Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-463/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1991-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,387 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 sentyabr 2022-ci ildə saat 02:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B-də yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli kətan şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan qəhvəyi rəngli maddə üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, iki ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadəçisidir. 31 avqust 2022-ci il tarixdə günorta radələrində maşın bazarının yaxınlığında 20 manat pul müqabilində tanımadığı şəxsdən “kakos” kimi tanıdığı narkotik vasitə heroin almışdır ki, özü istifadə etsin. 01 sentyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşlarını görmüşdür. O, narkotik vasitə aludəçisi olduğundan və üzərində narkotik vasitə olduğundan iti addımlarla oradan uzaqlaşmağa çalışmışdır. Bir qədər aralanmışdır ki, polis əməkdaşları ona yaxınlaşmışdılar. Polis əməkdaşları nəyə görə onları gördükdən sonra sürətlə hərəkət etməyini soruşduğu zaman o, polis əməkdaşlarına fərqli cavablar vermişdir, onlarda şübhə yarandığı üçün onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olduğu zaman ona hüquq və vəzifələri izah olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif edilmişdir ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. O, əynindəki boz rəngli kətan şalvarın sol yan cibindən 01 ədəd selofan paketə bükülmüş halda içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə heroini 31 avqust 2022-ci il tarixdə maşın bazarının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasiələri sadəcə istifadəsi üçün əldə etmiş və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamşdır. Narkotik vasitələrin daşınması, istifadəsi və saxlanmasının qanunla qadağa olunmasından xəbəri olsa da, həmin vasitələrin aludəçisi olduğundan həmin əməli törətmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid Nizami RPİ-in 24-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 01 sentyabr 2022-ci il tarixdə, saat 02:30-da inzibati ərazidə xidmət aparan zaman, ünvan 5 ünvanda bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və ona yaxınlaşdıqda həmin şəxs sürətli addımlarla uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsi saxlayaraq polis əməkdaşı olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim etmişlər, sonra şəxsin qaçmaq istəmə səbəbini soruşduqda həmin şəxs narkotik vastilərin istifadəçisi olduğunu bildirmişdir. Onlar həmin şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər və Polis Şöbəsində həmin şəxsin, xx.xx.1991-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində doğulduğu, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Mir-Ülfət Abbasov tərəfindən onların iştirakı şəxsin üzərinə baxış keçirilmiş və həmin baxış video vasitəsilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarın sol yan cibindən 1 ədəd büküm aşkar edilmiş, həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 31 avqust 2022-ci il tarixdə maşın bazarı adlanan yerdən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin 01 ədəd bükümdə olan maddə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənmiş və qablaşdırılmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarın sol yan cibindən 1 ədəd bükümün çıxardaraq təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə “Maşın Bazarı” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir və aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Mir-Ülfət Abbasov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 6/4690 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.387 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.337 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 sentyabr 2022-ci il tarixli, 4998 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan videogörüntülərə baxış keçirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarın sol cibindən 1 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir, həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik olduğunu, 31 avqust 2022-ci il tarixdə “Maşın Bazarı” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir və aşkar edilmiş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Ülfət Abbasov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənərək götürülməsi qeyd edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0.387 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0.337 qram narkotik vasitə heroinin möhürlənmiş zərfdə qablaşdırılmış vəziyyətdə Nizami RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı, 613549 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 05 iyul 2021-ci il tarixdə anadan olmuşdur. “Ata” qrafasında Təqsirləndirilən şəxs, “Ana” qrafasında isə X3 qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 01 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək tutulduğu 01 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan, xalis çəkisi 0.337 qram olan narkotik vasitə - heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 (yüz doxsan səkkiz) manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.337 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 33 (otuz üç) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 198 (yüz doxsan səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-463/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-463/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver