Məhkəmə qərarları › İş №1(007)-462/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-462/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-462/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəmkir rayonunun Bayramlı kəndində qeydiyyatda olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 16 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 27 iyul 2020-ci il tarixdən hesablanmış, cəzasının sonu 27 yanvar 2037-ci ilədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsinin hesabında olub, həmin hökm üzrə cəza çəkməklə hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş kustar üsulla biz formasında hazırlanmış bir ədəd deşici xassəyə malik aləti əldə edərək özündə saxlamış və daşıyaraq gəzdirmişdir. Belə ki, o, ünvan 1 ünvanında yerləşən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş kustar üsulla biz formasında hazırlanmış 1 ədəd deşici xassəyə malik olan əşyanı əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və 27 fevral 2024-cü il tarixdə saat 16:15 radələrində müəssisənin əməkdaşlarının ona yaxınlaşdığını görərkən əynindəki qara rəngli cins şalvarının belində gizlətdiyi qadağan olunmuş əşya olan həmin deşici aləti çıxardıb nəzarət-iz zolağı istiqamətində yerə atan zaman aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində biz formasında deşici xassəyə malik əşya olmuşdur. Lakin verilmiş ittihamda özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 01 iyul 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021- ci il tarixli hökmü ilə 16 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində çəkdiyi müddətdə oranın rəhbərliyi konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlərin hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və istifadəsinin cinayət məsuliyyəti yaratmasını ona elan etmişdir. O isə hadisədən təxminən 10 gün əvvəl, saat 19:00-20:00 radələr arasında müəssisənin 8 saylı dəstəsindəki sexin yanında gəzişərkən yerdən biz formasında hazırlanmış 1 ədəd deşici xassəyə malik əşya tapmış, ətrafda heç kimin olmamasından istifadə edərək özü ilə həmin əşyanı götürüb əynindəki qara rəngli cins şalvarının bel nahiyyəsində gizlətmiş, üzərində saxlamış, gəzdirmiş və daşımışdır. 27 fevral 2024-cü il tarixdə saat 16:15 radələrində müəssisədə cəza çəkən məhkum yoldaşı X6 ilə aralarında yaranmış mübahisə yerinə müəssisənin əməkdaşlarının gəldiyini gördüyü üçün üzərindəki 1 ədəd deşici xassəyə malik biz formasındakı əşyanı əynindəki qara rəngli cins şalvarının bel nahiyyəsindən çıxarıb müəssisənin nəzarət-iz zolağı istiqamətində yerə atan zaman müəssisənin əməkdaşları aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış və məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat şöbəsinin inspektoru vəzifəsində xidmət edir. 27 fevral 2024-cü il tarixdə saat 16:15 radələrində müəssisənin tibb xidmətinin qarşısında məhkum Təqsirləndirilən şəxs ilə digər məhkum X6 arasında mübahisə düşdüyünü gördüyü üçün orada xidmət edən iş yoldaşları Şahid2, Şahid3, Şahid5 və Şahid4 ilə onlara yaxınlaşan vaxt Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə kustar üsulla biz formasında hazırlanmış 1 ədəd deşici xassəyə malik əşyanı əynindəki qara rəngli cins şalvarının belindən çıxardıb müəssisənin nəzarət-iz zolağı istiqamətində yerə atmışdır. Həmin əşya sonuncunun atdığı yerdən aşkar edilərək götürüldükdən sonra alətin kimə məxsus olması barədə ondan soruşulmuş, o isə kustar üsulla biz formasında hazırlanmış deşici alətin ona məxsus olduğunu etiraf etmişdir. Qadağan edilmiş əşyanın aşkar edilməsi faktı ilə əlaqədar müvafiq protokol tərtib edilmiş, həmin əşya qablaşdıraraq protokola əlavə edilmiş və protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4, Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən onun da həmin şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin 05 avqust 2024-cü il tarixli məktubu vasitəsi ilə məhkəməyə göndərilmiş ərizələrdən görünür ki, həmin müəssisədə cəza çəkən məhkumlar Şahid6 və Şahid7 istintaq zamanı şahid qismində verdikləri ifadələri təsdiq etdiklərini göstərmişlər. Həmin ifadələrin məhkəmə iclasında elan olunub tədqiq edilməsi zamanı onların aidiyyəti hissədə yuxarıda qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 27 fevral 2024-cü il tarixdə saat 16:15 radələrində müəssisənin yaşayış sahəsində 1993-cü il təvəllüdlü, AR CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə 16 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Təqsirləndirilən şəxs şəxsi zəmində aralarında yaranmış mübahisə zamanı qəflətən yumruqla 1992-ci il təvəllüdlü, AR CM-nin 120.1-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş X1 nahiyəsinə zərbə vuraraq xəsarət yetirdikdən sonra, xidmətdə olan əməkdaşların ona yaxınlaşdığını görərək məsuliyyətdən yayınmaq məqsədi ilə əlində saxladığı kustar üsulla hazırladığı bir ədəd bizi nəzarət-iz zolağı istiqamətində atmışdır. Məhkum Təqsirləndirilən şəxs atdığı kustar üsulla hazırlanmış 1 ədəd biz nəzarət-iz zolağında aşkar olunaraq götürülmüşdür. (i.v. 6) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 28 mart 2024-cü il tarixli 3-16-16/2- 3/412 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 80- 81) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X3 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddirlər, onların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ys iatifadəsi məhkumlara qadağandır. (i.v. 82-83) - 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsulla biz formasında hazırlanmış 1 ədəd deşici xassəyə malik əşya maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 134) - 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Umbakı penitensiar müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmışdır. (i.v. 135-137) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını, onun cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş kustar üsulla hazırlanmış biz formasında deşici xassəyə malik bir ədəd aləti əldə edərək özündə saxlaması və daşıyaraq gəzdirməsi təşkil edir. Hansı ki, təqsirləndirilən şəxsin özü belə bu halı inkar etmir, eləcə də digər iş materialları və məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla ittihamın əsaslı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21 may 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 16 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 58-74, 130) -Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 27 iyul 2020-ci il, cəzasının sonu 27 yanvar 2037-ci il olan məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamışdır. (i.v. 75-76) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müvafiq hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 16 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 21 avqust 2024-cü il tarixə çəkilməmiş hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış 01 ədəd kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik alət məhv edilməli, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 21 avqust 2024-cü il tarixə çəkilməmiş 12 (on iki) il 05 (beş) ay 06 (altı) gün hissəsini hazırkı hökmlə təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş kustar üsulla biz formasında hazırlanmış deşici xassəyə malik 01 ədəd alət məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar