Məhkəmə qərarları › İş №1(007)-448/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-448/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-448/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, İ.Səfərəlibəyov küçəsi, ev 1, mənzil 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 29 fevral 2024-cü il tarixdə, saat 01:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 42 ünvanının qarşısındakı səkidə piyada hərəkət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sol əlində tutduğu içərisində Zərərçəkmiş şəxs məxsus 6 manat dəyərində şəxsiyyət vəsiqəsi, 80 manat dəyərində sürücülük vəsiqəsi, maddi dəyəri olmayan 2 ədəd VÖEN, balansında 5 manat pul olan 2 manat dəyərində 1 ədəd “Bakı kartı”, üzərində 10 manat dəyərində 050 *** ** ** və 8 manat dəyərində 055 *** ** ** saylı nömrələr olan 650 manat dəyərində “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN” modelli mobil telefon olan 10 manat dəyərində qara rəngli dəri materialdan kiçik əl çantasını dartıb əlindən alıb oradan qaçıb uzaqlaşmaqla açıq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 771 manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmamış, həmişə müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. 9 yaşlı qızında anadangəlmə ürək qüsuru olduğu üçün 3 il əvvəl əməliyyat olunmuş, həmçinin 1 il əvvəl də əməliyyat yolu ilə ödü çıxarılmışdır. Bununla bağlı qızı daimi olaraq müalicələr alır və dərmanlar qəbul edir. 2024-cü il fevral ayının ortalarından etibarən iş olmadığı üçün işləyib pul qazana bilməmişdir. Qızının dərmanlarını almaq üçün bir neçə nəfərdən pul istəsə də, ona pul verən olmamışdır. Təxminən 60 manat dəyərində olan dərmanı əldə etmək üçün də bir yol axtarmışdır. X5 qəsəbəsində olan çörək zavodunda fəhlə kimi işləyib yük maşınlarından un kisələri boşaltmışdır. 28 fevral 2024-cü il tarixdə də axşamüstü həmin zavodda iş olub-olmamasını yoxlamaq üçün Yeni Günəşli qəsəbəsinə gəlmişdir. Nə zavodda, nə də baxdığı digər yerlərdə iş tapa bilməmişdir. Bundan sonra artıq gecə saatlarında yol pulu olmadığı üçün piyada “Koroğlu” metrostansiyası istiqamətində getmişdir. Məqsədi “Koroğlu” metrostansiyasından Pirşağı qəsəbəsinə gedən təsadüfi avtomobillərdən onu həmin qəsəbəyə aparmalarını xahiş etməsi olmuşdur. Artıq 29 fevral 2024-cü il tarixdə, gecə saat təxminən 01 radələrində “Neftçilər” metrostansiyasının yanından keçəndə üzü “Qara Qarayev” metrostansiyası istiqamətində yolun sol tərəfində köməkçi yol ilə 2 nəfər yaşlı kişinin getdiklərini görmüşdür. Onlardan sol tərəfdə olan kişi sol əlində kiçik ölçülü əl çantası tutmuşdur. Həmin əl çantasında pul olacağını düşünüb onu ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə həmin kişilərin arxası ilə hərəkət edərək əl çantasını ələ keçirmək üçün münasib yer və şərait axtarmağa başlamışdır. “Bolmart” marketini keçdikdən bir qədər sonra irəlidəki işıqfora çatmamış ətrafda heç kimin olmadığını görüb cəld hərəkətlə arxadan həmin sol tərəfdə olan kişiyə yaxınlaşıb sol əlində tutduğu əl çantasını dartıb əlindən alaraq sol tərəfdə olan yaşayış binalarına doğru qaçmağa başlamışdır. Həmin 2 kişi arxasınca qışqırıb dayanmağını tələb etmələrinə baxmayaraq o, dayanmamış və qaçıb hadisə yerindən uzaqlaşmışdır. Ümumiyyətlə, geriyə baxmadığı üçün həmin 2 nəfərin onun arxasınca gəlib-gəlmədiklərini bilməmiş, lakin səslərini eşitmişdir ki, onlar onun dayanmağını tələb etmişlər. O, binaların arasında qara rəngli əl çantasını açıb içərisinə baxdıqda orada bir ədəd “Samsung” markalı mobil telefon və şəxsi sənədlər olduğunu görmüş, çantada pul olmamışdır. Telefonu satıb pul əldə etmək məqsədilə özünə götürmüş, digər şəxsi sənədlərlə əl çantası ona lazım olmadığından yolda xatırlamadığı yerdə onları tullamışdır. Piyada “Koroğlu” metrostansiyasına çataraq Pirşağı qəsəbəsi istiqamətində hərəkət edən avtomobildən onu pulsuz aparmasını xahiş etmişdir və həmin avtomobil də onu pulsuz aparmışdır. O, evinə gedərək ələ keçirdiyi telefonu gizlətmiş və ailə üzvlərinə bu barədə məlumat verməmişdir. Səhəri günü yaşadığı qəsəbədə fəhlə işi düşdüyündən işləyib 30 manat pul qazanmışdır. Həmin günü də ələ keçirdiyi mobil telefonun üzərində olan mobil nömrələri qırıb tullamış və telefonun yaddaşında olan proqramları pozmuşdur. 02 mart 2024-cü il tarixdə əvvəllər öz mobil telefonunu girov qoyub pul götürdüyü “20 Yanvar” metrostansiyasının yaxınlığında “Şamaxinka” yolunun üstündəki lombarda getmiş və ələ keçirdiyi “Samsung A21” markalı mobil telefonu həmin lombarda öz telefonu kimi təqdim edib girov qoyaraq 80 manat pul götürmüşdür. Oradan yaşadığı Pirşağı qəsəbəsinə gəlmiş və qəsəbənin mərkəzindəki aptekdən pulun 60 manatına qızı üçün dərman almış, 20 manatını isə digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra qəsəbə sakinlərindən artıq polislərin onu axtardığını eşitmiş və lombarddan həmin telefonu götürmək qərarına gəlmişdir. Həmin vaxtı o, Sabirabad rayonunda fəhlə işi görmüşdür. Ona görə də anasından xahiş etmişdir ki, lombarddan telefonu götürməkdə ona maddi köməklik etsin və anası da lombardın pulunu düzəldib həyat yoldaşına vermiş, həyat yoldaşı lombarda gedib götürdüyü pulu faizi ilə birlikdə ödəyərək telefonu girovdan çıxardıb gətirib evə qoymuşdur. 27 mart 2024-cü il tarixdə Pirşağı qəsəbəsində polis əməkdaşları onu saxlamış və o, oğurladığı telefonu könüllü olaraq polislərə təqdim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Əməlindən peşmandır. Himayəsində müalicəyə ehtiyacı olan övladının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən "Qazilər kafesi" adlı restoranı icarə əsasında işlədir. 28 fevral 2024cü il tarixdə, saat 21:00 radələrində qardaşı Şahid2 iş yerinə gəlmişdir və qardaşı ilə birlikdə işlətdiyi restoranda yeyib-içmişlər. Yemək yeyən zamanı da spirtli içki qəbul etmişlər. Artıq 29 fevral 2024-cü il tarixdə, saat 01:00 radələrində o, qardaşı Həsənəli ilə birlikdə işdən çıxıb Qara Qarayev prospekti ilə yolun sol tərəfindəki köməkçi yolda piyada hərəkət etməyə başlamışlar. Qardaşı Həsənəli onun sağ tərəfində olmaqla onlar piyada hərəkət etmişlər. Onun sol əli cibində imiş və sol qol nahiyəsində də qoltuq altı hissədə qara rəngli əl çantasını saxlamışdır. Həmin əl çantasının içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 2 ədəd VÖEN, 1 ədəd “Bakıkart”ı, bir ədəd də üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan "Samsung Galaxy A 21" markalı mobil telefonu olmuşdur. Saat 01:15 radələrində qardaşı Həsənəli ilə birlikdə Qara Qarayev prospekti, 42 ünvanında piyada hərəkətdə olan zaman “Bolt” ofisinin qarşısında arxadan gələn bir nəfər qəfildən sol əlində tutduğu əl çantasını əlindən dartmaqla alıb sol tərəfdə olan yaşayış binalarına doğru qaçmağa başlamışdır. Həmin oğlan təxminən 30 yaşında, orta boylu, normal bədən quruluşlu olmaqla əynində də qara rəngli gödəkcə, başında papaq və göy rəngli şalvar olmuşdur. O və qardaşı Həsənəli birlikdə həmin şəxsin arxasınca bir qədər gedib bir neçə dəfə onu səsləyərək dayanıb çantasını qaytarmağını istəmişlər, lakin həmin şəxs dayanmayıb hərəkətini davam etdirib qaçaraq onlardan uzaqlaşmışdır. Ona qarşı cinayət törətmiş Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir, onun bu hadisə ilə bağlı şikayət və tələbi yoxdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı həmin şəxs ona qarşı heç bir zor tətbiq etməmiş, eləcə də ona qarşı heç bir hədə-qorxu gəlməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə görə onun "Samsung Galaxy A 21" markalı mobil telefonuna qoyulmuş 120 manat qiymətlə razı deyil, ekspert onun telefonuna hədsiz dərəcədə aşağı qiymət qoymuşdur. Onun mobil telefonunun ələ keçirilməsi ilə bağlı ona 650 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla rəsmi nikahdan iki övladları var. 2024cü ilin mart ayında evlərinə Nizami rayon Polis İdarəsinin əməkdaşları gəlib Sərxanı soruşmuşlar, həmin vaxt Sərxan evdə olmamış, rayona fəhlə işləmək üçün getmişdir. Ona məlum olmuşdur ki, Sərxan kiminsə mobil telefonunu əlindən alıb ələ keçirmişdir. Sonra onlar Sərxanla danışanda ona etiraf etmişdir ki, həqiqətən də qızlarının dərmanlarını almağa pulu olmadığı üçün belə bir iş tutmuş və bir nəfərin əlindən telefon alaraq sonra telefonu “Şamaxinka” tərəfdə lombarda girov qoyub 80 manat pul götürmüşdür. Sərxan bildirmişdir ki, telefonu lombarddan götürüb qaytarmaq lazımdır, buna görə də o, qaynanasından xahiş etmiş və qaynanası ona 100 manat pul vermişdir. O, Sərxanın dediyi ünvana gedib lombardı tapmış və ora 100 manat ödəyib "Samsung A21" markalı telefonu girovdan çıxardıb evə gətirmişdir. Sonra Sərxan polis əməkdaşları tərəfindən saxlanılanda o, telefonu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə onun başqa məlumatı olmamış, Sərxan bu iş barədə ona əvvəlcədən hər hansı məlumat verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-106/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Əflatun Səlimovun vəsatəti və onunla bağlı Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayevin təqdimatı təmin edilməmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/2607 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Galaxy A 21s” markalı, “SM-A217F/DSN” model mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarlarının olmaması, istifadədə olması (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və sair nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 120.00 manat müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir ədəd göy rəngli korpusu olan “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN” modelli mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası tərəfdən Qara Qarayev prospekti 42 ünvanı istiqamətində gələn yolda olan müxtəlif obyektlərin müşahidə kameralarının görüntülərinin köçürüldüyü “CD” diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… 3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...

7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, yeni yaşayış massivi, nömrəsiz evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübut olan bir ədəd “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN” modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 32 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 192 (bir yüz doxsan iki) manat (32x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli Sovxoz, yeni yaşayış massivi, nömrəsiz evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan “Samsung Galaxy A21s” markalı, “SM-A217F/DSN” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 192 (bir yüz doxsan iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar