Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-468/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızının Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanda yerləşən “Provans” adlı kafedə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun ona satdığı “BMW 528” markalı avtomaşını geri qaytardıqdan sonra, Zərərçəkmiş şəxs həmin avtomaşının təmirinə görə sərf etdiyi 1500 (min beş yüz) manat məbləğdə pulun, sonuncunun verməkdən imtina etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin kafedə, digər şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq yerə yıxmaqla, sonuncuya ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol yarısının şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tanışı Vüqar, ona tanışı Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olduğunu və hazırda “BMW” markalı avtomobil satdığını bildirdikdən sonra, Sabir və Vüqarla sonuncunun işlədiyi Xətai rayonu ərazisində yerləşən avtomobil təmiri sexində görüşmüşlər. O Sabirin satdığı avtomobilə baxdıqdan sonra avtomobili bəyənmişdir. Aralarında olan razılığa əsasən Sabir “BMW 528” markalı avtomobilini ona satmışdır. Bunun müqabilində o ilkin ödəniş kimi özünə məxsus, qəzalı vəziyyətdə olan 2002-ci il buraxılışlı “BMW E39” markalı avtomobili Sabirə vermişdir. Avtomobilin dəyəri 15 500 manat olmuşdur. Həmçinin Sabirə aylıq olaraq 500 manat ödəniş edəcəyi barədə razılığa gəlmişlər. O, həmin avtomobili 5-6 ay idarə etmiş, sonradan avtomobilin çox xərc tələb etdiyini görüb avtomobili qaytarmaq qərarına gəlmişdir. İdarə etdiyi müddətdə avtomobilin bəzi təmir işlərinə 2200 manat pul xərcləmişdir. 2022-ci ilin mart ayında Sabirə avtomobili qaytarmaq istədiyini bildirdikdə, sonuncu 5-6 ay öncə ona ilkin ödəniş kimi verdiyi avtomobilin dəyəri olaraq, Təqsirləndirilən şəxs 13200 manat pul vermişdir. O avtomobilini 15 500 manata satdığını, buna görə ilk öncə 1800 manat, daha sonra isə 1500 manat pul verməli olduğunu Sabirə demişdir. 26 mart 2022-ci il tarixdə saat 22 radələrində Sabir ortaq tanışları Vüqarla birlikdə görüşmək üçün Nizami rayonu ərazisində yerləşən “Provans” kafeyə gəlmişdir. O Sabirə avtomobilini bir neçə ay idarə etdiyini, aylıq 500 manat pulu vaxtı-vaxtmda verdiyini, ümumilikdə avtomobil üçün 2200 manat pul xərclədiyini, avtomobili ona 13 200 manata deyil, 15 500 manata satdığını deyərək 1500 manatını verməyini ona bildirmişdir. Sabir həmin vaxt ona əlavə ödəniş etməyəcəyini, avtomobilə öz istəyi ilə xərc çəkdiyini bildirmişdir. Bununla bağlı onlar arasında mübahisə başlamış, bu zaman əsəbləşmiş və sol yumruğu ilə Sabirin üz nahiyəsinin sağ tərəfindən vurmuşdur. Sabir dərhal yıxılmış və huşunu itirmişdir. Bir müddət sonra Sabir ayılmış və onu yaşadığı evə sola salmışlar. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, avtomobillərin alqısatqısı ilə məşğul olur. Tanışı Vüqar, ona Azad adlı tanışının olduğunu, sonuncunun nisyə olaraq “BMW” markalı avtomobili almaq istədiyini demişdir. Bundan sonra o, Azad və Vüqar sonuncunun işlədiyi Xətai rayonu ərazisində yerləşən avtomobil təmiri sexində görüşmüşlər. Aralarında olan razılığa əsasən o “BMW 528” markalı avtomobilini 50 000 (əlli min) manat qarşılığında Azada vermişdir. Bunun müqabilində Azad ona özünə məxsus 2002-ci il buraxılışlı “BMW E39” markalı avtomobilini vermişdir. Həmin avtomobili Azad ona 13 500 (on üç min beş yüz) manata satmışdır. Azad qalan borcu hissə-hissə ona ödəyəcəyini bildirmiş, sonradan avtomobili təxminən 5-6 ay idarə etmiş və həmin müddətdə ona cəmi 500 (beş yüz) manat pul ödəmişdir. Təxminən 2022-ci ilin mart ayında Azad avtomobili qaytarmaq istədiyini ona bildirdikdə, o 13500 manat pulu sonucnuya ödəmişdir. Azad həmin vaxt avtomobilə xərc çəkdiyini və buna görə də ona yekunda 1500 manat pul verməli olduğunu demişdir. O da Azada pul verməli olmadığını bildirmişdir. 26 mart 2022-ci il tarixdə saat 22 radələrində o, Azadla görüşüb narazılığı həll etmək üçün Nizami rayonu ərazisində yerləşən “Provans” adlı kafeyə getmişdir. Azad ora Elnur adlı tanışı və digər bir nəfər ilə gəlmişdir. Yaranmış vəziyyətdə, o, Azad ilə maşınla bağlı mübahisələrinin sonununun davaya çevriləcəyini təxmin edib, ayağa qalxmış və kassaya doğru irəliləyərkən, Azad ona yaxınlaşıb sağ əli ilə onun sol qolundan tutaraq bir dəfə sol yumruğu ilə onun sağ üz nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yixilib, huşunu itimişdir. Bir neçə dəqiqə sonra kafenin çöl hissəsində ayılmış, daha sonra Azad və Vüqar onu yaşadığı binanın qarşısına yola salmışlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyan tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs isə təxminən 6-7 ildir ki, tanıyır. 2021-ci ilin avqust ayında Sabir istifadəsində olan “BMW 528” markalı avtomobilini satdığını ona bildirdikdə, həmin vaxtlarda Azadın avtomobil axtardığını bildiyi üçün, o bu barədə Azada məlumat vermişdir. Bundan sonra o, Azad və Sabir onun işlədiyi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən avtomobil təmiri sexində görüşmüşlər. Azad və Sabir orada öz aralarında söhbət edərək qiymətlə bağlı razılaşmışlar. O, Azad və Sabir arasında olan söhbətin təfərrüatlarını bilməmişdir. X6 öz aralarında razılaşmışlar və Azad Sabirin avtomobilini almışdır. Bir neçə ay sonra o, Azadın Sabirdən aldığı avtomobil ilə bağlı Azad və Sabir arasında problemin olduğunu öyrənmiş, öz novbəsində onlarla görüşüb aralarındakı problemi həl etmək qərarına gəlmişdir. 26 mart 2022-ci il tarixdə saat 22 radələrində o Sabirlə birlikdə Nizami rayonu ərazisində yerləşən “Provans” kafeyə getmişdir. Azad ora Elnur adlı tanışı və digər bir nəfər ilə gəlmişdir. Sabirlə Azad arasında maşınla bağlı yaranmış mübahisə sonradan davaya çevrilmiş, bu zaman Sabir ayağa qalxmış və kassaya doğru irəliləmişdir. Azad da onun arxasınca getmişdir. Daha sonra kafedən çıxmaq istəyəndə, Sabirin yerdə uzandığını görmüşdür. Sabirə yaxınlaşıb onu ayıltmağa çalışmışdır. Bir neçə dəqiqə sonra Sabir ayılmış, Sabiri Azadın avtomobilinə əyləşdirib yaşadığı binanın qarşısına aparmışlar. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 369 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol yarısının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə yarana bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 T 371/2022 saylı, xx.xx.2022-ci il tarixli əlavə rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol yarısının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, xx.xx.2022-ci il tarixdə yarana bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol yarısının şişkinlik halında əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə zərərçəkmiş şəxs S.T.Məmmədov xx.xx.20222-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsə ittiham elan edilmiş və barəsində qətimkan tədbirinin seçilməməsi haqqında qərar qəbul edilmişdir. Maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs xəsarət yetirərkən kafedə qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış-içərisində video görüntü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 186 (yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-468/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-468/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver