Məhkəmə qərarları › İş №1(007)-444/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-444/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-444/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 avqust 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı binanın blokuna daxil olaraq ümumi dəhlizdə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus arxa qutusunda hər bir qramı 1,5 manat olan ümumi 375 manat dəyərində 250 qram “Narkotik” adlı ətir, hər bir qramı 1,5 manat olan ümumi 375 manat dəyərində 250 qram “Malekul” adlı ətir, hər birinin qramı 0.50 manat olan ümumi 50 manat dəyərində 100 qram “Avenus” adlı ətir, hər birinin qramı 0.30 manat olan ümumi 30 manat dəyərində 100 qram “Jasmin” adlı ətir, hər birinin qramı 0.20 manat olan ümumi 20 manat dəyərində 100 qram “Şəhrizad” adlı ətir, hər birinin qramı 0.20 manat olan ümumi 20 manat dəyərində 100 qram “Zəm-zəm” adlı ətir, qabaq qutusunda hər biri 0.12 manat olan ümumi 1,44 manat dəyərində 12 ədəd 2 qramlıq plasmas qablar, hər biri 0.15 manat olan ümumi 4,5 manat dəyərində 30 ədəd 6 qramlıq plasmas qablar, hər biri 0.20 manat olan ümumi 6 manat dəyərində 30 ədəd 10 qramlıq plasmas qablar, hər biri 0.50 manat olan ümumi 12,5 manat dəyərində 25 ədəd 15 qramlıq plasmas qablar, 10 ədəd 15 qramlıq şüşə qablarda hər bir qramı 3 manat olan 450 manat dəyərində hazırlanmış “Narkotik” adlı ətir və 20 manat dəyərində təmir açarları olan 200 manat dəyərində göy rəngli “Stels” markalı sürət ötürücülü 26-lıq ölçülü velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1564.44 (bir min beş yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 04 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 24/42 saylı binanın 1-ci girişindən bloka daxil olaraq pilləkənlə binanın 9-cu mərtəbəsinə qalxaraq ümumi dəhlizdə saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 400 manat dəyərində olan “Mercedes Benz” markalı 24-lük sürət ötürücülü velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 09 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 53 saylı binanın blokuna daxil olaraq ümumi dəhlizdə saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 330 (üç yüz otuz) manat dəyərində “Saft” markalı velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 47A saylı binanın blokunun 1-ci girişinə daxil olaraq pilləkənlə binanın 5-ci mərtəbəsinə qalxaraq ümumi dəhlizdə saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində velosipedi gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Heydər Əliyev adına parkın qarşısında DİN-nin ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib orada üzərinə keçirilərkən, şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın kiçik sağ cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd ağ rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0.215 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində, Yeni Sahədə yerləşən fərdi tikilidə ailəsi ilə birlikdə yaşayır. O, hal-hazırda heç yerdə işləmir, təxminən 4-5 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif yerlərdən müxtəlif qiymətlərə almışdır. Narkotik vasitəyə ehtiyacı olduğundan və almağa pulu olmadığından pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, 01 avqust 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində gəzən zaman orada yerləşən yataqxananın qapısının açıq olduğunu görüb yataqxananın içərisinə daxil olmuşdur. Yataqxananın dəhlizində bir ədəd ədəd arxasında qutu olan velosiped görmüşdür. Həmin velosipedi yataqxananın dəhlizindən çıxararaq sürüb oradan uzaqlaşmışdır. Velosipedin arxasında olan qutunu açıb içərisinə baxdıqda müxtəlif növ ətir yağları və ətir suları olduğunu görmüşdür. O, velosipedi və ətirləri Bakı şəhəri, Binəqədi rayonu 182 nömrəli məktəbin yaxınlığında yerləşən velosiped təmiri və satışı yerinə 90 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 04 avqust 2022-ci il tarixdə, saat 13 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində gəzərkən orada yerləşən binanın birinci blokunun qapısının açıq olmasını görüb bloka daxil olmuş, blokda mərtəbələri gəzib 9-cu mərtəbəyə çıxanda həmin mərtəbədə qara rəngli “Mercedes Benz” markalı sürət ötürücülü 24-lük ölçülü velosiped görmüşdür. Həmin velosipedi götürərək liftə qoyaraq aşağı düşüb blokdan çıxaraq velosipedi sürüb oradan uzaqlaşmışdır. Sonra həmin velosipedi Bakı şəhəri, Binəqədi rayonu 182 nömrəli məktəbin yaxınlığında yerləşən velosiped təmiri və satışı yerinə 80 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 09 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində gəzərkən orada yerləşən binanın blokunun qapısının açıq olmasını görüb bloka daxil olmuş, blokun girişində bir ədəd qara rəngdə üzərində “Saft” sözləri yazılmış velosiped görüb həmin velosipedi götürüb blokdan çıxmış və sürərək həmin yerdən uzaqlaşmışdır. Sonra həmin velosipedi Bakı şəhəri, Binəqədi rayonu 182 nömrəli məktəbin yaxınlığında yerləşən velosiped təmiri və satışı yerinə 70 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 21 avqust 2022-ci il tarixdə, saat 11 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində gəzərkən orada yerləşən binanın blokunun qapısının açıq olmasını görüb bloka daxil olmuş, blokda mərtəbələri gəzib 5-ci mərtəbəyə çıxanda həmin mərtəbədə velosiped görmüşdür. Həmin velosipedi götürərək liftə qoyaraq aşağı düşüb blokdan çıxaraq velosipedi sürüb oradan uzaqlaşmışdır. Sonra həmin velosipedi Bakı şəhəri, Binəqədi rayonu 182 nömrəli məktəbin yaxınlığında yerləşən velosiped təmiri və satışı yerinə 60 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, narkotik vasitəyə ehtiyacı olduğundan 26 avqust 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manat pul müqabilində “kokos” kimi tanıdığı heroin narkotik vasitə almış və bir qədərini istifadə etdikdən sonra şəxsi istifadəsi üçün qalan hissəsini üzərində gəzdirmişdir. 27 avqust 2022-ci il tarixdə o, Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev adına parkın qarşısında olan zaman ona iki nəfər X4 əməkdaşları yaxınlaşaraq onun oğlurluq etməkdə şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etdikdə o, üzərində narkotik olduğu yadına düşdüyü üçün qorxmuş və qaçmaq istədikdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Yolda gedən zaman o, narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə gəzdirdiyini və məhz buna görə də qaçmağa cəhd etdiyini etiraf etmişdir. Polis şöbəsində xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarının sağ kiçik cibində olan 01 ədəd ağ rəngli siqaret kağızında “kokos” kimi tanıdığı heroin aşkar olunaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 17 noyabr 2022-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı bina yataqxana tiplidir, binanın dəhlizi ümumi istifadə yeridir. Onun yaşadığı mənzil binanın 1-ci mərtəbəsində yerləşir. O, “Sədərək” ticarət mərkəzindən müxtəlif növ ətir yağları və ətir suları (parfüm) alıb yaşadığı mənzildə hazırlayaraq qablaşdırıb satır. Bundan sonra qablaşdırdığı ətirləri Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarı ərazisində səyyar şəkildə satır. 2020-ci ilin iyun ayında 200 manata göy rəngli “Sterles” markalı sürət ötürücülü 26-lıq ölçülü velosiped almışdır. O, qeyd olunan ətirləri həmin velosipedin ön və arxa hissəsinə bərkitdiyi qutulara yerləşdirmiş və həmin velosipedi nəqliyyat vasitəsi kimi istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində o, qeyd olunan velosipedlə yaşadığı evə gələrək velosipedi yaşadığı binanın blokunda, yəni dəhlizdə saxlayıb evə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində gecə namazı qılmaq məqsədi ilə dəstəmaz almaq üçün dəhlizə çıxdıqda qeyd olunan velosipedin ətirlərlə birlikdə yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, velosipedi ətirlərlə birlikdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Eyni zamanda qeyd olunan velosipedə bərkitdiyi çantanın içərisində müxtəlif növ təmir açarları da olmuşdur. Velosipedin arxasında olan qutuda 10 ədəd 60 qramlıq plasmas butulkada, 100 qramlıq 4 ədəd şüşə butulkada, 10 ədəd 15 qramlıq şüşə qablarda hazırlanmış ətir olmuş, velosipedin qabaq hissəsində olan qutuda isə boş ətir qabları olmuşdur. Velosipedin arxa qutusunda hər bir qramı 1,5 manat olan ümumilikdə 375 manat dəyərində 250 qram çəkidə “Narkotik” adlı ətir, hər bir qramı 1,5 manat olan ümumilikdə 375 manat dəyərində 250 qram çəkidə “Malekul” adlı ətir, hər bir qramı 0.50 manat olan ümumilikdə 50 manat dəyərində 100 qram çəkidə “Avenus” adlı ətir, hər bir qramı 0.30 manat olan ümumilikdə 30 manat dəyərində 100 qram çəkidə “Jasmin” adlı ətir, hər bir qramı 0.20 manat olan ümumilikdə 20 manat dəyərində 100 qram çəkidə “Şəhrizad” adlı ətir, hər birinin qramı 0.20 manat olan ümumilikdə 20 manat dəyərində 100 qram çəkidə “Zəm-zəm” adlı ətirlər, velosipedin qabağında olan qutuda hər biri 0.12 manat olan ümumilikdə 1,44 manat dəyərində 12 ədəd 2 qramlı plasmas qablar, hər biri 0.15 manat olan ümumilikdə 4,5 manat dəyərində 30 ədəd 6 qramlı plasmas qablar,hər biri 0.20 manat olan ümumilikdə 6 manat dəyərində 30 ədəd 10 qramlı plasmas qablar, hər biri 0.50 manat olan ümumilikdə 12,5 manat dəyərində 25 ədəd 15 qramlı plasmas qablar, 10 ədəd 15 qramlıq şüşə qablarda hər bir qramı 3 manat olan 450 manat dəyərində hazırlanmış “Narkotik” adlı ətir və 20 manat dəyərində açarlar olmuşdur. Bundan sonra o, DİN-nin “102” xidmətinə zəng edərək və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gələrək yaşadığı binanın blokunda saxladığı velosipedin və ətirlərinin oğurlanması barədə məlumat vermişdir. Oğurlanmış velosipedin qiyməti 200 manat, ətirlərin ümumi qiyməti 1344,44 manat, təmir açarlarının ümumi qiyməti 20 manat olmaqla oğurluq nəticəsində ona ümumilikdə 1564,44 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, buna görə də təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını və sonuncudan şikayətçi olduğunu bildirmişdir. 17 noyabr 2022-ci ildə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 2022-ci ilin may ayının əvvəllərində 280 manata özü üçün velosiped almışdır. Həmin velosipedi gecələr evdə, gündüzlər isə yaşadığı evin dəhlizində saxlamışdır. 21 avqust 2022-ci il tarixdə, saat 10 radələrində özünə məxsus velosipedi evdən çıxarıb bloka qoyub, işə getmişdir. Həmin gün, saat 12 radələrində evə qayıdan zaman velosipedin qoyduğu yerdə olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, velosipedi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Şəxsi işləri ilə əlaqədar olaraq o, həmin vaxt bu barədə polisə müraciət etməmişdir. Eyni zamanda fikirləşmişdir ki, “ola bilsin ki, qonşu uşaqlardan kimsə sürmək üçün götürmüş olar, sonra qaytarıb yerinə qoyar”. Velosipedi tapa bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gələrək yaşadığı binanın blokunda saxladığı velosipedin xx.xx.2022-ci il tarixdə oğurlanması barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 280 manat məbləğində ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, buna görə də təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını və sonuncudan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə (o cümlədən, istifadələrində olan mobil telefon nömrələrə elektron qaydada sms-bildiriş çatdırılmasına) baxmayaraq, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmişlər. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin yay aylarında özü üçün 400 manata “Mercedes Benz” markalı 24-lük sürət ötürücülü velosiped almışdır. Həmin velosipedi sürərək yaşadığı binanın blokunda saxlamışdır. Velosiped ona məxsus olsa da arada oğlu da həmin velosipedi sürmüşdür. xx.xx.2022-ci il tarixdə o, velosipedi sürüb yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24/42 saylı binanın 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən ümumi dəhlizdə saxlayıb evə getmiş, bir neçə saat sonra yəni saat 14:20-də bloka qayıdan zaman velosipedi saxladığı yerdə aşkar etməmişdir. O, mənzilinin giriş qapısının üstündə quraşdırılmış video kamerada qeydə alınmış görüntüyə baxdıqda isə ona məxsus velosipedin xx.xx.2022-ci il tarixdə, saat 13:53-də blokun ümumi dəhlizinə daxil olan təxminən 25-30 yaşlarında əvvəllər tanımadığı, arıq bədən quruluşlu bir kişinin dəhlizdə olan iki uşaq velospiedindən birini götürüb getməsini görmüşdür. Həmin gün DİN-nin “102” xidmətinə zəng edərək və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gələrək yaşadığı binanın blokunda saxladığı velosipedin oğurlanması barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 400 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. X2 onun böyük oğludur. Təxminən bir il bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən mağazalardan birindən oğlu Əli üçün 330 manat dəyərində bir ədəd “Saft” markalı 26-lıq ölçüdə velosiped almışdır. Həmin velosipedi oğlu Əli hər dəfə sürdükdən sonra yaşadığı binanın qarşısında olan ona məxsus qarajda saxlamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Əli ona demişdir ki, “xx.xx.2022ci il tarixdə velosipedi sürdükdən sonra saat 21 radələrində gətirib yaşadığı binanın blokunda saxlayaraq evə futbola baxmağa getmiş, sonra velosipedin saxladığı yerdə olmadığını görmüşdür”. Bundan sonra onlar velosipedi axtarmağa başlamışlar və tapa bilmədiyi üçün oğurlanmasına tam əmin olduqdan sonra o, DİN-nin “102” xidmətinə zəng edərək və Bakı şəhəri Nizami RPİ-nin 24-cii PŞ-nə gələrək yaşadığı binanın blokunda saxladığı velosipedin xx.xx.2022-ci il tarixdə oğurlanması barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 330 manat məbləğində ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin Cinayət-Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək yaşadığı binanın ümumi dəhlizində saxladığı velosipedinin, ətirlərinin və təmir açarlarının oğurlanması nəticəsində ona 920 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 04 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək yaşadığı binanın birinci girişinin 9-cu mərtəbəsində yerləşən ümumi dəhlizində saxladığı “Mersedes Benz” markalı sürət ötürücülü 24-lük ölçüdə olan velosipedinin naməlum şəxs vəya şəxslər tərəfindən oğurlanması nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bununla bağlı şöbə rəhbərliyinin göstərişinə əsasən Zərərçəkmiş şəxs1 velosipedini, ətirlərini, təmir açarlarını və Zərərçəkmiş şəxs2 “Mersedes Benz” markalı sürət ötürücülü 24-lük ölçüdə olan velosipedini oğurlayan şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tərəfindən əməliyyat-axtarış tədbirlərini keçirilməyə başlamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs1 velosipedini, ətirlərini, təmir açarlarını və Zərərçəkmiş şəxs2 “Mersedes Benz” markalı sürət ötürücülü 24-lük ölçüdə olan velosipedini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunsa da həmin şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. 27 avqust 2022-ci il tarixdə saat 20 radələrində şöbədə işdə olan zaman X4 5-ci patrul bölüyünün polis nəfərləri şöbəyə bir nəfər şəxsi gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 01 avqust 2022-ci il saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 86 saylı binanın blokunda yerləşən ümumi dəhlizdə saxlanılan Zərərçəkmiş şəxs1 məxsus velosipedini, ətirlərini və təmir açarlarını, 04 avqust 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24/42 saylı binanın birinci girişinin 9-cu mərtəbəsində yerləşən ümumi dəhlizində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Mersedes Benz” markalı sürət ötürücülü 24-lük ölçüdə olan velosipedi oğurlamışdır. Bundan sonra bununla bağlı o, raportla rəhbərliyə müraciət etmiş və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələri əsasında toplanmış material baxılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0.215 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 avqust 2022-ci il tarixli, 6/4587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, 0.165 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş və oğurluq etdiyi yerləri əyani qaydada yerində göstərmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 sentyabr 2022-ci il tarixli, 5354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tədqim olunmuş diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində qırmızı hərflərlə “Gold” sözü yazılmış DVD formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, X4 5-ci PB-nin polis nəfərləri polis serjantları Şahid1 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının qabaq sağ cibindən 01 ədəd kəlbətin, arxa sol cibindən 02 ədəd “Leobank” aid kart, 03 ədəd “Bakı kart” kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi və avtomobilinə aid texniki şəhadətnaməni, həmin şalvarın qabaq sol cibindən “Samsung” markalı mobil telefonu, şalvarının sağ kiçik cibindən 05 ədəd mobil nömrələr və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində siqaretin ağ rəngli kağızma bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, göy rəngli cins şalvarının qabaq sağ kiçik cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf sellofan kağızda olan siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisində narkotik vasitə heroindir, 26 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb üzərindən bir az istifadə edərək qalan hissəsini əynində olan şalvarının qabaq sağ kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Sorğu zamanı Təqsirləndirilən şəxs onu da bildirmişdir ki, üzərindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi, avtomobilə aid texniki şəhadətnamə və 05 ədəd mobil nömrələri isə özünə məxsusdur. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 24/22 saylı binanın blokunun 9-cu mərtəbəsində dəhlizdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan ağ rəngli üzərində “PRİNCO” sözü yazılmış bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində əynində boz rəngli cins şalvar, tünd göy rəngli köynək, qara rəngli ayaqqabı olan hündür boylu arıq bədən quruluşlu şəxs binanın birinci girişindən içəri daxil olaraq liftlə binanın 9-cu mərtəbəsinə qalxıb orada olan qara rəngli velosipedi götürüb liftlə aşağı düşərək binanın giriş hissəsindən qara rəngli velosipedlə çıxıb həmin velosipedi sürərək oradan uzaqlaşmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 53 saylı binanın dəhlizindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Saft” markalı velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan ağ rəngli üzərində “BİNGO" sözü yazılmış bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində əynində boz rəngli köynək, göy rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxs binanın giriş hissəsindən qara rəngli velosipedlə çıxıb həmin velosipedi sürərək oradan uzaqlaşmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 47A saylı binanın blokunun 5-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd qara rəngli velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan boz rəngli üzərində “Verbatim” sözü yazılmış bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində əynində qara-boz rəngli köynək, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan arıq bədən quruluşlu, hündür boylu şəxs binanın blokuna daxil olub binanın dəhlizində gəzərək dəhlizdə qoyulmuş qara rəngli velosipedi götürüb minərək binanın giriş hissəsindən həyətə çıxıb həmin velosipedi sürərək oradan uzaqlaşmışdır. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi və əşyanın maddi sübut kimi tanınaraq təhvil verilməsi barədə 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalan 0.165 qram narkotik vasitə heroin, bir ədəd kəlbətin, 05 ədəd mobil telefon nömrəsi, 02 ədəd “Leobank” kartı və 03 ədəd “Bakı kart” kartının iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” təhvil verilməsi, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsinin nəzərə alınması, istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “Gold” sözü yazılmış DVD formatlı disk, 04 avqust 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 24/22 saylı binanın blokunun 9-cu mərtəbəsində dəhlizdən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan ağ rəngli üzərində “PRİNCO” sözü yazılmış bir ədəd DVD formatlı disk, 09 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 53 saylı binanın dəhlizindən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Saft” markalı velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan ağ rəngli üzərində “BİNGO” sözü yazılmış bir ədəd DVD formatlı disk, 21 avqust 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu E.Süleymanov küçəsi 47A saylı binanın blokunun 5-ci mərtəbəsində olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd qara rəngli velosipedin oğurlanmasını əks etdirən videogörüntü olan boz rəngli üzərində “Verbatim” sözü yazılmış bir ədəd DVD formatlı diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarına əsasən cəzası 01 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 20 noyabr 2021-ci il tarixdə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəzalar təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, həmin cəzalar toplanmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 avqust 2022-ci il tarixli protokoldan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2022-ci il və 03 noyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 03 noyabr 2022-ci il tarixli qərarına əsasən cinayət işi məhkəmə baxışına verilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.165 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd kəlbətin və 05 (beş) ədəd mobil telefon nömrəsi məhv edilməli, 02 (iki) ədəd “Leobank” kartı və 03 (üç) ədəd “BakıKART” plastik kartı sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 04 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 22 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 132 (yüz otuz iki) manat (22x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 avqust 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 0.165 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd kəlbətin və 05 (beş) ədəd mobil telefon nömrəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, 02 (iki) ədəd “Leobank” kartı və 03 (üç) ədəd “BakıKART” plastik kartı sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 04 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 22 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 132 (yüz otuz iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar