Məhkəmə qərarları › İş №1(007)-457/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-457/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-457/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 74, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,576 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,153 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 aprel 2024-cü il tarixdə saat 00:15 radələrində ünvan 1 ünvanında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİnin 25-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,153 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4-5 il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. 16 aprel 2024-cü il tarixdə saat 21 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Nizami rayon filialının yerləşdiyi inzibati binanın arxasında küçədə gəzişərkən təsadüfən tapdığı “West” firmasına aid siqaret qutusunun içərisindən 01 ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə və 01 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə aşkar etmişdir. O, dərhal həmin maddələri siqaret qutusundan çıxarıb, öz şəxsi istifadəsi üçün cibinə qoyub ərazidən uzaqlaşaraq “Neftçilər” metrostansiyasına doğru getmişdir. Həmin vaxt artıq saat 22 radələri olmuş və o, sözügedən ərazidə təsadüfən tanışı Şahid1 ilə rastlaşmış, görüşüb birlikdə Nizami rayonu, M.Şərifli küçəsi 25 ünvanına doğru piyada getmişlər. Artıq 17 aprel 2024-cü il tarixdə saat 00:15 radələrində qeyd etdiyi ünvanda olarkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək Bakı şəhəri Nizami rayon polis idarəsinin 25ci polis şöbəsinin polis əməkdaşı olduqlarını bildirib, onlardan kimliklərini soruşmuşlar. Hər ikisi polis əməkdaşlarına anket məlumatlarını demişlər. Həmin vaxt onun üzərində psixotrop maddə və narkotik vasitə olduğu üçün o, narahatlıq hiss keçirmiş, polis əməkdaşlarının sualından yayınıb oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu və yanında olan tanışı Şahid1 saxlayaraq 25-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə getmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik maddə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa təqdim etməsi bildirilmişdir. O da üzərində saxladığı “patı”nı və “kakos”u gizlətməyin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyü üçün əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 02 ədəd olmaqla, 01 ədəd gümüşü rəngli kağızı, 01 ədəd şəffaf rəngli sellofan bükümü və şalvarının sol arxa cibindən isə istifadəsində olan 01 ədəd qara rəngli “Samsung Galaxy A6+” markalı mobil telefonu çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuş, bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan ağ rəngli kristallik maddə “patı” kimi tanıdığı metamfetamin, şəffaf rəngli sellofan bükümdə olan kütlə isə “kakos” kimi tanıdığı narkotik vasitədir. Qeyd etdiyi kimi, hər iki bükümdə olan maddəni 16 aprel 2024-cü il tarixdə saat 21 radələrində “West” firmasına aid siqaret qutusunun içərisindən tapmış və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir, çünki o, 4-5 ildir ki, istifadəçidir. Hər iki büküm açılmış, həmin bükümlərdən gümüşü rəngli bir ədəd bükümün içərisindən ağ rəngli kristallik maddə, şəffaf rəngli 01 ədəd sellofan bükümün içərisindən isə qəhvəyi rəngli maddə kütləsi aşkar edilmişdir. Üzərindən həmin psixotrop maddə və narkotik vasitədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra həmin bükümlər polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq onu da bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik maddələri o, kənar şəxslərdən kiməsə satmaq məqsədilə təklif etməmiş, onun heç kəslə sövdələşməsi də olmamışdır. Polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Şahid1 ilə 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında görüşərkən üzərindən aşkar olunan həmin narkotik maddələr üzərində olsa da, Müşfiqin bundan xəbəri olmamışdır. Onlar görüşməmişdən bir saat əvvəl o, həmin narkotik maddələri təsadüfən tapdığı “West” firmasına aid siqaret qutusunun içərisindən aşkarlayaraq dərhal da hər iki bükümü həmin qutunun içərisindən çıxarıb, öz istifadəsi üçün əynindəki qara rəngli şalvarın arxa sağ cibinə qoyub özündə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, eyni zamanda uzun müddətdir peşəkar idmanla məşğul olduğunu, çoxlu təltiflərinin olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə kiçik inspektoru vəzifəsində xidmət edir. 17 aprel 2024-cü il tarixdə təxminən saat 00:15 radələrində ünvan 1 ünvanında Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2la birlikdə xidmətdə olarkən bir nəfər piyada kişi cinsli şəxsin yanındakı bir nəfər kişi cinsli şəxslə birlikdə onları görən kimi özünü şübhəli aparmasını görmüşlər və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib, onlardan şəxsiyyət vəsiqəsinin üzərlərində olub-olmamasını soruşub, olduğu təqdirdə onu təqdim etməsini xahiş etmişlər. Bu zaman şəxslərdən biri özünü onlara Təqsirləndirilən şəxs, digəri Şahid1 kimi təqdim etmişdir. Özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən birinci şəxs nədənsə narahat olub, verdikləri suallara qeyri-adekvat cavablar verib, yayınaraq tez bir zamanda onlardan uzaqlaşmağa çalışmışdır. Buna görə özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib həmin şəxsi Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib, onlarla birlikdə 25-ci polis şöbəsinə getmişdir. Polis şöbəsinin növbətçi hissəsində onların gətirdiyi şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edildikdən sonra şöbə rəhərliyinin göstərişi ilə aidiyyəti üzrə təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqlardan birində müdafiəçi qismində dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, bundan sonra o, şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiləcəyi bildirilmiş, qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi ona təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd metallik rəngli kağız bükümünü və 01 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sol arxa yan cibindən isə 01 ədəd qara rəngli Smart mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən əvvəlcə şəffaf rəngli sellofan büküm açılmış, həmin bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, metallik kağız büküm açıldıqda həmin bükümün içərisindən ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bəznər kristallik maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs sellofan bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə, metallik rəngli kağız bükümün içərisindəkinin isə “metamfetamin” olduğunu, 4 ildir ki, istifadəçi olduğunu, 16 aprel 2024cü il tarixdə saat 21:00 radələrində "xxxx" KB ASC-nin Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Nizami rayon filialının yerləşdiyi binanın arxasında küçədən “West” firmasına aid siqaret qutusunun içərisində tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, həmin zərf onlar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilsə də şübhəli şəxsin üzərindən başqa əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Eyni zamanda şübhəli şəxs təhqiqatçının sualına cavab olaraq polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki zorkalığa məruz qalmadığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində onlar tərəfindən saxlanılarkən yanında olan tanışı Şahid1 Təqsirləndirilən şəxsla təsadüfən orada rastlaşdıqları, sonuncunun üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələrdən onun xəbərsiz olması, Təqsirləndirilən şəxs törətdiyi əmələ heç bir aidiyyətinin olmaması müəyyən edildiyindən Şahid1 izahatı təhqiqatçı tərəfindən dərhal izahatı alınaraq polis şöbəsindən evinə yola salınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Şahid1 iştirakları mümkün olmadığından, həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, Şahid2 Şahid3la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid1 isə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Eyni məktəbdə təhsil almışlar. Təqsirləndirilən şəxs məktəbin Azərbaycan bölməsində, o, isə rus bölməsində oxumuşdur. Hal-hazırda da onların münasibətləri normaldır. 16 aprel 2024-cü il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxsla təsadüfən Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında görüşüb söhbət edərək piyada ünvan 6 ünvanda iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onların kimlikləri ilə maraqlanmışlar. Onları polis əməkdaşları saxlayanda artıq 16 aprel 2024-cü il tarixdən 17 aprel 2024-cü il tarixə keçən gecə saat 00:15 radələri olmuşdur. O, polis əməkdaşlarına öz anket məlumatlarını demişdir. Səid polis əməkdaşlarının suallarını cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə gəlmişlər. O, Səidin ara-sıra narkotik vasitə istifadə etdiyini bilmişdir. Özü spirtli içki qəbul etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Onları polis əməkdaşları sözügedən ərazidə saxlayarkən də o, içkili olmuşdur. Təqsirləndirilən şəxsla Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında təsadüfən görüşmüşlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından onun heç bir məlumatı olmamışdır. 25-ci polis şöbəsinə gətirildikdən sonra orada bilmişdir ki, Səidin üzərindən narkotik vasitə və psixotrop maddə aşkarlanmışdır. Səidin həmin narkotik maddələri necə, haradan əldə etməsindən onun xəbəri olmamışdır. İstər ərazidə, istərsə də polis şöbəsinin inzibati binasında o, hər hansısa polis əməkdaşı tərəfindən heç bir fiziki və psixi zorakılığa məruz qalmamışdır. Polis əməkdaşı tərəfindən izahatı alınaraq o, evə buraxılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 aprel 2024-cü il və 27 may 2024-cü il tarixli protokollardan görünür ki, 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının, müdafiəçinin iştirakları ilə və videoçəkiliş aparılmaqla, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən gümüşü rəngli kağız bükümdə olan kütləni və şəffaf sellofan bükümdə olan 02 ədəd kütləni, əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən mobil telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümdə olan ağ rəngli kristal şəkilli kütləni “metafetamin” kimi, şəffaf sellofan bükümdə olan kütləni “kakos” kimi tanıdığını, həmin aşkar olunmuş 02 ədəd bükümdə olan maddəni saat təxminən 21 radələrində “West” karobkasının içindən taparaq üzərində saxlayıb gəzdirdiyini, 4 ilə yaxındır ki, narkotik maddələri istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsin təqdim etdiyi bükümlərə baxış keçirilmiş, şəffaf sellofan bükümdə olan xüsusi spesifik qoxuya malik qəhvəyi rəngli kütlə olması və gümüşü kağızda bükümdə olan ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd gümüşü rəngli kağız bükümdə olan və şəffaf sellofan bükümdə olan kütlə boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş və protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 27 may 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 28-29, 113-114) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 17 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/2058 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №165”-li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,576 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,153 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. Qeyd: heroinin təmiz çəkisi 0,576 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,526 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 0,153 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,103 qram qalıq qalmışdır. (i.v. 41-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 30 aprel 2024-cü il tarixli 2832 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 109-110) - 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün bu xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün bu xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddələri könüllü sürətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı videogörüntüləri əks etdirən 01 ədəd disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,576 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,153 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,526 qram narkotik vasitə heroin və 0,103 qram psixotrop maddə metamfetamin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli “Samsung GalaxyA6+” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut qismində tanınmamış və təqsirləndirilən şəxsə qaytarılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə məhkəmə qərarı əsasında "xxxx" MMC-dən alınmış bir ədəd kompakt diskə baxış keçirilərkən həmin nömrədən çıxan və nömrəyə daxil olan SMS mətnlərində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar aşkar edildiyinə görə 01 ədəd kompakt disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut qismində işə əlavə edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 116-125) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin əldə olunma mənbələri barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 17) - 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 75-76) - 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 87) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 00:15-də şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinə aparılmış, azadlıq hüququ faktiki olaraq həmin vaxtdan məhdudlaşdırılmış, saat 01:35-də barəsində tutma tətbiq edilmiş, 18 aprel 2024-cü il tarixdə saat 11:30-dan saat 12:10-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunaraq tutmadan dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə və psixotrop maddə məhv edilməlidir; 02 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,526 qram olan narkotik vasitə heroin və 0,103 qram psixotrop maddə metamfetamin məhv edilsin, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar