Məhkəmə qərarları › İş №1(007)-443/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-443/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-443/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Bakı şəhəri Nizami rayonu, C.ünvan 1 ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 13 may 2025-ci il tarixdə saat 20 radələrində ünvan 2 binanın qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb orada onun bacısı Şahid3 ilə tanış olmaq üçün sonuncunun yaşadığı mənzildən çıxmağını gözləməsini bəhanə edərək, ictimai yer olan binanın qarşısında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək sakinlərin narahatlığına səbəb olmaqla Zərərçəkmiş şəxs sükan arxasına əyləşdiyi avtomobilin qapısını açıb avtomobilə daxil olaraq zor tətbiq edib qəsdən bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözətrafının hematoması, sol gözün ağlı qişasının bayır səthinin qansızması, sol qulaq seyvanının yuxarı kənarının qançırı xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı mənzildə olan zaman qardaşı Şahid1 otağa gələrək bacısı Şahid3 bir nəfər şəxsin mütəmadi olaraq narahat etdiyini və ona sataşdığını demişdir. Həmin şəxsin harada olmasını soruşan zaman qardaşı həmin şəxsin həyətdə olduğunu söyləmişdir. O, əynini geyinərək aşağı düşmüş, “Renault Megane” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir nəfər şəxsin əyləşdiyini və pəncərələrinə baxdığını görmüşdür. O, qardaşından bacısına sataşan şəxsin avtomobildə əyləşən şəxs olub-olmamasını soruşanda qardaşı sürücünün həmin şəxs olmasını bildirmişdir. O, əsəblərinə hakim ola bilməyib həmin şəxsin idarə etdiyi avtomobilə yaxınlaşaraq qapını açmış, avtomobilə əyləşdikdən sonra onun sifət və baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bir qədər sonra qardaşı onun qolundan tutaraq ayırmış, sonradan bacısı Şahid3 gələrək həmin şəxsi vurmamağını və həmin şəxsə çıxıb getməsini bildirmişdir. Təxminən 5-6 dəqiqə sonra mübahisə sonlanmış, sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Mübahisə təxminən 5-6 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı binanın qarşısında olan tanımadığı sakinlər olduğu üçün hadisəyə şahid olmuşlar. Təqsirləndirilən şəxs daha sonra zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci ilin aprel ayında ünvan 2 ünvanda yerləşən “Araz” marketin içərisində bir nəfər xanımdan xoşu gəldiyi üçün ona baxan zaman həmin xanım da ona baxmışdır. Xanım alış-veriş etdikdən sonra çıxıb getmiş, bir neçə gün sonra mağazada olan zaman yenidən xanımı görmüşdür. O, xanımla göz-gözə baxışmış, sonra xanım mağazanı tərk edib gedən zaman onun arxasınca getmişdir. Bir qədər getdikdən sonra xanım bloka daxil olmuş və bundan sonra məhləni tərk edərək çıxıb getmişdir. Bir neçə gün sonra xanımın arxasınca məhləyə getmiş, məhlədə blokun qarşısında dayanan zaman xanım pəncərədən çıxdıqda onu görmüşdür. Təxminən 10 dəqiqə sonra xanım həyətə düşüb yanından keçib piyada hərəkət etməyə başlamışdır. Xanım piyada hərəkətdə olan zaman arxasınca getmiş, sonradan işi çıxdığı üçün çıxıb getmişdir. 11 may 2025-ci il tarixdə saat təxminən 15 radələrində xanımı görmək üçün məhləyə gedən zaman onun piyada hərəkət etdiyini görmüş, xanıma yaxınlaşaraq “bir dəqiqə sizi olar” ifadəsini işlətmişdir. Lakin xanım ona məhəl qoymayaraq çıxıb getmişdir. 13 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində etibarnamə ilə idarə etdiyi “Renault Megane” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xanımın yaşadığı Nizami rayonu C.Naxçıvanski küçəsi 90 saylı binanın qarşısına getmişdir. Avtomobili saxladıqdan sonra pəncərəyə baxan zaman xanımın pəncərədən aşağı baxdığını görmüşdür. Təxminən 2-3 dəqiqə sonra blokdan iki nəfər şəxsin çıxdığını və avtomobilə tərəf yaxınlaşdığını görmüş, həmin şəxslərdən biri digərinə “budu o oğlan” ifadəsini işlətdikdə digər şəxs “hə bu oğlandı” demişdir. Bundan sonra həmin şəxs avtomobilin qapısını açıb onu vurmağa başlamışdır. Təxminən 2-3 dəqiqə həmin şəxs sifət nahiyəsinə zərbələr endirdikdən sonra digər şəxs onu tutaraq ayırmışdır. Digər şəxs çıxıb getməyini bildirmişdir. Bir qədər sonra avtomobilin mühərrikini işə saldıqdan sonra gedən zaman onu vuran şəxs təpiklə avtomobilin qapısına vurmuşdur. Sonradan onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı kənarda olan şəxslər hadisəyə şahid olmuşlar. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı mənzildə olan zaman qardaşı Təqsirləndirilən şəxs otağına gedərək bacıları Şahid3 bir nəfər şəxsin mütəmadi olaraq narahat etdiyini və ona sataşdığını demişdir. Qardaşı həmin şəxsin harada olmasını soruşanda həmin şəxsin həyətdə olduğunu söyləmişdir. Cəlil əynini geyinərək aşağı düşmüş, həyətə düşdükdə binanın qarşısında dayanmış “Renault Megane” markalı, **-RT- *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş şəxsin həmin şəxs olub-olmadığını soruşmuş, o da həmin şəxsin bacısına sataşdığını demişdir. Bu zaman qardaşı həmin şəxsin idarə etdiyi avtomobilə yaxınlaşaraq qapını açmış, avtomobilə əyləşdikdən sonra sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bundan sonra qolundan tutaraq qardaşını ayırmış, sonradan bacısı Şahid3 gələrək qardaşına həmin şəxsi vurmamağını və həmin şəxsə çıxıb getməsini bildirmişdir. Mübahisə təxminən 5-6 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı binanın qarşısında olan tanımadığı sakinlər olduğu üçün hadisəyə şahid olmuşlar. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Məhəmmədli oğlunun iştirakları mümkün olmadığından həmin dövrdə verdikləri izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 izahatında göstərmişdir ki, may ayının əvvəllərində sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs yaşadığı binanın yaxınlığında ona yaxınlaşaraq tanış olmaq istəmiş, həmin şəxsə fikir verməyərək yaşadığı ünvana getmişdir. Bir neçə gün sonra həmin şəxs yenidən onun arxasınca gələrək mobil nömrəsini vermək istədikdə həmin şəxsə çıxıb getməsini, bir daha narahat etməməsini söyləsə də o, bir neçə dəfə yaşadığı binanın qarşısına gələrək avtomobillə siqnal vermişdir. 13 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı mənzildə balkona çıxan zaman həmin şəxsin avtomobildə əyləşdiyini və balkona baxdığını görmüş, həmin şəxsin hərəkətlərindən narahat olduğu üçün qardaşı Calala bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra qardaşı Cəlilin mənzildən çıxdığını görmüş, təxminən 1 dəqiqə sonra həyətdə səs-küy gəldiyi üçün aşağı düşdükdə qardaşı Cəlilin Zərərçəkmiş şəxs vurduğunu görmüşdür. Sonradan qardaşı Calal onun, yəni Cəlilin qolundan tutaraq ayırmış, təxminən 5-6 dəqiqə sonra mübahisə sonlanmışdır. Mübahisə təxminən 5-6 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı binanın qarşısında olan tanımadığı sakinlər olduğu üçün hadisəyə şahid olmuşlar. Şahid2 izahatında göstərmişdir ki, 13 may 2025-ci il tarixdə saat təxminən 20 radələrində piyada yaşadığı ünvana gedən zaman ünvan 3əs-küy gəldiyini eşitmişdir. O, sonradan bir nəfər şəxsin avtomobilin içərisində digər şəxsi vuraraq xəsarət yetirməsini, digər şəxsin onun qolundan tutaraq ayırmaq istədiyini görmüşdür. Təxminən 5 dəqiqə baş vermiş dava-dalaşa baxdıqdan sonra çıxıb getmişdir. Mübahisə təxminən 5 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı binanın qarşısında olan tanımadığı sakinlər olduğu üçün hadisəyə şahid olmuşlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 1) - 15 may 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 90 saylı binanın qarşısında baş verməsi müəyyən edilmişdir. (i.v. 5-6) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 19 may 2025-ci il tarixli 517 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafının hematoması, sol gözün ağlı qişasının bayır səthinin qansızması, sol qulaq seyvanının yuxarı kənarının qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. (i.v. 29- 31) - 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 64-67) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 44) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar