Məhkəmə qərarları › İş №1(007)-44/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-44/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-44/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş – mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi – Zərərçəkmiş şəxs Sultan oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 aprel 2021ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən avtoyuyucuda "xxxx" ASC-nin nəzarətçi mühəndis vəzifəsində işləyən Şahid1 məxsus “BMW” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomaşınından "xxxx" ASC-yə məxsus dəyəri 460 AZN olan **********69332 və **********69340 imei kodlu “l.enovo” markalı planşet və 170 manat 92 qəpik olan “Optik Port” aparatını gizli olaraq talayıb zərərçəkmiş "xxxx" ASC-yə 630 manat 92 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, avtoyuma məntəqəsində tanışı Eminə kömək etmişdir. Avtoyuma məntəqəsində olan zaman yumağa gətirilən avtomobilin salonunda planşet olduğunu görmüş və həmin planşeti götürmüşdür. Həmin planşeti tanışı Nicat adlı şəxsə 20 manata satmışdır. O, avtomobildən “Optik Port” aparatını götürməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, "xxxx" ASC-yə məxsus “Lenovo” markalı planşetin və “Optik Bort” aparatın oğurlanması nəticəsində 630,92 manat maddi ziyan dəymişdir. “Lenovo” markalı planşet qaytarılmış, “Optik Bort” aparatı isə qaytarılmamışdır. Məhkəmədən mülki iddianın təmin edilməsini, 201,69 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxındır ki, "xxxx" ASC-də işləyir. O, avtomobilini həmişə Eminin işlətdiyi avtoyuma məntəqəsinə aparmışdır. Avtomobilini yenə həmin avtoyuma məntəqəsinə aparmış və oranı işlədən Eminə avtomobilində iş yerinə məxsus əşyalar və şəxsi əşyaları olduğunu bildirmişdir. Təxminən 20 dəqiqə sonra Emin ona zəng edərək təcili çağırmışdır. O, avtoyuma məntəqəsinə getdikdə Emin ona işçinin onun avtomobilində olan planşeti götürdüyünü bildirmişdir. O, avtomobilinə baxdıqda planşetin və optik gözün oğurlandığını görmüşdür. O, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan planşet polis əməkdaşları tərəfindən qaytarılmışdır. İş üzrə Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, şəhər şossesi 10 ünvanında yerləşən “Ayxan” telekom mağazasını X6 ilə birlikdə işlədirlər. O, mağazada mobil telefonların təmiri ilə məşğuldur. Nicat isə satıcı işləyir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onlardan alış-veriş etmişdir. O, Kamili müştəri qismində tanıyır. Beləliklə 12 aprel 2021-ci il tarixdə saat 14 radələrində o, Nicat ilə birlikdə mağazada olan zaman Kamil mağazaya gəlmişdir. Təqsirləndirilən şəxs **********69332 və **********69340 İMEİ kodlu “Lenovo” markalı planşeti satdığını bildirmiş, eyni zamanda Kamil planşetin özünə məxsus olmasını qeyd etmişdir. O isə planşetə baxaraq 20 manat verə biləcəyini qeyd etmişdir. Kamil də razılaşmışdır. Bundan sonra Kamil planşetin özünə məxsus olmasına dair qeydiyyat edərək planşetlə birlikdə onlara vermişdir. Əvəzində isə o, Kamilə 20 manat pul ödəmişdir. Təxminən bir ay sonra Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları işlədikləri obyektə gəlmişlər. Polis əməkdaşları onlarda olan **********69332 və **********69340 İMEİ kodlu “Lenovo” markalı planşetin oğurluq olmasını bildirmişlər, planşeti protokol tərtib edərək onlardan götürmüşlər və onları 24-cü Polis Şöbəsinə dəvət etmişlər. İş üzrə şahid X6 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid X6 istintaq zamanı Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 29.04.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 12.05.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC zərərçəkmiş şəxs qismində, Zərərçəkmiş şəxs isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi barədə 18.10.2021-ci il tarixli qərardan görünür ki, “Lenovo” markalı, **********69332 və **********69340 İMEİ kodlu planşet və Təqsirləndirilən şəxs imzası ilə qeyd olunmuş sənəd maddi sübut kimi tanınmışdır. - Şahid1 tərəfindən verilmiş qəbzdən görünür ki, **********69332 və **********69340 İMEİ kodlu, “Lenovo” markalı planşet Şahid1 tərəfindən təhvil alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(007)-353/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin əmlakını gizli ələ keçirib zərərçəkmiş şəxsə 630,92 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs “Optik Port” aparatını oğurlamamasına dair ifadəsində göstərdiyi xüsusat məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 17.11.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.05.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.1, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.02.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.10.2021-ci il tarixli, 1(101)-1495/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məlik-X1 etirafını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.10.2021ci il tarixli, 1(101)-1495/2021 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.10.2021-ci il tarixli, 1(101)-1495/2021 saylı hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 16.04.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan **********69332 və **********69340 İMEİ kodlu, “Lenovo” markalı planşet zərərçəkmiş – mülki iddiaçı "xxxx" ASC-yə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs imzası ilə qeyd olunmuş sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs – mülki iddiaçı "xxxx" ASC-nin mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 201,69 manat tutularaq zərərçəkmiş – mülki iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.10.2021-ci il tarixli, 1(101)-1495/2021 saylı hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16.04.2021-ci il tarixdən hesablansın. Mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 201,69 manat tutularaq zərərçəkmiş – mülki iddiaçı "xxxx" ASC -yə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Lenovo” markalı, **********69332 və **********69340 imei kodlu planşet zərərçəkmiş "xxxx" ASC-yə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs imzası ilə qeyd olunmuş sənəd cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar