Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-45/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, S.Vurğun küçəsi, 20 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 1 saylı evin 34 saylı mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 58 saylı ünvanda yerləşən “Loğman” klinikasının qarşısında, icarəyə götürdüyü dövlət qeydiyyat nişanı bilinməyən “Hyundai Elantra” markalı avtomaşının salonunda tanışı Zərərçəkmiş şəxs mobil telefonuna digər şəxsin zəng etməsi səbəbindən qısqanclıq zəminində yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq hər iki gözətrafı nahiyəsinin şişkinlik halında əzilməsi və qançırları, sol bazunun qançırları, sol gözün ağlı qişasının qansızması ilə müşayiət edilən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 2019-cu ilin payız aylarında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur və onların sevgi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs ilə Binəqədi rayonundakı “Klear” adlı oteldə görüşmüşlər və cinsi əlaqə olmuşlar. Zərərçəkmiş şəxs ona qarşı ifadəsində xx.xx.2019-cü il tarixdə Nizami rayonu “Loğman” klinikasının qarşısında görüşmələrini və guya onun avtomobilində sözlərinin düz gəlməməsi və mübahisə etdikləri üçün guya orada onu yumruqla vurub döyməyini bildirsə də, faktiki həmin gün o, Zərərçəkmiş şəxs ilə Nizami rayonu, “Loğman” klinikasının qarşısında saat 21 radələrində görüşmüş və Sədaqət öz avtomobili ilə, o da 1 günlük icarəyə götürdüyü dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə (Hunday Elentra) “Loğman” klinikasının qarşısında görüşərkən Sədaqət onun avtomobilinə əyləşmişdir. Onlar avtomobilin salonunda oturub söhbət edərkən avtomobilin salonunda başqa mobil telefonun mesaj səsini eşitmişdir. Sədaqətdən bu barədə soruşarkən o, başqa telefonunun olmasını demişdir. Bundan sonra yenə Sədaqətin həmin başqa telefonuna sms gəlmiş və bunun kim olmasını soruşanda Sədaqət, həmin şəxsin onu çoxdan narahat etdiyini demişdir. O, Sədaqətə smsə baxmasını deyərkən Sədaqət birinci dəfə telefonu verməsə də, o, yenidən telefonu verməsini və mesaja baxmaq istədiyini demişdir. Bu zaman Sədaqət telefonun ekranını ona göstərib çəkərkən o, telefonu Sədaqətin əlindən almış və mesajlara baxarkən orada Sədaqətin “BMW” adı yazmış olduğu bir nəfər oglanla sevgi münasibətini əks etdirən mesajlarının olmasını görmüşdür. Bundan sonra onların bu barədə mübahisəsi düşmüş və o, qapını açıb enmək istəyərkən Sədaqət onun pencəyinin qolundan tutub onu saxlayaraq danışmaq istədiyini demişdir. O, yenidən qapını örtüb Sədaqətlə söhbət edib, onunla artıq danışmaq istəmədiyini və onu narahat etməməsini bildirmişdir. Sədaqət isə ağlamağa başlayaraq onu bu formada atıb getməməsini demiş və o, yenə də avtomobildən enmək istəyərkən Sədaqət onun sifət nahiyəsini cırmaq üçün əlini onun üzünə gətirərkən, o, Sədaqətin əlinin ona çatmaması üçün onun saçından tutub özündən aralı saxlamışdır. Elə bu zaman da qapıdan yerə enmiş və Sədaqət onu nalayiq sözlərlə təhqir edərək onun başına oyun açacağını demişdir. Daha sonra Zərərçəkmiş şəxs avtomobilindən enib öz avtomobilinin yanına getmiş, o isə avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin gündən sonrakı günlərdə Sədaqət ondan əl çəkməyərək barışmaq istədiyini deyib, onun gəlib Sədaqətin anası ilə danışmasını demişdir. O isə onu özündən uzaqlaşdırmaq üçün Sədaqətin nömrəsini bloka atmışdır. Lakin Sədaqət onu başqa nömrələrdən yığmış və eyni sözləri demişdir. Sonradan Sədaqətin onu polisə şikayət etdiyini və polisdə onun adamı olmasını və həmin polisin əli ilə ona nalayiq sözlər işlədərək pis vəziyyətə salacağını deməsini eşitmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, xx.xx.2019-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə Nizami rayonu, “Loğman” klinikasının qarşısında görüşmüşlər və orada mübahisələri düşsə də o, Sədaqəti vurmamışdır. Sədaqət onun üz-gözünü cırmaq istəyərkən o sadəcə Sədaqətin saçından tutub onu özündən aralı saxlamışdır ki, üzünü cırmasın. O Sədaqəti vurmamış, ondan pul tələb etməmiş və almamışdır. Sədaqət ona şər atır. Sədaqət özü ona demişdi ki, o ayrılsa onun başına oyun açacaqdır. O da Sədaqətin xəyanətinə görə ondan ayrıldığı üçün Sədaqət onu şərləyir. O həmin mübahisə zamanı onu vurmamış, əksinə Sədaqət onun üzünü cirmaqlamaq istəyirmiş və o da Sədaqəti özündən uzaqda tutmaq üçün Sədaqətin saçından tutub geriyə çəkilmişdir və avtomobilin qapısından yerə enmişdir. Sədaət isə onu çiynindən vururmuş, lakin onda hər hansı xəsarət olmamışdır. O, Zərərçəkmiş şəxs üz nahiyəsindəki xəsarətlərin necə yaranması bilmir. Sədaqətin özü həkimdir və ola bilər ki bunun sayəsində necəsə özündə xəsarət yaradıb və guya bunu onun etdiyini bildirir. Faktiki o Sədaqəti vurmamışdır. xx.xx.2019-cü il tarixdə saat 21 radələrində “Loğman” klinikasının qarşısında avtomobil içərisindəki mübahisələri təxminən 5-10 dəqiqə davam etmiş və ətrafdan digər avtomobillər keçirmiş. Onların yanında başqa heç kim yox idi. Sədaqət onu avtomobilin içərisində söysə də o Sədaqəti söyməmişdir. Onların səsini kənardan eşidən olmazdı. Çünki ətrafdan avtomobillər olsa da adamlar yox idi. Zərərçəkmiş şəxs 2019-cü ilin oktyabr ayında onun guya Sədaqətə tibb təhsili diplomu düzəltmək adı ilə Sədaqətdən 1000 manat pulu aldadıb alması barədə dedikləri yalandır. Sədaqət özü kasmetoloji işlərlə məşğul olur və onun tibb təhsili və ya başqa diplom düzəldən tanışı yoxdur, ondan pul almamışdır. Zərərçəkmiş şəxs həmçinin onun tərəfindən Sədaqətin şəkillərinin çəkilməyi, əgər Sədaqətin onun görüşməzsə həmin şəkilləri onun yayacağı, onlar görüşdükdən sonra isə onun Sədaqəti döyməyi, Sədaqətin həmin gün qazandığı 200, 350 və s. pullarını onun əlindən alması, ümumilikdə Sədaqətdən 1500-2000 manat pul alması barədə dedikləri şər böhtandan başqa bir şey deyildir. Əgər bu göstərilənlərlə bağlı hər hansı sübut olarsa o öz cəzasını çəkməyə hazırdır. Lakin Sədaqət bu barədə heç bir sübut təqdim edə bilməz və belə hadisələr də olmadığı üçün istintaqın gedişatında da bu barədə hər hansı sübut olmayacağına əmindir. Zərərçəkmiş şəxs İnstaqram sosial şəbəkəsində səhifəsinin altında “rovlan079” adlı izləyicinin o olması və Sədaqəti həmin ad altında onun sosial şəbəkələrdə təhqir etməyi barədə göstərilənlər də yalandır və böhtandır. O özü Sədaqətdən qaçır və ondan yaxasını qurtarmaq istəyirdi. Həmin adlı şəxsin kim olmasını bilmir. O Sədaqəti heç bir yerdə söyüb təhqir etməmişdir. Sonda Təqsirləndirilən şəxs təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, sosial şəbəkələrin birində Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olmuşdur. Bir müddət onunla mobil telefon vasitəsi ilə danışdıqdan sonra həmin şəxs ilə görüşməyə başlamış və aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Bundan sonra isə hər ikisi aralarında olan münasibət ilə əlaqədar olaraq valideynlərinə məlumat vermiş və onların da bu münasibətdən xəbəri olmuşdur. Bir müddət keçdikdən sonra isə Təqsirləndirilən şəxs onunla kobud formada danışmağı ilə əlaqədar olaraq o, Təqsirləndirilən şəxsla arasında olan münasibətə son qoymaq fikrinə gəlmişdir. Lakin həmin şəxs durmadan onu və ailə üzvlərini ona deyərək, yəni onun özü ilə danışanda təhqir edərək öz çirkin əməllərinə dayanmadan davam etmişdir. Bir müddət keçdikdən sonra isə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində saat 23 radələrində xəstələrin onun ziyarətində olduğu Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Loğman” klinikasının qabağına gələrək, Təqsirləndirilən şəxs özünə məxsus 055 211 24 19 mobil telefon nömrəsi ilə zəng edərək onunla görüşmək istəməsini bildirmişdir. O isə klinikadan çıxaraq Təqsirləndirilən şəxsla həmin klinikanın qarşısında Təqsirləndirilən şəxs gəldiyi markasını və modelini, qeydiyyat nömrəsini bilmədiyi avtomobilinin qabaq sağ oturacağına əyləşib onunla görüşmüşdür. Onunla söhbət zamanı mobil telefonuna kişi müstərisindən zəng gəldiyi üçün Təqsirləndirilən şəxs bundan əsəbləşmiş və onların mübahisəsi düşmüşdür. O, Təqsirləndirilən şəxs həkim olmasını və gün ərzində vaxtının olmamasına görə müştərilərinə gecə saat 22-dən sonra onlarla əlaqə saxlaya biləcəyini dediyi üçün indi də kişi müştərisinin onunla bu vaxt əlaqə saxlamasını desə də, Samir onu düzgün başa düşmədiyi üçün mübahisələri böyümüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs münasibətlərinə son qoymaq fikrinin olmasını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onu yumruqla sifət nahiyəsindən 1-2 dəfə vurmağa və ona xəsarət yetirməyə başlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ona çantasında pul vardırsa pulu ona verməyisini demişdir. O da Təqsirləndirilən şəxs qorxduğu üçün çantasında olan 500 manat pulunu ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu sözlə hədələyib yaşadığı Xətai rayonu ərazisinə gətirmiş və onu orada düşürüb naməlum istiqamətə getmişdir. Təqsirləndirilən şəxs bundan qabaq yəni 2019-cu il tarixdə oktyabr ayında ona tibb təhsili diplomu düzəltmək adı ilə 1000 manat pul alaraq onu aldatmış və o, vaxtlar da Təqsirləndirilən şəxsla münasibəti olduğu üçün Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmadığı üçün ondan şikayətçi olmamışdır. Ona ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs onu bir neçə dəfə onunla görüşməyə məcbur edib və əgər o, Təqsirləndirilən şəxsla görüşməzsə əvvəlcədən onunla görüşərkən, bir stolda olarkən kənardan onun şəklini çəkdirdiyini və həmin şəkli onun qardaşına göstərəcəyini deyərək onu hədələyib və onunla görüşmüşdür. Təqsirləndirilən şəxs əgər onunla görüşməzsə, yəni onunla yatağa girməzsə həmin şəkli ailə üzvlərinə göstərəcəyini deyib onu hədələmişdir. O da məcbur olub onunla şəhərdə tanımadığı, harada yerləşdiyini bilmədiyi oteləbənzər bir yerdə görüşmüş və onunla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs onunla hər dəfə görüşərkən, onu vurub döyərək həmin gün qazandığı 350, 200 və.s məbləğdə digər pullarını götürmüşdür. Təqsirləndirilən şəxs sonuncu dəfə “Loğman” klinikasının qarşısında onu döymüş və 500 manat pulunu almışdır. Həmin pulla birlikdə o sonradan hesablayarkən Samirin onu döyərək aldığı pulların təxminən 1500 və ya 2000 manat civarında olmasını bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olarkən də onun şəklini çəkməsini bildirərək sonradan onunla görüşməzsə həmin şəkillərini ailə üzvlərinə göstərəcəyini deyərək onu hədələmişdir. O da buna görə onunla yenidən cinsi əlaqədə olmuşdur. Bu hədələr və onun Təqsirləndirilən şəxsla görüşməyi 3-4 dəfə baş vermişdir. Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək onu hədələmişdir. Sonda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamadığını bildirdi və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı hökm çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər yetirilməsi ilə nəticələnmiş hadisənin ünvan 2 ünvanında yerləşən “Loğman” klinikasının qarşısı olması müəyyən edilmiş və hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1364 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki gözətrafı nahiyənin şişkinlik halında əzilməsi və qançırları, sol bazunun qançırları, sol gözün ağlı qişasının qansızması olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetilirməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs keçirilmiş üzləşmə zamanı ibtidai istintaq zamanı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə demişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş şəxsdən hər hansı məbləğdə pul almaması və sonuncunu vurub xəsarət yetirməməsi barədə ifadəsi iş üzrə sübutlarla təkzib edildiyinə görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli tutma protokolundan, xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan, xx xxxxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilmiş, barəsində tutma protokolu tərtib olunaraq saxlanılması üçün Bakı şəhər Nizami rayon X1 Saxlama Yerinə təhvil verilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Bakı şəhər Nizami rayon X1 Saxlama Yerindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasına bir günə dörd gün hesabı ilə hesablanaraq, ona təyin edilən islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasından 08 (səkkiz) gün çıxılsın və ona çəkilməsi üçün qəti olaraq, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası müəyyən edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-45/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-45/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver