Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-461/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs: Arif Allakhverdievin, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdə saat 20 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi faktiki mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İX 35” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev küçəsi ilə Rizvan Teymurov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərməklə yolayrıcında “Yol verin” yol nişanının olduğu yol ilə hərəkət edən nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinə nisbətən yolayrıcını keçmə üstünlüyünü təyin etdiyi halda yol hərəkəti qaydalarını pozub Bakı şəhəri, ünvan 3 ünvanının kəsişməsində yerləşən yolayrıcında olan “Yol verin” yol nişanının tələblərinə əməl etməyərək ünvan 4 ünvanında idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Şahid “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə 60 km/saat sürətlə idarə etdiyi faktiki mülkiyyətində olan “Kia Rio” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş və nəticədə həmin avtomobildə sərnişin olan Arif Allakhverdıevin ehtiyatsızlıqdan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol tərəfli alın sümüyünün almacıq çıxıntısının xətti sınığı, alının hematoması, sol yanaq nahiyəsinin qançırından ibarət xəsarət almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, idarə etdiyi “Hyundai İX 35” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsi ilə hərəkətdə olarkən kəsişmədə “yol ver” nişanının tələbini pozaraq dayanmadan yol ayrıcına daxil olmuş, bu zaman yol nəqliyyat hadisəsi baş vermiş, Rizvan Teymurov küçəsindən Şirin Mirzəyev küçəsi istiqamətində “Kia Rio” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətdə olarkən avtomobili saxlaya bilməmiş və onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. O, cəld avtomobildən düşmüş və həmin sürücüyə yaxınlaşmışdır. Həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinin sürəti də çox olmamışdır. Hazırda ekspert rəyləri ilə razı deyil, ilkin ekspertiza rəyində zərərçəkmiş şəxsin əmək qabiliyyətini neçə gün itirməsi barədə və zərərçəkmiş şəxsin sağlamlığına neçə faiz zərər vurulması barədə məlumatlar yoxdur, sadəcə formal olaraq “az ağır bədən xəsarəti” qeyd edilmişdir. İlkin tibbi rəy qiymətləndirici faktlar göstərilmədiyinə görə məhkəmə tərəfindən təkrar ekspertizaya göndərilmişdir. İlkin rəydə istifadə olunan xx.xx.2024-cü il tarixli kompüter tomoqrafiyasının diski hal-hazırda iş materiallarında yoxdur. Bu, obyektiv araşdırma üçün mühüm sübutun itməsi deməkdir. Təkrar məhkəmə tibbi ekspertizası çərçivəsində zərərçəkən yenidən xx.xx.2025-ci il tarixində kompüter tomoqrafiya müayinəsinə göndərilib. Müayinəni aparan dosent dərəcəli radioloq bildirmişdir ki, xəstədə travmatik dəyişiklik müşahidə edilmir, sümükdə sınıq əlaməti yoxdur, xəstənin heç bir şikayəti də yoxdur. Lakin, həmin tomoqrafiya diski sonradan başqa ekspert-radioloqa göndərilərək “alın sümüyünün gicgah çıxıntısının yerdəyişməsiz sınığı” kimi qiymətləndirilib. Burada bir neçə ciddi uyğunsuzluq var. Birincisi, tibbi anatomiya baxımından “alın sümüyünün gicgah çıxıntısı” deyilən bir hissə ümumiyyətlə mövcud deyil. Alın sümüyünün yalnız “almacıq çıxıntısı” olur. Bu səbəbdən, təkrar göstərilən “gicgah çıxıntısı sınığı” ifadəsi elmi baxımdan əsassızdır. İkincisi, əgər həqiqətən 10 ay əvvəl alınmış travma nəticəsində sümük sınığı olmuşdursa, bu müddət ərzində sümük artıq bitişməli idi. 10 aydan sonra kompüter tomoqrafiyasında “sınıq” görünməsi tibbi baxlrndan qeyri-mümkündür. Çünki belə halda yalnız keçmiş izlər və ya bitişmə xətti görünə bilər, yeni sınıq yox. Üçüncüsü, ilkin rəy və təkrar rəy arasında fərqli anatomik hissələrin qeyd olunması (birində almacıq çıxıntısı,digərində gicgah çıxıntısı) ekspert rəyinin obyektiv və sabit elmi meyarlara əsaslanmadığını göstərir. Bütün bu faktlar göstərir ki, təqdim olunan tibbi rəy zoddiyətlidir, anatomiya və tibbi ekspertiza prinsiplərinə uyğun deyil və bu əsassız rəylə cinayət məsuliyyəti müəyyən etmək hüquqi baxımdan mümkün deyil. Ona görə də bu ziddiyyətləri nəzərə alaraq, tibbi rəyə hüquqi qiymət verilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Arif Allakhverdiev ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, oğlu Şahid idarə etdiyi “Kia Rio” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi ilə Şirin Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan zaman Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsi istiqamətində hərəkətdə olan “Hyundai İX 35” markalı avtomobil dayanmadan hərəkət edərək yol ver nişanının tələbini pozmaqla oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxmış, oğlunun idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin avtomobilin qabaq sağ tərəfi toqquşmuş, o, avtomobildə sağ qabaq hissədə sərnişin qismində əyləşdiyindən başı zərbənin təsirindən avtomobilin “tarpedo” deyilən hissəsinə dəymişdir. Həmin vaxt sol alın və yanağının sol tərəfindən xəsarət almışdr. Bundan sonra ətrafda olan tanımadığı şəxslər, eyni zamanda həmin sürücü onlara yaxınlaşmış, üstü-başı qan olmuş, hadisədən sonra o, evə getmiş, lakin gecə ağrıları olduğundan xəstəxanaya getmişdir. Xəstəxanada tomoqrafiya olunmuş və məlum olmuşdur ki, sol alın hissəsində sümük sınığı var. Həmçinin oğluna məxsus maşın 08 aydır ki, təmir etdirilməmişdir, ümumilikdə avtomobilə 8500 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid məhkəməyə atası – zərərçəkmiş şəxs Arif Allakhverdıevin ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1100 saylı rəyindən görünür ki, vətəndaş X1 tərəfli alın sümüyünün almacıq çıxıntısının xətti sınığı, alnın hematoması, sol yanaq nahiyəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/45 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai İX35” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2/65229 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-16/2-4682/2025 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 739165 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T674/2025 saylı rəyindən görünür ki, vətəndaş X2 alnın hematoması və sol yanaq nahiyəsinin qançırı ilə müşayiət edilən alın sümüyünün gicgah çıxıntısının yerdəyişməsiz sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2024-cü ilə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxs və şahidin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadəsi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında yol nəqliyyat hadisəsinin onun təqsiri ucbatından baş verməsini etiraf etmiş, “yol ver” nişanının tələbini pozaraq dayanmadan yol ayrıcına daxil olduğu üçün qəzanın baş verdiyini bildirmiş, lakin zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin dərəcəsi ilə razılaşmayaraq, həmin xəsarətin “az ağır” xəsarət olmadığını bildirmiş, bununla əlaqədar olaraq təkrar ekspertiza təyin olunmuş, lakin təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər yenə də öz təsdiqini tapmamışdır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyalarında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən halllar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarxdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş, 03 iyun 2025-ci il tarixdə, saat 22:55 radələrində axtarışda olan şəxs kimi tutulmuş, 05 iyun 2025-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və o, MSY-dən azad edilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Hyundai İX35” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 15 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 165 manat (15x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə dəymiş zərərin əvəzi ödənilməmişdir, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ zərərçəkmiş şəxsə izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu və saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Lənkəran şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 manat (bir yüz iyirmi səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Hyundai İX35” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 165 (bir yüz altmış beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-461/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-461/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver