Məhkəmə qərarları › İş №1(007)-463/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-463/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-463/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi ev 48-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni məhəllədə nömrəsiz fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 23 iyun 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının arxasında körpünün alt hissəsindəki avtodayanacaqda idarə etdiyi avtomobili saxlayıb taksi fəaliyyəti ilə əlaqədar müştəri gözləyərkən orada digər taksi sürücüləri ilə aralarında olan razılığa əsasən növbəti müştəriyə taksi xidmətinin onun göstərməli olduğu halda həmin yerdə digər taksi sürücüsü Zərərçəkmiş şəxs növbədən kənar müştərilərin idarə etdiyi “Logan Daçya” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobilə mindirməsi ilə əlaqədar sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə qəsdən yumruq ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sağ qaşüstü nahiyənin şişkinlik halında əzilməsi, sağ bazunun qançırları, burun belinin, sol qulaq seyvanının, sağ əlinin İV barmağının arxa səthinin, sol körpücükaltı nahiyədə, gövdənin sol tərəfinin aşağı şöbəsinin sıyrıqları xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyib üzrxahlıq edərək səmimi peşmanlığını bildirdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, bu halların nəzərə alınaraq, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 04 iyul 2024-cü il tarixli 558 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyyənin şişkinlik halında əzilməsi, sağ bazunun qançırları, burun belinin, sol qulaq seyvanının, sağ əlin İV barmağının arxa səthinin, sol körpüçükaltı nahiyədə, gövdənin sol tərəfinin aşağı şöbəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyul 2024-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. - 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəyərək onunla barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qeyd olunan əsasla cinayət məsuliyyətindən azad olunmamışdır, onun Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”ində nəzərdə tutulan qaydada cinayət məsuliyyətindən azad olunması, onun hazırda CM-nin 73.2-ci maddəsində göstərilən qaydada cinayət məsuliyyətindən azad olunmasını qadağan etmir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar