəfə zəng çatsa da, daha sonra zəng çatmamışdır. Öz şəxsi axtarışları bir nəticə verdmədiyi üçün 09 fevral 2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 760 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonunu 500 manata, üzərində olan kaburanı 10 manata, mobil nömrələrinin hər birini 25 manata almış, mobil telefonun kaburasının içində isə 200 manat pul olmuşdur. Hazırda ona vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənilmişdir, ona görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, məhkəməyə bu barədə ərizə də təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 hazırda Pakistan İslam Respublikasında olduğundan, məhkəmə iclasında iştirakı mümkün olmamış, telefon əlaqəsi yaradıldıqdan və müvafiq sənədlərin ona texniki vasitələrlə çatdırılıb tanış olmasından sonra ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefonunun ona qaytarıldığını və maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Həmin zərərçəkmiş şəxs sözügedən ərizəsində göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə saat 15 radələrində Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında olduğu zaman özünə məxsus, üzərində ***-***-**-** mobil nömrə olan, **********13568 və **********13576 imei kodlu, “Oppo” markalı mobil telefonundan istifadə etdikdən sonra qeyd olunan mobil telefonu əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur. Bundan sonra ticarət mərkəzinin qarşısında geyim əşyalarına baxdıqdan sonra mobil telefonundan istifadə etmək məqsədi ilə əlini gödəkçəsinin yan cibinə saldıqda mobil telefonunun cibində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, geyim əşyalarına baxarkən naməlum şəxs qeyd olunan mobil telefonu cibindən oğurlamışdır. Oğurlanmış mobil telefonunun qiyməti 360 manat olmaqla oğurluq cinayət hadisəsi zamanı ona 373 manat maddi ziyan dəymişdir. Belə ki, mobil telefonu 360 manata, üzərində olan kabura 10 manata, ***-***-**-** mobil nömrəni 3 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Nizami rayonu, Q.Qarayev prospekti, 25/19 ünvanında olan telefon mağazasını icarə əsasında götürərək orada lombard fəaliyyəti ilə məşğul olur, müraciət edən müştərilərdən mobil telefon, qızıl-zinət əşyaları və elektrotexnika avadanlıqlarını 20 faiz pul qarşılığında qəbul edir. 07 fevral 2023-cü il tarixdə saat 12 radələrində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs işlədiyi lombarda gələrək özünə məxsus “Samsung Galaxsy A6” markalı, **********05387 imei kodlu mobil telefonu girov qoyaraq 50 manat pul götürmək istədiyini bildirmişdir. O, həmin mobil telefona baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etmişdir. Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək bildirmişdir ki, əslən Lənkəran rayonundandır və həmin pulu xəstəsi olduğu üçün götürür. O, Təqsirləndirilən şəxs öz xətti ilə qəbz yazdırdıqdan sonra müvafiq sənədləşmə işləri aparıb ona 50 manat pul vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 1 ay 5 gün müddətində ödəniş etmədiyi halda girov qoyduğu mobil telefonun satışa çıxarılacağını izah etmişdir. Qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs ödəniş etmədiyindən onun girov qoyduğu mobil telefonu tanımadığı şəxsə 100 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 17 mart 2023-cü il tarixdə oğlu Malik onunla əlaqə saxlayaraq bildirmişdir ki, oğurluq etmişdir və buna görə polis tərəfindən tutulmuşdur. Bundan sonra Malik ona bildirmişdir ki, oğurladığı mobil telefonun biri yatağının altındadır, həmin telefonu götürərək gətirib polisə təqdim etsin. Bundan sonra o, Malikin yatağının altından mobil telefonu götürmüş və gətirib polisə təqdim etmişdir. Malikin oğurluq etməsindən onun məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 mart 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilən zaman həmin şəxsin mobil telefonunun gizli olaraq talandığı yerin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 1195/9 ünvanında yerləşən “Ağ çiçəyim” gül mağazasının qarşısı olması müəyyən edilmişdir. (i.v. 9-11) - 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeydə alınmış video görüntüyə baxan zaman Zərərçəkmiş şəxs1 06 fevral 2023-cü il tarixdə saat 23:30-da metronun “Elmlər Akademiyası” stansiyasına daxil olub “Həzi Aslanov” metrosu istiqamətində hərəkət edən qatara mindiyi, 07 fevral 2023-cü il tarixdə saat 00:05-də “Xalqlar Dostluğu” metrosunda qatardan düşüb metrodan çölə çıxdığı müəyyən edilmişdir. (i.v. 12) - 12 mart 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs X1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilən zaman həmin şəxsin mobil telefonunun gizli olaraq talandığı yerin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısı olması müəyyən edilmişdir. (i.v. 21-22) - 12 mart və 15 mart 2023-cü il tarixli protokollardan görünür ki, “Lotos” ticarət mərkəzinin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmış video görüntüyə baxış keçirilərkən X1 vitrində olan geyimlərə baxdığı zaman bir nəfər oğlanın arxadan ona yaxınlaşıb əlini onun gödəkcəsinin sol yan cibinə salmaqla mobil telefon aparatına bənzər əşyanı oğurladığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin onun özü olduğunu, qadının cibindən mobil telefon oğurladığını bildirmişdir. (i.v. 24, 29) - 16 mart 2023-cü il tarixli protokoldan və girov biletinin surətindən görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş, onun 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Samsung Galaxy A6” markalı mobil telefonu girov kimi qəbul etməsinə dair 02 vərəq sənədin kserosurətləri ondan götürülmüşdür. (i.v. 31-33) - 17 mart 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxsun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hadisə yerlərini əyani olaraq göstərib, oğurluq əməllərini hansı qaydada, üsulla törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 67-71) - 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 (təqsirləndirilən şəxsin anası) tərəfindən təqdim edilmiş 1 ədəd “Oppo” markalı mobil telefon aparatına baxış keçirilməklə ondan götürülmüşdür. (i.v. 113) - 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, X3 ona təqdim edilən mobil telefonlar arasından özünə məxsus “Oppo” markalı, “CPEl 2421” modelli mobil telefon aparatını tanımışdır. (i.v. 115) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2023-cü il tarixli 9/2577 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd “Oppo” markalı, CPH2421 model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 180 manat müəyyən edilir. (i.v. 128-130) - 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs və anası Şahid2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs anası Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, zərəçəkmiş şəxs X2 məxsus “Oppo” markalı CPH 2421 modelli mobil telefon aparatının dəyəri 360 manat qiymətləndirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2023-cü il tarixli 9/2577 saylı rəyi sübut növü kimi qiymətləndirilməmiş, iş üzrə 01 ədəd “Oppo” markalı, CPH 2421 model mobil telefon aparatı, 09 mart 2023-cü il tarixdə saat 15:51 radələrində X1 üzərindən əmlakının talanmasını özündə əks etdirən 01 ədəd CD disk, Şahid1 tərəfindən 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A6” markalı mobil telefonu girov kimi qəbul etməsinə dair 02 vərəq sənədlərin kserosurətləri maddi sübut kimi tanınmış, maddi sübut zərərçəkmiş şəxsə qaytarılmış, 01 ədəd CD disk və 02 vərəq sənədlərin kserosurətləri cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 135-139) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 53) - 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 106-108) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 120-122) -Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 15 avqust 2013-cü il tarixdə, X6 14 yanvar 2015-ci il tarixdə doğulmuşlar. (i.v. 126- 127) -Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “SPİD” xəstəsi kimi qeydiyyatdadır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, “SPİD” xəstəsi kimi qeydiyyatda olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinin tələbinə uyğun olaraq, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum edilmə üçün hüquqi əsasların mövcud olması haqqında tələb azadlıqdan məhrum etmənin bütün müddətinə şamil olunur. Bir sıra hallarda bu şərtin pozulduğu müəyyən edilmişdir. Belə ki, azadlıqdan məhrum etmənin hüquqi əsasları öncə qanuni olsa da, müəyyən müddət keçdikdən sonra həmin əsaslar öz qanuniliyini itirmiş olur. Məsələn, Kuin Fransaya qarşı məhkəmə işində (Kuin Fransaya qarşı iş üzrə 22 mart 1995-ci il tarixli qərar) daxili məhkəmə Fransa qanunları əsasında həbsə alınmış şəxsin azad edilməsi haqqında qərar çıxarmışdır. Azad edilmə haqqında qərar qəbul olunduqdan sonra ərizəçi daha 11 saat həbsdə saxlanmış və qərarın icrası üçün heç bir hərəkət edilməmişdir. Görünür həmin müddət prokurorluğa ərizəçinin təhvil verilməsi barədə məhkəmə icraatına başlaya bilməsi üçün lazım idi. Bu halda həmin icraat azad edilmə haqqında məhkəmə qərarını qabaqlayaraq onun icrasını dayandırmış olurdu. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, bu halda müddətin süni surətlə uzadılması Konvensiyanın 5-ci maddəsinin (Maddə 5. Azadlıq və şəxsi toxunulmazlıq hüququ) tələblərinə cavab vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə saxlanılmış, 24-cü polis şöbəsində həmin gün izahatı alınmış, hadisə yerində qeydə alınmış video görüntüyə onun iştirakı ilə baxış keçirilmiş, barəsində tutma protokolu 16 mart 2023-cü il tarixdə tərtib edilsə də, faktiki olaraq 15 mart 2023-cü il tarixdən etibarən 18 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinədək tutmada saxlanılmış, azad edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə saxlanıldıqdan sonrakı müddət azadlığının faktiki məhdudlaşdırıldığı müddət hesab olunmaqla onun həbsdə saxlanılma müddətinə daxil edilməli, onun həmin vaxtdan hazırkı 15 sentyabr 2023-cü il tarixinədək həbsdə olduğu ümumilikdə 06 ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 ilə bərabər sayılmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd “Oppo” markalı, CPH 2421 model mobil telefon aparatının sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 09 mart 2023-cü il tarixdə saat 15:51 radələrində X1 üzərindən əmlakının talanmasını özündə əks etdirən 01 ədəd CD disk və Şahid1 tərəfindən 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A6” markalı mobil telefonu girov kimi qəbul edilməsinə dair 02 vərəq sənədin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 mart 2023-cü il tarixdən 15 sentyabr 2023cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) ilə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd “Oppo” markalı, CPH 2421 model mobil telefon aparatının sahibi olan zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın, içərisində video görüntülərin olduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs “Samsung Galaxy A6” markalı mobil telefonu lombarda girov qoyarkən yazdığı 01 vərəq əlyazmanın və onun adına yazılmış 01 ədəd girov biletinin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 34 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 204 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar