Məhkəmə qərarları › İş №1(007)-473/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-473/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-473/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X5, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində seçilmiş, “həbs” qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 17.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 02 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A saylı binanın qarşısına gəlib birlikdə həmin binanın 4-cü girişinin 4-cü mərtəbəsinə qalxıb əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə o, kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, qrup üzvü Şahid isə həmin mərtəbədə quraşdırılmış qaz sayğacının borusuna mühafizə olunması məqsədilə dəmir kəndirlə bağlanılmaqla saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus 450 manat dəyərində “Adidas” markalı velosipedi dəmir kəndirin üzərində olan qıfılını özü ilə gətirdiyi kəlbətinlə sındırmaqla açıb saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb onunla birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 450 manat maddi ziyan vurub oğurluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 06 mart 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanının qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə o, kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, qrup üzvü Şahid isə həmin ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus olan “Kia Sorento” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırdıqdan sonra avtomobildən Zərərçəkmiş şəxs1 məxsus içərisində hər birinin dəyəri 30 manat, ümumi dəyəri 60 manat olan 2 ədəd əmək haqqı kartı, dəyəri 1 manat olan 01 ədəd bir bank kartı olan 20 manat dəyərində qara rəngli pul qabını, içərisində dəyəri 120 manat olan 01 ədəd Zərərçəkmiş şəxs1 təsisiçisi olduğu "xxxx" MMC-yə məxsus möhür, ümumi dəyəri 1 manat təşkil edən MMC-yə aid kiçik qeyd vərəqələri olan sellofan torbanı, hər birinin dəyəri 38 manat, ümumi dəyəri 76 manat olan 02 ədəd işıqgücləndirici cihazı (projektoru) gizli olaraq talayıb onunla birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Aydın Əlizadəyə 278 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 06 mart 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanının qarşısına gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədilə o, kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, qrup üzvü Şahid isə, həmin ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus olan “Kia K5” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırdıqdan sonra avtomobildən Zərərçəkmiş şəxs3 məxsus dəyəri 450 manat olan 100 ml həcmində “Vidian London” adlı ətiri, dəyəri 180 manat olan 100 ml həcmində “Afnan tribute blue” adlı ətiri, dəyəri 170 manat 100 ml həcmində “Chopart” adlı ətiri, ümumilikdə dəyəri 400 manat təşkil edən 07 ədəd adsız müxtəlif qadın ətirlərini, dəyəri 200 manat olan 01 ədəd “Prada” markalı gödəkçəni, dəyəri 80 manat olan 01 ədəd qolsuz gödəkçəni, dəyəri 75 manat olan 0,7 litr həcmində 01 ədəd “Macallan” adlı viskini gizli olaraq talayıb onunla birlikdə hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 1555 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X7 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər döymə, yəni “Tatu” işi ilə məşğul olmuş, həmin işdə də Şahid ilə tanış olmuşdur. Alimin əlindəki döymələri o etmişdir. Təxminən bir ilə yaxındır ki, Alimlə dostluq münasibətindədir. xx.xx.2024-cü il tarixdə, saat 02 və ya 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A ünvanında yerləşən binanın blokuna Alimlə birlikdə daxil olmuşdur. Alim ona 4-cü mərtəbədə velosiped olduğunu, bir nəfər şəxs borcunu qaytarmadığı üçün götürəcəyini demişdir. Həmin “Adidas” markalı velosipedi Alim ilə birlikdə gizli şəkildə həmin yerdən götürərək uzaqlaşmışlar. Velosipedi onlar evdə saxlamışlar. Alim həmin velosipedi satıb pulunu borcuna verəcəyini və həmin puldan ona da verəcəyini demişdir. O, birlikdə oğurluğa getdikdə Alim oğurluq etmiş, o isə, kimsə gəlsə xəbər etmək üçün ətrafa baxmışdır. Həmin velosiped evdə olmuş və velosipedi Alim təhvil vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 02 və ya 03 radələrində Alim Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində binanın qarşısında saxlanılmış, “Kia K 5” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin ön şüşəsini yerdən götürdüyü daşla qəsdən sındıraraq avtomobilin içərsindən müxtəlif növdə araqlar, ətirlər, plastik bank kartları, gödəkçələr, eynəklər oğurlamışdır. O, həmin vaxt kənarda Alimi gözləmiş və avtomobilin içərisindən oğurlanan əşyaları sellofan paketə yığmışdır. Bundan sonra avtomobilin siqnaliziyasiyası işə düşdükdə onlar oranı dərhal tərk etmişlər. Qeyd olunan əşyalrın bir qismini satıb, bir qismini də yaşadığı ünvanda saxlamışdır. Alimin etdiyi oğurluq hadisələrindən məlumatı olmuş, çox vaxt özü Alimə köməklik etmişdir. Etdiyi əmələ görə çox peşmandır. O, sadəcə olaraq dost kimi Alimə kömək etmişdir. Alim əldə etdiyi puldan patı və narkotik vasitə «kola», yəni heroin alıb gətirmiş və o da istifadə etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə, gecə saat təxminən 03 və ya 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı binanın qarşısında park edilmiş “Kia Sorento” markalı, dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilin qabaq sağ şüşəsini Alim yerdən götürdüyü daş parçası ilə qəsdən sındırmış, maşının şüşəsini sındırdıqda maşının siqnalizasiyası çalmamış, avtomobilin içərisindən pulqabı və paket götürmüş və oradan birlikdə getmişlər. Alim maşının içərisini axtardıqda o, kimsə gələrsə məlumat vermək üçün ətrafa nəzarət etmişdir. Həmin pulqabının içərisində plastik bank kartları, şəxsiyyət vəsiqəsi, paketin içərisində sənədlər və möhürün, həmçinin işıq vuran projektorların olduğunu görmüşlər. Onlar sənədləri çırıb tullamış, Alim möhürü və projektorları özü ilə götürüb evə aparmışdır. Həmin əşyaları Alim polisə təhvil vermişdir. Törətmiş olduğu əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanın qarşısında saxlayıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən çıxıb saat 07:50-də avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ sərnişin qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Avtomobilə baxış keçirdikdə avtomaşından içərisində 2 ədəd, hər birinin dəyəri 30 manat olan ümumi dəyəri 60 manat təşkil edən əmək haqqı kartları, 01 ədəd dəyəri 1 manat olan bir bank kartı olan 20 manat dəyərində qara rəngli pul qabının, içərisində 01 ədəd dəyəri 120 manat olan təsisçisi olduğu "xxxx" MMC-nin möhürü, ümumi dəyəri 1 manat təşkil edən MMC-yə aid kiçik qeyd vərəqələrinin olduğu sellofan torbanın, arxa ayaq altında olan 02 ədəd, hər birinin dəyəri 38 manat, ümumilikdə dəyəri 76 manat təşkil edən ağ rəngli qutunun içərisində olan 02 ədəd “projektorun” oğurlandığını aşkar etmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 278 manat dəyərində maddi ziyan vurulduğunu bildirmişdir. Nizami RPİ-nin 24cü PŞ-də aparılan araşdırma zamanı avtomobilindən oğurlanmış "xxxx" MMC-nin möhürünün yeri müəyyən edilərək özümə qaytarılmışdır. Mənə məxsus oğurlanmış əşyaların qiymətini ayrı-ayrılıqda qeyd etmişdim. Hadisə nəticəsində mənə ümumilikdə 278 manat ziyan dəymişdir. Bundan başqa oğurluq edən şəxs oğurluq zamanı avtomobilin qabaq sağ sərnişin qapısının şüşəsini sındırdığı üçün mən 310 manat xərc çəkərək şüşəni bərpa etdirmişdim. Avtomobildən oğurlanmış möhür özümə məxsusdur. Həmin möhür təsisçisi olduğum "xxxx" MMC-nin möhürüdür. Avtomobildən oğurlanmış, sonradan polis əməkdaşları tərəfindən mənə qaytarılmış, təsisçisi olduğum "xxxx" MMC-nin möhürünü sındırıb atmışdır. Həmin möhürdən bir daha istifadə etmək istəmədiyindən əvəzinə 120 manat ödəməklə yeni möhür hazırlatdırmışdır. Hal-hazırda ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edərək məhkəmə təəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitələrin aludəçisidir və təxminən 7-8 aydır ki, narkotik vasitə olan heroin istifadə etdir. Həmin ərəfədə narkotik vasitə istifadəçi olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə bir evdə kirayə yaşamışlar. Günel ilə birlikdə oğurluq edib, oğurluq əşyaları sataraq öz istifadələri üçün narkotik vasitə almaq, həmçinin də kirayə pulunu ödəmək qərarına gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 02 və ya 03 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə oğurluq etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A saylı binanın qarşısına gəlmiş, binanın 4-cü girişinin 4-cü mərtəbəsində qaz sayğacına trosla bağlanmış vəziyyətdə olan “Adidas” markalı velosipedi görmüşdür. Günel kənar şəxs gələrsə ona məlumat vermək üçün bir qədər aralıda dayanıb ətrafa nəzarət etməyə başlamışdır. O, evdən çıxarkən özü ilə götürdüyü kəlbətinlə velosipedin bağlandığı trosu kəsmiş və velosipedi düşürüb Təqsirləndirilən şəxs ilə birlikdə binanın girişini tərk etmişlər. Qeyd olunan velosipedi özü istifadə etmək üçün həmin ərəfədə müvəqqəti olaraq kirayə yaşadığı Babək prospekti 79 ünvanında yerləşən mənzilə aparmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yenidən oğurluq etmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı binanın qarşısında park edilmiş dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Sorento” markalı avtomobilin qabaq sağ şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırmışdır. Bu zaman avtomobilin siqnalizasıyası işə düşməmişdir. O, avtomobilə daxil olub içərisini axtarmağa başlayan zaman avtomobilin içərisindən pulqabı və paket götürmüş və Təqsirləndirilən şəxs ilə birlikdə həmin ərazini tərk etmişdir. Avtomobildən götürdüyü pulqabının içərisində plastik bank kartları, şəxsiyyət vəsiqəsi, paketin içərisində isə sənədlər, möhür və işıq vuran projektorlar olduğunu görmüşdür. Sellofan paketi götürdükdə içində nə olduğunu bilməmiş, götürdükdən sonra içərisindən həmin sənədlər və möhür çıxmışdır. O da kiminsə götürüb istifadə etməməsi üçün möhürü orada tullamayıb evə aparmışdır. Niyyəti sənəd və möhürü oğurlamaq olmamışdır. O, sənədləri çırıb tullamış, bank kartlarını isə yoxlamadan pulqabı ilə birlikdə dəqiq xatırlamadığı ünvanda zibil qutusuna atmışdır. Möhürü və projektorları isə özü ilə götürüb evə aparmışdır. O, pul və ya qiymətli əşyanı oğurlamaq niyəti ilə oğurluq etmişdir. Möhürü sadəcə olaraq evə qoymuş, ilkin olaraq həmin əşyanın möhür olduğunu bilməmişdir. Projektorları isə sonradan hara qoyduğunu və nə etdiyini xatırlamır. Həmin ərəfədə mütəmadi olaraq narkotik vasitələrin təsiri altında olmuş, ola bilsin həmin projektorları kiməsə verib əvəzində narkotik vasitə almışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 04 radələrində oğurluq etmək üçün Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 104 ünvanına gəlmişdik. Günel kənar şəxs gələrsə mənə məlumat vermək üçün bir qədər aralıda dayanıb ətrafa nəzarət etməyə başlamışdır. Mən isə həmin ünvanın qarşısında park edilmiş dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia K5” markalı avtomobilin qabaq sol yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin içərisindən pulqabı, bank kartları, gün eynəyi, ətirlər, viski, araqlar, gödəkçə və qısa qolgödəkçəni oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə həmin ərazini tərk etmişdik. Avtomobildən götürdüyü əşyalardan iki ədəd qadın ətirlərini, iki ədəd gün eynəklərini, bank kartlarını yaşadığı evə gətirmişdir. Viski və araqları özü içmişdir. Gödəkçələr isə əyninə olmadığından tullamışdır. Bundan başqa narkotik vasitə almaq üçün pulu olmadığından yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 3-4 radələrində əvvəllər ərzaq aldığı mağaza yadına düşmüşdür. Mağazada olan Kassam.Az aparatını oğurlamağı düşünmüşdür. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85 ünvanında yerləşən “Ramiz” adlı ərzaq mağazasının qarşısına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın giriş qapısına yaxınlaşmışdır. Qapı bağlı olduğundan mağazanın yan tərəfində yerləşən dönər evinin plastik pəncərəsini əvvəlcədən üzərində götürdüyü dəmir parçası ilə güc tətbiq edərək açıb içəri daxil olmuşdur. Arada olan taxta qapını dəmir parçası ilə güc tətbiq edərək açıb mağazaya daxil olmuşdur. Mağazanın kassasının üzərində olan 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 20 manat pulu götürmüşdür. Daha sonra isə mağazanın içərisində quraşdırılmış Kassam.Az ödəmə terminalının kassa hissəsini həmin dəmir parçası ilə sındıraraq içərisində olan müxtəlif əskinazlardan ibarət ümumilikdə 680 manat nağd pulu götürmüşdür. Bundan sonra mağazanı gəldiyi yolla tərk etmişdir. Mağazadan çıxdıqda dəmir parçasını özü ilə götürmüşdür. Mağazadan uzaqlaşdıqdan sonra üzərində olan dəmir parçasını hazırda yerini xatırlamadığı ərazidə yolun kənarına tullamışdır. Bundan sonra gündəlik kirayə yaşadığı ünvana getmişdir. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin cinayəti özü tək törətmişdir. Həmin puldan heç kimə verməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28E ünvanının qarşısında saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində etdiyi oğurluq cinayətlərini səmimi olaraq etiraf etmiş və kirayə yaşadığı evdə qalmış qadın ətirlərini, eynəyi, möhürü və bank kartlarını polis əməkdaşlarına təhvil vermişdir. Oğurluq etdikdən sonra yoldan keçən tanımadığı taksilər ilə hadisə yerindən uzaqlaşmışdır. Etdiyi oğurluqların bir neçəsini tanışı Təqsirləndirilən şəxs ilə birlikdə törətmişlər. Günel oğurluq etməsə də, kimsə gələrsə ona məlumat vermək üçün kənarda durub ətrafa nəzarət etmişdir. Günel onun oğurluğa getdiyini bilmişdir. Oğurladıqları əşyaları ararında bölmək barədə Günellə əvvəlcədən razılaşmışlar. Lakin oğurluq etmə nəticəsində heç bir pul əldə etmədikləindən o, Günelə heç bir məbləğdə pul verməmişdir. Oğurladıqları qadın ətirlərinin bir neçəsini Günel istifadə etmək üçün götürmüşdür. Bundan başqa bir neçə dəfə narkotik vasitə və psixotrop maddə alıb Günellə birlikdə qəbul etmişlər. Bu qeyd etdiyi oğurluq cinayətlərindən başqa heç bir cinayət törətməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, iclaslara gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində oğlu üçün aldığı, Bakı şəhəri, Nizami rayonu, ünvan 8 ünvanında binanın 4-cü mərtəbəsində trosla bağladıqları qara və yaşıl rəngli “Adidas” markalı velosipedin yerində olmadığını aşkar etmişlər. Buna görə də DİN-nin 102 xidmətinə müraciət etmişlər. Həmin velosipedi oğurlanmamışdan bir neçə gün əvvəl, 450 manata mağazadan təzə vəziyyətdə almışdır. Təhqiqat araşdırması zamanı həmin velosipedi oğurlayan şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən tapılmış və həmin velosiped həmin şəxsin evindən aşkar edilmişdir. Oğurlanmış, sonradan polis əməkdaşları tərəfindən ona qaytarılmış, qara və yaşıl rəngli “Adidas” markalı velosipedi 10-15 gün əvvəl tanımadıqları bir nəfərə 300 manata satmışlar. Həmin pulun üzərinə 200 manat da qoyub əvəzində oğluna yenisini almışdır. Beləliklə, hadisə nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir Həmçinin, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 23 radələrində idarə etdiyi “Kia K5” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında park etmişdir. Ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobilin qabaq sol şüşəsinin qəsdən tanımadığı şəxs tərəfindən sındırıldığını aşkar etmişdir. Avtomobilinin içərisindən pulqabı, həmin pulqabının içərisində özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, avtomobilin texniki pasportu, içərisində pul olmayan 05 ədəd plastik bank kartları, 50 ml. həcmində 4-5 ay əvvəl 450 manata aldığı “Vidian London” adlı ətir, 100 ml. həcmində 1-2 ay əvvəl 180 manata aldığı “Afnan tribute blue” adlı ətir, 100 ml. həcmində 1-2 ay əvvəl 170 manata aldığı “Chopart” adlı ətir, avtomobilin arxa oturacağında qarşıdan gələn 8 mart bayramı münasibəti ilə 400 manata aldığı 7 ədəd qadın üçün nəzərdə tutulmuş müxtəlif markalı ətirlər, özünə məxsus 200 manat dəyərində olan “Prada” markalı gödəkçə, 80 manat dəyərində qolsuz gödəkçə, 01 ədəd 0,7 litr həcmində 75 manat dəyərində “Macallan” adlı viski oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1555 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı heç bir şəxsdən şübhələnmir. Bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Yenidən avtomobilinə ətraflı baxış keçirdikdə özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, içərisində heç bir məbləğdə pul olmayan 05 ədəd plastik bank kartlarının olduğu pul qabını sürücü oturacağının altından aşkar etmişdir. Hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-də aparılan araşdırma zamanı avtomobilindən oğurlanmış 2 ədəd qadın üçün nəzərdə tutulmuş adsız ətirlər ona qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X7 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılma növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan və doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, təqsirləndirilən şəxs X5 xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X7 ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə, saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-91/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli qərar ilə X7 barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə X1 Nizami RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixli qərar ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və şəxs hal-hazıradək ev dustaqlığındadır. Bununla da, iş üzrə təqsirləndirilən şəxsin həbs və ev dustaqlığında saxlanıldığı 5 ay 10 gün müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, hazırkı hökmlə təyin edilməli olan azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmaqla üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC tərəfindən Nigar Galandarovanın adına verilmiş 4724 9414 2802 5367 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 4169 7385 5692 9119 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 5490 2633 6216 7868 nömrəli, "xxxx" ASC tərəfindən Vüsal Galandarovun adına verilmiş 4169 7332 1428 0922 nömrəli, "xxxx" ASC tərəfindən Nargiz Qasımovanın adına verilmiş 4169 7377 0860 9199 nömrəli bank kartlarını, "xxxx" ASC tərəfindən verilmiş üzərində Zərərçəkmiş şəxs3 İlyar sözləri yazılmış, “Umico” tərəfindən verilmiş üzərində **********9 nömrəsi yazılmış plastik kartları, bir ədəd qara rəngli plastik materialdan olan, üzərində “Trodat Printiy 4924” yazısı olan, "xxxx" MMC-yə məxsus möhür, bir ədəd üzərində “Kirke” adlı otaq parfümü, bir ədəd içərisində açıq yaşıl rəngli ətir olan mavi rəngli qutunu, bir ədəd içərisində ətir olan sarı rəngli qutunu və bir ədəd qara rəngli, üzərində yaşıl və sarı rənglərlə “Adidas” yazısı və hər iki təkərinin üzərində sarı və tünd yaşıl rənglər olan velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbs və ev dustaqlığında saxlanıldığı 5 ay 10 gün (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 il 7 ay 10 gün (bir il yeddi ay on gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. X5 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan "xxxx" ASC tərəfindən Nigar Galandarovanın adına verilmiş 4724 9414 2802 5367 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 4169 7385 5692 9119 nömrəli, "xxxx" ASC tərəfindən Elnur Gasımovun adına verilmiş 5490 2633 6216 7868 nömrəli, "xxxx" ASC tərəfindən Vüsal Galandarovun adına verilmiş 4169 7332 1428 0922 nömrəli, "xxxx" ASC tərəfindən Nargiz Qasımovanın adına verilmiş 4169 7377 0860 9199 nömrəli bank kartlarını, "xxxx" ASC tərəfindən verilmiş üzərində Zərərçəkmiş şəxs3 İlyar sözləri yazılmış, “Umico” tərəfindən verilmiş üzərində **********9 nömrəsi yazılmış plastik kartları, bir ədəd qara rəngli plastik materialdan olan, üzərində “Trodat Printiy 4924” yazısı olan, "xxxx" MMC-yə məxsus möhür, bir ədəd üzərində “Kirke” adlı otaq parfümü, bir ədəd içərisində açıq yaşıl rəngli ətir olan mavi rəngli qutunu, bir ədəd içərisində ətir olan sarı rəngli qutunu və bir ədəd qara rəngli, üzərində yaşıl və sarı rənglərlə “Adidas” yazısı və hər iki təkərinin üzərində sarı və tünd yaşıl rənglər olan velosipedin sahiblərinə geri qaytarılması nəzərə alınsın. X6 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar