Məhkəmə qərarları › İş №1(007)-452/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-452/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-452/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Salmanbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində günlük evlərdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 03 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində çayçı işlədiyi ünvan 1 ünvanında yerləşən “Grand Opera” adlı restoranın zirzəmisində ofisiantların başçısı işləyən Zərərçəkmiş şəxs ona istifadə etdiyi içərisi boş olan su çəlləklərini götürdüyü yerə qoymaması ilə bağlı irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı hər iki əli ilə Zərərçəkmiş şəxs sifət və alın nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq, sonuncuya alnın sağ yarısının şişkinlik halında əzilməsi və sıyrıqları, sol göz gözətrafının və sol yanaq nahiyəsinin hematomaları, sol gözaltı nahiyənin qançırı, sağ yanaq nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs üzrxahlıq edib səmimi peşmançılığını bildirdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, bu halların nəzərə alınaraq, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanın ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 06 oktyabr 2022-ci il tarixli 925 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alnın sağ yarısının şişkinlik halında əzilməsi və sıyrıqları, sol göz gözətrafının və sol yanaq nahiyəsinin hematomaları, sol gözaltı nahiyənin qançırı, sağ yanaq nahiyəsinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (ola bilsin yumruq və s. əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. (i.v. 23-24) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 27) - 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi yaranmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 59-62) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və onunla barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 18 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar