Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-449/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1985-ci ildə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə saat 05 radələrində ünvan 2 ünvanında saxlanılan Şahid məxsus ağ rəngli “BMW” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsini yerdən götürdüyü daş parçası ilə vurub sındıraraq avtomobilin salonundan sonuncunun tanışı Zərərçəkmiş şəxs1 məxsus içərisində 1000 manat dəyərində “Lenovo” markalı noutbook, 2000 manat nağd pul olan 50 manat dəyərində bir ədəd yaşıl rəngli çantanı və 50 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanının qarşısına gəlib həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Toyota Corolla” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidli olmayan qabaq sol qapısını açaraq avtomobilin qabaq oturacaqlarının arasında olan əlaltıdan 1400 manat nağd pulu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 aprel 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanının qarşısına gəlib həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Toyota Corolla” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını üzərində gəzdirdiyi açarla açaraq avtomobilin qabaq oturacaqlarının arasında olan əlaltıdan 400 manat nağd pulu gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Qara Qarayev prospekti 94 ünvanının qarşısında dayanmış qırmızı rəngli “Toyota” markalı avtomobildən iki dəfə ayrı-ayrı tarixlərdə oğurluq etmişdir. Birinçi dəfə 1400 manat, ikinçi dəfə 400 manat pul oğurlamışdır. Pullar avtomobilin salonunda olan qabaq oturacaqların arasında olan saxlanc yerində olmuşdur. Oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda pulu olmadığı üçün zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilmir. O, azad olunarsa işləyib zərərçəkmiş şəxsin pulunu qaytarar. Bundan başqa o, nə “BMW” markalı avtomobildən, nə də ki, hər hansı bir yerdən oğurluq etməmişdir. İstintaqda dəfələrlə bunu bildirsə də, müstəntiq buna məhəl qoymamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində işdən çıxıb evə gəlmiş, özünə məxsus “Toyota” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayaraq evə getmişdir. Həmin gün işdən aldığı 1400 manat pulu avtomobilin salonunda olan qabaq oturacaqların arasındakı, adətən daraq və ətir qoyduğu yerə qoymuşdur. Sonra evə gedəndə həmin pulu özü ilə götürməmişdir. Bayram günləri olduğundan 2-3 gün özünə məxsus avtomobili yaşadığı binanın qarşısından çıxarmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində avtomobilinə yaxınlaşıb qapısını açıb əyləşən zaman qabaq oturacaqların arasındakı yerə qoyduğu 1400 manat pulunu götürmək istədikdə yerində olmadığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdə işdən qayıdan zaman zəhmət haqqı olaraq aldığı 400 manat pulu yenə avtomobilinin salonunda olan qabaq oturacaqların arasındakı yerə qoymuşdur. Saat təxminən 19 radələrində işdən evə gələn zaman özünə məxsus avtomobili yenidən binanın qarşısında saxlayıb evə getmiş, evə gedən zaman unudub pulu özü ilə götürməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində işə gedən zaman avtomobilinə yaxınlaşıb qapısını açmaq istədikdə qapını aça bilməmişdir. Bir qədər sonra avtomobilin qapısını açmış, avtomobilə əyləşib pulunu götürmək istədikdə yerində olmadığını aşkar etmişdir. İlk oğurluq hadisəsi nəticəsində ona 1400 manat manat, ikinci oğurluq hadisəsi zamanı isə 400 manat maddi ziyan dəymişdir. Baş vermiş oğlurluq hadisələri nəticəsində ona ümumimlikdə 1800 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 09 yanvar 2023-cü il tarixdə dostu Şahid məxsus “BMW” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən çıxıb birlikdə yaşadıqları ünvan 4 ünvana çatdıqda o, özünə məxsus 50 manat dəyərində bir ədəd yaşıl rəngli çanta, içərisində 2.000 manat nağd pul, 1000 manat dəyərində “Lenovo” markalı noutbook və 50 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefon olan çantasını avtomobilin salonunda qoymuşdur. Sağollaşdıqdan sonra İskəndər evə qalxmış, o isə, yaşadığı mənzilə getmişdir. Növbəti gün, yəni 10 yanvar 2023-cü il tarixdə səhər saatlarında İskəndərlə işə getmək üçün avtomobilin yanına gəlmiş, avtomobilin qabaq sağ tərəfdən şüşəsinin sınmasını görmüş və dərhal İskəndərə zəng edib məlumat vermişdir. Bir az keçmiş İskəndər də gəlmişdir. Onlar birlikdə avtomobilin qapılarını açıb içərisinə baxdıqda ona məxsus, içərisində 50 manat dəyərində bir ədəd yaşıl rəngli çanta, 2.000 manat nağd pul və 1000 manat dəyərində “Lenovo” markalı noutbook, eyni zamanda 50 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefon olan çantasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. O, baş vermiş hadisə barədə DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermiş, bir müddət sonra hadisə yerinə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gəlmişlər. Baş vermiş hadisə zamanı ona ümumilikdə 3100 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - ********* saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda ********* saylı nömrə altında istintaq aparılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs “BMW” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməklə cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşman olmasın cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20,346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (bir yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-449/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-449/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver