Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-453/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkumluğu olmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,586 qram psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyun 2024-cü il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,586 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 iyun 2024-cü il tarixdə yoldaşı ilə birgə onun idarə etdiyi avtomobillə yoldaşının valideynlərigilə gedərkən tanışı Ruslan adlı həmin şəxsi də yolüstü Həsən Əliyev küçəsindən 8-ci kilometrə aparmışlar. Həmin şəxs Nizami rayonu ərazisində yerləşən “Komfort” restoranının yanında maşından düşmüş, üzərindən 3 dəqiqə keçməmiş əməliyyatçılar onu tutmuşlar. Bildirdi ki, ifadəni sərbəst verməmiş, təzyiq altında olmuşdur. O, tutulan gün ekspress üsulla sidiyindən analiz götürüldüyünü, nəticə ilə razı olmadığını və tutulan gün həmin günü narkotik vasitənin təsiri altında olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, yaşadığı Nəsimi rayonundan Nizami rayonuna gəlməkdə məqsəd narkotik vasitəni satın almaq idi. Öncələr narkotik vasitə istifadə etsə də, hal-hazırda istifadə etmir. Qeyd edilənlərin nəzərə alınmasını və bəraətverici əsaslarla icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 09 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Umud” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və “Umud” adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 10 iyun 2024-cü il tarixdə saat 00:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında “Umud” adlı şəxsin əlamətlərinə uyğun olan kişi cinsli şəxsi görüb yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişdik və Təqsirləndirilən şəxs etiraz etməyərək Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gəlmişdir. Xidməti otaqların birində 25-ci Polis şöbəsinin təhqiqatçısı polis kapitanı Sadiq Həsənov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Bundan sonra vəkilin iştikarı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə psixotrop maddə metamfetamin vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, şəxs istifadəsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat alıb əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3187 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,586 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazrlanmış psixotrop maddə -metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 10 iyun 2024-cü il tarixli 4104 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə əvvəllər məhkum olunmasına baxmayaraq, yenidən qəsdən eyni cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs barəsində daha öncə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş, eyni zamanda barəsində Amnistiya qərarı tətbiq edilməklə cəzasının müddəti azaldılmışdır. Təqsirləndirilən şəxsə göstərilən humanist davranışdan sonra onun yenidən eyni cinayəti törətməsi bir daha sübut edir ki, şəxsə yenidən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyini, məhkumun islah olunması və onun tərəfdən yenidən cinayət törədilməsinin qarşısının alınması kimi cəzanın məqsədinə nail olunmasını istisna edir. Beləliklə, onun barəsində hazırkı iş üzrə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il təvəllüdlü X6 adlı 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 00:15 radələrində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə 09:40 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 ay (beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 ay 28 gün (dörd ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,536 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-453/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-453/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver