Məhkəmə qərarları › İş №1(007)-453/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-453/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-453/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvələr məhkumluğu olmayan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,644 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 26 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, siqaretin qızılı kağızına bükülmüş, ümumi təmiz çəkisi 0,644 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotk vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik maddəni bədənində olan ağrılara görə qəbul edir. 25 avqust 2022-ci il tarixdə axşam saatlarında o, Yasamal rayonu ərazisində üzdən tanıdığı şəxsdən 15 manata öz istifadəsi üçün narkotik vasitə heroini almış və üzərində gəzdirmişdir.O, 26 avqust 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman orada iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitə istifadə etmək və daşımasında şübhəli bilindiyi üçün Nizami RPİ-nin 23- cü polis bölməsinə dəvət etmişlər.O, da heç bir etiraz etmədən polislər ilə birlikdə Nizami RPİ-nin 23-cü PB-nə getmişdir. Polis bölməsində olan zaman xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. İlk öncə polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni əşya və predmet varsa təhvil verməsini bildirmişlər. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş halda heroin təqdim edərək, öz istifadəsi üçün Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüşdür. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi şahid qismində dindirilmiş Nizami RPİ-in 23-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid3 ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə «Ramazan» adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında, ünvan 3 ünvanında, xarici əlamətləri «Ramazan» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək, Nizami RPİnin 23-cü PB-nə dəvət etmişlər. Nizami RPİ-in 23-cü PB-in təhqiqatçısı, polis leytenantı Ömər Məmmədov tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülü halda tünd rəngli maddəni təqdim edərək Yasamal rayon ərazisində, üzdən tanıdığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd qızılı rəngli kağızına bükülü halda tünd rəngli narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid Nizami RPİ-nin əməliyyat müvvəkili Şahid1 və Şahid2 analoji məzmunlu ifadə verərək, Şahid3 göstərdiklərini təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/4578 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,594 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 5378 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına və Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan 009471 saylı vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 “Vətən Müharibəsi” iştirakçısıdır, döyüş tapşırığını layiqincə yerinə yetirdiyinə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərmanla və Fəxri Diplomla təltif olunmuş, xx.xx.2020-ci il tarixdə “Təşəkkür məktubu” ilə mükafatlandırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətfiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını, qardaşı X4 “Vətən Müharibəsi” iştirakçısı olmasını, Fəxri Fərman və Fəxr Diplomla təltif olunmasını,“Təşəkkür məktubu” ilə mükafatlandırılmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü əsasında cəzanı icra edən orqanda qeydiyyata alındığı, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi bir ədəd kağız bükümdə 0,594 qram çəkidə narkotik vasitə olan - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 96 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar