Məhkəmə qərarları › İş №1(007)-453/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-453/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-453/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, "xxxx" QSC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, M.S.ünvan 1 ünvanda yaşayan, 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış və daşımış, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,617 qram çəkidə psixotrop maddə metamfetamin və 0,287 qram narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən bir ədəd qatlanan bıçaq əldə edərək üzərində saxlayıb daşımış və gəzdirmiş, 20 aprel 2025-cı il tarixdə, saat 05 radələrində Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 61 ünvanının qarşısında Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılıb Bakı şəhəri Nizamı rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki qara rəngli çiyin çantasının içərisindən 1 ədəd kağız bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,617 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,287 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə qəbulunda istifadə olunan falqa kağız, qatlanan karton vasitə və kağız borucuq, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yuk maşını sürücüsü işləyir və tikinti materiallarının rayonlararası daşınmasını həyata keçirir. Təxminən bir neçə ay əvvəl narkotik istifadə etməyə başlamışdır. Sonuncu dəfə 19 aprel 2025-ci il tarixdə günorta saatlarında Xətai rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən 20 manata 1 bükümdə psixotrop maddə metamfetamin və 1 bükümdə az miqdarda narkotik vasitə marixuananı öz istifadəsi üçün alıb həmin bükümləri qara rəngli əl çantasında saxlamışdır. 20 aprel 2025-cü il tarixdə, saat 05:00 radələrində işi ilə bağlı Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 61 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edib onun özünü şübhəli apardığını bildirmişlər. O da həmin vaxt üzərində narkotik vasitə və 1 ədəd də bıçaq olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları barəsində müvafiq araşdırma aparılması üçün onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı polis əməkdaşı ona üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. O da üzərində olan əlində tutduğu qara rəngli çantanın içərisindən 2 ədəd ağ rəngli kağız bükümü, 1 ədəd qəhvəyi rəngli dəstəyi olan qatlanan bıçağı, “Redmi” markalı mobil telefonunu, narkotik qəbulunda istifadə etdiyi falqa kağız və karton vasitəni çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd kağız bükümlər açılanda birinin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə, digərinin içərisində isə narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmçinin axtarış zamanı şalvarının cibindən 2 manat pul, çantadan isə bank kartı, alışqanlar və kağız borucuq aşkar edilmişdir. Həmin bükümlərlə bağlı sual verildikdə narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, həmin bükümlərdən birinin içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, digərinin içərisində isə “nəşə” kimi tanıdığı marixuana olduğunu, həmin bükümlərdəki narkotikləri Bakı şəhəri Xətai rayonu ərazisində üzdən tanıdığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar olunan bıçağın ona məxsus olmasını, həmin bıçağı təxminən 5-6 il əvvəl “Elmlər Akademiyası” metrosunun yaxınlığından aldığını da bildirmişdir. Sonra polis əməkdaşı tərəfindən orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilmiş, 1 ədəd ağ kağız bükümdəki metamfetamin və 1 ədəd ağ kağız bükümdəki marixuana, həmçinin 1 ədəd bıçaq ekspertizaya göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılmış, orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərflərin üstünü imzası ilə təsdiq etmişdir. Digər əşyalar isə çantada saxlanılmışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən götürülmüş metamfetamini və marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Bəzi hallarda metamfetamin, bəzi hallarda marixuana istifadə etmişdir. O, rayonlararası yük maşınında işlədiyi üçün əsasən gecələr yolda olur, bıçaq həm təhlükəsizlik, həm də texniki cəhətdən lazım ola bildiyi üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti böluyunun polis nəfəri vəzifəsində xidmət edir. 20 aprel 2025-ci il tarixdə bölüyün digər polis nəfərləri Şahid2 və Nurlan Məmmədovla birlikdə 23-cü polis bölməsinin inzibatı ərazisində xidmətdə olmuşlar. Saat təxminən 05:00 radələrində Nizami rayonu ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin zahiri əlamətlərindən narkotik vasitələrin istifadəsində şübhəli olduğunu görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslə söhbət aparan zamanı onun özünü qeyri-səmimi aparması onlarda şübhə yaratmış, həmçinin onun xarici görünüşündə də narkotik vasitə istifadəçisinə xas əlamətlər olmuşdur. Ona görə həmin şəxsdən üzərində qanunsuz əşya olub-olmamasını soruşduqda həmin şəxs üzərində narkotik vasitə və bıçaq olmasını etiraf etmişdir. Bundan sonra həmin şəxsi araşdırma aparılması məqsədilə avtopatrula əyləşib 23-cü polis bölməsinə getməsini bildirmiş və həmin şəxs etiraz etmədiyindən birlikdə polis bölməsinə gələrək bu barədə bölmə rəhbərliyinə raport vermişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin şəxs araşdırma məqsədilə əməliyyat qrupuna və təhqiqatçıya təhvil verilmiş, onlar isə xidmətlərinə davam etmişlər. Qeyd olunan tədbirlər zamanı Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etmiş, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti böluyunun polis nəfəri Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid3 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 20 aprel 2025-ci il tarixdə əməliyyat qrupunun tərkibində sutkalıq növbədə olmuşdur. Saat 05:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti böluyunun polis nəfərləri tərəfindən Nizami rayonu ünvan 7 ünvanın qarşısında zahiri əlamətlərindən narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün bir nəfər şəxs saxlanılaraq müvafiq araşdırma aparılması məqsədilə bölməyə gətirilmiş və bu barədə bölmə rəhbərliyinə raport verilmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş və vəkil dəvət edilmişdir. Daha sonra onun, baş əməliyyat müvəkkili Şahid4 və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əlində tutduğu qara rəngli çantanın içərisindən 1 ədəd qəhvəyi rəngli dəstəyi olan qatlanan bıçağı və 2 ədəd ağ rəngli kağız bükümü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd kağız bükümlər açılanda birinin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə, digərinin içərisində isə ot şəkilli spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən həmin çantadan narkotik vasitə istifadəsi üçün lazım olan falqa kağızı və karton vasitə, mobil telefon və bank kartı təqdim edilmişdir. Həmin bükümlərlə bağlı sual verildikdə narkotik vasitə və psixotrop maddəni oz istifadəsi üçün əldə edib çantasında saxladığını bildirmişdir. Həmçinin yük maşınında işlədiyi üçun bıçağı təhlükəsizlik məqsədilə özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümlər və 1 ədəd qatlanan bıçaq zərfə qoyulub möhürlənmiş, digər əşyalar isə çantasına yığılmışdır. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nın 23-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid4 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. (i.v. 137) - 20 aprel 2025-ci il və 21 aprel 2025-ci il tarixli protokollardan görünür ki, 20 aprel 2025-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman bu barədə qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngli çiyin çantasından çıxardaraq qəhvəyi rəngli tutacağı olan 1 ədəd bıçağı, 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ot şəkilli spesifik qoxuya malik vasitəni, 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddəni, “Redmi” markalı mobil telefonu, 1 ədəd falqa kağızı və 1 ədəd qatlanan qara rəngli karton vasitəni təqdim edib masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun əynində olan şalvarının sol yan cibindən 2 manat pul aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çiyin çantasında axtarış zamanı çantadan 4 ədəd alışqan, 1 ədəd bank kartı və 1 ədəd ağ rəngli kağız borucuq aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi 1 ədəd bükümdə marixuana, digər bükümdə isə metamfetamindir, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixatrop maddəni əldə edərək qara rəngli çantasında öz istifadəsi üçün saxlamışdır, bıçağı isə uzaq yol sürdüyü üçün təhlükəsizlik məqsədilə üzərində saxlamışdır, 1 ədəd falqa kağızı, 1 ədəd qatlanan qara rəngli karton vasitəni və ağ rəngli kağız borucuğu narkotik qəbulu zamanı istifadə edir. Aşkar olunmuş nakotik vasitə və bıçaq bütün iştirakçıların yanında qablaşdırılmış, 163 nömrəli möhürlə möhürlənmişdir. Digər əşyalar isə çiyin çantasına qoyulmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 21 aprel 2025-ci il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 26- 27, 64) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 21 aprel 2025-ci il tarixli, 6/1469 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163...” dairəvi möhür əksi və “...Şübhəli şəxs: M.Xəlilov-imza; ...üç-imza; Tərtib etdi:N.Salmanov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi - 0,617 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,617 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,567 qram qalıq qalmışdır. (i.v. 42-45) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 21 aprel 2025-ci il tarixli, 7/614 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs imza ..Xəlilov ..” yazı və imzalar olan 1 ədəd kağız zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,287 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 0,287 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,237 qram qalıq qalmışdır. (i.v. 48-51) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 19 may 2025-ci il tarixli, 3/462 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (i.v.121-123) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 22 aprel 2025-ci il tarixli, 2260 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 104-105) - 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 228.5 və 234.1-ci maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,617 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə istifadəsi üçün lazım olan gümüşü rəngli falqa kağızı, karton vasitə və kağız borucuq, 1 ədəd qatlanan bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,567 qram psixotrop maddə metamfetamin, 0,237 qram narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə istifadəsi üçün lazım olan gümüşü rəngli falqa kağızı və karton vasitə, 1 ədəd qatlanan bıçaq saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi və CM-nin 228-ci maddəsinin qeydi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı, soyuq silah hesab edilən bıçağı əldə etmə mənbəyinin müəyyən edilməsi üçün əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmiş, “Redmi” markalı mobil telefonun, 2 manat pulun, bank kartının və çiyin çantasının iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmışdır. (i.v. 128-134) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 6-cı hissəsinə əsasən soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Soyuq silaha tiyəli silah (silah hesab olunan xəncərlər, döyüş, milli, ov bıçaqları, süngülər, qılınclar, beybutlar və s.) sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar (nizə, döyüş baltası və s.) eləcə də zərbə-dağıdıcı təsirli əşyalar (beşbarmaqlar, nunçaklar, gürzlər və s.) aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin, narkotik vasitənin və soyuq silah hesab edilən bıçağın əldə olunma mənbələri barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda CM-nin 234-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 16-17) - 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tətəfindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 77-78) - 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 79) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 91) -Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 01 oktyabr 2018-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlküə törətməyən və az ağır cinayət əməlləri törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək həmin cəzalar qismən toplanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcələnin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə saat 05:30-da şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2025-ci il tarixdə saat 17:15-dən saat 17:55-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə və narkotik vasitə, gümüşü rəngli falqa kağızı, karton vasitə və kağız borucuq məhv edilməli, 1 ədəd qatlanan bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməli, içərisində videogörüntülərin əks olunduğu 1 ədəd disk və müvafiq mobil operatordan daxil olmuş material olan 1 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.5-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 20 aprel 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,567 qram olan psixotrop maddə metamfetamin və 0,237 qram narkotik vasitə qurudulmuş marixuana, gümüşü rəngli falqa kağızı, karton vasitə və kağız borucuq məhv edilsin, soyuq silah hesab edilən 1 ədəd qatlanan bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin, içərisində videogörüntülərin əks olunduğu 1 ədəd disk, müvafiq mobil operatordan daxil olmuş material olan 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 226 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 21 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 231 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar