Məhkəmə qərarları › İş №1(007)-46/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-46/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-46/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində qeydiyyatda olmuş, 12 dekabr 2024-cü il tarixdə ölmüş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,395 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2024-cü il tarixdə saat 00:05 radələrində ünvan 1 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,395 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə ölmüşdür, o, məhkəmənin 11 oktyabr 2024-cü il tarixli iclasında, sağ ikən təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, bir neçə aydır ki, narkotik vasitə istifadə edir. 10 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisinə getmiş və tanımadığı şəxsdən 10 manata bir büküm “kakos” kimi tanıdığı narkotik vasitəni alıb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bu barədə heç kimə məlumat vermədən kirayə yaşadığı evə gedərkən oradan yolüstü Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsinə dönmüşdür. 11 iyun 2024-cü il tarixdə saat 00:05 radələrində Yenikənd küçəsindəki 16 nömrəli evin qarşısında olarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına anket məlumatlarını demişdir. Həmin vaxt üzərində narkotik vasitə olduğu üçün narahatlıq hissi keçirmiş və polis əməkdaşlarının onu sorğu-sual etməsindən yayınıb oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun hərəkətlərindən və narkotik vasitə istifadəçisi olmağından şübhələnib onu saxlayaraq 23-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə 23-cü Polis bölməsinə getmiş və inzibati binada onun şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra polis bölməsinin xidməti otaqlarının birində aparılmışdır. Orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğu bildirilmiş, barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən ona üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa təqdim etməyi bildirilmişdir. O da üzərində saxladığı “kakos” kimi tanıdığı narkotik vasitəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü, şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan “Viceroy” firmasına aid 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının sağ arxa cibindən 10 qəpik pulu və sol arxa cibindən isə 01 ədəd bir manalıq pul əskinazını çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə kütləsi “kakos” kimi tanıdığı narkotik vasitədir, 10 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonunun ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata almışdır. Təqdim etdiyi bir ədəd həmin büküm açılmış və bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə kütləsi aşkarlanmışdır. Onun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən narkotik vasitədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Təqdim etdiyi şəxsi cib xərcliyi olan 1 manat 10 qəpik pul əskinazı, şəxsi əşyaları olduğundan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində onu da bildirmişdir ki, onun üzərində aşkar edilən narkotik vasitəni satan şəxs barəsində heç bir məlumatı yoxdur. Əvvəllər də onda narkotik vasitə satan şəxslərin barəsində məlumat olmamışdır. Adətən o, narkotik vasitə alan zaman üzdən narkotik istifadəçisinə bənzəyən şəxslərə yaxınlaşıb üzərində ona satması üçün “kakos” olubolmamasını soruşmuş, olduğu təqdirdə istifadəsi üçün almışdır. O, ancaq narkotik vasitəni istifadəsi üçün almışdır. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatla, ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlərlə müəyyən edilmişdir ki, cinayət işi məhkəmənin icraatında olduğu dövrdə, 12 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ölmüşdür. Ölmüş Təqsirləndirilən şəxs atası X3 məhkəməyə 04 aprel 2025-ci il tarixdə ərizə ilə müraciət edərək, övladı Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə vəfat etdiyini göstərmiş, buna görə onun ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinin ona izah edildiyini, aydın olduğunu, bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə razı olduğunu, etirazı olmadığını göstərmiş, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinə uyğun olaraq, bəraətverici əsaslar olmadan, 12 dekabr 2024-cü il tarixdə vəfat etmiş oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 iyun 2024-cü il tarixdə təxminən saat 00:05 radələrində Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsində xidməti ərazidə 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmət apararkən bir nəfər piyada şəxsin onları görən kimi özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edib həmin şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmamasını soruşmuş, olduğu təqdirdə onlara təqdim etməsini təklif etmişlər. Bu zaman özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edərkən həmin şəxs nədənsə narahat olmuş, verdikləri suallara qeyri-adekvat cavablar verərək yayınmağa və tez bir zamanda yanlarından uzaqlaşmağa çalışmışdır. Buna görə onlar həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnib onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin növbətçi hissəsində gətirdikləri şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmişdir. Sonra isə o, tərəflərindən xidməti otaqlardan birinə aparılmışdır. Orada 23-cü polis bölməsinin təhqiqatçısı tərəfindən şübhəli Təqsirləndirilən şəxs onların və vəkilin iştirakları ilə hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiləcəyi bildirilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs etirazının olub-olmaması soruşulduqda, o, heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağız bükümünü, həmin şalvarın sol yan cibindən içərisində 01 ədəd siqaret dənəsi olan 01 ədəd “Viceroy” markalı siqaret qutusunu, 01 ədəd alışqanı, sağ arxa cibindən 01 ədəd 10 qəpik metal pulu, sol arxa cibindən isə 01 ədəd bir manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə qəhvəyi rəngli toz şəkilli maddə kütləsi aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bu maddənin narkotik vasitə olan “kakos” olduğunu, onu 10 iyun 2024-cü il tarixdə Bakı şəhəri Xətai ayonunun ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, aşkar olunmuş maddəni nə məqsədlə alması sualına cavab olaraq şəxsi istifadə üçün aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərində aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız büküm kağızdan olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Axtarış davam etdirilərkən şübhəli şəxsin üzərindən götürülmüş narkotik vasitədən başqa əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilərkən videoçəkiliş onun tərəfindən aparılmışdır. Təhqiqatçı şəxsi axtarış və götürmə ilə bağı protokolun tərtib ediləcəyini, həmin istintaq hərəkətinin başa çatmasını elan etmişdir. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu doğru olduğu üçün imzaları ilə təsdiq etmişlər. Qeyd olunan tədbirlər zamanı Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etmiş, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinin əməkdaşı Şahid1 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun Şahid2la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 iyun 2024-cü il və 18 iyul 2024-cü il tarixli protokollardan görünür ki, 11 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının, müdafiəçinin iştirakları və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükülünü təqdim edərək narkotik vasitə olduğunu və Xətai rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Əlavə olaraq şübhəli şəxsin göy rəngli cins şalvarının sol yan cibindən içərisində 01 ədəd siqaret olan 01 ədəd “Viceroy” markalı siqaret qutusu, 01 ədəd alışqan, cins şalvarın sağ arxa cibindən 10 qəpik, cins şalvarın sol arxa cibindən 1 manatlıq pul əskinası aşkar olunmuşdur. 01 ədəd bükümdən başqa aşkar olunan əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaşın özünə qaytarılmışdır. Daha sonra şübhəli şəxsdən götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 ədəd DVD disk əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə müstəntiq tərəfindən 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 28-29, 91) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 11 iyun 2024-cü il tarixli 6/3194 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs - imza, ..üç imza, Təhq.R.Veliyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,395 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,395 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,345 qram qalıq qalmışdır. (i.v. 36-39) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 20 iyun 2024-cü il tarixli 4296 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 20 iyun 2024cü il tarixli 1783 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 87-89) - 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün bu xüsusat üzrə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-cı bəndinə əsasən narkotik vasitələri könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış və götürmə zamanı videogörüntüləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 manat 10 qəpik pul, içərisində 01 ədəd siqaret dənəsi olan 01 ədəd “Viceroy” markalı siqaret qutusu və 01 ədəd alışqanın iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut qismində tanınmayıb təqsirləndirilən şəxsə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və təhqiqatdan sonra qalıq qalmış 0,345 qram narkotik vasitə heroin Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 97-104) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Beyləqan Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli 3875 saylı “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 82-83) - 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 18) - 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 66-67) - 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami rayon polis idarəsinin 27 dekabr 2024-cü il tarixli 52/2-44448/24 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etdiyi üçün onun barəsində axtarış işi açılmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsin müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi onun sağ ilən məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs atası X3 məhkəməyə 04 aprel 2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinə uyğun olaraq, bəraətverici əsaslar olmadan, 12 dekabr 2024-cü il tarixdə vəfat etmiş oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 12 dekabr 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin hüquqi varisi X2 və müdafiəçisinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3- 1-ci maddələrinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; təqsirləndirilən şəxs öldüyündən məhkəmə məsrəfi olan ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinin tələblərinə uyğun olaraq, belə hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar onun barəsindəki həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 12 dekabr 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, hüquqi varisi (atası) X2 müdafiəçi ilə birlikdə razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,345 qram narkotik vasitə heroin məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 92 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar