Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-47/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dörd uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonunun Toğanalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, Yeni 2-ci sahədə nömrəsiz fərdi evdə yaşayan, 22 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs "xxxx" Şirkətinə işə düzəltməyə kömək edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs 08 aprel 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 19 ünvanında yerləşən “Sevinc” kinoteatrının qarşısında 3000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, telefon nömrəsini yeznəsi Nurəddin verib və onunla görüşmək istəyir. Ona razılıq verdikdən sonra Murad Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Xəzər rayonu, Atçılıq yaşayış massivi, 2-ci yeni yaşayış sahəsində yerləşən evində görüşmüşlər. Görüş zamanı Murad bildirmişdir ki, işə düzəlmək istəyir. O, Muraddan kənddə iş tapa bilmədiyini soruşanda o, cavab vermişdir ki, kənddə tapa bilmir, Bakı şəhərində işə düzəldə bilsə ona hörmət də edər. Əslində həmin vaxtadək onun beynindən pul keçməmişdir. Murada əvvəlcədən demişdir ki, ona bir dənə yaxşı gümüş üzük alar. Sonra Murad evlərinə getmiş və ona zəng edərək bildirmişdir ki, artıq dərəcədə xahiş edir, onu işə düzəltsin, işsizdir, evdə dava-qırğındır, atası ilə üz-üzə otura bilmir, atası deyir ki, gedib işə düzəlsin, nə qədər pul istəsələr verəcəkdir. Bundan sonra Muraddan əlində nə qədər pulu olduğunu soruşmuş, Murad da 3000 manat pulu olduğunu demişdir. Həmin vaxt evi yarımçıq olduğu və 500 manat aliment pulunu verə bilmədiyi üçün bildirmişdir ki, pulu ona versin, onu işə düzəldə bilər. 08 aprel 2021-ci il tarixdə saat 12 radələrində Muradla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının qarşısında görüşmüşlər. Görüş zamanı Muraddan 3000 manat pulu, şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, attestatının və doğum haqqında şəhadətnaməsinin surətlərini alaraq söz vermişdir ki, onun barəsində xahiş edəcəkdir, özü əlaqə saxlayanda gələr. Bu danışıqdan sonra qonşusu Zaur adlı şəxslə oturub söhbət etmiş və ondan xahiş etmişdir ki, onun bir uzaq qohumu var, onu işə düzəltməyə köməklik etsin. Zaur da ona hörməti olduğu üçün bildirmişdir ki, öz tanışlarından xahiş edər və nə iş olsa deyərlər gedib işləyər. Zaurun Baş Prokurorluqda işlədiyini və tanışları olduğunu bilmiş, ona görə də ondan Muradı hansısa bir işə düzəltməsini ondan xahiş etmişdir. Zaur əvvəllər ona hörgü, suvaq işi tapmaqda köməklik etmişdir. Sonra Zaur ona demişdir ki, “Akkord” şirkətində tanışı var, ondan xahiş edib, Murada zəng eləsin, o, gedib “CV” məlumatlarını yazsın. O, Muradla əlaqə saxlayıb Bakı şəhərinə çağırmış, ancaq Murad gəlməmişdir. Bir müddət keçmiş yenə də Muradı Bakı şəhərinə çağırmışdır ki, “Azpetrol” şirkətində yanacaq dolduran işi var, gəlib “CV” məlumatlarını yazmalıdır. Ancaq Murad yenə də gəlməmişdir. Bundan sonra Zaura bildirmişdir ki, Muradın atası onunla danışanda bildirmişdir ki, onların yaşadıqları rayona yaxın ərazidə iş olsa daha yaxşı olar. Zaur demişdir ki, Dövlət Neft Şirkətinin Salyan rayonunda yerləşən filialının ünvanını internetdən götürmüşdür, ünvanı həmin adama versin və özü zəng edərək gedib “CV” məlumatlarını yazsın. O da Zaurun verdiyi ünvanı zəng edib Murada vermiş və bildirmişdir ki, “Salyan Neft”ə getsin və orada anket məlumatlarını yazsın. Bir müddətdən sonra Murad onunla danışanda demişdir ki, onu fəhlə kimi işə çağırırlar, ancaq o, istəmir, 2 ay kompyüter kursu bitirmişdir, kompyüter işi olsa bacarar. Həmin vaxt telefonda mübahisə etmişlər və bildirmişdir ki, artıq onu doladı, pulunu hissə-hissə qaytarar. Sonra Muradın atası onunla telefonda danışanda pulunu tələb edərək onu təhqir etmiş, qardaşı ona telefonda hədə-qorxu gəlmişdir ki, gəlib onu Bakı şəhərində “bir təhər” edər və pullarını tam həcmdə ondan istəmişlər. Onun da imkanı çatmadığı üçün ödəyə bilməmişdir. Halbuki, Muradı “Akkord” şirkətinə işə çağırdığı zaman ona bildirmişdir ki, pulun halallığını verir. Bu səbəbdən pulu aliment ödəməyə və özünə Binə qəsəbəsində tikdirdiyi evdə yarımçıq qalmış işlərinə xərcləmişdir. Aradan bir ilə yaxın müddət keçəndən sonra Murad ona zəng edib pullarını tələb edəndə ona 180 manat “online” qaydada pul göndərmişdir. Sonradan pulu olmadığı üçün onun pulunu qaytara bilməmiş və Murad ondan şikayət etmişdir. Hazırda dəymiş ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2020-ci ilədək hərbi xidmətdə olduqdan sonra komandiri olmuş X3 ilə mütəmadi əlaqə saxlamışdır. Bir dəfə Nurəddinlə əlaqə saxladığı zaman ona bildirmişdir ki, işsizdir və iş tapmaqda ona köməklik etsin. Nurəddin də qaynı Təqsirləndirilən şəxs mobil nömrəsini verərək bildirmişdir ki, Hüseyn ona köməklik edə bilər. Bundan sonra 2021-ci ilin mart ayının sonlarında Hüseynin mobil nömrəsinə zəng edərək əlaqə saxlamış, Hüseyn onu Bakı şəhərinə dəvət etmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və Hüseynlə yaşadığı Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində yerləşən evində görüşmüşlər. Hüseyn ona bildirmişdir ki, birinci “Salyan Neft”, sonra “Şirvan Neft” və “Paşa Holdinq”də, hansını istəyirsə seçimini etsin və onu fəhlə kimi işə düzəldə bilər, ayda 1000 manat əmək haqqı alacaqdır. O, Hüseynə demişdir ki, “Salyan Neft”i istəyir, çünki yaşadıqları Şirvan rayonuna yaxındır. Bundan sonra Hüseyn onun yanında kiminləsə danışaraq demişdir ki, 3000 manat müqabilində işə düzəldə bilər. Onunla razılaşıb yaşadığı Şirvan rayonuna qayıtmış və bu barədə atasına məlumat vermişdir. 05 aprel 2021-ci il tarixdə atası xalası X1 adına “Kapital Bank”ın Şirvan rayon filialından 3550 manat kredit götürdükdən sonra Hüseynlə əlaqə saxlayıb 08 aprel 2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Hüseynlə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Sevinc” kinoteatrının qarşısında görüşmüş və orada 3000 manat pulu, şəxsiyyət vəsiqəsinin, attestatının, doğum haqqında şəhadətnaməsinin və hərbi biletinin surətlərini ona vermişdir. Hüseyn pulu və sənədləri ondan aldıqdan sonra bir daha söz vermişdir ki, narahat olmasın, rayona getsin, özü onunla əlaqə saxlayacaqdır. O, Şirvan rayonunda olduğu zaman Hüseyn onunla əlaqə saxlamışdır, bir aydan sonra ona zəng vuraraq demişdir ki, “Salyan Neft”ə getsin, orada kadrın əməkdaşı onu gözləyir. O, Salyan rayonunda yerləşən “Salyan Neft”ə getmiş, orada kadrın tanımadığı əməkdaşı onu qəbul edərək bildirmişdir ki, özləri onunla əlaqə saxlayacaqlar. Lakin aradan 5 ay keçsə də onunla heç kim maraqlanmamış və çağırmamışdır. Hər dəfə də Hüseynlə əlaqə saxlayanda ona bildirmişdir ki, gözləsin, narahat olmasın. Sonradan başa düşmüşdür ki, Hüseyn onu aldatmışdır, ona görə ondan pulunu geriyə tələb etmişdir. Hər dəfə də Hüseyn ondan möhlət istəmişdir. Yalnız bir dəfə kartına 180 manat pul keçirmiş, qalan pulunu qaytarmamışdır. Bu səbəbdən məcbur olub DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra isə 25-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona vurulmuş 3000 manat maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Buna görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid poçt vasitəsi ilə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin qeyd olunan ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, X6 qəsəbəsində onunla qonşudur və normal münasibətləri vardır. Hüseyn maddi cəhətdən kasıb təminatlı insan olduğu üçün dəfələrlə onun üçün iş tapmış və Hüseyn həmin işlərdə işləyərək ailəsi üçün çörək pulu aparmışdır. Yəni, tanış-bilişlərdə hörgü, suvaq və fəhləlik işi lazım olduğu halda Hüseynə demiş və o, gedib həmin işləri görmüşdür. O, Hüseynin kiməsə qarşı dələduzluq etməsini ağlına belə gətirməmiş, hər zaman fikirləşmişdir ki, kasıb adamdır. Həqiqətən də 2021-ci ilin aprel ayında Hüseyn ona yaxınlaşaraq xahiş etmişdir ki, hansısa qohumu var və onu hardasa mühafizəçi kimi işə düzəldə bilərlərmi? “Akkord” şirkətində tanışı olduğu üçün bir insan olaraq Hüseynə demişdir ki, həmin şəxsdən xahiş edər və qohumu onun yanına gedərək işləyər. Sonra Hüseyn ona demişdir ki, qohumu “Akkord”da işləmək istəmir və tanış olsaydı onu yaşadıqları Şirvan rayonuna yaxın Neft Şirkətlərindən birində işə düzəldərdilər. Onda Hüseynə bildirmişdir ki, elə bir tanışı yoxdur, əgər qohumu öz rayonlarına yaxın yerdə işləmək istəyirsə “Salyan Neft”ə getsin və orada “CV” məlumatlarını yazsın. Bundan başqa Hüseynə heç bir iş barəsində sözlər deməmişdir. Hüseyn qohumu kimi təqdim etdiyi və işə düzəlməsini xahiş etdiyi şəxsdən pul almasını ona bildirməmişdir. Əks halda ona əsəbiləşərək ciddi formada iradını bildirərdi. Hüseyn ona heç bir formada vəd və ya təklif etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirərək ziyan vurması faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 18 avqust 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, 08 aprel 2021-ci il tarixdə saat 12 radələrində hadisənin baş verdiyi və zərərçəkən Zərərçəkmiş şəxs 3000 manat pulunu aldığı yeri sərbəst şəkildə göstərib təsvir etmişdir. (i.v. 33-34) - 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, X3 və Şahid barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4 və 312-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 40-45) - 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 39) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 15 mart 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-47/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-47/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver