Məhkəmə qərarları › İş №1(007)-469/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-469/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-469/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 28 avqust 1974-cü il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi ev 213-də yaşayan, 25 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az agır zərər vurmuşdur. Belə ki, o, 19 oktyabr 2023-cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 nömrəli yaşayış binasının qarşısında qohumu Şahid2 idarə etdiyi “Vaz-2104” markalı, **-MS-*** nömrəli avtomobili Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısında saxlamasına sonuncunun etiraz edib ona və Şahid2 avtomobilini hərəkət etdirməyinə mane olması səbəbindən “Vaz-2104” markalı, **-MS-*** nömrəli avtomobili aralıda saxlamasını bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən üz nahiyəsinə vurmuş, sonuncu yerə yıxıldıqdan sonra əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub sonuncuya sağ tərəfli tənəffüs məhdudluğu, burun belinin şişkinliyi və burun çəpərinin əyilməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı, sağ gözaltı nahiyənin hematoması, alt dodaq girəcəyinin əzilmiş yarası, alt dodağın iç səthinin qansızma ilə müşayiət olunan əzilmiş yarası, boynun ön səthinin sıyrığı, sağ kürəkaltı və bel nahiyələrinin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində o, əmisinə məxsus və bacanağı Şahid2 idarə etdiyi “Vaz- 2104” markalı, **-MS-*** nömrəli avtomaşınla kirayədə yaşadıqları ünvana gəlmişlər. Avtomaşında ondan başqa həyat yoldaşı Şahid1 və onun dayısı qızı X4 da olmuşlar. Vəli avtomaşını onların mənzilinin olduğu birinci blokdan təxminən 5 metr məsafədə yolun kənarında saxlamış və onlar hamısı maşından yerə düşmüşlər. Həmin an onların binasının ikinci blokunda yaşayan qonşu, adını sonradan bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşdığını görüb həyat yoldaşı ilə dayısı qızına evə keçmələrini tapşırmışdır. Qadınlar bloka daxil olmuş və Rəşad ona yaxınlaşıb onun avtomaşınına maneçilik törədəcəyini bildirib maşınlarını saxladıqları yerdən götürmələrini tələb etmişdir. Rəşadın həmin vaxt spirtli içkinin təsiri altında olması aydın bilinmişdir. Rəşad əvvəllər də bir neçə dəfə səbəbsiz yerə ona söz atmış, lakin o, hər dəfə ona fikir verməmişdir. Rəşada onların avtomaşınları arasında xeyli məsafə olmasını desə də, Rəşad ona qulaq asmadan səsini yüksəldərək “zibilinizi götürün burdan” deyib üzərinə gəlmiş və sağ qolu ilə onun sağ çiynini itələmişdir. Artıq o, əsəbləşdiyindən Rəşadın köynəyinin yaxasından tutmuş, Rəşad da eyni zamanda onun köynəyinin yaxasından tutmuşdur. Bu an bacanağı Vəli onları aralamağa çalışmış, səs-küyə həyat yoldaşı Dursun da onların yanına gəlmişdir. Dursun onu Rəşaddan ayıraraq bloka tərəf aparanda Rəşad onların arxasınca gəlmiş və arxadan əli ilə əynindəki köynəyi dartdığından köynəyinin sinə nahiyəsi cırılmışdır. Dursun yenə onların arasına keçib Rəşaddan çıxıb getməsini xahiş etdikdə o da əli ilə Rəşadın sifət nahiyəsindən geri itələmişdir. Bu vaxt Rəşad anidən ona yumruq atmış, lakin yumruq yoldaşının burun nahiyəsinə dəymiş və yoldaşının burnundan qan açılmışdır. Rəşadın yoldaşını vurmasını görüb bərk qəzəblənmiş və Rəşadın üzərinə atıldığından onlar qarşılıqlı dalaşmağa başlamışlar. Hər ikisi bir neçə saniyə bir-birlərinə yumruq zərbələri vurandan sonra müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə uzanıqlı vəziyyətdə olanda onu bacanağı Vəli, Rəşadı isə qonşu kimi tanıdığı, lakin adlarını bilmədiyi 2 nəfər cavan oğlan yerdən qaldırıb kənara aparmışlar. Bundan sonra artıq o, ailə üzvləri ilə öz mənzillərinə qalxmış, Rəşaddan isə xəbəri olmamışdır. Növbəti gün, yəni 20 oktyabr 2023cü il tarixdə səhər saatlarında həyat yoldaşı ilə birlikdə Beyləqan rayonunda olan yas mərasimə getmişlər. Rayonda olarkən Nizami RPİ-nin 25-ci polis şöbəsindən ona zəng olunmuş və Rəşadın onlardan şikayət etdiyini öyrənmişdir. Ona görə o da həyat yoldaşı ilə birlikdə Beyləqan rayon polis şöbəsinə gedərək məlum hadisəyə görə Rəşaddan şikayət etmiş və aldıqları xəsarətlərlə bağlı tibbi ekspertizadan keçmişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı onları ayıran 2 nəfər şəxsi tanımır, hadisəyə qədər üzdən görməmişdir, yəni onların məhəlləsində yaşayan şəxslər olmamışlar, ola bilər ki, təsadüfi yol keçəndə hadisənin şahidi olmuşlar. Məhkəmə-tibbi ekspertizasının Beyləqan rayon şöbəsindən verilmiş ekspert rəyinə əsasən bel nahiyəsində müəyyən olunmuş qançır xəsarətini 19 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evin qarşısında Rəşadla münaqişə zamanı almışdır, lakin həmin zaman konkret hansı şəraitdə xəsarət almağını bilmir. Həyat yoldaşı Dursunun təpə nahiyəsində olan xəsarəti Rəşad yetirmişdir, burnunda xəsarətin aşkar olunubolunmaması ilə bağlı bir söz deyə bilmir. İki kişi necə dalaşarsa elə dalaşmışlar. Rəşadı yerə yıxıb təpikləməmişdir, qarşılıqlı bir-birilərini vurmuşlar. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs göstərmişdir ki, etdiyi əməldən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Oğlu X1 müharibəsi iştirakçısıdır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Toyota” markalı avtomobillə təklikdə yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı binanın qarşısına məhəlləyə gəlmiş, binanın ¾-cü girişinin qarşısında digər avtomobillərin sıra ilə saxladığı yerdə avtomobilini qarşısı yola tərəf saxlamış və avtomobildən düşüb mobil telefonla danışmışdır. Bu zaman görmüşdür ki, əvvəllər də məhəllədə gördüyü “Vaz-2104” markalı **-MS-*** nömrəli avtomobil onun avtomobilnin qarşısında saxlamışdır. Həmin avtomobilin sürücüsü və sərnişinləri maşından düşəndə o, artıq başa düşmüşdür ki, onlar onun yolunu kəsib, maşını da saxlayaraq çıxıb gedəcəklər və o, səhər çıxa bilməyəcək. Ona görə telefonla danışığını saxlayıb sürücüyə mədəni formada bildirmişdir ki, maşınını bir qədər arxada saxlasın ki, o, səhər rahat maşını ilə saxladığı yerdən çıxa bilsin. Sürücü, adını sonradan bildiyi Vəli onun sözündən sonra maşınını bir qədər arxaya vermək istəyəndə yanındakı sərnişini, adını sonradan bildiyi İlkin bildirmişdir ki, “saxla, heç yerə vermə”, onu nəzərdə tutaraq demişdir ki, “bu, bizi bezdirib” və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Onların niyə belə etmələrini başa düşməyib soruşmuşdur ki, “nə olub, niyə söyürsən”. İlkin yenə də guya onu bezdirdiyini və hətta onun narkoman olduğunu demişdir. O isə qəti şəkildə iradını bildirib danışığına fikir verməsini tələb edəndə İlkin üzərinə gəlib əynindəki üç düyməli qara rəngli köynəyinin boynundan yapışıb sıxaraq onu boğmağa başlamışdır. O, İlkinin əllərini boynundan aralamağa çalışsa da İlkin möhkəm şəkildə onun boğazını sıxdığından bunu bacarmamışdır. Bu zaman Vəli onu arxadan tutub qucaqlayaraq geriyə doğru dartmağa başlamış, sonra çevrilib onun əllərini tutub guya ki, onu aralamağa çalışdığını göstərsə də, əslində İlkinin onu boğmasına şərait yaratmış və onun hərəkət etməyinə imkan verməmişdir. O, birtəhər İlkini özündən kənarlaşdırmışdır. Bu zaman İlkin yenə onun ünvanına nalayiq sözlər söymüş və nalayiq formada bildirmişdir ki, “gördün, adamı nə günə qoyurlar”. Bu an onlar üz-üzə gəlmişlər və İlkin onun sifət nahiyəsindən yumruqla ardıcıl zərbələr vurmağa başlamışdır. O, həmin zaman burnundan ciddi xəsarət aldığını hiss etmişdir. Həmçinin İlkin onun sifət və bədəninin digər nahiyələrindən əl zərbələri ilə vurmuş, o isə İlkinin zərbələrinin qarşısını almağa çalışmışdır. Bu zaman kimsə arxadan onun köynəyinin boyun nahiyəsindən dartıb onu yerə yıxmışdır. O, üzü yuxarı vəziyyətdə yerə yıxılmış və həmin an artıq İlkindən başqa da bir neçə nəfər kişinin onu yerdə təpik zərbələri ilə vurduqlarını görmüşdür. Təpik zərbələri onun bədəninin müxtəlif nahiyələrindən dəymiş, o isə onların əlindən çıxmağa çalışmışdır. Həmçinin orada səsküyə iki qadın gəlsə də əsasən onlardan biri, sonradan bilmişdir ki, İlkinin həyat yoldaşı münaqişəyə müdaxilə etmiş, İlkingili ayırmağa çalışmışdır. Həmin zaman kənardan tanıdığı Azad adlı şəxs səs-küyə hadisə yerinə gəlmiş, Azad yerdə döyülən şəxsin onun olduğunu bilmədən qışqırıb nə baş verdiyini demiş və davanı sakitləşdirməyə çalışmışdır. Azadın müdaxiləsindən sonra İlkingil kənara çəkilmişlər və o, ayağa qalxanda üzünü qan tutduğu üçün ilk əvvəl Azad onu tanımamış və sonra səsindən kim olduğunu bilmişdir. Artıq bu zaman İlkingil yenə də onun ünvanına nalayiq söyüşlər söyərək uzaqlaşıb binaya girmişlər. O, maşından salfet götürüb üzünü silərək burnundan gələn qanı dayandırmağa çalışmışdır. Azadın müdaxiləsindən sonra İlkingil ondan aralananda görmüşdür ki, artıq onlar cəmi dörd kişidirlər, yəni İlkin və Vəlidən başqa iki nəfər də cavan oğlan onların yanında olmuş və onu yerdə təpikləyən şəxslər olmuşlar. Onlar çıxıb getdikdən sonra Azad da getmiş və o, mənzilinə qalxaraq paltarını dəyişib, əl-üzünü yumuş, sonra isə 25-ci polis şöbəsinə gedib hadisə barədə şikayət ərizəsi yazmış və izahat vermiş, növbəti gün isə tibbi ekspertizadan keçmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, birinci İlkin onun köynəyinin boyun nahiyəsindən sıxaraq onu boğmağa başlamış, sonra sifət nahiyəsindən ardıcıl yumruq zərbələri vurub burnunu sındırmış və sifətində olan digər xəsarətləri yetirmiş, sonra isə arxadan görə bilmədiyi şəxs onu boynundan tutub yerə yıxmış, yerdə olanda İlkin və yanında olan sonradan gəlmiş iki nəfər cavan oğlan ona təpik zərbələri vurmuş, təpik zərbələri nəticəsində bədəninin qabaq tərəfində ola bilər ki, xəsarətlər almış, kürək və bel nahiyəsində olan xəsarəti isə arxadan onu tutub yerə yıxanda almışdır. Ona əsas xəsarətləri İlkin yetirmiş, Vəli isə onu bilavasitə vurmasa da, döyülən şəxs olmağına baxmayaraq onu tutub saxlayıb İlkinin onu vurmasına şərait yaratmışdır. O, yalnız özünü müdafiə etmiş, heç kimə xəsarət yetirmək imkanı olmamışdır. Özü tək olmuş, İlkingil isə 3-4 nəfər olmuşlar. Faktiki olaraq da xəsarəti o, almışdır. Hadisə təxminən 10 dəqiqə ərzində baş vermiş və onun gördüyü yalnız qonşu binada yaşayan Azad olmuşdur, digər kiminsə hadisəni görüb-görməməsini bilmir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində həmin günü axşam saatlarında qonaq getdikləri Bakıxanov qəsəbəsində yaşayan qaynıgildən İlkinin əmisinə məxsus “Vaz-2104” markalı, **-MS-*** nömrəli avtomaşınla yaşadıqları ünvana gəlmişlər. İlkin yorğun olduğundan avtomaşını Vəli idarə etmişdir. Avtomaşında İlkin, o və onun dayısı qızı X4 da olmuşdur. Onlar həyətə çatdıqda Vəli avtomaşını onların blokundan bir qədər aralıda yolun kənarında saxlamış və onlar avtomaşından yerə düşmüşlər. Bu vaxt binanın ikinci blokunda yaşayan qonşu, adını sonradan bildiyi Əliyev X8 yaxınlaşıb onların avtomaşınının onun avomaşınının qarşısını kəsdiyini deyərək kobud şəkildə “zibilinizi burdan götürün” demişdir. Onlara əhəmiyyət vermədən Sərəngüllə birlikdə bloklarına daxil olub evə qalxmışlar. Lakin mənzilə daxil olan anda həyətdən səs-küy eşitmiş və İlkinin səsini eşitdiyindən dərhal həyətə düşmüşdür. Bu vaxt Rəşadla İlkinin bir-birlərinin yaxalarından tutub mübahisə etdiklərinin, Vəlinin də onları araladıqlarının şahidi olmuşdur. Vəli Rəşadı bir tərəfə apardığından o da İlkini öz bloklarına tərəf aparmışdır. Lakin Rəşad onlara tərəf gələrək arxadan İlkini özünə tərəf çəkib mübahisəni davam etmişdir. Bu vaxt İlkin əli ilə Rəşadın sifət nahiyəsindən geri itələmiş, Rəşad da anidən İlkinə yumruq atanda yumruq onun başına dəymişdir. Aldığı zərbədən burnundan qan açılmışdır. Bunu görən İlkin əsəbləşib Rəşadın üzərinə gedərək onun sifət nahiyəsindən zərbə vurmuşdur. Artıq onlar hər ikisi qarşılıqlı dava etdiklərindən ikisi də müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə uzanıqlı vəziyyətdə olanda isə Vəli və yoldan keçən tanımadığı 2 nəfər cavan oğlan İlkinlə Rəşadı ayırmışlar. Bundan sonra artıq onlar öz mənzillərinə qalxmışlar, Rəşaddan isə xəbərləri olmamışdır. Həmin vaxt Rəşadın sərxoş olması aydın bilinmişdir. Səhərisi gün, yəni 20 oktyabr 2023-cü il tarixdə səhər saatlarında İlkinlə birlikdə Beyləqan rayonunda olan yas mərasiminə getmişlər. Rayonda olarkən Nizami RPİ-nin 25-ci polis şöbəsindən onlara zəng olunmuş və həmin vaxt Rəşadın onlardan şikayət etdiyini öyrənmişlər. Bundan sonra onlar Beyləqan rayon polis şöbəsinə gedərək şikayət etmiş və aldıqları xəsarətlərlə bağlı tibbi ekspertizadan keçmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid2 sözügedən ifadəsində göstərmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində həmin gün qonaq getdikləri Bakıxanov qəsəbəsində yaşayan əmisi oğlunun evindən İlkinin əmisinə məxsus “Vaz-2104” markalı, **-MS-*** nömrəli avtomaşınla yaşadıqları ünvana gəlmişlər. İlkin yorğun olduğundan avtomaşını o, idarə etmişdir. Avtomaşında İlkin, onun həyat yoldaşı Şahid1 və Dursunun dayısı qızı X4 da olmuşdur. O, həyətə çatdıqda avtomaşını onların mənzilinin olduğu birinci blokdan bir qədər aralıda yolun kənarında həmişə saxladıqları yerdə saxlamış, İlkin də köməklik məqsədilə avtomaşından yerə düşüb arxa tərəfə baxmışdır. Bu vaxt onların binasının ikinci blokunda yaşayan qonşu, adını sonradan bildiyi Əliyev X8 yaxınlaşıb onların avtomaşınınının onun avtomaşınının qarşısını kəsməsi səbəbindən maşınlarını saxladıqları yerdən götürmələrini tələb etmişdir. Həmin vaxt avtomaşında olan Dursunla Sərəngül artıq evə qalxmaları üçün bloka daxil olmuşlar. İlkin avtomaşını həmişə saxladıqları yerdə saxladıqlarını, həmçinin səhər saat 06-da çıxıb gedəcəklərini bildirsə də, Rəşad buna əhəmiyyət verməyib İlkinin üzərinə gəlmiş və sağ qolu ilə İlkinin çiynindən itələyərək mübahisə etməyə başlamışdır. O, artıq Rəşadla İlkinin bir-birlərinin yaxalarından tutub mübahisə etdiklərini gördüyündən dərhal avtomaşından düşüb onlara yaxınlaşmışdır. Onları aralamış və Rəşadı bloklarına tərəf aparıb sakitləşdirməyə çalışmışdır. Sonra İlkinin yanına qayıdanda Rəşad yenidən onlara tərəf gəlmiş və mübahisə etməyə davam etmişdir. Artıq yaranmış səs-küyə İlkinin həyat yoldaşı Dursun da onların yanına gəlmişdir. Dursun onunla birlikdə Rəşadı İlkindən aralamağa çalışanda Rəşad arxadan anidən İlkinə yumruq atmış, lakin yumruq Dursunun başına dəymiş və Dursunun burnundan qan açılmışdır. Rəşadın Dursunu vurmasını görən İlkin də bərk əsəbləşmiş və Rəşadın üzərinə gedərək ona zərbələr vurmağa başlamışdır. Artıq onlar qarşılıqlı dava etdiklərindən hər ikisi müvazinətlərini itirib yerə yıxılmışlar. Yerdə uzanıqlı vəziyyətdə olanda o, yenə onları ayırmağa davam etmişdir. Həmçinin yoldan keçən tanımadığı 2 nəfər cavan oğlan İlkinlə Rəşadı ayırmağa kömək etmişlər. Bundan sonra artıq İlkinlə onlar öz mənzillərinə qalxmış, Rəşaddan isə xəbərləri olmamışdır. Rəşad həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Sonradan isə İlkingilin ailə üzvlərinin deməsindən ona məlum olmuşdur ki, Rəşad əvvəllər də bir neçə dəfə səbəbsiz yerə İlkinə söz atmış, lakin İlkin hər dəfə ona fikir verməmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, 20 oktyabr 2023-cü il tarixdə, saat təxminən 00:10 radələrində ünvan 2 ünvanında təklikdə məhəllədən keçmişdir. Onun yaşayış yeri həmin məhəllənin qonşuluğundadır. Bu səbəbdən o, axşamlar piyada gəzən zaman həmin məhəllədən tez-tez keçir. Qeyd olunan məhəllədə hərəkət edən zaman hansısa bir blokun qarşı tərəfində bir qrup şəxsin yığışdığını görmüş və orada münaqişə olmasını hiss etmişdir. Nə baş verdiyi ilə maraqlanmaq üçün yaxına gələndə həmin bir qrup şəxsin içərisindən bir nəfər qadının bir nəfər kişini ayırıb bloka tərəf apardığının şahidi olmuşdur, yəni həmin qadın kişini münaqişə yerindən aralamışdır. Bir neçə addım atdıqdan sonra isə yerdə bir nəfər şəxsin uzandığını görmüş, o, çatana kimi həmin şəxs ayağa qalxmışdır. Həmin şəxsin üz nahiyyəsi qan içində olmuş, o, əvvəl tanımasa da daha da yaxınlaşanda həmin üzü qan içində olan şəxsin qonşuluqda yaşayan tanıdığı Rəşad olduğunu görmüşdür. Orada olan şəxslərdən nə baş verdiyini soruşanda tanımadığı şəxslər Rəşadın qonşusu tərəfindən döyüldüyünü bildirmişlər. Bundan sonra o, Rəşada kömək etmiş və məhəllədə olan su krantında Rəşadın əl-üzünü yumaqda kömək etmişdir. Çünki onun sifətində olan zədə yerindən hələ də qan gəlmişdir. O, Rəşada təklif etmişdir ki, qana bulaşmış köynəyini dəyişsin, Rəşad isə evinə qalxacağını bildirmişdir. Bundan sonra o, orada bir neçə dəqiqə dayanmış və sonra oradan uzaqlaşaraq evinə getmişdir. Əlavə etmişdir ki, məhəlləyə daxil olan zaman uzaqdan sonradan Rəşad olduğunu bildiyi şəxsin tanımadığı bir neçə şəxs tərəfindən yerdə vurulduğunu görmüşdür. Lakin həmin şəxsləri o, tanımır. Həmçinin məsafə uzaq və gecə saatları olduğundan onları dəqiq görə bilməmişdir. O, çatana qədər isə həmin qadın bir kişini aralamış, Rəşad da yerdən qalxmışdır. Rəşadın kimisə vurmasının şahidi olmamış, əksinə orada Rəşad döyülmüş vəziyyətdə olmuşdur. Başqa hər hansı şəxs orada döyülmüş vəziyyətdə olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 mart 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 oktyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 10-11) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 23 oktyabr 2023-cü il tarixli 1039 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ tərəfli tənəffüs məhdudluğu, burun belinin şişkinliyi və burun çəpərinin əyilməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı; sağ gözaltı nahiyənin hematoması; alt dodaq girəcəyinin əzilmiş yarası; alt dodağın iç səthinin qansızma ilə müşayiət olunan əzilmiş yarası; boynun ön səthinin sıyrığı; sağ kürəkaltı və bel nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə burunda olan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya; sağ gözaltında, alt dodaq girəcəyində və alt dodağın iç səthində olan xəsarətlər, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıq və qançırlar isə həm ayrılıqda, həmdə ki, ümumilikdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsaərətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də, öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyildir. (i.v. 32-35) - 06 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 108) - 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmiş, Şahid1 qəsdən sağlamlığa zərər vurmayan xəsarət yetirilməsi faktı öz təsdiqini tapmadığından Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi istisna edilmiş, Şahid2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində bir qrup şəxs halında xuliqanlıq, yəni CM-nin 221.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir. (i.v. 122-129) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında isə qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, məhkəmədə son sözündə əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Ona görə məhkəmə həmin halı təqsirləndirilən şəxsin əməlini etiraf etməsi kimi qiymətləndirir. Həmçinin, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı həmin təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 75) - 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 150-151) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 127.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, onun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli 202 saylı qərarına əsasən hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İçərisində videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 28 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 168 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar