Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-465/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30-da “B”, “C” kateqoriyalı etibarnamə əsasında idarə etdiyi X3 məxsus **-GY-*** dövlət nömrə nişanlı “X15” markalı avtomobillə saatda 50-60 km sürətlə Nizami rayonu, Q.Qarayev prospektində üzü “Dakar” dairəsi istiqamətində soldan sağa üçüncü hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək yol hərəkəti qaydalarını pozub, hərəkət hissəsini soldan sağa iti yerişlərlə keçmək istəyən piyada X6 idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ bazu və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, hər iki diz oynağının sıyrıqları, sol bazu və sol baldırın hematomaları, alnın sol yarısının hematomasından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlər nəticəsində baş vermiş travmatik şok X4 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. **-GY-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı avtomobil, atası X1 məxsusdur, o isə avtomobili atasının xx.xx.2022-ci il tarixdə ona verdiyi etibarnamə əsasında idarə etmişdir. 27 iyul 2022-ci il tarixdə saat təxminən 11:30 radələrində “X16” markalı, 1O-GY-394 dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonu, Q.Qarayev prospekti ilə “Dakar” dairəsi istiqamətində yolun üçüncü hərəkət zolağı ilə təxminən 50-55 km/saat sürətlə hərəkət edən zaman “Dakar” dairəsinə çatmağa təxminən 100 metr qalmış, yolu soldan sağa keçən piyada birinci və ikinci zolaqda birbirinin ardınca dayanmış avtomobillərin arasından gözlənilmədən çıxmışdır. O, həmin piyadanı ona atmağa cəmi 5-6 metr qalmış görmüşdür. Həmin şəxsi gördükdə onu vurmamaq üçün ayağını əyləcə basmış və avtomaşını yolun sağ hissəsinə çəkmişdir. Bu zaman həmin şəxs avtomobilin ön hissəsinin sağ tərəfinə dəymiş və yerə yıxılmışdır. O, dərhal avtomobildən enib həmin şəxsə yardım göstərməyə çalışmışdır. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili-tibbi yardım gəlmiş və piyadanı X12 aparmışlar. Zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 onun anası idi. Qeyd etdi ki, anasının ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş, bununla bağlı təxminən 2 ildir ki, müalicə alırmış. Hadisə baş verən gün, yəni 27 iyul 2022-ci il tarixdə anası qardaşı Kamran üçün dərman almağa getmiş, bir neçə saat sonra dayısı Mizəyev Sabir ona zəng etmiş və anasının baş vermiş avtomobil qəzası nəticəsində X12 yerləşdirilməsi barədə məlumat vermişdir. O, xəstəxanaya getdiyi zaman anası sağ imiş və danışa bilirmiş. Sonradan anasının vəziyyəti xəstəxanada pisləşmiş, vəfat etmişdir. Öz ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı onlara dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. **-GY-*** dövlət nömrə nişanlı “X15” markalı avtomobil ona məxsusdur, oğlu Təqsirləndirilən şəxs tərəfindən etibarnamə əsasında idarə olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi iştirakçışı olduğunu, Fəxri fərmanla təltif olunduğunu bildirmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 132 saylı rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sağ bazu və sol baldırın qapalı, yerdəyişmiş sınıqları, hər iki diz oynağının sıyrıqları, sol bazu və sol baldırın hematomaları, alnın sol yarısının hematoması olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yol- nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərini daşıyır. X4 ölümünə səbəb sağ bazu və sol baldırın sınıqları nəticəsində baş vermiş travmatik şok səbəb olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 14:30-da X10 baş vermişdir ki, bu da meyitdə gedən ilkin dəyişikliklərdə öz təsdiqini tapır. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2427 nömrəli ekspert rəyindən görünür ki, “X15” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan Fəxri Fərmanın kserosurətinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xidməti dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparılması, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, həmçinin İkinci Qarabağ müharibəsi iştirakçısı olmasını, Fəxri Fərmanla təltif olunasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “X16” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “X16” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-465/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-465/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver