Məhkəmə qərarları › İş №1(007)-46/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-46/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-46/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Goranboy rayonunun Yolqullar kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanliq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə, saat 14:15 radələrində müdir olduğu “Azərsun" holdinqə məxsus ünvan 2 ünvanda yerləşən ictimai yer olan “Aİ Market”də həmin marketə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs satıcı Şahid2 ilə sonuncunun Zərərçəkmiş şəxs “Covid-19” pandemiyası ilə əlaqədar qoruyucu maska taxmadığına görə mağazaya buraxmamasına və siqaret satmadığına görə Şahid2 ilə sözlə mübahisə etməsini bəhanə edərək ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib əvvəlcə yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxslə mübahisə edib heç bir əsaslı səbəb olmadan marketin içərisindən istifadə olunan yanğın söndürən balonu silah qismində götürüb qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsindən vurub, sonuncuya sol göz ətrafının hematoması və əzilmiş yarası ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs marketi tərk edib bir neçə dəqiqədən sonra marketə geri qayıdıb ona yaxınlaşıb nə səbəbə görə onu vurduğunu soruşduqda o, qərəzli olaraq qanunsuz hərəkətlərini davam etdirərək ictimai yer sayılan marketin içərisində təpiklə qəsdən Zərərçəkmiş şəxs sol qol nahiyəsinə vurub ona sol saidin arxa səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən “Azərsun” holdinqə məxsus “Aİ Market”-də müdir vəzifəsində işləmişdir. 04.08.2020-ci il tarixdə saat 14 radələrində marketdə olan zaman marketin girişində kassa aparatının yanında səs-küy eşidib yaxınlaşdıqda, əvvəllər mağazaya müştəri qismində gəlmiş və adının sonradan Elçin olduğunu bildiyi şəxsin marketdə kassir işləyən Mədinə ilə mübahisə etdiyini görmüşdür. Mübahisəyə səbəb Elçin adlı şəxsin qoruyucu maska taxmadan marketə daxil olub Mədinədən siqaret istəməsi, qoruyucu tibbi maska taxmadığına görə isə Mədinənin Elçinə siqaret verməməsi və sonuncudan mağazanı tərk etməsini tələb etməsi olmuşdur. Elçin marketdən çıxandan sonra Mədinənin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Elçinə yaxınlaşaraq nalayiq ifadələr işlətməməsini xahiş etmiş və mövcud epidemiya səbəbi ilə maskası olmayan müştərilərə xidmət göstərilmədiyini bildirmişdir. Bu zaman Elçin yenidən Mədinənin və onun ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etdiyinə görə əsəblərini cilovlaya bilməyib marketdə olan “yanğın söndürmə” balonu ilə Elçini vuraraq marketdən çıxmasını tələb etmişdir. Elçin marketin qarşısında onu və işçiləri təhqir etdiyinə görə mobil telefonla həmin ərazinin sahə rəisinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən bir neçə dəqiqə sonra Elçin yenidən marketə daxil olub üzərinə gələrək onun baş nahiyyəsinə yumruqla vurub onu tutduracağını demiş, Elçin fiziki cəhətdən ondan güclü olduğuna görə qaçıb uzaqlaşmaq istəyərkən, Elçin mağazanın vitrinində olan şüşə qabları ona atmışdır. Bundan sonra ətrafdakı şəxslər Elçini sakitləşdirməyə çalışmış, sonuncu yenidən onu və marketin işçilərini təhqir edərək oradan uzaqlaşıb getmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsi və şahidi dinləyib, dövlət ittihamçısının və müdafiəçinin təklifini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 04.08.2020-ci il tarixdə, saat 14:15 radələrində yaşadığı, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23 ünvanda yerləşən “Al Market”-dən siqaret almaq üçün marketə daxil olmuşdur. Marketin giriş hissəsində yerləşən kassaya yaxınlaşaraq kassada oturan satıcı xanımdan iki ədəd “Kent-1" markalı siqaret verməsini xahiş etmişdir. Lakin kassada oturan xanım onun qoruyucu maska taxmadığına irad bildirdiyinə görə, marketdən çıxıb giriş qapıdan pulu içəri uzadaraq siqaret verməsini xahiş etmişdir. Lakin satıcı xanım kobud şəkildə ona heç bir nə satmayacağını bildirmişdir. Bu zaman kassada oturan həmin xanımın qoruyucu maskanı qaydalara uyğun taxmadığına iradını bildirdikdə, kassada oturan xanım ona qarşı nalayiq ifadə işlətmişdir. Əsəblərini cilovlaya bilməyib həmin xanıma nalayiq ifadə işlətmiş və bu zaman sonradan Xətai kimi tanıdığı şəxs yaxınlaşıb özünü marketin müdiri kimi təqdim etmiş və xanıma nalayiq ifadə işlətdiyinə görə ona iradını bildirdikdə, birinci xanım satıcının ona nalayiq ifadə işlətdiyini demişdir. Xətaiyə öz iradını bildirərkən, sonuncu marketdə olan yanğınsöndürmə balonu ilə onun baş nahiyyəsindən vurmuş, zərbədən qaşından qan gəlməyə başlamışdır. Üzünün qan olduğunu görüb mağazadan çölə çıxmış və bir neçə dəqiqə sonra özünə gələrək yenidən marketə daxil olaraq, Xətaiyə “oğlu yaşında” olduğunu və nə üçün onu vurduğunu soruşmuşdur. Xətai yenə onunla kobud danışmış və “yaxşı eləmişəm" deyərək ayağı ilə onun qolundan vurmuşdur. Aldığı xəsarətlərdən və baş vermiş hadisənin təsirindən əsəbələrini cilovlaya bilməyib Xətainin üz nahiyyəsindən itələmək istəmiş, lakin sonuncu yayındığına görə o, müvazinətini itirib yerə yıxılmışdır. Xətai onun ünvanına kobud və nalayiq ifadələr işlətmiş, buna görə marketdə olan plastik stəkanları götürərək Xətaiyə tərəf atmış, lakin sonuncu yayındığına görə atdığı əşyalar Xətaiyə dəyməyib yerə düşmüşdür. Ətrafda olan şəxslər onu marketdən çölə çıxarmış və Xətaini özündən aralamaq məqsədi ilə sonuncunun sifətindən bir sillə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barşıdığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından ünvan 2 ünvanda yerləşən “Al Market”-də satıcı-kassir işləmişdir. 04.08.2020-ci il tarixdə, saat 14 radələrində marketdə kassada olan zaman sonradan tanıdığı Elçin adlı müştəri marketə daxil olmaq istəyərkən sonuncuya qoruyucu tibbi maskasız marketə girişin qadağan olduğunu demişdir. Elçin marketin girişində ondan 2 qutu "Kent-1” markalı siqaret istəmiş, sonuncuya kassadan kənarda satışın qadağan olduğunu dedikdə Elçin “səsini kəs” deyə ona kobud cavab vermişdir. Həmin vaxt marketin müdiri Təqsirləndirilən şəxs çağıraraq Elçin adlı şəxsin tibbi maska taxmadan marketdən siqaret almaq istədiyini demişdir. Xətai giriş qapısında dayanmış Elçinə yaxınlaşıb söhbət edən zaman, sonuncu onun ünvanına “qancıq” ifadəsini işlədib onu təhqir etmiş, bu zaman Xətai marketin giriş qapısının yanında olan yanğınsöndürmə balonu ilə Elçinin alın nahiyyəsindən vurmuşdur. Elçinin sol qaşı yaralanmış və sonuncu əli ilə qaşını tutaraq marketdən çıxmışdır. Təxminən 5 dəqiqə sonra Elçin yenidən marketə qayıtmış, həmin vaxt Xətainin tapşırığı ilə marketin anbarına keçmiş, anbarda olarkən Elçinin Xətai ilə mübahisə etdiyini eşitmişdir. Anbardan çıxarkən Xətainin marketin digər tərəfinə qaçdığını, Elçinin Xətaiyə əşyalar atdığını və yıxıldığını görmüşdür. Həmin vaxt marketdə olan 2 nəfər tanımadığı şəxs Elçini marketdən çölə çıxarmış, sonra Xətaidən Elçinin atdığı əşyaların ona dəyib-dəymədiyini soruşmuş, Xətai isə ona heç bir əşya dəymədiyini demişdir. Elçinlə Xətai arasında “Al Market”də baş vermiş birinci mübahisə 5-10 dəqiqə, ikinci mübahisə isə 10-15 dəqiqə davam etmiş, birinci mübahisə zamanı marketdə müştəri olmamış, ikinci mübahisə zamani 2 nəfər müştəri olmuşdur. Elçinin Xətaini vurduğunu görməmiş, Elçinin Xətaiyə atdığı şüşə su butulkası sonuncuya dəyməmiş və hadisə zamanı özü heç bir xəsarət almamışdır. Baş vermiş hadisə barədə Nizami RPİ-nin 23-cü PB-nə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 10 yanvar 2021-ci il və 11 yanvar 2021-ci il tarixli protokollardan görünür ki, 04 avqust 2020-ci il tarixdə baş vermiş hadisə ünvan 2 ünvanda yerləşən ”Aİ Market”-də baş vermiş və “Aİ Market”-də baş vermiş hadisəni özündə əks etdirən 1 ədəd DVD disk götürülmüşdür. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, marketin qapısının qarşısında iki nəfər şəxsin qarşı qarşıya dayanaraq danışmaları, bu zaman marketdə olan marketin əməkdaşı olduğu əynində olan köynəyin üzərində «AL MARKET» yazısından ehtimal olunan qadın cinsli şəxsin söz deməsi və qapı qarşısında söhbət edən şəxslərdən birinin həmin qadına cavab verməsi, bu zaman əynində olan köynəyin üzərində «AL MARKET» yazısı olan şəxsin qapının yanından götürdüyü yanğınsöndürənlə həmin şəxsin başından vurması və daha sonra həmin şəxsin başını tutaraq oradan uzaqlaşması müşahidə olunur. Həmin görüntüdə olan şəxslərin marketin daxilində olan şüşəli rəfin yanında qarşı-qarşıya dayanıb söhbət edən zaman əynində olan köynəyin üzərində «AL MARKET» yazısı olan şəxsin təpiklə digər şəxsin qarın nahiyəsinə vurması, həmin şəxsin sol qolunu zərbənin qarşısına verməsi, bundan sonra həmin şəxsin sağ əli ilə bir dəfə marketin əməkdaşı olan şəxsin sifət nahiyəsindən vurması, bu zaman marketdə olan digər şəxslərin onları aralaşdırmağa çalışmaları, marketin əməkdaşının rəfin arxasından marketin digər hissəsinə doğru qaçması, həmin zaman başını tutmuş şəxsin yerə yıxılması və daha sonra tərəflərin biri-birilərinə əşyalar atması, lakin həmin əşyaların heç kimə dəyməməsi müşahidə olunur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 562 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafının hematoması və əzilmiş yarası, sol saidin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 04.08.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16.11.2020-ci il tarixli T306/2020 saylı rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyn travması, sol qaş və təpə nahiyəsində yumşaq toxumaların əziyi, təpə nahiyəsində kiçik əzilmiş yara, sağ baldırda hematoma, kiçik əzimiş yara olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla yetirilmə müddəti 04.08.2020-ci ilə uyğun gəlir. Dərəcəsinə görə ilkin rəydə göstərildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, “Al Market”dən götürülmüş 1 ədəd Yanğınsöndürən balon və “Al Market”də quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin Qərarın 8 və 9-cu bəndlərində qeyd olunur ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən olunaraq şərti olaraq tətbiq olunmalı və onun üzərinə davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - Bakı şəhər Nizami RPİ-də saxlanılan 1 ədəd Yanğınsöndürən balon “Al Market”ə qaytarılmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdr. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 00 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 1 ədəd Yanğınsöndürən balon “Al Market”ə qaytarılsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar