Məhkəmə qərarları › İş №1(007)-473/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-473/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-473/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, xs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyun 2022ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman Zərərçəkmiş şəxs mənzilin digər otağına keçməsindən istifadə edərək mənzilin qonaq otağında olan televizorun yanından sonuncuya məxsus 600 manat qiymətində olan **********28684, **********2869 imei kodlu “Redmi Not 11” markalı mobil telefonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, qonşusu Rənagilə getmiş, Rəna ilə söhbət edən zaman oturduqları otaqda olan dolabın üzərində mobil telefon olduğunu görmüşdür. Rəna mətbəxə keçdikdə o, dərhal mobil telefonu götürüb evdən çıxıb getmişdir. Tanışı İlkinlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər və orada yerləşən telefon mağazalarının birinə telefonu 260-280 manata satmışlar. Həmin pulu xərcləmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs qonşusudur. Xəstəliyi ilə əlaqədar müalicə alır. Aytac hərdən bir onun evinə gələrək söhbətləşmiş, həmişə onu düzgün yola dəvət etmişdir. “Kontakt Home” mağazasından özünə kredit yolu ilə “Redmi Note 11” markalı, **********28684, **********2869 imei kodlu mobil telefon almışdır. 30 iyun 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsi 3 ünvanında olan zaman təsadüfən qonşusu Təqsirləndirilən şəxs evə gəlmişdir. Həmin vaxt Aytac onun uzandığı çarpayıda əyləşmişdir. O, Aytacdan stulda əyləşməsini xahiş etmiş və digər otağa keçmişdir. Həmin vaxt dəyəri 600 manat olan “Redmi Note 11” markalı, **********28684, **********2869 imei kodlu mobil telefonunu qonaq otağında televizorun yanına qoymuşdur. Təxminən 3-5 dəqiqə sonra o, otaqdan çıxdıqda Aytacın evdən getdiyini bildirmişdir. Bu vaxt o, telefonunun televizorun yanında olmadığını gördükdə Aytac tərəfindən oğurlanmasını bilmişdir. Dərhal evdən küçəyə çıxmış, lakin Aytacı yolda görməmişdir. Küçədə təsadüfən Aytacın əmisi Yalçın ilə rastlaşmışdır. Yalçından Aytacı soruşduqda o, Aytacın yanında tanışı İlkin ilə birlikdə taksi avtomaşını ilə getdiyini bildirmişdir. Bundan sonra o, Aytacın babası Tofiqə baş vermiş hadisə haqqında demişdir. Lakin onlar Aytacın onun evindən oğurladığı telefonunu gətirib ona qaytarmasında köməklik etməmişlər. O da bundan sonra Nizami RPİ-nin 23-cü PB-nə telefonunun oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qonşusu Rəna yaşadığı evə gələrək nəvəsi Aytacın ona məxsus mobil telefonu evindən oğurladığını bildirmişdir. O, bu məsələni 2 saata aydınlaşdıracağını bildirmişdir. Nənəsi Aytaca zəng edib oğurluq məsələsini soruşmuş, Aytac oğurlamadığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Rəna yenidən evinə gələrək polisə şikayət edəcəyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - ittiham elan etmək üçün şəxsin tutulması və onun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması, cinayət prosesini həyata keçirən orqandan gizlənməsini nəzərə alaraq barəsində axtarış elan edilməsi və tutulduqda Nizami RPİ-nin X1 təhvil verilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Orxan Mirzəyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin əmlakını gizli ələ keçirib zərərçəkmiş şəxsə 600 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar