Məhkəmə qərarları › İş №1(007)-457/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-457/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-457/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üçüncü qrup əlil, məhkumluğu olmayan, Zəngilan rayonunun Havalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi ev 3A, mənzil 54-də yaşayan, 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 30 iyun 2022-ci il tarixdə saat 19:30 radələrində tanışı X1 məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,331 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 15 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 237-ci məhəllədə yerləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümün içərisində saxladığı təmiz çəkisi 0,331 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir. 30 iyun 2022-ci il tarixdə axşam saatlarında “Qara Qarayev” kimi tanıdığı ərazidə əvvəldən tanıdığı Soheyl adlı şəxslə görüşmüş, 10 manat pul verib bir sellofan bükümündə “kakos” kimi tanıdığı narkotik vasitə almış və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Hər ikisi orada olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və şübhəli olduqlarını izah edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində üzərinə baxış keçiriləcəyi izah olunmuş və videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi ona təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində olan “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, narkotik vasitəni qanunsuz olaraq alıb üzərində saxladığına görə səmimi peşmandır, xəstəliyi ilə əlaqədar üçüncü qrup əlildir. Həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə Bakı şəhər sakini X4 mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə məlumat daxil olmuşdur. Buna görə də X4 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 30 iyun 2022-ci il tarixdə rəhbərliyi altında Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı X4 yanında bir nəfər şəxslə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 15 ünvanının qarşısında dayandığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş, X5 əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Həmin vaxt X4 yanında olan şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Hər iki şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqlarını bildirərək üzərlərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nin 25-ci polis şöbəsinə getmələrini təklif etmişlər. X7 və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Müdafiəçilər dəvət olunmuş, onların iştirakı ilə X7 və Təqsirləndirilən şəxs Növruz oğlu şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 21:25-də 25-ci PŞnin baş təhqiqatçısına məxsus xidməti otaqda ilkin olaraq X4 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt X7 əynində olan açıq boz rəngli şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf sellofan paketdə içərisində qəhvəyi rəngdə tozşəkilli maddə olan 05 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərini, 08 ədəd yaşıl rəngli sellofan bükümlərini və şalvarının sol arxa cibindən 01 ədəd kiçik həcmli elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı X7 qeyd olunan bükümlərdə olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri “Xalqlar Dostluğu” kimi tanıdığı ərazidə adını “Nasir” kimi bildiyi İran vətəndaşından “online” qaydada 140 manata 20 ədəd siqaretin gümüşü rəngli kağızında və sellofan bükümündə əldə etdiyini, həmin bükümlərin 06 ədədini özünün istifadə etdiyini, 01 bükümünü 30 iyun 2022-ci il tarixdə saat 20 radələrində tanıdığı Təqsirləndirilən şəxs 10 manat müqabilində satdığını, qalan 13 bükümünü isə öz istifadəsi, həmçinin satması üçün üzərində saxladığını, narkotiki satan zaman qablaşdırılmış halda üzərində saxladığı elektron tərəzi ilə ölçdüyünü bildirmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlər sayılmış və onların ümumilikdə 13 ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin maddələr və elektron tərəzi zərfə qoyulub müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, özü və digər polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin gün saat 22:50-də 25-ci PŞnin baş təhqiqatçısına məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, sellofan bükümdə olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir yerdə saxlanıldığı Soheyl kimi tanıdığı şəxsdən həmin gün Nizami rayonu, Q.Qarayev prospektində 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş həmin yaşıl rəngli sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyulub müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, bütün iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əməliyyat tədbiri zamanı hər iki şəxsə qarşı qanunsuz hərəkətə yol verməmişlər, onlar da özlərini səmimi aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Bununla yanaşı, ibtdai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iştirakları mümkün olmadığından həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onların digər şahidlərin ifadələrinə oxşar məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə X7 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 iyun 2022-ci il və 01 iyul 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd yaşıl sellofan bükümünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddəni bir yerdə saxlandığı Soheyl adlı şəxsdən həmin gün Q.Qarayev prospektində 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş digər bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Götürülən maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərə 01 iyul 2022-ci il tarixdə baxış zamanı 30 iyun 2022-ci il tarixli protokolda əksini tapan halların təsdiq olunduğu müəyyən edilmişdir. (i.v. 57-58, 98) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 iyul 2022-ci il tarixli 6/3633 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “vət. X2 aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 ədəd sellofan paketdə olan 13 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,221 qram, 0,325 qram, 0,307 qram, 0,248 qram, 0,351 qram, 0,265 qram, 0,261 qram, 0,042 qram, 0,028 qram, 0,025 qram, 0,023 qram, 0,103 qram, ümumi təmiz çəkisi 2,419 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər kimyəvi komponent tərkiblərinə görə biri-biri ilə eynidir, 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Üzərində: “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,331 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan heroinlə X4 üzərindən aşkar olunmuş 13 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 2,419 qram olmuş, cəmi tədqiqata 0,260 qram sərf edilmiş, ümumi 2,159 qram qalıq qalmışdır; heroinin təmiz çəkisi 0,331 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,281 qram qalıq qalmışdır. (i.v. 75-78) - 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,331 qram narkotik vasitə heroin və içərisində videogörüntünün olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,281 qram olan narkotik vasitə heroin Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 146-147) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 29 iyun 2022-ci il tarixli 3538 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 214-215) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizaya dair 07 sentyabr 2022-ci il tarixli 2394 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli (debillik dərəcəsində) əqli gerilik aşkar edilir. Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs məcburi müayinəyə ehtiyacı yoxdur. (i.v. 216-219) - 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibindən imtina edilmiş, X6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə kifayət qədər sübutlar olduğundan barəsində həmin maddə ilə elan edilmiş ittiham üzrə kifayət qədər sübutlar olduğundan barəsində həmin maddə ilə istintaqın aparılmasından ötrü ********* nömrəli cinayət işinin materiallarından ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 230-243) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 46) - 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 133-135) - 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 136) -Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş tibbi müayinə barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlillik qrupu verilmişdir. (i.v. 141) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 166-168) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, üçüncü dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməli, bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcinin müvafiq hissəsi (ekspertizanın iki təqsirləndirilən şəxsə münasibətdə keçirilməsi nəzərə alınmaqla 55 manatın yarısı) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar omuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ona görə o, yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş müdafiəçinin təqdim edəcəyi hesabat əsasında hər iş saatı üçün Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda əmək haqqının vəkilin müvafiq ərazi qurumu vasitəsilə ödənilməsi ilə bağlı məsələ ayrıca akt əsasında həll ediləcəkdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,281 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 55 manat ekspertiza xərcinin 27,50 manat hissəsi Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar