Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-475/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1959-cu il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, D.Kişvəri küçəsi ev 15, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2-da yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 13 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında onunla birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan Zərərçəkmiş şəxs ilə, sonuncudan ona borc pul tapmasını tələb etməsinə Zərərçəkmiş şəxs etiraz etməsi səbəbindən, aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən əlləri ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə vuraraq sonuncuya ənsənin və hər iki gözətrafı nahiyələrin hematomaları, sağ körpücükaltı nahiyənin qançırı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin may ayında Bakı şəhərində tanış olaraq qeyri-rəsmi münasibət qurmuş və ər-arvad kimi birlikdə yaşamışlar. İrina həmin bir il ərzində onu inandıraraq iddia etmişdir ki, X2 Nyu-York şəhərində pulu vardır, lakin pulu bank vasitəsilə çıxara bilmir. Həmin pulu çıxarmaqda ona köməklik lazımdır, bunun üçün isə oraya pul göndərmək lazımdır. Müxtəlif vaxtlarda İrina özü tanıdığı adamlardan pul taparaq bank vasitəsilə 12000 ABŞ dolları nağd pulu Nyu-York şəhərinə yerləşən “Wester Union” banka göndərmişdir. 2022-ci ilin iyul ayında Qazaxıstan Respublikasında yaşayan Asəf adlı dostu onun xahişi ilə 4500 manat bir, 500 manat bir, 800 ABŞ dolları da bir “Wester Union” bankı vasitəsilə Serbiyaya göndərmişdir. Onun özü axırıncı dəfə 2022-ci ilin sentyabr ayında həmin banka 180 ABŞ dolları məbləğində pul göndərmişdir. 13 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində kirayə yaşadıqları ünvan 2 ünvanında olarkən qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs demişdir ki, Qazaxıstan Respublikasından dostu Asəf zəng edib pulunu istəyir, bir aya kimi onun pulunu düzəldib özünə qaytaracağı barədə o, yəni İrina söz vermişdir. İrina isə ona pulu haradan tapıb verəcəyini demişdir. O, İrinaya demişdir ki, avtobus sürücüsüdür, hər ay 500-700 manat arası maaş alır. Həmin pul da onların gündəlik ehtiyaclarını zorla ödəyir, onu aldatmasın, sözün düzünü danışsın, göndərdikləri pullar hara getmişdir, miras pulunu bankdan nə vaxt götürəcəkdir. Lakin İrina suallarına cavab verə bilməmiş, buna görə aralarında mübahisə yaranmışdır. O, İrinanın hərəkətlərindən əsəbləşib onu yataq otağında əlləri ilə baş, sifət, boyun və sinə nahiyələrindən vuraraq döymüşdür. İrina da onu sinəsindən əli ilə geri itələmişdir. Səhəri gün saat 08 radələrində o, evdən çıxıb işə getmiş, günorta saatlarında geri evə qayıdan görmüşdür ki, İrina evdə yoxdur, çıxıb gedərkən evin açarını da damın üzərinə atmışdır. Gün ərzində mobil telefonuna zəng etsə də, İrina onun telefon zənglərinə cavab verməmişdir, onda anlamışdır ki, aralarında yaranmış mübahisəyə, bu zaman əsəbləşib onu vurduğuna görə İrina evdən acıq edib getmişdir. Sonradan Nizami RPİ-nin 23-cü polis bölməsinə izahat verməyə dəvət edilərkən bilmişdir ki, İrina onun barəsində polisə şikayət etmişdir. O, İrinanı haradan olur-olsun ona pul tapıb gətirməyə məcbur etməmişdir, əksinə, İrina ABŞ-da miras pulunu götürəcəyi adı ilə onun özünə, həmçinin onun dost-tanışlarına müxtəlif məbləğdə pulları müxtəlif vaxtlarda bank vasitəsilə ABŞ-da yerləşən “Wester Union” bankına köçürtdürmüşdür. İrina ilə mübahisələri yaşadıqları evin yataq otağında başlamış və elə həmin otaqda da İrinanı döymüşdür, bunlar ümumilikdə 5-6 dəqiqə davam etmiş, evdə başqa şəxslər olmamış, səs-küyə də gələn olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, onun tərəfindən cəhd göstərilsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməlindən peşmandır, yaşını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir il əvvəl Bakı şəhərində tanış olaraq sonuncu ilə qeyri-rəsmi münasibət qurmuş və ər-arvad kimi birlikdə yaşamışlar. Onların heç bir övladı olmamışdır. Onun birinci evliliyindən iki övladı vardır. Övladları da ailə qurublar. Lakin onunla yaşamırlar. Təqsirləndirilən şəxsla onun arasında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Əksinə, münasibətdə olduqları bir il ərzində onlar ər-arvad kimi bir-biriləri ilə normal yola getmişlər. 14 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində birlikdə kirayə yaşadıqları ünvan 2 ünvanında olarkən Vələd ona bildirmişdir ki, borcu var, gedib haradansa pul tapıb gətirsin və pulu ona versin, o da borcunu bağlasın. O, Vələdə demişdir ki, pulu tapa bilmir. Bu zaman Vələd onu “küçə qadını” adlandıraraq bildirmişdir ki, guya pis yolla o, pul qazanıb ünsiyyətdə olduğu başqa kişiləri maddi cəhətdən təmin edir, ona da nəyə görə kimdənsə pul alıb vermir. Bu səbəbdən onların aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Vələd birgə kirayə qaldıqları evin yataq otağında onun üzərinə gələrək möhkəm əl zərbələri ilə baş, sifət, boyun və kürək nahiyələrindən vurmuşdur. Nəticədə o, müxtəlif bədən xəsarətləri almışdır. Vələd ondan əl çəkməyəndə o, ağlayıb Vələdi əli ilə sinəsindən geri itələmişdir ki, onu buraxsın. Bundan sonra Vələd ondan əl çəkmiş və yatmışlar. Səhər saat 08 radələrində Vələd evdən çıxıb harasa getdikdən sonra o, özünə aid paltarları götürüb, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan oğlu Daxinin evinə getmişdir. Oraya gedərkən Daxi onun bədən səthində olan xəsarətləri görüb, ondan nə baş verdiyini soruşduqda, o, Daxiyə Vələd tərəfindən təhqir olunaraq döyüldüyünü demişdir. Bundan əsəbləşən Daxi dərhal “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə birgə yatdıqları otaqda başlamış, 5-6 dəqiqə davam edib, orada da bitmiş, evdə başqa şəxs olmamış və ya səs-küyə gələn olmamışdır. Bundan başqa, Vələd pul məsələsi ilə bağlı yalan danışır, belə ki, Vələd 800 ABŞ dollarını Qazaxıstan Respublikasında yaşayan Asəf adlı dostundan öz borclarını ödəmək məqsədilə borc alaraq, borclarını bağlamışdır. X6 pulunu geri istəyəndə Vələd ondan tələb etmişdir ki, həmin borcu o, ödəsin. O da bundan imtina etdikdə aralarında mübahisə yaranmış və Vələd onu döyüb xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmır, ondan şikayətçidir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir il əvvəl Bakı şəhərində görüb tanımış və onların arasında münasibət yaranaraq qeyri-rəsmi ər-arvad kimi birgə yaşamağa başlamışlar. Onlar münasibətdə olduqları müddətdə Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən “Happy” marketin yaxınlığında kirayə qalmışlar. Təqsirləndirilən şəxs o, bir-iki dəfə anası Zərərçəkmiş şəxs yanında görmüşdür. Onun Təqsirləndirilən şəxsla yaxından ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxsla onun arasında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində anası Zərərçəkmiş şəxs mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Bu zaman o, zəngə cavab verərkən anası Zərərçəkmiş şəxs telefonda ağlayaraq ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında kirayə qaldıqları evdə qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxsla aralarında mübahisə olub, mübahisə zamanı Təqsirləndirilən şəxs onu döymüşdür. O, anası Zərərçəkmiş şəxs məsləhət görmüşdür ki, oradan çıxıb onun yanına gəlsin. Telefon danışıqlarından sonra anası Zərərçəkmiş şəxs onun yanına gəlmişdir. Bu zaman o, anası Zərərçəkmiş şəxs sifət nahiyəsində gözlə görünən xəsarətləri görəndə sonuncudan nə baş verdiyini və bununla bağlı polisə müraciət edib-etməməsini soruşmuşdur. Anası Zərərçəkmiş şəxs evdə ona danışmışdır ki, Təqsirləndirilən şəxs kirayə yaşadıqları evdə onu borclarını ödəmək məqsədilə kimdən pul tapmağa məcbur edib, küçə qadını adlandıraraq təhqir edəndə aralarında mübahisə yaranmış və onun bədən səthində gözlə görünən xəsarətləri əlləri ilə döyərək yetirmişdir. Anası Zərərçəkmiş şəxs hər iki göz və sifət nahiyələrində xəsarətlər gözlə görünmüşdür. Həmçinin anası Zərərçəkmiş şəxs baş və sinə nahiyələrində ağrılar da hiss etmişdir. Lakin o, həmin vaxt anası İrinagilin kirayə yaşadıqları evdə yanlarında olmadığı üçün aralarında nə baş verdiyini, hadisənin necə, hansı şəraitdə baş verdiyini öz gözlərilə görməmişdir. Buna görə də o, dəqiqliklə bu barədə heç nə deyə bilməmişdir. Yalnız o, onu bildirmişdir ki, anası Zərərçəkmiş şəxs döyülmüş vəziyyətdə görüb, dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs əməlində böyük ictimai təhlükə törətməyən aşkar cinayətin əlamətləri olduğundan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. (i.v. 1) - 15 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, bu zaman o, ifadəsini bir daha təsdiqləməklə hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 37-40) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 17 oktyabr 2022-ci il tarixli 960 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - ənsənin və hər iki gözətrafı nahiyələrin hematomaları; sağ körpücükaltı nahiyənin qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmaları istisna olunmur, dərəcəsinə görə hematomalar həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qançır isə dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. (i.v. 46-48) - 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından “xuliqanlıq” xüsusatı üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs heç kəsdən heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq, X4 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 74-79) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığını nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş müdafiəçinin təqdim edəcəyi hesabat əsasında hər iş saatı üçün Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda əmək haqqının vəkilin müvafiq ərazi qurumu vasitəsilə ödənilməsi ilə bağlı məsələ ayrıca akt əsasında həll ediləcəkdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-475/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-475/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver