Məhkəmə qərarları › İş №1(007)-455/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-455/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-455/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Nümayəndə, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Əliağalı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 may 2023cü il tarixdə saat 06 radələrində 146210 saylı əmək müqaviləsi əsasında 21 aprel 2023-cü il tarixdən xəzinədar vəzifəsində işlədiyi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin 84 saylı yanacaqdoldurma məntəqəsinin xəzinədar otağına daxil olub orada yerləşən dəmir seyfi əvvəlcədən həmin məntəqənin direktoru X1 məxsus otaqda yerləşən masanın siyirməsindən gizli olaraq götürdüyü həmin seyfə məxsus açarla açıb qanunsuz olaraq saxlanc yerinə daxil olduqdan sonra seyfdə saxlanılan, 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək yanacaqdoldurma məntəqəsində yanacağın satışından əldə edilmiş gəlirin toplanılmaqla saxlanıldığı, üzəri möhürlənmiş olan iki ədəd kisənin möhürünü qırmaqla açıb saxlanc yeri hesab olunan hər iki kisədən Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 31496 (otuz bir min dörd yüz doxsan altı) manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə 31496 (otuz bir min dörd yüz doxsan altı) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs MMC-də kassir-operator olaraq fəaliyyətə başlamış, 21 aprel 2023-cü il tarixdən isə əmək müqaviləsi əsasında xəzinədar olaraq fəaliyyətini davam etdirmişdir. 07 may 2023-cü il tarixdə saat 19:00-da işə gəlmiş, saat 20:00-da növbəni təhvil götürüb fəaliyyətə başlamışdır. Səhər saat təxminən 05:30 radələrində üzərində “Növbə rəisi” yazısı olan otağa daxil olub orada masanın üzərində yerləşən 2 ədəd surğuc və dolabda olan möhür vuran aləti (blombirator) götürüb xəzinədar otağında yerləşən masanın siyirməsinə qoymuş və otağı tərk etmişdir. Daha sonra direktorun otağına daxil olaraq masanın siyirməsində olan seyfə məxsus açarı götürüb xəzinədar otağına daxil olaraq seyfi açmış və yenidən direktorun otağına qayıdıb açarı yerinə qoymuşdur. Bundan sonra saat 06 radələrində xəzinədar otağına daxil olub seyfdən içərisində pul vəsaitləri olan iki ədəd kisəni götürüb qayçı ilə kisələrin möhür hissəsini kəsib hər birindən müəyyən qədər pul vəsaiti götürmüş, sonra masanın siyirməsinə qoyduğu surğucla həmin iki ədəd kisəni möhürləyib yenidən seyfə qoymuşdur. Yenidən direktorun otağına gedib seyfin açarını götürüb seyfin qapısını bağlamış və açarı yenidən direktorun otağına aparıb siyirmədəki yerinə qoymuşdur. Saat 08 radələrindən 09 radələrinədək növbə ərzində yığılmış pul vəsaitlərini təhvil-təslim etməklə iş yerini tərk etmişdir. İş yerindən birbaşa yaşadığı ünvana gəlmiş və ələ keçirdiyi pul vəsaitlərini saydıqda 31496 manat pul vəsaiti olduğunu görmüşdür. Əməlindən çox peşmandır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin 1 saylı bölgə direktoru vəzifəsində işləyir. 08 may 2023-cü il tarixdə Səbail rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində olarkən ona məlumat verilmişdir ki, 08 may 2023-cü il tarixdə saat 06 radələrində Nizami rayonu H.Əliyev prospekti 141 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus 84 saylı YDM-də yerləşən seyfdən həmin məntəqənin xəzinədarı Təqsirləndirilən şəxs 31496 manat nağd pul vəsaitini ələ keçirmiş və saat 09 radələrində yanacaqdoldurma məntəqəsinin ərazisini tərk etmişdir. Həmin gün seyfdə olan pul kisələrindəki pul vəsaitləri “Xalq Bank”ın mərkəzi ofisinə təqdim edilərkən pul vəsaitlərinin tam olmadığı müəyyən edilmiş, belə ki, kisənin içindəki qəbzlərlə həmin pul vəsaitlərinin məbləği uyğun gəlməmişdir. Xəzinədar otağındakı kameranın görüntülərinə baxış keçirərkən həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs ələ keçirməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs saat 06 radələrində xəzinədar otağına daxil olaraq seyfdən iki ədəd pul kisəsini götürüb hər birinin içindən müəyyən miqdarda pul vəsaiti götürmüş, həmin kisələri qurğuşunla plomblayıb yenidən seyfə qoymuş və saat 09 radələrində öz növbəsində olan pul vəsaitlərini məntəqə direktoru ilə birlikdə sayaraq bir ədəd pul kisəsinə yerləşdirib qurğuşunla plomblayıb seyfə qoymuş, bununla da növbəni təhvil verib getmişdir. Şirkətə dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin dəymiş ziyanı tam ödəməsini, cavan olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - baxış keçirilməsi haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “CD-R” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çalışdığı ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin yanacaqdoldurma məntəqəsinin inzibati binasında olarkən 08 may 2023-cü il tarixdə saat 05:30-06:00 aralığında üzərində “Növbə rəisi” yazısı olan otağa daxil olur, masanın üzərində yerləşən surğucları və dolabda olan möhür vuran aləti (blombirator) götürüb xəzinədar otağında yerləşən masanın siyirməsinə qoyaraq otağı tərk edir. Daha sonra direktorun otağına daxil olaraq masanın siyirməsindən açarı götürərək yenidən xəzinədar otağına qayıdır. Xəzinədar otağında isə seyfi açır və yenidən kilitləmədən seyfin qapısını bağlayır. Təqsirləndirilən şəxs yenidən direktorun otağına qayıdaraq açarı yerinə qoyur. O bir qədər görüntülərdən kənara çıxaraq gedir və yenidən qayıdaraq xəzinədar otağına daxil olub kilitləmədiyi seyfin qapısını aralayıb pul vəsaitləri olan iki ədəd kisəni götürüb iş masasının altında yerləşən hissəsində qayçı ilə kisələrin möhür hissəsini kəsir. Həmin pul kisələrindən videogörüntülərdən dəqiq məlum olmayan, lakin təxmin edilən kimi 50, 100 və 200 manatlıq pul əskinaslarını götürür, həmin vaxt yanacaqdoldurma məntəqəsinin əməkdaşlarından bir nəfər qapıdan bir qədər içəri daxil olub nəsə soruşmaqla yenidən qapıdan geri qayıdır. Daha sonra iş masasının kənarında olan əşya saxlamaq üçün nəzərdə tutulan şkafın siyirməsindən surğucları bir-bir götürüb pul kisələrinin giriş hissəsini bağlayır və möhür vuran alətlə möhürləyərək dəmir seyfdə yerləşdirir. Daha sonra isə xəzinədar otağından çıxıb direktorun otağına yönəlir və seyfin açarını götürüb yenidən seyfi kilidlədikdən sonra aparıb açarları yerinə qoyur. - sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 84 saylı yanacaqdoldurma məntəqəsində 08 may 2023-cü il tarixdə qeydiyyata alınmış görüntülər olan 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Zərərçəkmiş şəxs MMC-nin baş direktoru C.Ə.Məmmədov tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli 07-643 nömrəli məktubdan görünür ki, 08 may 2023-cü il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 141 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus 84 saylı “H.Əliyev pr.105” YDM-nin xəzinədarı Təqsirləndirilən şəxs tərəfindən xəzinədən oğurladığı 31496 manat məbləğində pul tam şəkildə şirkətə geri qaytarılmışdır. Şirkətə vurulan ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-nin 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən fərdi tikilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən fərdi tikilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 120 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar