Məhkəmə qərarları › İş №1(007)-47/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-47/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-47/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3, 185.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 may 2024-cü ildə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən, ictimai yer olan “Zəfər 44” adlı ərzaq mağazasında, həmin mağazada administrator işləyən Zərərçəkmiş şəxs1 onun üçün taksi sifarişini gec etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə nalayiq ifadələr işlədib zor tətbiq edərək Zərərçəkmiş şəxs1 sifət və sağ qulaq nahiyələrinə qəsdən təpik və yumruqla vurmaqla, sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əng (maksilyar) sümüyünün sınığı, sifətin sağ yarısının hematoması, sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının bayır səthinin qansızması, sol qulaq seyvanının və qulaq arxası nahiyənin əzilmiş-cırılmış yaraları, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ əlin İİİ barmağının distal falanqasının, ovuc səthinin qançırı, sağ əlin arxa səthinin İV, V barmağının əsas falanqasının sıyrıqları xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində X2 adına olmaqla etibarnamə əsasında Zərərçəkmiş şəxs2 satılaraq faktiki sonuncunun mülkiyyətində olan və ünvan 3 ünvanda yerləşən “Siyaqut” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs2 tərəfindən saxlanılmış “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidlə bağlı olmadığını görüb avtomobilin salonuna daxil olaraq mexaniki üsulla mühərriki işə salıb talama məqsədi olmadan avtomobili qaçırmaqla qanunsuz ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3, 185.1 və 221.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı onu itələmişdir. Hadisədən əvvəl restoranda içki qəbul etmiş və içkili vəziyyətdə dükana gəlmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, dükanda nə işlədiyini də bilmir. Dükanda yaranmış mübahisə zərərçəkmiş şəxsin təqsiri üzündən baş vermişdir. Onun heç vaxt Zərərçəkmiş şəxs1 borcu olmamış, ondan pul istəməmişdir. Mübahisə zamanı həyətdə digər şəxslər də olmuşdur. Zərərçəkmiş şəxs1 əli ilə ona bir də bu dükana gəlməməyi barədə işarə etmişdir. O, isə nə etdiyini soruşmuşdur. Hadisə buna görə baş vermişdir. O, Zərərçəkmiş şəxs1 vurmamış, sadəcə itələmişdir. İtələdikdən sonra deyəsən zərərçəkmiş yerə yıxılmış, özündən getdiyini xatırlamır, onu təpiklə vurmamışdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyana görə istintaq zamanı 2000 manat ödəmiş və barışmışlar. Zərərçəkmiş şəxs buna görə istintaqda şikayətinin və tələbinin olmadığına dair ərizə vermişdir. Lakin sonradan zərərçəkmiş ondan əlavə pul istəmiş, onun imkanı olmadığından əlavə pulu verə bilməmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili dostunun avtomobili ilə səhv salıb sahibinin icazəsi olmadan idarə etmişdir. Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə təxminən üç aydır ki, tanışdır. Belə ki, Dövlət onun yaşadığı məhəllədə, ünvan 4 ünvanda yerləşən “Zəfər 44” adlı ərzaq mağazasında administrator işləmişdir. Əvvəllər Dövlət ilə aralarında münaqişə olmasa da, sonuncunun bəzi özündən razı hərəkətləri, o cümlədən mağazaya gələn bəzi məhəllə sakinləri ilə kobud danışması onu Dövlətə qarşı qıcıqlandırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində o, sərxoş vəziyyətdə Dövlətin işlədiyi ünvan 5 ünvanda yerləşən “Zəfər 44” adlı ərzaq mağazasına su almaq və dükanın sahibi olaraq tanıdığı Samir adlı şəxsdən beş manat borc almaq üçün getmişdir. Lakin Samiri mağazada görməmiş, sonuncunun harada olması ilə bağlı Dövlətdən soruşmuşdur. Dövlət ona kobud cavab verdiyi üçün mağazanın içində Dövlət ilə mübahisə etmişlər. Sonradan o, həmin mağazadan çıxmış və Dövlətə irad bildirmək üçün sonuncunu mağazanın çölünə çağırmışdır. Dövlət mağazadan çıxıb ona yaxınlaşmış və qəfildən onun sifət nahiyəsinə sağ əli ilə yumruq atmışdır. O, həmin vaxt sol əli ilə sifətini tutduğu üçün yumruq onun sol əlinin üstünə dəymişdir. O, Dövlətin sinəsindən qəsdən bir dəfə yumruqla vurub, sonuncunu geriyə doğru öz yumruğu ilə itələmiş, Dövlət geriyə doğru getmiş və arxası üstə yerə yıxılmışdır. Bundan sonra ətrafda olan şəxslər onları ayırmışlar və tanımadığı bir nəfər şəxs onu qolundan tutaraq həmin yerdən uzaqlaşdırmışdır. Bu hadisədən bir müddət sonra o, bir məclisdə iştirak etmək üçün Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Nağıl” adlı restorana getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində həmin restorandan sərxoş vəziyyətdə çıxıb, dövlət nömrə nişanını və markasını xatırlamadığı taksiyə minib, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Siyaqut” şadlıq sarayının qarşısına getmişdir. Həmin yerdə taksidən düşüb, yol kənarında park halında olan avtomobillərə göz gəzdirərək bir qədər piyada getmişdir. Yol kənarında sıra halında park edilmiş avtomobillərdən birinin qapısının kilidli olmadığını görmüşdür. Bu vaxt qərar vermişdir ki, bir qədər avtomobil ilə şəhərdə gəzsin. Bu məqsədlə həmin gün saat 01:00 radələrində həmin avtomobilin örtülü vəziyyətdə olan qapısını açıb, avtomobildə sükan arxasında oturmuşdur. Avtomobilin sükanı arxasına oturduqdan sonra avtomobilin mühərrikini düymə ilə işə salıb, 8-ci km. qəsəbəsi ərazisində bir qədər gəzdikdən sonra Nizami rayonunda “Neftçilər" metrostansiyası yaxınlığında X6 əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar, onun barəsində müvafiq sənədləşmə aparmışlar. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən “Zəfər 44” adlı ərzaq mağazasında administrator işləyir. Həmin mağazanın yaxınlığında yaşayan Rüstəm adı şəxs mütəmadi olaraq mağazaya müştəri qismində gəlib spirtli içki almış, çox vaxt şərxoş vəziyyətdə gəlib müştərilərdən və ondan az məbləğdə pul istəmişdir. Lakin onlar Rüstəmə pul verməyərək yola salmışlar, aralarında heç vaxt mübahisə yaranmamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 22:00 radələrində Rüstəm sərxoş vəziyyətdə mağazaya gəlib ondan pul istəmiş, o, isə Rüstəmə pul verməkdən imtina etmişdir. Bundan sonra Rüstəm mağazanın içərisində səs-küy salmağa, onu nalayiq ifadələr ilə təhqir etməyə başlamış, həmin vaxt mağazada olan tanımadığı müştərilər də Rüstəmin bu hərəkətlərindən narahat olduğu üçün o, Rüstəmi sakitləşdirməyə çalışmışdır. Həmin vaxt mağazada olan tanımadığı müştərilərdən biri Rüstəmə “söyüş söymə mağazada və küçədə xanımlar var” deyib irad bildirmişdir. Bundan sonra, Rüstəm mağazadan çölə çıxmış və bundan beş dəqiqə sonra onu mağazanın çölünə çağırmış, o, mağazanı tərk edə bilmədiyi üçün, mağazanın çölündə yəni, giriş qapısının qarşısında dayanmış və Rüstəm ondan taksi sifariş etməyini istəmişdir. O da narazılıq yaranmaması üçün Rüstəmin istəyi ilə öz mobil telefonunda olan tətbiq vasitəsi ilə Rüstəm üçün taksi sifariş etmişdir. Lakin sifariş əsasında gələn taksi səhv ünvana getdiyi üçün Rüstəm əsəbiləşərək onu nalayiq ifadələr ilə təhqir edib bildirmişdir ki, “sən məni aldadıb taksi sifariş etmədin, sənə görə mən 55 manat ziyan etdim”. O, Rüstəmə söyüş söyməməsini bildirdiyi zaman Rüstəm ona “mənim məskənimə gəlmisən, mənə qarşı yekə- yekə hərəkətlər edirsən, səni bıçaqlayaram” demişdir. O isə sərxoş olduğu üçün Rüstəmə çıxıb getməsini, səhvin onda olmasını bildirmişdir. Bundan sonra Rüstəm ona “məni yola verirsən ?” deyib sol əli ilə sinəsindən vurmaqla itələmiş, o, özünü saxlaya bilməyib arxası üstə yerə yıxılmış və başının arxa tərəfi mağazanın giriş hissəsində olan səkiyə dəymişdir. O, yerdə uzanıqlı vəziyyətdə olarkən Rüstəm onu söyəsöyə sifət nahiyəsinə qəsdən iki dəfə təpik ilə, sonra isə sifət və sol qulaq nahiyəsinə bir neçə dəfə yumruqla vurub ona xəsarət yetirmişdir. Bundan sonra o, yerdə uzanıqlı vəziyyətdə olarkən Rüstəm ayaqları ilə onun sağ əlinin üstünə çıxmış və barmaqlarını ayağı ilə əzmişdir. Mübahisə baş verən zaman mağazada kassir işləyən Şahid2 Elyas oğlu onun yerə yıxıldığını görüb yanına gəlmiş və onu yerdən qaldırmışdır. Həmin vaxt küçə ilə keçən bir nəfər tanımadığı şəxs də Rüstəmə yaxınlaşıb onu sakitləşdirmiş və Rüstəmi onun olduğu yerdən uzaqlaşdırıb aparmışdır. Bu zaman Rüstəm onu söyməyə davam etmişdir. Sonradan o, almış olduğu xəsarətlər ilə bağlı “X8” adlı xəstəxanaya müraciət etmişdir. Rüstəm rayonda olanda da zəng edərək onu təhqir etmişdir. Ona 3400 manat məbləğində ziyan dəymişdir, 2000 manat ödənilmiş, 1400 manat ödənilməmişdir. Dəymiş ziyana görə qalan 1400 manatın ödənilməsini tələb edir, şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili 6000 manat qarşılığında öz tanışı X1 almışdır. Maddi imkanı olmadığı üçün avtomobilin onun adına sənədləşmə prosesini yekunlaşdıra bilməmişdir. Bu səbəbdən hələlik Sadiqin ona avtomobili sürmək üçün verdiyi etibarnamə əsasında avtomobili idarə edir. Reallıqda həmin avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində keçmiş iş yoldaşının “Siyaqut” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmək üçün həmin restoranın yerləşdiyi, Nizami rayonu B.Nuriyev küçəsinə özünə məxsus olan “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Avtomobili restoranın yaxınlığında yol kənarında saxlamışdır. Avtomobilin qapılarının kilidlərində problem olduğu üçün qapıları kilidləmədən həmin yerdən uzaqlaşmışdır. Həmin gecə toydan sərxoş vəziyyətdə çıxdığı üçün öz avtomobilinə yaxınlaşmadan taksiyə oturaraq öz yaşadığı ünvana getmişdir. Düşünmüşdür ki, növbəti gün gələrək avtomobili saxladığı yerdən götürər. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində avtomobilini saxladığı yerdən götürmək üçün Nizami rayonu B.Nuriyev küçəsinə gəldikdə aşkar etmişdir ki, avtomobili həmin yerdə yoxdur. Odur ki, elə həmin vaxt DİN-in 102 xidmətinə zəng vurub, avtomobilinin qaçırılması ilə bağlı polisə məlumat vermişdir. Həmin məlumat ilə bağlı 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan müəyyən olunmuşdur ki, ona məxsus olan avtomobil xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən qaçırılıb, sonradan həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onun avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Avtomobilini qaçıran Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən cərimələnmişdir. Sonradan o, avtomobilini cərimə meydançasından çıxarmışdır. Avtomobilinin üzərində hər hansı bir zədə olmamışdır, salonda olan əşyaların hər biri öz yerində olmuşdur. Avtomobildən hər hansı əşya oğurlanmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində iş yoldaşı Şahid1 ilə birgə xidmətdə olarkən Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sutkanın qaranlıq vaxtında xarici işıq cihazlarından istifadə edilmədiyi üçün tərəflərindən saxlanılmışdır. Avtomobilin sürücüsünün qeyriadekvat hərəkətlərindən şübhələnib sonuncunu alkoqol müayinəsindən keçirmişlər. Müayinə zamanı həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsini müəyyən etmişlər. Bundan əlavə olaraq sürücünün həmin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi, bundan başqa xarici işıq cihazları nasaz olduğu üçün, həmin nasazlığın yerində aradan qaldırılması mümkün olmadığından həmin nəqliyyat vasitəsi tərəflərindən mühafizə olunan duracağa yerləşdirilmişdir. Bundan başqa tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və sürücü Təqsirləndirilən şəxs sərbəst buraxılmışdır. Sonradan həmin avtomobilin qaçırılması ilə bağlı məlumat Nizami RPİ-nin DYPŞ-yə daxil olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid1 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Nizami rayonu, B.Çobanzadə küçəsi 65 ünvanında yerləşən “Zəfər 44” adlı supermarketdə kassir olaraq çalışır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində marketdə kassa aparatı arxasında müştərilər ilə məşğul olarkən, marketin yerləşdiyi məhəllədə, qonşuluqda yaşayan Rüstəm adlı şəxs sərxoş vəziyyətdə marketə daxil olmuşdur. Rüstəm marketdə olan bir neçə nəfər tanımadığı müştəridən pul istəmişdir. Həmin müştərilər ona pul verməkdən imtina etmiş və marketi tərk etmişlər. Bundan sonra Rüstəm marketin administratoru Dövlətə yaxınlaşıb ondan bir qədər borca pul istəmişdir. Dövlətin pul verməkdən imtina etməsinə görə Rüstəm Dövlətin ünvanına nalayiq ifadələr demiş və sonuncunu döyməklə hədələmişdir. Dövlət Rüstəmin sərxoş halda olmasını görüb, sonuncunu yola vermək istəsə də, Rüstəm mübahisəni daha da gərginləşdirməyə çalışmışdır. Bir qədər sonra Rüstəm ilə Dövlətin marketin giriş hissəsinin qarşısında söhbət etdiklərini görmüşdür. O, həmin vaxt bir qədər aralıda, marketdəki kassa aparatının arxasında olduğu üçün sonuncular arasında olan söhbəti eşitməmişdir. Bu vaxt Rüstəmin Dövlətin sinəsindən əli ilə bir dəfə vurduğunu, Dövlətin bu zərbələrdən sonra yerə yıxıldığını, Dövlət yerdə uzanıqlı vəziyyətdə olarkən isə Rüstəmin onun sifət nahiyəsindən bir neçə dəfə təpik və yumruq ilə vurduğunu görmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/27082 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə olunan Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 435 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ əng (maksilyar) sümüyünün sınığı, sifətin sağ yarısının hematoması, sağ gözaltı nahiyənin qançırı, sağ gözün ağlı qişasının bayır səthinin qansızması, sol qulaq seyvanının və qulaqarxası nahiyənin əzilmiş- cırılmış yaraları, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ əlin İİİ barmağın distal falanqasının ovuc səthinin qançırı, sağ əlin arxa səthinin İV, V barmaqlarının əsas falanqasının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə sifətin sağ yarısının hematoması ilə müşayiət olunan sağ əng (maksilyar) sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ gözün ağlı qişasının bayır səthinin qansızması və sol qulaq seyvanının və qulaqarxası nahiyənin əzilmiş-cırılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ gözaltı nahiyənin qançırı, ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ əlin İİİ barmağının distal falanqasının ovuc səthinin qançırı, sağ əlin arxa səthinin İV, V barmaqlarının əsas falanqasının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sağ əlin arxa səthinin İV, V barmaqlarının əsas falanqasının sıyrıqları şəxsin yerə yıxılması zamanı törənə bilərdilər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Siyaqut” şadlıq sarayının qarşısından Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılması faktı ilə bağlı HK-1/1515 nömrəli material və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.2.3, 185.1 və 221.1-ci maddələrinə tövsif edilmiş, cinayət işi ********* nömrəsi altında saxlanılaraq işin istintaqı davam etdirilmişdir. - nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə aşkar edilmiş, avtomobilin üzərində hər hansı bir zədə izi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-193/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 127.2.3, 185.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırılmasına dəlalət edən videogörüntünün olduğu bir ədəd “CD” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. - məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir və xx.xx.2010-cu il təvəllüdlü bir övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə qəsdən az ağır bədən xəsarəti yetirmə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır xəsarət yetirmədə ifadə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydanı və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərdə ifadə olunur. Xuliqanlıq niyyətilə cinayət heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 185.1 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 185.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 185.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəməsini, onunla barışmasını, şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyana görə 2000 manat ödənilməsini, 2-ci qrup əlil olmasını, yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində törətdiyi hər cinayətə görə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər barəsində Azərbaycan Respublikası CMnin 72-1.2-ci maddəsi tətbiq edildiyindən hazırda Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsi ilə zərərçəkmiş şəxslə barışmış Təqsirləndirilən şəxs barəsində CM-nin 73-1.1ci maddəsi tətbiq olunmur. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 11 ay 2 gün həbsdə-ev dustaqlığında saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 185.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 77 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 462 (dörd yüz altmış iki) manat (77x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 ay 2 gün həbsdə-ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1(bir) il 1(bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd “Runna” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 77 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 462 (dörd yüz altmış iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar