Məhkəmə qərarları › İş №1(007)-47/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-47/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-47/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 5 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 6 ay 7 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 06.02.2018-ci il tarixdə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, 10.09.2020-ci il tarixdə saxlanılmış, 12.09.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 08 iyun 2020-ci il tarixdə saat 23 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını açıq talamaq niyyəti ilə ünvan 3 ünvanın qarşısına gələrək orada birlikdə qohumu Zərərçəkmiş şəxs pul tələb etmişlər, Zərərçəkmiş şəxs pul verməkdən imtina etdikdə o, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, bir dəfə yumruqla üz nahiyəsinə vuraraq ona alt dodağında ortada selikli qişasının qansızması və kiçik ölçülü əzilmiş yarası ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib, əynində olan şalvarının sol cibindən ona məxsus olan 109 manat nağd pul vəsaitini və əlində olan çantasının içərisindən cəmi dəyəri 50 manat olan “Samsung” markalı mobil telefona məxsus cərəyan doldurucu aparatını, qulaqcığı və 18 manat dəyərində kişi köynəyini ələ keçirərək hadisə yerindən qaçmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 177 manat maddi ziyan vuraraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası nəvəsidir, Şahid isə xalası oğludur. Abitnəcib onunla telefonla danışaraq Şəhriyarın həyat yoldaşının səhhətinin yaxşı olmadığını, yaxın günlərdə əməliyyat olunacağını, bunun üçün ona pul lazım olduğunu, Şəhriyarla birlikdə onun yaşadığı ünvana gələcəyini demişdir. Abitnəcib Şəhriyarla birlikdə onun yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmiş, qapıya çıxıb onlarla görüşmüş, hal-hazırda üzərində pulunun olmadığını bildirərək həmin günün axşamı tanışlarından pul tapıb verəcəyini demişdir. O, qardaşı Təbrizdən 140 manat, başqa tanışlarından da pul alaraq 300 manat pul düzəltmişdir. Axşam saat 21:30 radələrində Abitnəcib Şəhriyarla onun yaşadığı ünvanın qarşısına gəlmiş, o, 300 manat pulu Şəhriyara vermişdir. Şəhriyar təxminən 1 həftəyə pulu geri qaytaracağına söz vermişdir. 3-4 ay keçmiş Şəhriyar pulu geri qaytarmamışdır. O, həmin pula görə heç vaxt Şəhriyarı sıxmamışdır. O, Abitnəcibə Şəhriyarın onun borcunu qaytarmadığını, Şəhriyarı görəndə onun yanına gətirməsini demişdir. Şəhriyara zəng edəndə hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamış, telefonunu söndürmüş, onun nömrəsini qara siyahıya atmışdır. Abitnəcib ona zəng edərək Şəhriyarla birlikdə Nizami Rayon İcra Hakimiyyətinin arxasında olduğunu, Şəhriyarın üstündə pul olduğunu, 50 manat verə biləcəyini demişdir. O, Nizami Rayon İcra Hakimiyyətinin yanına gəlmiş, Şəhriyarın Abitnəciblə dayandığını görüb Şəhriyara yaxınlaşmış, ona “məni nə üçün fırladırdın, dağa-daşa salırdın” deyərək sinəsindən yumruqla vurmuş və itələmişdir. Sonra Şəhriyar ayağa qalxmış, onunla söhbət etmişdir. Şəhriyar özü pul qabından 50 manat çıxararaq vermiş, qalan pulu 3-5 günə verəcəyini demişdir. Şəhriyar bir nəfər tanışı olduğunu, ondan pul götürə biləcəyini deyərək onun yanına getməyi təklif etmişdir. Şəhriyarla birlikdə taksi ilə Qaraçuxur qəsəbəsinə, həmin şəxsin, sonradan adını bildiyi X1 evinə getmişlər. Ora çatdıqda Şəhriyar taksidən düşüb Anarın evinə getmiş, o, 15-20 dəqiqə taksidə gözləmiş, sonra taksini yola salaraq özü gözləmişdir. Şəhriyarın gəlmədiyini görüb onun girdiyi evin qapısını döymüş, Anar qapıya çıxmış, ondan Şəhriyarı soruşmuş, Anar Şəhriyarın o biri qapıdan çıxıb getdiyini demişdir. Sonra o, oradan çıxıb evə getmişdir. Şəhriyar ona zəng edərək ona məxsus əşyaların taksidə qaldığını demiş, o da artıq taksinin çıxıb getdiyini bildirmişdir. Sonra Abitnəcib ona zəng edərək Şəhriyarın polisə gedib ondan şikayət etdiyini demişdir. Şəhriyar şikayət etdiyindən o, bir dənə elektrik qidalandırıcısı və qulaqcıq alıb Şəhriyara verməsi üçün Abitnəcibə vermişdir. O, soyğunçuluq etməmiş, Şəhriyarın pulunu, heç bir əşyasını götürməmiş və həmin vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. 08 iyun 2020-ci il tarixdə qohumu Abitnəcib ilə Nizami rayonu R.Rüstəmov küçəsində görüşmüş, bir qədər söhbət etmişlər. Abitnəcib onun hara getdiyini soruşmuş, o, sifariş olduğunu İcra Hakimiyyətinin arxasına dərman verməyə getdiyini bildirmişdir. Söhbət zamanı Abitnəcib onun Gündüzə borcu olduğunu bildirmiş, o isə cavabında Gündüzə heç bir borcu olmadığını bildirmişdir. Piyada Abitnəciblə birlikdə gedən zaman Nizami rayon İcra Hakimiyyətinin yanında arxadan Gündüz və onun yanında olan tanımadığı şəxs gəlib onlara yaxınlaşmışlar. Gündüzün yanındakı oğlanı əvvəllər tanımamış, həmin şəxs saqqalı olmuşdur. Abitnəcib qabaqda getmiş, o, Gündüzgillə arxadan gəlmişdir. Gündüz ondan üzərində nə qədər pulu olmasını soruşmuş, o, üzərində işin pulu olduğunu demişdir. Gündüz onunla bir az danışandan sonra onun borcunu niyə vermədiyini demişdir. O, isə borcu olmadığını bildirmişdir. Bu zaman Gündüz onu yumruqla ağzından vurmuş, o, yerə yıxılmışdır. Gündüzün yanındakı şəxs “sakit, sakit” deyərək qoluna girib onu yerdən qaldırmışdır. Kölgəliyə gedəndən sonra Abitnəcibi görməmişdir. Gündüzün yanındakı şəxs zəng etməsi üçün ondan telefonunu istəmişdir. O, telefonunu həmin şəxsə verəndə həmin şəxs onun telefonunu götürüb cibinə qoymuşdur. Gündüz onu tutmuş, Gündüzün yanında olan şəxs onun cibindən pulunu götürmüşdür. Gündüz həmin şəxsə telefonunu qaytarmağını bildirmiş, onun telefonunu qaytarmışlar. Onun çantasını da götürmüşlər. Gündüzün yanındakı şəxs də onu vurmuşdur. Sonra Gündüzgil getmişlər. Onun cibində 107 manat pul, çantasında isə işlədiyi firmaya məxsus 700 manat dəyərində dərmanlar, elektrik qidalandırıcısı, qulaqcıq, köynək olmuşdur. Polis İdarəsində ərizə yazanda həyəcanlı olduğundan çantasında dərmanlar olduğunu yazmamışdır. Onun arxasınca düşüb evinin ünvanını bilməklərindən qorxduğundan o, birbaşa yaşadığı evə getməmiş, oradan qaçaraq Qaraçuxurda məhəllədən tanıdığı Anarın evinə getmişdir. Anara baş verənləri, onu döydüklərini, pulunu, dərmanlarını götürdüklərini danışmışdır. Anarın telefonu ilə Gündüzün qardaşına, qohumlarına və Abitnəcibə zəng etmişdir. Sonra o, ərizə ilə polisə müraciət etmişdir. X4 əlaqə saxlayaraq bölməyə gəlməyini bildirmişlər, lakin Gündüz gəlməmiş, telefonunu söndürmüşdür. X7 Abitnəciblə əlaqə saxlamışlar, o da gələcəyini bildirmiş, lakin gəlməmiş, telefonunu söndürmüşdür. Sonra o, özü Abitnəciblə əlaqə saxlamış, əşyalarını istəmiş, bu zaman Abitnəcib ona şikayət ərizəsini geri götürməyini bildirmişdir. O, əşyalarını, pulunu geri qaytararsa şikayət ərizəsini geri götürəcəyini bildirmiş və Abitnəciblə görüşməyi qərara almışlar. Görüş zamanı polis əməkdaşları Abitnəcibi tutmuşlar. O, Gündüzdən borc almamış, ona heç bir borcu olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumudur, onlar tərəfdə çay evində ofisiant işləmiş, onunla orada görüşmüşdür. Təqsirləndirilən şəxs isə xalası oğludur. Yay vaxtları Şəhriyarla görüşəndə Şəhriyar pula ehtiyacı olduğunu bildirərək ondan borc istəmişdir. O, pulunun olmadığını bildirmişdir. Gündüzün həmin vaxt avtomobili olmuş, o, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ona görə də fikirləşmişdir ki, bəlkə Gündüzün pulu olar. Gündüz Günəşli qəsəbəsində “Səbət” marketin yanında Şəhriyara borc pul vermişdir. O, həmin vaxt Gündüzgildən 5-10 metr aralıda olmuşdur. Bir neçə aydan sonra saat 22-23 radələrində Şəhriyarla təsadüfən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında görüşmüşlər. Şəhriyarla salamlaşaraq söhbət etmişlər, Şəhriyar onda dərmanlar olduğunu, onları payladığını bildirmişdir. Onlar piyada söhbət edə-edə “8-ci km” bazarına tərəf getməyə başlamışlar. Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığında Gündüzü görmüşlər. Gündüz Şəhriyarla görüşmüş, danışmışlar. O, qabaqda olmuş, Şəhriyarla Gündüz isə arxada söhbət edə-edə gəlmişlər. Aralarında təxminən 4 metr məsafə olmuşdur. Gündüz Şəhriyardan borcunu niyə qaytarmadığını soruşduqda Şəhriyar üzərində pulu olmadığını demişdir. O, Şəhriyarın yıxılma səsini eşidib arxaya dönüb baxdıqda Şəhriyarın yerdə oturduğunu, Gündüzün yanındakı bir nəfər şəxsin Şəhriyarı qaldırdığını görmüşdür. Şəhriyarın ağzında heç bir zədə, qan olmamışdır. O, Gündüzün Şəhriyarı vurmağını görməmişdir. O, onlarla sağollaşaraq yaşadığı evə getmişdir. Səhərisi gün Şəhriyar ona zəng edərək onu döydüklərini, çantasını götürdüklərini demişdir. O, Şəhriyara narahat olmamasını, zəng edib maraqlanacağını demişdir. O, Gündüzə zəng edib Şəhriyarın çantasının, içərisindəki əşyalarının olmadığını demişdir. Gündüz həmin əşyaların taksidə qaldığını bildirmişdir. O, Gündüzə Şəhriyarın əşyalarını istədiyini, polisə şikayət etdiyini bildirmişdir. Bir-iki gündən sonra Gündüz “Xalqlar Dostluğu” metrostansiyası tərəfə gəlmiş, Şəhriyara verməsi üçün əşyaları ona vermişdir. O, Şəhriyara zəng edərək əşyaları ona verməsi üçün onunla görüşmək istədiyini bildirmişdir. Şəhriyarla görüşən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək onu PŞ-nə aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs isə məhəllədə yaşayan biri kimi tanımışdır. Şəhriyar onun evinə gəlmiş, ondan 300-500 manat borc pul istəmişdir. O, pulu olmadığını bildirərək nəyə görə borc pul istədiyini soruşmuşdur. Şəhriyar qaçıb canını qurtardığını, pulu onunla işləri olmaması üçün Gündüzgilə verəcəyini, əgər verməsə onun üçün pis olacağını demişdir. Şəhriyar onun telefonu ilə kimlərəsə zəng etmişdir. Təxminən 10-15 dəqiqə sonra Gündüz gəlmiş, Şəhriyarın orada olub-olmamasını soruşmuş, o, Şəhriyarın getdiyini bildirmişdir. Bu zaman Gündüz Şəhriyarın onunla birlikdə gəlib bu evə girdiyini, məhəllənin bir çıxışı olduğunu, getməyinin mümkün olmadığını demişdir. O, həyətdə iki qapı olduğunu, Şəhriyarın digər qapıdan çıxıb getdiyini bildirmişdir. Bundan sonra Gündüz oradan getmişdir. Təxminən 15 dəqiqə sonra Şəhriyar da getmişdir. Şəhriyar onun evinə gələndə onun üzərində xəsarət görməmişdir. Şəhriyar ona Gündüzün onu döydüyünü deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 09.06.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında 09.06.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair 09.06.2020-ci il tarixli, 415 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağında ortada selikli qişasının qansızması və kiçik ölçülü əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 08.06.2020-ci il tarixdə alınmaları mümkündür və ümumillikdə dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. - axtarışda olan şəxsin tutulması haqqında 10.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.09.2020-ci il tarixdə saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.09.2020-ci il tarixli, 4(007)-174/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 14 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 16.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 15.10.2020-ci il tarixli qərardan görünür ki, “Samsung” markalı elektrik qidalandırıcısı, qulaqcıq və qısaqol kişi köynəyi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...

7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin ifadəsi, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Şahidlər Şahid və X1 borcla və xəsarətlə bağlı ifadələrində göstərdikləri xüsusatlar Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 12.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.06.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 5 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 6 ay 7 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 06.02.2018-ci il tarixdə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən altı il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 10.09.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Samsung” markalı elektrik qidalandırıcısı, qulaqcıq və qısaqol kişi köynəyi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10.09.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Samsung” markalı elektrik qidalandırıcısı, qulaqcıq və qısaqol kişi köynəyi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 30 saat və məhkəmədə 40 saat, cəmi 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar