Məhkəmə qərarları › İş №1(007)-449/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-449/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-449/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1966-cı il tarixdə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Quycaq kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində nömrəsiz evdə yaşayan, 24 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,883 qram psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımış, 24 aprel 2025-ci il tarixdə, saat 19:40-da Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli olduğundan saxlanılaraq üstündə yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,883 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir, psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Sonuncu dəfə 24 aprel 2025-ci il tarixdə, saat 14 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 01 ədəd bükümdə 10 manata “patı” kimi tanıdığı metamfetamin alaraq üzərində saxlamışdır. Həmin tarixdə, saat 19:40 radələrində ünvan 1 ünvanının qarşısında piyada hərəkət edərkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nizami RPİ-nin 25-ci PŞ-nin polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək hüquqları izah edilməklə üzərində videoçəkiliş vasitəsi ilə yoxlama aparılacağı qeyd edilmişdir. O isə buna etiraz etməmişdir. Daha sonra ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək “patı” kimi bildiyi maddə olduğunu qeyd etmişdir. Aşkar edilmiş büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, imzalarla təsdiq edilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən yoxlama aparılsa da üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra o, 25-ci PŞ-nə dəvət edilmiş və orada yenidən hüquqları izah edilməklə müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin KCM-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 aprel 2025-ci il tarixdə “Sələddin” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə 25-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə “Sələddin” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 24 aprel 2025-ci il tarixdə, saat 19:40-da o, həmçinin Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə kiçik əməliyyat müvəkkili Şahid3 “Sələddin” adlı şəxsin ünvan 1 ünvanının qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Daha sonra isə hüquqlarını izah edərək videoçəkiliş vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək həmin ünvanda üzərində yoxlama aparılacağını “Sələddin” adlı şəxsə bildirdikdə o, etiraz etməmiş və özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra isə ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək “patı” kimi bildiyi maddə olduğunu, şəxsi istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 10 manata aldığını qeyd etmişdir. Həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, imzalarla təsdiq edilmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən protokol Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə kiçik əməliyyat müvəkkili Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin C A üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı, 24 aprel 2025-ci il tarixdə saat 19:40-da ünvan 1 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Təqdim edilmiş bir ədəd büküm sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə bir ədəd zərfdə qablaşdırıldı, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 9) - 24 aprel 2025-ci il tarixli və 25 aprel 2025-ci il tarixli protokollardan görünür ki, 24 aprel 2025-ci il tarixdə saat 19:40-da ünvan 1 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd zərf bağlı, üzəri möhürlənmiş və imzalanmış vəziyyətdə olmuş, zərfin tamlığı pozulmamışdır. 1 ədəd DVD-yə kompüterdə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunan maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin psixotrop maddə olması barədə bildirməsi əksini tapmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Diskdə olan görüntülərə 25 aprel 2025-ci il tarixdə müstəntiq tərəfindən şübhəli şəxsin və müdafiəçinin iştirakları ilə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 13, 65) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 25 aprel 2025-ci il tarixli 6/1552 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün N165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,883 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindır. Metamfetaminin təmiz çəkisi 0,883 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,833 qram qalıq qalmışdır. (i.v. 47-50) - 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 24 aprel 2025-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 66) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 aprel 2025-ci il tarixli, 2352 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 96-97) - 23 may 2025-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, X1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,883 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 0,833 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, içərisində videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 122-127) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) - 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi və Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 83-85) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 86-87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 101- 103, 105-108) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 24 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə yekun məhkəmə aktının çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,833 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 23 iş saat göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 253 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar