Məhkəmə qərarları › İş №1(007)-444/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-444/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-444/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs X1 tərəfindən aldadılaraq övladı X5 daha yüngül maddə ilə cinayət məsuliyyətinə cəlb olunmasına köməklik edəcəyi vədi ilə aldığı 4000 manat pulunu ələ keçirilməsini bilib həmin pulu Vidadi Səmədovdan alaraq Zərərçəkmiş şəxs qaytaracağına dair sonuncuya yalan vəd verib aldadaraq etibarından sui istifadə etməklə bu adla Zərərçəkmiş şəxs razılığı ilə X4 Həsənovaya verməsi üçün ona 2021-ci ilin noyabr ayından 6 may 2022-ci il tarixinədək olan müddət ərzində ünvan 2 ünvanda yerləşən “Bizim Marketdə” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan kart hesabına hissə-hissə olmaqla göndərdiyi ümumilikdə 4.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib həmin pulu Zərərçəkmiş şəxs verməyərək Zərərçəkmiş şəxs 4.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 Dursunxanım xanıma görə tanımışdır. Lakin o, Vidadini heç vaxt görməmişdir. Dursunxanım ilə əvvəllər ünvan 3 ünvanında qonşuluqda yaşamışdır. Beləliklə 2021-ci ilin oktyabr ayında o, qonşusu Dursunxanıma zəng edib hal əhval tutduqda telefonda Dursunxanım ona övladı X7 barəsində Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə istintaq olunan cinayət işi 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərildiyini və məhkəmənin hökmü ilə barəsində 9 il 06 ay azadlıqdan məhrum edilməsini bildirmişdir. O bir valideyn kimi oğlu Rəşada istintaqda olan zaman köməklik etmək istədiyini bu məqsəd ilə tanış axtardığını bildirmişdir. Beləliklə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən kafedə qabyuyan işləyən zaman təsadüfən X3 ilə tanış olmuş və Vidadiyə oğlunun işinin yüngülləşdirilməsi ilə bağlı kömək etməsini xahiş etdikdə Vidadi ona heç bir problem olmadığını köməklik edə biləcəyini bildirmişdir. Vidadi bir müddət sonra onunla əlaqə saxlamış və bildirmişdir ki, Rəşadın işini Nizami RPİ-nin İstintaq Şöbəsində danışıb hazırda 13.000 manat pul lazımdır. Dursunxanımda ünvan 4 ünvanında yerləşən mənzilini dəyər dəyməzinə sataraq 4.000 manatını 2021-ci ilin iyun ayının 27-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 26 saylı poliklinikanın yanında Vidadi ilə görüşüb ona vermişdir. Həmin görüşdə Vidadi Dursunxanıma əlavə 7.000 manatını da yaxın günlərdə verməsini bildirmişdir. Rəşadın əməlidə bununlada Azərbaycan Respublikası CM-nin yüngül maddəsinə tövsif olunacağını qeyd etmişdir. Bundan sonra Vidadi Dursunxanımda qalan 7000 manat pulu istədikdə Dursunxanım Vidadiyə iş düzəldikdən sonra pulunu verəcəyini bildirmişdir. Beləliklə Dursunxanım 9 ay gözləmiş lakin ona verilən vədin yerinə yetirilməmisini gördükdə Vidadidən işin nə yerdə olduğunu və nə səbəbə işin düzəlmədiyini soruşduqda Vidadi isə ona bu barədə heçnə bilmədiyini demişdir. Belə olduqda Dursunxanım Vidadidən pulunu ala bilməmişdir. Hər dəfə Vidadidən pulunu istədikdə Vidadi müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etdiyi üçün Dursunxanım ona bu barədə danışmış və xahiş etmişdir ki, o, özü Vidadidən 4.000 manat pulu alsın həmin puldan 1.000 manatını özünə verəcəyini qalanını isə ona verməsini xahiş etdikdə o, Dursunxanım ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin oktyabr ayında o, Vidadinin istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng etmişdir. Telefona özünü Vidadiyə təqdim edərək bildirmişdir ki, Dursunxanımın qonşusudur. Dursunxanımdan almış olduğun 4.000 manat pulu ona verəcəkdir. Vidadi isə telefonda ona demişdir ki, əgər Dursunxanım razılıq versə həmin pulu ona verər. Beləliklə 2021-ci ilin noyabr ayından başlayaraq 2022-ci ilin may ayının 6dək hər dəfə Vidadi ona zəng edib hesab nömrəsi istədikdə o, dost tanışa məxsus müxtəlif kartların nömrələrini Vidadiyə demişdir. Vidadi isə həmin hesab nömrələrinə hissə-hissə olmaqla ümumilikdə 4.000 manat pul göndərmişdir. O, Vidadidən hissə-hissə olmaqla ümumilikdə 4.000 manat pul almışdır. Həmin hesab nömrələrini xatırlamır. Həmin vaxtlarda dost tanışdan kart nömrələrini öyrənib Vidadiyə demişdir.Həmin pullar da hissəhissə gəldiyi üçün şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu dəfə Vidadi ona 700 manat pul göndərmişdir. O, isə həmin pulu 2022-ci ilin may ayının 6-da Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında “Kapital Bank”-dan çıxartmışdır. Hazırda dəymiş ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. X7 onun övladıdır. Oğlu Rəşad barəsində Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə istintaq olunan cinayət işi 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və məhkəmənin hökmü ilə övladı 9 il 06 ay azadlıqdan məhrum edilmişdir. O, bir valideyn kimi oğlu Rəşada istintaqda olan zaman köməklik etmək istəmiş və bu məqsəd ilə tanış axtarmışdır. Beləliklə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən kafedə qabyuyan işləyən zaman təsadüfən X2 tanımışdır. Həmin vaxtı söhbət əsnasında Vidadiyə oğlunun başına gələnlər barədə demiş və ondan övladı Rəşadın işinin yüngülləşdirilməsi ilə bağlı kömək etməsini xahiş etmişdir. Vidadi isə ona heç bir problem olmadığını köməklik edə biləcəyini bildirmişdir. Vidadi bir müddət sonra onunla əlaqə saxlayaraq bildirmişdir ki, Rəşadın işini Nizami RPİ-nin İstintaq Şöbəsində danışıb hazırda 13.000 manat pul lazımdır. O, da özündə nağd pul olmadığı üçün ünvan 4 ünvanında yerləşən mənzilini təcili dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulun 4.000 manatını 2021-ci ilin iyun ayının 27-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 26 saylı poliklinikanın qarşısında Vidadi ilə görüşüb ona vermişdir. Həmin görüşdə Vidadi ona bildirmişdir ki, 7.000 manatını da yaxın günlərdə versin, işdəndə narahat olmasın, Rəşadın törətdiyi əməl Cinayət Məcəlləsinin yüngül maddəsinə tövsif olunacaqdır. Bundan sonra müxtəlif vaxtlarda Vidadi ondan qalan 7.000 manat pulu istədikdə o, Vidadiyə iş düzəldikdən sonra pulunu verəcəyini demişdir. Beləliklə 9 ay gözləmiş lakin ona verilən vədin yerinə yetirilməməsini gördükdə Vidadidən işin nə yerdə olduğunu və nə səbəbə işin düzəlmədiyini soruşduqda Vidadi də heç nə bilmədiyini demişdir. Belə olduqda o, Vidadidən pulunu qaytarmasını tələb etmişdir. Vidadi isə ona pulu yaxın günlərdə qaytaracağına söz vermişdir. Beləliklə övladı Rəşad barəsində toplanmış cinayət işi artıq Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. O, tez-tez Vidadidən pulunu istədikdə Vidadi müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Belə olduqda onunla Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 31 ünvanında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs bu barədə dedikdə Orxan ona narahat olmamasını, pulu alıb qaytaracağına söz vermişdir. O, da Vidadiyə ona çatası olan pulu Orxana verməsini bildirmişdir. Bundan sonra Orxan ona bildirmişdir ki, Vidadi ilə əlaqəni kəssin və danışmasın. Özü işi həll edəcək. O, Orxana inandığı üçün Vidadi ilə heç bir əlaqə saxlamamışdır. Sonradan isə bilmişdir ki, Orxan 2022-ci ilin fevral ayından may ayına qədər olan müddət ərzində Vidadidən 4.000 manat pulu alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir.Orxan isə hazırki vaxtacan həmin 4.000 manat pulun qaytaracağına söz versədə lakin pul qaytarmayaraq onu aldatmışdır. O, 2021-ci ilin iyun ayının 27-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 26 saylı poliklininanın qarşısında Vidadi ilə görüşüb ona 4.000 manat pul vermişdir. Vidadi pulu götürərək ona oğlu Rəşadın barəsində Nizami RPİ-nin İŞ-nin müstəntiq ilə danışacağını və cinayət işi üzrə maddənin daha yüngül maddəyə tövsif etdirəcəyini bildirmişdir. O, Orxandan xahiş etmişdir ki, 4.000 manat pulu Vidadidən alıb ona versin. Əvəzində isə Orxana hörmət edəcəkdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Buna görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 157 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum olunmuşdur. Zərərçəkmiş şəxs təxminən 2021-ci il tarixdən tanıyır. Onu Bakı şəhəri,Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Kür” kafesində qabyuyan işləyən zaman tanımışdır. Belə ki, o, kafedə Dursunxanımla tanış olmuşdur. Söhbət əsnasında Dursunxanıma əvvəllər polis əməkdaşı olduğu haqqında məlumat vermişdir. Beləliklə 2021-ci ilin xatırlamadığı tarixdə o, kafedə olan zaman Dursunxanım ona yaxınlaşaraq övladı X5 barəsində Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işinin istintaq oldunduğunu bildirərək ondan köməklik edib-edə biləcəyini soruşmuşdur. O, isə Dursunxanıma onun övladına köməklik göstərə biləcəyini bildirmişdir. O, Dursunxanıma əvvəl bu işin həll edilməsi üçün 4.000 manat pul istəmişdir. Ona pulu təcili verməsə, artıq hər şeyin gec olacağını bildirmişdir. Dursunxanım təcili özünə məxsus ünvan 4 ünvanında yerləşən mənzilini sataraq 2021-ci ilin iyun ayının 27-də ünvan 7 ünvanında yerləşən 26 saylı poliklinikanın yanında Dursunxanım ilə görüşüb ondan övladı Rəşadın barəsində Nizami RPİ-nin İŞ-də istintaq olunan cinayət işinin yüngül maddəyə tövsif etdirmək məqsədi ilə 4.000 manat pulu almışdır. Həmin pulu qəbul etdikdən sonra heç kimlə görüşməmiş və 4.000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Dursunxanım ondan işin nə yerdə olmasını soruşduqda ona işin həll olunması üçün çalışdığını bildirmişdir. Bir müddət sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Sonradan məhkəmə prosesində Rəşadın işinin həll olunması üçün ümumilikdə Dursunxanımdan 13.000 manat pul istəmişdir. Lakin Dursunxanım imkanının olmamasını əsas gətirərək mümkün daxilində aşağı qiymət çərçivəsində həll olunmasını xahiş etdikdə 8.000 manat pula razılaşmışdır. Bundan bir qədər sonra Rəşad Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilmişdir. Belə olan halda Dursunxanım ona vermiş olduğu 4.000 manat pulunu geri istəmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Dursunxanıma həmin pulu düzəldib verə bilməmişdir. Beləliklə 2021-ci ilin oktyabr ayında istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng gəlmişdir. O, telefona cavab verdikdə özünü ona Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs bildirmişdir ki, Dursunxanımın qonşusudur. O, Dursunxanımdan almış olduğu 4.000 manat pulun ona verilməsini bildirdikdə o, telefonda Orxana əgər Dursunxanım razılıq versə həmin pulu ona verəcəyini demişdir. Bu vaxtı Dursunxanım mobil telefonu götürərək 4.000 manat pulu Orxana verməyini bildirmişdir. O, isə razılaşmışdır. Bundan sonra 2021-ci ilin noyabr ayından başlayaraq 2022-ci ilin may ayının 6-dək hər dəfə müxtəlif məbləğlərdə pulları Orxanın ona təqdim etdiyi xatırlamadığı hesab nömrələrinə Nizami rayonu ərazisində yerləşən Bizim Marketdə olan ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Ümumilikdə o, Orxana 4.000 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Orxan ondan almış olduğu 4.000 manat pulu Dursunxanıma verməmişdir. O, Dursunxanımdan həmin pulu almaqda məqsədi onun övladı Rəşad barəsində Nizami RPİnin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə olan cinayət işinin daha yüngül maddəyə tövsif etdirmək olmuşdur. Lakin onun belə işə köməklik etmək barədə heç bir səlahiyyəti olmamışdır. O, 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayının 6-dək hər dəfə müxtəlif məbləğlərdə pulları Orxanın ona təqdim etdiyi xatırlamadığı hesab nömrələrinə Nizami rayonu ərazisində yerləşən “Bizim Marketdə olan ödəmə terminalı vasitəsi ilə ümumilikdə 4.000 manat pul göndərmişdir. Sonuncu 700 manatı X8 xatırlamadığı kartına göndərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -07 dekabr 2022-ci il tarixli edilmiş protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən 26 saylı poliklinikanın qarşısıdır. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 144.3, 182.3.2, 182.3.3-cü maddələri ilə, həmin Məcəllənin 62 və 66.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 27 dekabr 2022-ci il tarixli 12750 nömrəli məktubundan görünü ki, xx xxxxxx 1984-cü il təvvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 19 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar