Məhkəmə qərarları › İş №1(007)-460/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-460/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-460/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Cəlilabad rayonu, Şükürlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 3 nömrəli məktəbin yanındakı nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 05 mart 2023-cü il tarixdə, saat 13:30 radələrində tanışı Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 27 ünvanında yerləşən “LuxFon” adlı telefon mağazasına gəlib Zərərçəkmiş şəxs telefon almaq istəməsi barədə yalan məlumat verib, guya mağazanın yaxınlığında gözləyən arvadına göstərmək adı ilə Zərərçəkmiş şəxs aldadıb, etibarından sui-istifadə etməklə bu adla sonuncudan 01 ədəd, 440 manat dəyərində 4\64 yaddaşı olan “Redmi Note 11 Graphity Gray” və 01 ədəd, 380 manat dəyərində, 2\32 yaddaşı olan “Redmi 8 Saphire Blue” markalı mobil telefonları ələ keçirərək mağazanı tərk edib həmin telefonları başqa mağazalarda satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 820 manat ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü il tarixdə, saat təxminən 13:30 radələrində atasının tanışı olan və özünün də tanıdığı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrosunun yaxınlığında yerləşən “LuxFon” telefon mağazasının işlədən Zərərçəkmiş şəxs yanına gedərək ondan iki ədəd – qiyməti 440 manat olan “Redmi Note 11 Graphity Gray” adlı və qiyməti 400 manat olan “Redmi 8 Saphire Blue” adlı mobil telefonları götürmüş və almaq istədiyini bildirmiş, həmin telefonları götürüb yalandan guya kənarda gözləyən tanışlarına göstərmək adı ilə mağazadan çıxmışdır. Abbas da onu tanıdığından arxasınca gəlməmiş və o da əvvəldən qurduğu plan üzrə mağazadan çıxıb başqa yerə gedərək telefonları öz telefonu kimi xatırlamadığı başqa telefon mağazalarına dəyərindən aşağı qiymətə satmış, pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin telefonları satarkən onların onun özünə məxsus olmasını demişdir. Həmin vaxt onun təcili pula ehtiyacı olduğundan Abbası aldadıb, onun telefonlarına ələ keçirərək satıb pul əldə etmişdir. Hazırda ailəlidir, himayəsində azyaşlı uşaqları vardır. Bu səbəbdən də vurmuş olduğu zərəri tam yox, hissə-hissə, yəni ayda 100-150 manat olmaqla ödəyə bilər. Halhazırda törətdiyi əməli səmimi etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 27 ünvanında yerləşən “LuxFon” adlı telefon mağazasını icarə müqaviləsi əsasında işlədir. Təxminən 2-3 ildir ki, təqsirləndirilən şəxsin atası Daxıl Quliyevlə əlaqəsi olmuş və əvvəllər onunla birlikdə həmin mağazanı işlətmişdir. Daxılın oğlu Bağışı da buna görə tanıyır. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Bağış mağazaya gələrək 2 ədəd - dəyəri 440 manat olan 4\64 yaddaşı olan Redmi Note 11 Graphity Gray adlı mobil telefon və dəyəri 380 manat olan 2\32 yaddaşı olan Remi 8 Saphire Blue adlı yeni mobil telefonları götürüb almaq istədiyini, lakin mağazadan bir az kənarda yerləşən avtomobilində əyləşmiş arvadına göstərəcəyini, onun da bəyənməsi halında həmin telefonlardan birini almaq istəməsini demişdir. O da Bağışı tanıdığı üçün onun həmin telefonları arvadına göstərməsinə və geri qayıdıb ödəniş etməsinə heç bir etiraz etməmişdir. Bağış həmin telefonları ondan götürüb getmiş və bundan sonra nə qədər gözləsə də, Bağış geri qayıtmamış, onun 2 ədəd mobil telefonunu aldatma yolu ilə ələ keçirib ona 820 manat maddi ziyan vurmuşdur. Bu günədək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən hər hansı bir məbləğdə ödəniş edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 27 ünvanında yerləşən “LuxFon” adlı telefon mağazasında satıcı işləyən zaman xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Bağış mağazaya gələrək 2 ədəd - dəyəri 440 manat olan 4\64 yaddaşı olan Redmi Note 11 Graphity Gray adlı mobil telefon və dəyəri 380 manat olan 2\32 yaddaşı olan Remi 8 Saphire Blue adlı yeni mobil telefonları götürüb almaq istədiyini, lakin mağazadan bir az kənarda yerləşən avtomobilində əyləşmiş arvadına göstərəcəyini, onun da bəyənməsi halında həmin telefonlarından birini alacağını demişdir. Abbas isə Bağışı tanıdığı üçün onun həmin telefonları arvadına göstərməsinə və geri qayıdıb ödənişi etməsinə heç bir etiraz etməmişdir. Bağış həmin telefonları Abbasdan götürüb getmiş və bundan sonra Abbasla o, nə qədər gözləsələr də, Bağış geri qayıtmamışdır. Onun mobil nömrəsinə zəng etsə də, telefonu bağlı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 ay (dörd ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar