Məhkəmə qərarları › İş №1(007)-45/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-45/2020

09.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-45/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Salmanov Surac Çingiz oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 16 radələrində satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,185 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq idarə etdiyi tanışı Şahid3 məxsus “VAZ-2106” markalı, **- GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində hərəkətdə olarkən həmin küçədə yerləşən məscidin yaxınlığında, üzərində narkotik vasitə və silah gəzdirməsi barədə əməliyyat məlumatı əsasında xidməti vəzifələrini yerinə yetirən, hakimiyyət nümayəndələri olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis mayoru Zərərçəkmiş şəxs4, polis mayoru Zərərçəkmiş şəxs3, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və polis baş leytenantı Zərərçəkmiş şəxs2 əməliyyat-axtarış tədbiri keçirmələri məqsədi ilə idarə etdiyi avtomobili saxlatdırıb ona yaxınlaşaraq özlərini təqdim etməklə avtomobildən düşməsini tələb etdikdə, o, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərib avtomobili arxaya və irəli hərəkət etdirərək oradan yayınmaq istəmiş, bu zaman avtomobilin sol ön təkəri ilə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 sol ayağının üzərindən keçərək sol ayaq pəncəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmiş, avtomobilin qarşısı və arxası polis əməkdaşlarının idarə etdikləri avtomobillərlə kəsildiyi üçün hadisə yerindən yayına bilməyib polis əməkdaşlarına fəal şəkildə müqavimətini davam etdirməklə avtomobildən düşməyərək qapı və pəncərələrin şüşələrini bağlamış, əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 onun avtomobildən düşmədiyini görüb sağ əli ilə sürücü tərəfdən avtomobilin yan şüşəsini yumruğu ilə vurub sındıraraq avtomobilin qıfılında olan açarını dartıb çıxarmaq istəyərkən Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən sağ qolunu dişləyib ona sağ saidin arxa səthinin dairəvi sıyrıq və qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 avtomobilin açarını qıfıldan çıxartdıqdan sonra o, avtomobildə olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs2 sağ əlinə vuraraq sağ əlinin arxa səthinin 3 ədəd səthi kəsilmiş yarası, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman polis əməkdaşı Zərərçəkmiş şəxs1 sürücü tərəfdən avtomobilin arxa qapısını açaraq, digər polis əməkdaşları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 isə sərnişin Şahid3 avtomobildən yerə düşürüb sərnişin tərəfdən avtomobilə daxil olaraq onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışmış, Zərərçəkmiş şəxs2 əlində olan bıçağı almağa nail olub yerə tulladıqdan sonra o, şalvarının sol bel tərəfindən odlu və soyuq silah hesab edilməyən “T03 6768” nömrəli, “Baikal MP-654K” modelli təlim-məşq təyinatlı pnevmatik tapançanı çıxararaq Zərərçəkmiş şəxs2 üzərinə tuşlamaqla sonuncunu xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə hədəsi ilə hədələmiş, polis əməkdaşları onu zərərsizləşdirib Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirdikdə o, orada könüllü olaraq üzərində saxladığı 0,185 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əynindəki cins şalvarın sol arxa cibindən çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1 və 315.2-ci maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qonşusu Şahid3 avtomobilini təmir etdirmək üçün gedəcəyini bildirərək onun da onunla birlikdə getməyini xahiş etmiş, o, razılaşmışdır. O, saat 16 radələrində Natiqə məxsus “VAZ-2106” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “İlahə” gözəllik salonunun qarşısında dar yolda sağa keçmişdir ki, “CİP” markalı avtomobil keçsin. Qəfildən avtomobilin qarşısını polis əməkdaşları kəsərək onlara yaxınlaşmışlar. O, əvvəlcə onların polis əməkdaşları olduqlarını bilməmişdir. Polis əməkdaşları avtomobilə yaxınlaşdıqlarına görə həyəcanlanmış və özündən asılı olmadan avtomobilin qapılarını bağlamışdır. Zərərçəkmiş şəxs2 avtomobilin şüşəsini sındırıb əli ilə onu boğmuşdur. O, nəfəs ala bilmədiyi üçün və özünü qorumaq məqsədilə Zərərçəkmiş şəxs2 əlini dişləmişdir ki, onu buraxsın. Zərərçəkmiş şəxs2 əlindəki xəsarətlər avtomobilin şüşəsini sındırdığı üçün yaranmışdır. Onu döyə-döyə avtomobildən yerə düşürmüşlər. Avtomobildə tapança və bıçaq olmuş, lakin həmin tapança və bıçaq ona məxsus olmamış, onun üzərində olmamışdır. O, polis əməkdaşlarının üzərinə tapança və bıçaq çəkməmiş, onlara xəsarət yetirməmişdir. Onun əgər polis əməkdaşlarına müqavimət göstərmək niyyəti olsaydı onlara yol verməzdi. Onun polis əməkdaşlarından qaçmaq niyyəti olsaydı arxaya doğru qaça bilərdi. Natiq bıçağı hadisədən bir gün əvvəl avtomobildə şunur kəsmək üçün anasından istədiyini və bıçağın yadından çıxaraq avtomobildə qaldığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ayağını avtomobillə əzdiyini 23-cü PB-də bilmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Nizami RPİ-nin 23-cü Polis Bölməsində döyüldüyü üçün üzərindən narkotik vasitə olan heroin çıxdığını bildirmişdir. Məhkəmədən qərar qəbul edilərkən cavanlığının, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs4 əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsindəki məscidin yaxınlığında mütəmadi olaraq üzərində narkotik vasitə və silah gəzdirməsi barədə əməliyyat məlumatı əldə etmiş, həmin məlumat əsasında o, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə əməliyyat tədbirinə gedən zaman bölmənin digər əməliyyat müvəkkili Zərərçəkmiş şəxs3 da onlarla əməliyyat tədbirinə gəlmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs3 onlara kömək edə biləcəyini, həmçinin əməliyyat tədbirindən asılı olaraq onun avtomobilinin onlara lazım olacağını ehtimal edərək Zərərçəkmiş şəxs3 da onlarla gəlməsinə razılıq vermişlər. xx.xx.2019-cu il tarixdə günorta saat təxminən 15-də Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 “X11” markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə, o və Zərərçəkmiş şəxs1 isə “Mercedes C Class“ markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə əməliyyat-axtarış tədbirinə getmişlər. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığına çatan zaman Təqsirləndirilən şəxs və Keşlə qəsəbə sakini Şahid3 adlı şəxsin “Vaz 2106” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyini görmüşlər. Avtomobillərlə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön və arxasını kəsərək avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşdıqda Təqsirləndirilən şəxs avtomobili onların üzərinə sürmüşdür. O və digər polis əməkdaşları Valehin idarə etdiyi avtomobilə yaxınlaşıb özlərini təqdim edərək avtomobildən düşməsini bildirmişlər. Valeh avtomobili dala-qabağa hərəkət etdirib oradan qaçmaq istəyən zaman avtomobillə onun sol ayağının üzərindən keçmiş, avtomobilin qarşısını və arxasını avtomobillərlə kəsdikləri üçün Valeh avtomobillə qaça bilməmişdir. Nə qədər çalışsalar da Valeh avtomobilin qapısını açmayaraq avtomobildən düşməmiş, məcburiyyət qarşısında qalıb avtomobilin sürücü tərəfdən şüşəsini yumruqla vurub sındıraraq əlini avtomobilin açarına atıb açarı çıxarmaq istəyən zaman Valeh onun sağ qolunu dişləmiş, avtomobilin açarını çıxaran zaman Valeh avtomobilin ön oturacaqlarının arasında olan, qolun qoyulması üçün nəzərdə tutulan yerdən bıçaq çıxararaq onun sağ qolunun said nahiyəsinə xəsarət yetirmişdir. Avtomobilin qapısını açaraq Valehi yerə düşürmək istəyən zaman Valeh sol əlini sol tərəfdən bel nahiyəsinə ataraq tapança çıxarıb ona tərəf tutmuşdur. Bu zaman o, Valehin əlindən tapançanı alıb yerə tullamış, sonra Valehi yerə düşürüb **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib polis bölməsinə gətirmişdir. Şahid3 isə “X11” markalı avtomobillə polis bölməsinə gətirilmişdir. Bölmədə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cins şalvarının sol arxa cibindən siqaret qutusunun gümüşü kağızına bükülmüş büküm çıxararaq narkotik vasitə olduğunu və NZS qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunda ifadə vermiş və Təqsirləndirilən şəxs qarşı şikayəti olduğunu bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs4 əməliyyat məlumatı əsasında əvvəllər Azərbaycan Respublikası CMnin müxtəlif maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsindəki məscidin yaxınlığında mütəmadi olaraq üzərində narkotik vasitə və silah gəzdirdiyi barədə məlumat əldə etmiş, həmin məlumat əsasında bölmənin əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə əməliyyat tədbirinə gedən zaman o da əməliyyat tədbirinə gedərək onlara kömək etmək istədiyini bildirmiş, əməliyyat qrupu onun da gəlməyinə razılıq verdikdən sonra həmin tarixdə günorta saat təxminən 15də o və Zərərçəkmiş şəxs4 “X11" markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə “Mercedes C Class" markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə əməliyyat-axtarış tədbirinə getmişlər. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığına gələn zaman Təqsirləndirilən şəxs və sonradan Keşlə qəsəbə sakini Şahid3 olduğunu bildikləri şəxsin “Vaz 2106" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyini görmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön və arxasını kəsərək onu avtomobili saxlamağa məcbur etmişlər. Təqsirləndirilən şəxs məcbur olub avtomobili saxlamış, onlar da avtomobilləri saxlayıb avtomobildən yerə düşmüşlər. Mir-X9 Nəsibov Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşan zaman Valeh avtomobili onların üzərinə sürmüşdür. Valeh polis əməkdaşlarının avtomobilin qarşısından çəkilmədiklərini görüb avtomobili saxlamış, onunla Zərərçəkmiş şəxs4 sərnişin olan tərəfdən avtomobilə yaxınaşıb özlərini təqdim edərək Natiqə avtomobilin qapısını açmasını bildirmişlər, Natiq avtomobillərin onların avtomobilini sıxışdırdığını görüb sanki donub qalmışdır. Zərərçəkmiş şəxs1 Mir-Ülfətlə birlikdə avtomobilin sürücü olan tərəfindən Valehə yaxınlaşıb özlərini təqdim edərək ona avtomobildən düşməsini bildirmişlər, onlar avtomobilə yaxınlaşana qədər Təqsirləndirilən şəxs avtomobilin qapı və şüşəsini bağlamış, sərnişin tərəfdən də avtomobilin qapısı və şüşəsi bağlı olmuşdur. Valeh onunla Qismətin sərnişin tərəfdən qapını açmağa çalışdıqlarını görüb Natiqə qışqıraraq qapını və şüşəni açmamasını tapşırmış, Valehə avtomobildən düşməsini bildirən zaman Valeh avtomobili dala-qabağa hərəkət etdirib oradan qaçmaq istəmiş, bu zaman onlar avtomobildən bir az kənarlaşmışlar. Valeh avtomobili dala-qabağa hərəkət etdirən zaman avtomobilin təkəri Mir-Ülfətin sol ayağının üzərindən keçmişdir. Valehin idarə etdiyi avtomobilin qarşısını və arxasını avtomobillərlə kəsdikləri üçün Valeh qaça bilməmişdir. Vüqarla Mir-Ülfət avtomobilin qapılarını açmağa çalışsalar da buna nail ola bilməmişlər. Valeh avtomobildən düşməmiş, Zərərçəkmiş şəxs2 məcburiyyət qarşısında qalıb avtomobilin sürücü tərəfdən yan şüşəsini sağ əlinin yumruğu ilə vurub sındırmış və əlini avtomobilin açarına atıb açarı çıxarmaq istəyən zaman Valeh onun sağ qolunu dişləmiş, buna baxmayaraq Mir-Ülfət avtomobilin açarını çıxarmağa davam edən zaman Valeh avtomobilin ön oturacaqlarının arasında olan, qolun qoyulması üçün nəzərdə tutulan yerdən bıçaq çıxararaq Mir-Ülfətin sağ qoluna xəsarət yetirmişdir. Bu zaman Vüqar avtomobilin sınmış şüşəsindən əlini salıb arxa qapını açıb arxadan Valehi tutmuş, o, Qismətlə birlikdə Natiqin üzərinə qışqıraraq qapını açmasını bildirmişlər. Natiq qapını açan zaman onu yerə düşürüb, Valehin əlində olan bıçaqla Mir-Ülfətə növbəti xəsarət yetirməsinə mane olmaq üçün Valehin bıçaq olan qolunu tutmuş, Mir-Ülfət Valehin əlində olan bıçağı alıb kənara ataraq avtomobilin qapısını açıb Valehi yerə düşürmək istəyən zaman Valeh əlini sol tərəfdən bel nahiyəsinə ataraq tapança çıxarıb Mir-Ülfətin üzərinə tutmuşdur. Mir-Ülfət cəld davranıb Valehin əlindən tapançanı alıb yerə tullamışdır. Sonra Valeh avtomobildən yerə düşürülərək **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid3 isə onun idarə etdiyi “X11” markalı avtomobillə polis bölməsinə gətirilmişlər. Bölmədə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cins şalvarının sol arxa cibindən siqaret qutusunun gümüşü kağızına bükülmüş büküm çıxararaq narkotik vasitə olduğunu, həmin narkotik vasitəni NZS qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunda ifadə vermiş və Təqsirləndirilən şəxs qarşı şikayəti olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü şəhər istiqamətinə piyada hərəkət edən zaman 23-cü Polis Bölməsinin adını xatırlamadığı əməkdaşı onu yanına çağıraraq şübhəli şəxs qismində saxlanılmış bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini təklif etmiş, o, razılaşmışdır. 23-cü PB-nin xidməti otaqlarının birində onun, dəvət edilmiş digər hal şahidinin və başqa bir neçə şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cins şalvarının sol arxa cibindən siqaret qutusunun gümüşü kağızına bükülmüş büküm çıxararaq narkotik vasitə olduğunu, həmin narkotik vasitəni NZS qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 20 manata aldığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs sifət və qollarında heç bir xəsarət görməmiş, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döyməsi və ya üzərindən çıxan əşyanın polis əməkdaşlarının zorla ona etiraf etdirməsi barədə heç nə bildirməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X7, 23-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs4, əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs1, baş əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs2 və dəvət olunmuş hal şahidləri Şahid1, Şahid2 iştirakı ilə xx.xx.2019-cu il tarixdə saat 16:05-də 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 3 saylı ünvanda yerləşən məscidin qarşısında saxlanılaraq 23-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs və Şahid3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid3 üzərlərinə qeyri-qanuni əşyalar varsa masanın üzərinə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2019-cu il tarixdə saat 12 radələrində NZS qəsəbəsində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra üzərlərinə baxış zamanı Təqsirləndirilən şəxs və Şahid3 üzərlərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəyə oxşar spesifik iyə malik olan büküm qablaşdırılaraq 163 saylı möhürlə möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. - xx xxx 2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 13464 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, bir ədəd zərfdə təqdim edilmiş, içərisindəki təmiz çəkisi 0,185 qram olan bir büküm qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 464 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayaq pəncəsinin şişkinlik halında əzilməsi, sağ əlin arxa səthində İİİ və İV əldarağı-falanqa oynaqları nahiyəsinin, İİİ barmağın orta falanqa proyeksiyasının 3 ədəd və sağ saidin arxa səthinin çoxsaylı səthi kəsilmiş yaraları, sağ saidin arxa səthinin qançırı, hər iki saidin və sol bazunun sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlərdən sağ əlin arxa səthinin 3 ədəd səthi kəsilmiş yarası kəsici-deşici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın, digər səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, sınmış şüşə qırıntılarının, sağ saidin arxa səthinin dairəvi sıyrıq və qançırı bərk küt əşyanın (əşyaların), ola bilsin ki, dişlənmə, sol ayaq pəncəsinin şişkinlik halında əzilməsi, sol bazu və sol saidin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlərin lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inkar edilir. Şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil. Sol ayaq pəncəsində olan xəsarət şəxsin göstərdiyi şəraitdə, yəni hərəkətdə olan avtomobilin təkərinin onun sol ayağının üstündən keçməsi nəticəsində alınması mümkündür. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Vüqar Məcidovun vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş xalis çəkisi 0,185 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalığı 0,135 qram heroin saxlanılması üçün Nizami RPİ-nin X3 təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 13793 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qatlanmayan bıçaq zavod üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 13794 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança, Rusiyada zavod üsulu ilə hazırlanmış, pnevmatik (sıxılmış hava təzyiqi) iş prinsipinə malik, “T03 6768” nömrəli, 4,5 mm kalibrli, “Baikal MP-654K” modelli, təlim-məşq təyinatlı pnevmatik tapançadır, odlu silah, qaz silahı, soyuq tullayıcı silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində sonradan hər hansı dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş iki ədəd predmet, zavod üsulu ilə hazırlanmış, pnevmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulan 4,5 mm kalibrli mərmilərdir, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli, 2039 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X5 övladı Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin əməkdaşları tərəfindən döyülməsi barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Nizami RİHB-nın Keşlə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 03/178 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli, 2582 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə dəfələrlə xəsarət yetirməsi, hərbi xidmətə çağırış zamanı RƏXD-də müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, yadda saxlamaq, təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsi zamanı istifadə etdiyi 01 ədəd bıçaq və 01 ədəd tapança maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 315.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs cins şalvarının sol arxa cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olduğunu, NZS qəsəbəsindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-45/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-210/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 087-29776-1220 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar əsasında xx.xx.2020-ci il tarixdə 80721/20 nömrəli axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs digər cinayət əməlinə görə tutulmuş və xx.xx.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixdə Nizami RPİ-də Təqsirləndirilən şəxs barəsində olan axtarış işinə xitam edilmişdir. - Nikah haqqında, ölüm haqqında şəhadətnamələrin və arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, həyat yoldaşı hamilədir, xx.xx.2020-ci il tarixdə qardaşı və xx.xx.2020-ci il tarixdə atası rəhmətə getmişdir. Məhkəmə ilk növbədə sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlaması və hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 315.2-ci maddəsindən Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilməlidir. xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun 1.68-ci bəndinə əsasən 315-ci maddənin mətni aşağıdakı redaksiyada verilmişdir: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X1 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 1 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs evli olmasını, həyat yoldaşının hamilə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-45/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,135 qram narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan “T03 6768” nömrəli, 4,5 mm kalibrli, “Baikal MP-654K” modelli, təlim-məşq təyinatlı pnevmatik tapança müsadirə edilməli və Azərbaycan Respublikası DİN-nə təhvil verilməli; Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan təsərrüfatməişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 221,40 (iki yüz iyirmi bir manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 47 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 87 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 522 (beş yüz iyirmi iki) manat (87x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 45/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,135 qram narkotik vasitə- heroin və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunsun. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan “T03 6768” nömrəli, 4,5 mm kalibrli, “Baikal MP-654K” modelli, təlim-məşq təyinatlı pnevmatik tapança müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 221,40 (iki yüz iyirmi bir manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 87 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 522 (beş yüz iyirmi iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar