Məhkəmə qərarları › İş №1(007)-460/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-460/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-460/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, DOS ev 3, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, hazırkı işlə bağlı 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaları qismən birləşdirmək yolu ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Penitensiar müəssisəsində cəza çəkməklə cinayət işinə baxılması ilə əlaqədar 3 saylı istintaq təcridxanasına keçirilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 09 aprel 2024-cü il tarixdə saat 22:35-də ünvan 1 ünvanının qarşısında Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən, qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ rəngli bükümün içərisində, təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 09 aprel 2024-cü il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamini almış və üzərində saxlamışdır. Həmin gün Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli bilindiyinə görə onu 25-ci polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyib polis əməkdaşları ilə getmişdir. PŞ-də ona hüquq və vəzifələri elan edilmiş və üzərinə baxış keçirilməsi təklifi edilmiş, o da etiraz etməmişdir. Xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə içərisində “patı” kimi tanıdığı metamfetamini çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə baxış olmuş və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. O, narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidməti qaydada “Cəfər” adlı şəxsin Bakı şəhəri Nizami rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlaması və daşıması barədə əməliyyat məlumatı əldə etmiş, bu barədə rəhbərliyə raportla məruzə etmiş və həmin şəxsin yaxalanması məqsədi ilə ondan və iş yoldaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Cəfər” adlı şəxsi 09 aprel 2024-cü il tarixdə saat 22:35-də Nizami rayonu, M.Gəncəvi küçəsi 11 ünvanının qarşısında saxlamış, “Cəfər” adlı şəxsə özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt onlara həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Təqsirləndirilən şəxs araşdırmanın aparılması məqsədi ilə 25-ci PŞ-nə dəvət etmişlər, həmin şəxs etiraz etməyib onlarla birlikdə getmişdir. Şöbə rəhbərliyinə məruzə olunduqdan və zəruri sənədləşmələr icra edildikdən sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onların və müdafiəçinin iştirakları ilə şübhəli şəxsin üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu barədə qərar şübhəli şəxsə elan edildikdən sonra ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə, içərisində ağ rəngli maddə olan bükümü təqdim etmiş və həmin kağız bükümdə olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, psixotrop maddəni adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 09 aprel 2024-cü il tarixdə Suraxanı rayonunda 10 manata aldığını və üzərində saxladığını demişdir. Daha sonra şübhəli şəxsin üzərinə, əynindəki paltarlara baxılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Şübhəli şəxsin təqdim etdiyi kütlə maddi sübut əhəmiyyəti kəsd etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, istintaq hərətəkinin nəticəsi haqqında tərtib edilmiş, protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və onun Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 aprel 2024-cü il və 03 may 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 09 aprel 2024-cü il tarixdə saat 22:35 radələrində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli kristallik maddə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin “patı” kimi tanıdığı psixotrop maddə olmasını, həmin maddəni 09 aprel 2024-cü il tarixdə şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata almasını bildirmişdir. Psixotrop maddə ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınaraq diskə köçürülmüş video görüntüyə 03 may 2024-cü il tarixdə keçirilən baxış zamanı yuxarıda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 30-31, 89) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/1973 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,473 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,423 qram qalıq qalmışdır. (i.v. 39-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 02 may 2024-cü il tarixli 2885 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 87-88) - 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Cəfər” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 09 aprel 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 90) - 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməmiş, ibtidai istintaq zamanı keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından və mənbəyə aid materialın ayrılması hazırki cinayət işinin ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılmasına maneə yaratmadığından, naməlum mənbəyə dair materiallar ayrılmış və Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış 0,423 qram psixotrop maddə metamfetamin Nizami RPİ-nin maddi subutların saxlanc kamerasına təhvil verilmiş, 10 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk sübut qismində cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 97-101) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 11 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 62-64) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 11 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəzaları qismən birləşdirmək yolu ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 83-84, 91-96) -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, X1 20 iyul 2023-cü il tarixdə doğulmuşdur. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 1(003)-474/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki 17 may 2024-cü il tarixli hökm 20 iyun 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla həmin maddəyə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hazırda CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edildiyinə və 11 dekabr 2023-cü il tarixli hökmə münasibətdə CM-nin 67.1-ci maddəsi ilə cəza təyini məsələsi 17 may 2024-cü il tarixli hökm üzrə artıq həll edildiyinə görə, cari iş üzrə CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan işlər üzrə 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək və 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, ona CMnin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə müəyyən edildiyi qaydada 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır, onun barəsində qətimkan tədbiri seçilməsinə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında) təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qeyd olunan işlər üzrə 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək və 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın, barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,423 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 26 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 156 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar